“Soros şəbəkəsi”nin növbəti əl işi
Bu günlərdə Avropa Parlamenti tərəfindən qəbul olunmuş "Mehman
Hüseynovla bağlı təcili qətnamə"nin müzakirələrində ilk çıxış edən AP
üzvü, eyni zamanda, Avronest Parlament Assambleyasının həmsədri R.Harms məsələ
ilə bağlı azərbaycanlı həmkarları ilə təmaslar qurmağa çalışdığını iddia edib.
Maraqlıdır ki, Avropa Parlamentində keçirilən təcili dinləmələrlə bağlı AP tərəfindən
nə Milli Məclisə, nə Azərbaycan XİN-ə, nə də Azərbaycanın Brüsseldəki səfirliyinə
hər hansı müraciət daxil olub. Müzakirələrdə çıxış edən (müzakirələrdə iştirak
edən Aİ-nin ən yüksək səviyyəli rəsmisi) Avropa İttifaqının ticarət komissarı
Sesilia Malstrom öz nitqində Aİ-nin məsələni yaxından izlədiyini və Azərbaycan
hökumətinin bu məsələdə əməkdaşlıq etdiyini vurğulayıb və qeyd edib ki, Aİ
diplomatik nümayəndələri M.Hüseynova baş çəkiblər, o, aclıq aksiyasını
dayandırıb və səhhətinə ciddi təhlükə yaradan vəziyyət yoxdur.
Milli Məclisin Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr komitəsinin üzvü, Demokratik İslahatlar Partiyasının
sədri Asim Mollazadə "Kaspi”yə açıqlamasında söylədi ki, Azərbaycan belə
bir şəraitdə informasiya müharibəsinə çox ciddi yanaşmalıdır: "Biz öz qüvvələrimizi
səfərbər etməliyik. Diaspor işinin daha da gücləndirilməsinə ciddi ehtiyac var.
Xaricdə yaşayan azərbaycanlılar yaşadığı ölkənin ictimaiyyətini bu haqda məlumatlandırmalıdır.
Hesab edirəm ki, bu istiqamətdə görüləsi çox işlər var. Biz belə bir halla ilk
dəfə deyil ki, rastlaşırıq. Ona görə də hər kəs bu məsələdə fəallıq göstərməlidir.
Bu mənada ermənilər xüsusi fəallıq və canfəşanlıq göstərirlər. Onlar heç bir
fürsəti əllərindən qaçırmır. Biz də onlardan geri qalmamalıyıq. Məsələnin dərindən
araşdırılıb, həqiqətlərin ortaya çıxarılmasına ehtiyac var”.
Milli
Məclisin İnsan hüquqları komitəsinin üzvü, politoloq Hikmət Babaoğlubildirib ki, Avropa Parlamentində təcili "qətnamə” qəbul olunması ilk növbədə
onu göstərir ki, elə əvvəldən Mehman Hüseynov məsələsi ölkəmizə qarşı anti-Azərbaycan
mərkəzləri tərəfindən qurulmuş bir oyun, yazılmış bir siyasi ssenari idi: "Qısa
bir zamanda bəlli oldu ki, Mehman Hüseynov aclıq aksiyasını dayandırıb. Özü vəziyyətinin
yaxşı olduğunu bəyan etdi. Hüquqlarının qorunduğunu, ona qarşı heç bir təzyiqin
olmadığını ifadə etdi. Üstəlik, Azərbaycanda olan Avropa İttifaqına üzv ölkələrin
diplomatik korpusların nümayəndələri də orada oldular. Hadisəni təsdiq etdilər.
Ancaq buna baxmayaraq, beynəlxalq Soros şəbəkəsi bu mövzudan əl çəkmək istəmir.
Bunu Azərbaycana qarşı siyasi şantaj rıçaqına çevirməyə davam edirlər. Necə deyərlər
"papadan artıq katolik olmağa çalışır”. Ancaq həqiqət bundan ibarətdir ki, Azərbaycan
dövləti üçün onun hər bir vətəndaşı qiymətlidir və kiməsə qarşı humanist
davranmaq lazımdırsa, bunu artıqlaması ilə edir. Yetər ki, heç kəs azadlıq və
hüquq məsələsini siyasi alver predmetinə çevirməsin”.
H.Babaoğlu deyib ki, əgər bu "qətnamə”nin
müəllifinin kimliyinə nəzər salsaq görəcəyik ki, burada birbaşa bütün
post-sovet məkanında rəngli inqilabların müəllifi kimi tanınan Sorosun dəst xətti
aydın görünür. Rebekka Harms Sorosa yaxın olan şəxslərdən biridir. Bir sıra
hallarda o, rəngli inqilabların ilhamvericisi və dəstəkvericisi qismində çıxış
edib. Eyni zamanda, Avronestdə daima bu cür məsələləri dəstəkləyib: "Analiz etsək
görəcəyik ki, struktural formada beynəlxalq təşkilatlara yerləşdirilmiş Soros şəbəkəsi
milli dövlətlərə qarşı müxtəlif inqilab ssenariləri yazmaqla, sabitliyi pozmaq,
beləliklə, həmin dövlətlərin intellektual və maddi resurslarını mənimsəmək niyyətindədir.
Düşünürəm ki, qısa müddətdə davam edən bu ssenari istər beynəlxalq ictimaiyyət,
istərsə də Azərbaycan ictimaiyyəti tərəfindən düzgün əsaslarda dərk edildi,
eyni zamanda, Soros şəbəkəsinin özünüifşası ilə nəticələndi. Bənzər ssenarilər
vaxtaşırı təkrar edildiyi üçün fikrimcə, Azərbaycan ictimai şüuru bu cür hadisələrə
qarşı siyasi immunitetə malikdir. Çünki bənzər ssenarilər dəfələrlə Azərbaycanın
üzərində oynanılıb. Hamı bilir ki, bu cür ssenarilərin məqsədi xaos, qarşıdurma
yaratmaq, beləliklə, Qarabağ probleminin həllini unutdurmaqdır. Azərbaycanın
2019-cu ildə problemin həlli ilə bağlı mühüm hədəflər müəyyənləşdirib. Bu məsələ
ilə bağlı bir sıra yeni gözləntilər var. Məhz Azərbaycanın siyasi gündəmini dəyişdirib,
bu məsələləri unutdurub demokratiya, insan hüquqları kimi süni məsələlərlə gündəm
yaratmaq məqsədi ilə yazılmış bir ssenari həyata keçirilib. Ancaq Azərbaycan
ictimaiyyəti nəyin doğru olduğunu daha dəqiq bilir və öz milli məqsədlərinə
çatmaq üçün prinsipial mövqeyini davam etdirəcək”.Şəbnəm