Sosial siyasətin başlıca hədəfi əhalinin rifah halının yaxşılaşmasıdır
Prezident İlham Əliyevin
rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən, cari ilin əvvəlindən daha geniş
vüsət alan sosial siyasət uğurla davam etdirilməkdədir. Misal üçün, dövlət
başçısının 28 yanvar 2019-cu il tarixli fərmanı ilə birdəfəlik ödəmə verilən
şəhid vərəsələrinin əhatə dairəsinə 1997-ci ilin avqust ayının 2-dək şəhid
olmuş əlavə 2725 nəfərin, o cümlədən vərəsələri 11 000 manatdan az sığorta
ödənişi almış 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin vərəsələri də
daxil edilib. Beləliklə, vərəsələrinə birdəfəlik ödəmə verilməsi nəzərdə
tutulan şəhidlərin sayı 12 268-ə çatıb. Bunun üçün ümumilikdə 135 milyon manat
vəsait nəzərdə tutulub. Şəhid ailəsinin sosial müdafiəsini gücləndirmək və
onlara dövlət qayğısını artırmaq məqsədi ilə Prezident İlham Əliyev 30 yanvar
tarixində "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün
artırılması haqqında” daha bir fərman imzalayıb. Həmin fərmanla 2019-cu il
fevralın 1-dən 12 mindən çox şəhid ailəsinin təqaüdləri artırılıb.
Fevralın 14-də Prezident
İlham Əliyev "Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi
ilə bağlı əlavə tədbirlər barədə”, "Doktorantlara, ali təhsil, orta ixtisas və
peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının
magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi
haqqında” daha iki sərəncam və ""Azərbaycan Respublikasının ali məktəb
tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında
dəyişiklik edilməsi barədə” fərman imzalayıb. Bununla da ali təhsil
müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına
maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu ilin martın 1-dən 16000 vahid
artırılıb. Bununla yanaşı, dövlət başçısı İlham Əliyev cari il fevral ayının
sonunda "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin
həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb. Beləliklə də sosial
sahəni əhatə edən, əhalinin böyük razılığına səbəb olan növbəti addım atılıb.
Prezident İlham Əliyevin 15
aprel 2019-cu il tarixdə imzaladığı sərəncam və fərmanlar isə bir sıra
kateqoriyalardan olan vətəndaşlara sosial müavinətlərin və Prezident
təqaüdlərinin aprelin 1-dən orta hesabla 100 faiz artırılmasını, yeni təqaüd
növlərinin təsis olunmasını təmin edir. Bu dövlət sənədləri 600 minədək şəxsin,
o cümlədən 300 min əlilliyi olan şəxsin sosial müavinətlərinin, Prezidentin
aylıq təqaüdlərinin ciddi şəkildə artırılmasını, əlavə olaraq bir sıra kateqoriyalardan
olanlar üçün Prezidentin aylıq təqaüdlərinin təsis olunması ilə sosial təminat
sisteminin əhatə dairəsinin daha da genişlənməsini nəzərdə tutur.Bu sərəncam
və fərmanlar dövlət başçısının uğurlu sosial islahatlar paketinin növbəti
nailiyyəti olmaqla, əhalinin, xüsusilə həssas qruplardan olan vətəndaşların
rifah halının yaxşılaşdırılmasında əhəmiyyətli addımın atılması deməkdir.
Milli
Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov mövzu ilə
bağlı bildirib ki, bugünkü sosial islahatlar paketinin həyata keçirilməsi üçün
ondan əvvəlki illərdə Azərbaycanda güclü iqtisadi baza formalaşdırılıb.
Deputatın fikrincə, bu baza hazırda əhalinin aztəminatlı təbəqəsinin sosial
rifah halının daha da yaxşılaşdırılması istiqamətində addımlar atmağa imkan verir.
Millət vəkili bildirib ki, ölkə başçısının ilin əvvəlindən başlayaraq,
imzaladığı sərəncam və fərmanlar vətəndaşlarımızın sosial müdafiəsinin
gücləndirilməsinə xidmət edir: "Bu, bir daha onu göstərir ki, Azərbaycan
dövləti yeni mərhələyə qədəm qoyub. Yəni, insanların sosial rifah halının daha
da yaxşılaşdırılması istiqamətində addımlar atılır, aparılan islahatlar daha da
dərinləşir. Misal üçün, problemli kreditlərlə bağlı Prezident İlham Əliyevin
imzaladığı fərman bu məsələnin kökündən həll edilməsinə səbəb olub. Proses nəticəsində
900 mindən çox insanı narahat edən problem birdəfəlik aradan qaldırılacaq. Bundan
başqa, bu ilin əvvəlində minimum əmək haqlarının, pensiyaların, təqaüdlərin
artırılması, yeni müavinətlərin təsis edilməsi, digərlərinin məbləğinin
artırılması ilə bağlı sərəncamlar da imzalanıb. Bütün bunlar onu deməyə imkan
verir ki, Azərbaycan dövlət başçısının apardığı siyasət birbaşa
vətəndaşlarımızın rifah halının yaxşılaşdırılmasına yönəlib. Sosial sahədə
atılan bu addımlar son deyil və şübhəsiz ki, bundan sonra da Prezident İlham
Əliyev tərəfindən sosial sahə ilə bağlı sərəncamların imzalanacağını görəcəyik.
Çünki, bu gün Azərbaycan dövləti hər bir sosial paketin icrasına qadir, güclü
iqtisadiyyata malik ölkədir”.
Millət
vəkili Musa Quliyev isə bildirib ki, bir müddət bundan öncə
Azərbaycanda yeni pensiya və sosial müavinət formalarının təyin olunması ilə
əlaqədar qaydaların hazırlanması istiqamətində Prezident İlham Əliyev
tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə xüsusi tapşırıq verilib.
Deputat vurğulayıb ki, müharibə veteranlarının təqaüdünün artırılması, əlillərə
baxan şəxslərə yeni təqaüdün ayrılması və digər bu istiqamətdə aprelin 15-də imzalanan
sənədlər verilən tapşırıqların həyata keçirilməsi məqsədi daşıyır. M.Quliyev
onu da diqqətə çatdırıb ki, Azərbaycanın iqtisadi gücü artdıqca, əhalinin
sosial müdafiəsinin artırılması tədbirləri ardıcıl olaraq həyata keçiriləcək.
Onun qənaətincə, bu, Azərbaycan dövlətinin sosial mahiyyətindən irəli gələn bir
siyasətdir: "Ölkə başçısının imzaladığı fərmanla yeni müavinət növü təsis
olundu və digər sosial müavinətlərin də artırılması təmin edildi. Bu
müavinətlər aprelin 1-dən hesablanacaq. Bildiyiniz kimi, pensiya alan Qarabağ
müharibəsi veteranları ilə pensiya yaşı çatmayan müharibə veteranlar arasında
fərq var idi. Bu fərq tamamilə aradan qaldırıldı və pensiya alan Qarabağ
müharibəsi veteranlarının müavinətlər 6 dəfə qalxmış oldu. Əgər əvvəllər onlar
11 manat alırdısa, indi 80 manat alacaq. Ölkə başçısı tərəfindən imzalanan fərman
18 yaşına çatmış əlil uşağa və birinci qrup əlilə qulluğa görə xüsusi sosial
müavinətin verilməsi ilə də bağlıdır. Bu da 50 manat təşkil edir. Bununla bağlı
uzun müddət həm ictimaiyyətdə həm də Milli Məclisdə müzakirələr aparılıb. Prezident
İlham Əliyev imzaladığı fərmanla bu məsələni də həll etmiş oldu. İndi ailəsinin
üzvünə qulluq etməyə görə müavinət veriləcək ki, bu da Prezident İlham Əliyevin
aztəminatlı ailələrə qayğı və diqqətinin növbəti ifadəsidir. Xatırlayırsınızsa,
ölkə başçısı bu ilin əvvəlində bəyan etmişdi ki, 2019-cu il sosial müdafiə
baxımından xüsusi il olacaq. İnanıram ki, bundan sonra da əhalinin sosial
müdafiəsinin gücləndirilməsi istiqamətində addımlar atılacaq. Pensiyalar,
müavinətlər, təqaüdlər daha da artacaq, yeni iş yerləri yaradılacaq və digər
sosial layihələr həyata keçiriləcək. Dövlət başçısının da söylədiyi kimi,
Azərbaycan dövlətinin siyasətinin mərkəzində xalqımız, onların sosial rifah
halının daha yaxşılaşması dayanır”.
Müsahiblərin fikrinə dəstək
olaraq qeyd edək ki, ictimaiyyət nümayəndələri Prezident İlham Əliyevin həyata
keçirdiyi sosial siyasəti, icra olunan qərarları rəğbətlə qarşılayırlar. Bu
addımlarla Prezident İlham Əliyev bir daha nümayiş etdirir ki, güclü sosial
siyasətin başlıca hədəfi əhalinin rifahının təminatıdır. Sözügedən siyasətin əsasında
vətəndaş amili, sosial ədalət və humanizm prinsipləri dayanır.
Alpər
TURAN