Sonra da “pulumuz yoxdur” deyib ağlayırıq...

Düşüncənin gücünə inanır. Deyir ki, hər şey düşüncədən başlayar,
düşüncədə yaradılar və düşüncənin məhsulu olaraq inkişaf edər. O, "kasıb
doğulmaq sənin günahın deyil, amma kasıb ölmək sənin günahındır” fikrini
şüuraltı ilə əlaqələndirir. Yəni ona görə, kasıb olsaq belə, gərdişi dəyişərək
maddi vəziyyətimizi yaxşılaşdıra bilərik.Müsahibimiz "Peace Revolution”un Azərbaycandakı nümayəndəsi,
Azərbaycanda ilk onlayn meditasiya kursunun mentoru, "Joy Studio” mərkəzinin
rəhbəri, psixoloq Leyla Qasımovadır.
Çoxumuz düşüncənin gücünün fərqində deyilik. Halbuki araşdırmalara
görə, bu qüvvə hər bir insanda mövcuddur . Sadəcə bəzilərimiz bu gücü hiss
edərək istifadə edə bilirik. Məsələn, özündən əmin və bacarıqlı insanların
işləri daha yolunda, rahat gedir. Bu, uşaqlarda da belədir. Psixoloq Rocer Ellerton deyirdi ki, fərqli düşünməyə
başlamadıqca, hər gün köhnə reallığımızı yaratmaq və onu yaşamaq qismətimiz
olacaq.
- Leyla xanım, şüuraltı nədir
və o necə təmizlənir?
- Şüur və şüuraltı fərqli anlayışlardır. Şüur odur ki, sən orada
etdiklərinin fərqindəsən. Şüuraltı isə arxa planda olan, lakin həyatına birbaşa
təsir edən qüvvədir. Məsələn, mən hazırda taksidə gedirəm. Şüurum sürücünü
görür. Şüuraltım isə sürücü ilə birlikdə, güzgünü, ağacı və ətrafı görür. Amma
mən onun fərqində deyiləm. Şüuraltı, fərqində olmadığımız şeylərin bir növ
yığınıdır. Onun xüsusi təmizlənmə qaydası yoxdur. Ancaq suallarla təmizləmək
mümkündür. Məsələn, mən sizin şüuraltınızı təmizləmək istəyirəmsə, heç vaxt yol
göstərə bilmərəm. Suallar verərək, şüurun görmədiklərini açırıq. Təmizlənmənin
birinci yolu fərqində olmaqdır. Həqiqətən düşüncələrinin fərqində olmalısan.
Məsələn, pul haqqında düşünürsənsə, sən fərqində olmalısan ki, pul sənin üçün
nədir? Pula yanaşman necədir? Pulun da bir enerji olduğunu bilirsənmi? Çox vaxt
insanın şüur altında "mən kasıbam” düşüncəsi olur. Birbaşa soruşanda deyir ki,
xeyr, elə düşünmürəm. Amma suallarla açdıqdan sonra məlum olur ki, o düşüncə
şüuraltına yerləşib. Pasient özü də təəccüblənir ki, həqiqətən belədir.
Şüuraltında var və bu onun işinə təsir edir, lakin özü də bilmir ki, onu
narahat edən nədir?
- Bəs kod açmaq nədir?
İnsan beynində kodlar necə açılır?
- Bir şeyi əldə etmək istəyirsən, amma edə bilmirsən. İçində sənin
istədiyini istəməyən, müqavimət göstərən tərəfini tap və onun düyününü aç. O
bunu niyə istəmir, inanmadığı nədir? Müqavimət göstərən tərəfini ortaya
çıxarandan sonra kod açılır. Bizim bir fiziki bədənimiz var. Cəmiyyət olaraq da
düşünürük ki, bir şəxsiyyətə sahibik. Lakin bu belə deyil. Bədənimiz birdir,
amma müxtəlif şəxsiyyətlərə sahib ola bilirik. Məsələn, bəzən özümüz də deyirik
ki, bu məsələdə bir tərəfim belə düşünür, digər tərəfim fərqli. Bir tərəfin
istəyir ki, çoxlu pul qazanasan. Digər tərəfin deyir ki, əsas odur, sənə
kifayət edəni qazanasan. Pasientin şüuraltını açanda belə bir kod görürsən ki,
3 yaşı olanda qonşusu birdən birə varlı olub və harınlayıb. Bu da onun
şüuraltnda qalıb. Ona görə də, çox pul qazanmaqdan qorxur. Kodu açmaq həmin düşüncənin fərqində
olmaqdır. Düşüncənin fərqində olduqdan sonra şüuraltı onsuz da təmizlənir.
- Bəs həqiqətən pul da
enerjidir? Şüuraltını təmizləməklə gəlirlərimizi artıra bilərik?
- Ətrafımızdakı hər şey enerjidir. Oturduğumuz stol, stul, ətrafda
gördüyümüz bütün əşyaların təməlində enerji var. Əşyalar passiv enerjilərdir.
Pul isə canlıdır. İnsanın duyğu və düşüncələri ilə birbaşa əlaqəlidir.
Çoxumuzun pul haqqında düşüncələrimiz eynidir. "Ayın sonuna çatdıra bilmirəm”,
"pul əl çirkidir”, "pul məni tapmaz” kimi neqativ fikirlərlə pulun enerjisinə
zərər veririk. Bizim pulla bağlı etdiyimiz ən böyük səhv, ona əşya kimi baxmaq
və pula yüklədiyimiz mənaların fərqində olmamaqdır. Pulun əl çirki olduğunu
düşünürük və bunu tez-tez dilə gətiririk. Sonra da "pulumuz yoxdur” deyib ağlayırıq.
Əgər düşünürsənsə ki, pul əl çirkidir, onda pul sənə niyə gəlsin? Hansısa
zəngin insan pula əl çirki kimi baxmır. Ona qiymət verir. Sən səni istəməyən
dostunun yanına getmirsənsə, pul da ona çirk kimi baxanda sənə gəlməz. Rahat
olsan və düşüncələrin təmiz olsa, bütün istədiklərin həyata keçəcək. Özündə
olan problemin fərqində olmaq belə, məsələni 50 faiz həll edir.
- Hər dəfə deyirlər ki, pul
ehtiyacı olana yox, pulu olan adamı sevir və ona gəlir. Çünki kasıb, elə pulu
çətin əldə etdiyi üçün kasıbdır.
- Bəli. Çünki varlı bolluq düşüncəsindədir və rahatdır. Kasıbın isə
pula qarşı müqaviməti var. Hətta bəzi insanlar var ki, pula əhəmiyyətsiz vasitə
kimi baxırlar. Bu, düzgün yanaşma deyil. Bu zaman pul sizin ətrafınızda
fırlanar, amma gəlməz. Şüuraltında da pulu sevin və əhəmiyyətini dərk edin.
- Leyla xanım, bəs şüuraltımız
nə vaxtdan "çirklənməyə” başlayır?
- Ana bətnində olandan. Ana nə hiss edirsə, uşaq da onu hiss edir.
Tam dəqiq deyə bilmərəm, bu, yaddaşa yazılır ya yox, amma birbaşa təsiri var.
Həyatımız 4 sahəyə bölürük. Fiziki, psixoloji, sosioloji və karyera. Bu 4
sahədə də uşaqlıqdan proqramlarımız olur. Məsələn, 3 yaşın var və oyuncaqlarla
oynayırsan. Dünya vecinə deyil. Ananın rəfiqəsi gəlir və deyir ki, oğlum iş
tapa bilmir, Azərbaycanda iş tapmaq çətindir. Ana da təsdiqləyir. Normalda
insan düşünər ki, bu uşaq bu yaşda başa düşməz. Axı bizim ağ kağız kimi eqomuz
var... O, bizə bələdçidir. Şüuraltı, uşaqlarda ana bətnində 8 yaşına qədər açıq
olur. Böyüklərdə isə demək olar ki, həmişə açıqdır, amma bəzi aktiv vaxtları
var ki, o zaman daha sürətli işləyir. Məsələn, biz yuxuya gedəndə və səhər
yuxudan oyananda şüuraltımız aktivdir. Uşaq dünyaya gəlir və həyatı
valideynlərindən, ətrafından öyrənməyə başlayır. O zamandan hadisələr
şüuraltına yazılır və uşağın özünün düşüncələri, qaydaları formalaşır. Məsələn,
ata bir dəfə yanında deyir ki, şərikim mənə filan qədər pul atdı. Yaxud pul
dostları düşmən etdi. Uşaq avtomatik olaraq fikirləşir ki, deməli, pul müsbət
varlıq deyil. Kiçik görünən bu nüanslar bütün həyatımıza təsir edir.
Aygün ƏZİZ
