“Soyuq müharibə”dən qalib çıxan kitab ocağı - FOTOLAR
Karantin
qaydaları qorunmaqla, sosial məsafə saxlanmaqla və təbii ki, tibbi maskalardan
istifadə etməklə hər kəs kitab oxuyur. Bir xüsusi rahatlıq, hüzur, qəribə vəhdətlənmə
var burada. Üstəlik də internet, işıqlı zal, yumşaq oturacaqlar, əl altında
lazımi kitablar. Oxucuya bundan artıq nə lazımdır axı?..
Bakı,
Sahil bağı, ətrafımda harasa tələsən insanlar, maşınların siqnal səsi,
yanıb-sönən işıqforlar, soyuq hava, dəbdəbəli fəvvarə, ayaqlarımın altında
xışıldayan xəzəl... Payızın bu gözəl məqamında uca və yaşı, bəlkə də, elə bu
dünya qədər olan ağacların budaqları arasından Mirzə Fətəli Axundov adına Azərbaycan
Milli Kitabxanasının o doğma, məhrəm binası görünür. Havanın sərinliyi bu binanın daş-divarına nə qədər
yansısa da, kitabxanamızın öz istisi, öz hərarəti var.
Kitabxananın tarixi
Pandemiya
şəraiti digər sahələr kimi kitabxanalarla da "soyuq müharibə”yə başlamışdı. Bu
haqda danışacağam. Hələliksə bunu deyim
ki, kitabxanamız Azərbaycan Respublikası Xalq Maarif Komissarlığının 13 noyabr
1920-ci il tarixli 53 nömrəli qərarına əsasən yaradılıb. Rəsmi
açılışı isə 23 may 1923-cü ildə olub. Və bu gün bu kitabxana nəinki Azərbaycanın,
həmçinin də Qafqazın ən böyük kitabxanalarından biridir. 1959-cu ildə tikilmiş,
açılışı isə 1961-ci ildə olmuş binanın layihəsini memar Mikayıl Hüseynov verib.
Bağlanan qapı, açılan pəncərə
Belə bir
misal var: "Ağıllı olmaq üçün 10 kitab oxumaq bəs edir. Amma o 10 kitabı tapmaq
üçün yüzlərlə kitab oxumaq lazımdır”. Bu kitabların evi, ocağı var axı. Pandemiya
dövründə bir çox idarə və strukturların bağlandığı bir vaxtda kitabxananın da
qapıları oxucuların üzünə qapandı. Amma! Amma oxuculardan ayrı qalmadı. Bu "soyuq
müharibə”də kitabxana da təslim olmadı və onunla mübarizəyə qalxdı. Kitabxananın qapısı
bağlansa da, "virtual pəncərə”si açıldı.
Zamanın tələbi
Milli
Kitabxananın əməkdaşı Ədibə xanım deyir ki, pandemiyadan öncə də onlayn xidmət
mövcud idi. Lakin pandemiya şəraiti onlayn xidmətləri daha da təkmilləşdirməyə,
inkişaf etdirməyə sövq etdi: "Bu, zamanın tələbi idi. Və biz çox qısa bir
zamanda buna nail olduq. Pandemiya ilə əlaqədar
kitabxanalar bağlananda oxucular təşviş içində idilər. Düşünürdülər ki, oxucuları qəbul edə bilməyəcəyik. Lakin
biz bütün qüvvəmizi səfərbər etdik və oxucularımızı naümid buraxmadıq”.
Üç milyondan çox istifadəçi
Buna görə
də Milli Kitabxananın direktoru, professor Kərim Tahirov kitabxananın saytı, mətbuat
vasitəsilə oxuculara müraciət etdi və bildirdi ki, işimizi dayandırmayacaq, onlayn
şəkildə davam etdirəcəyik. Saytda onlayn pəncərə sistemi yaradıldı. Kərim müəllim
özü saytdan düzgün istifadə qaydalarını hazırladı və müraciətində bu haqda ətraflı
məlumat verdi. Bundan dərhal sonra artıq saytın istifadəçilərinin sayı artmağa
başladı. Təkcə sifarişin ödənilməsi üçün bir gün ərzində oxucuların sayı
400-500-ü keçdi. Ümumən, pandemiya dövründə saytın istifadəçilərinin – elektron kitabxanadan, elektron
kataloqlardan istifadə edənlərin sayı 3 milyondan çox oldu. Amma müraciətlərdə
elektron versiyası olmayan kitablar da vardı. Biz oxucu sifarişi əsasında həmin
resursları hazırlayırdıq. Onları oxucuların elektron ünvanına göndərirdik. Məqsədimiz
oxucuların yanında olmaq, həmin ağır günlərdə onları kitabsız buraxmamaq idi”.
Vəhdətlənmə
COVID-19
pandemiyası davam etsə də, Milli
Kitabxananın qapıları açıqdır. Baxıram, hər tərəfdə insanlar "qaynayır”. Kimi
kitab sifariş verir, kimi sifariş verdiyi kitabı alıb vərəqləyə-vərəqləyə oxu
zalına doğru tələsir. Kimi də yan tərəfdə elektron formatda kitab oxuyur.
Kitabxanamızı yenidən belə görmək nə qədər xoşdur... Mən də oxuculardan birinin
arxasınca oxu zalına keçirəm. Böyük zal, tam sakitlik. Kitablara dikilən
baxışlar... Karantin qaydaları
qorunmaqla, sosial məsafə saxlanmaqla və təbii ki, tibbi maskalardan istifadə
etməklə hər kəs kitab oxuyur. Və bayırdakı soyuq hava içəridəki isti ab-havaya
qətiyyən təsir edə bilmir. Bir xüsusi rahatlıq, bir xüsusi hüzur, bir qəribə vəhdətlənmə
var burada. Üstəlik də internet, işıqlı zal, yumşaq oturacaqlar, əl altında
lazımi kitablar. Oxucuya bundan artıq nə lazımdır axı?..
Pandemiya vaxtı tədbirlər
Qeyd etmək
istəyirəm ki, kitabxanada həm xüsusi karantin rejimi vaxtı, həm də indi silsilə
tədbirlər, beynəlxalq konfranslar, kitab sərgiləri və təqdimatları keçirilib və
keçirilir. Nizami ili çərçivəsində də rəngarəng tədbirlər davam edir. 44 günlük
savaş dövründə də kitabxana mübarizəyə qalxıb. Azərbaycan, rus, ingilis və digər
dillərdə virtual sərgilər hazırlayaraq reallıqları bütün dünyaya çatdırıb.
Nizami əlyazmaları
"Milli mənəvi
dəyərlərimizin vətənə qayıdışı” layihəsi çərçivəsində, Kərim bəy dünya
kitabxanalarına müraciət edib. Bu müraciət əsasında Nizami Gəncəvinin kifayət qədər
əlyazmaları digital formatda Azərbaycana gətirilib. Əldə olunan 200-ə yaxın
elektron nüsxədən ən önəmliləri yenidən işlənib və icazəli şəkildə, hərəsindən
cəmi bir nüsxə olmaqla milli kitabxananın fondu üçün çap olunub. Həmçinin də onların elektron
bazası yaradılaraq oxucuların istifadəsinə verilib.
Vacib qeyd
Kitabxana
saytının "Onlayn xidmət”ində "Biblioqrafik sorğu” bölməsi var. Bu
bölmə oxuculara məsafədən sorğu (virtual) xidmətini təqdim edir. Bölməyə daxil
olmaqla kitabxanaya gəlmədən hər hansı kitabın fondda olub-olmadığı haqda məlumat
əldə etmək olar. Bu bölmə 24 saat ərzində fəaliyyət göstərir. Yəni
internet vasitəsilə günün istənilən vaxtı kitabxananın bu xidmətindən istifadə
etmək mümkündür.
Xanım Aydın