Sərt qışa hazırlaşaq, yoxsa...

Hər il,
qışın sərt keçəcəyinə dair məlumatlar qışın özündən tez gəlir. Demək olar ki, "son
yüz ilin ən sərt qışı” ifadəsi artıq ənənəyə çevrilib. Amma bir çox hallarda
deyilən proqnozlar özünü doğrultmur. Adətən sərt hava proqnozlarının əksinə,
qış ayları çox mülayim keçir. Mülayim
keçməsi, əslində, bir qədər işimizə
yarayır. Çünki qarın yağması bəzən müxtəlif problemlərə səbəb olur. Amma
son bir neçə ildir ki, qar üzünə də həsrət qalmışıq. Qış aylarında mülayim
keçən havalar isə müxtəlif növ virus xəstəliklərinin geniş yayılmasına səbəb
olur. Bəs görəsən bu qış bizi nə gözləyir? Bu il qış sərt olacaq, yoxsa...
Ekoloji Proqnozlar Mərkəzinin prezidenti,
ekoloqTelman Zeynalovdeyib ki, artıq
indidən müvafiq qurumlar Azərbaycanda sərt qışa hazırlaşmalıdırlar. Onun
sözlərinə görə, bundan sonra qış gözlənildiyindən tez gəlib, gec gedəcək:
"Günəş qeyri-adi və ləng yuxu dövrünə girir. Yeni günəş minimumu yeni kiçik buz
dövrünün başlanmasına səbəb ola bilər. Bəşəriyyət XVII əsrdə belə qışla
üzləşib".
Telman
Zeynalov qeyd edib ki, son illər Günəş ləkələrinin sayında azalma müşahidə
olunur (Günəş ləkələri maqnit enerjisi ehtiyatlarını xarakterizə edir, daha
dəqiq desək, Günəş ləkələri Günəşdəki partlayışların enerjiyə çevrilməsi
nəticəsində yaranmış ehtiyatlardır). "Günəş tacının qütblərində tüğyan edən
qasırğalar zəifləyir, Günəşdəki reaktiv axıntılar yoxa çıxır. Bu, onu göstərir
ki, Günəşin daha az aktivlik dövrü başlayır. Bütün bunlar bu qışdan etibarən
özünü göstərməyə başlayacaq”.
Ekoloq
Azərbaycan paytaxtında gözlənilən qış barəsində belə proqnoz verib: "110 illik
meteoroloji müşahidələr onu göstərir ki, Bakıda qışda ən aşağı temperatur
1969-cu ildə qeydə alınıb - 10 dərəcə şaxta. Düzdür, 2012-ci ildə Bakıda 11
dərəcə şaxta olması barədə məlumatlar var, lakin rəsmi versiyaya görə, rekord
göstərci 1969-cu ilə aiddir. Bu il isə 8-9 dərəcə şaxta gözlənilir. 2020-ci
ildə Bakıda soyuq temperatur üzrə yeni rekord qeydə alınacaq”.
Qeyd
edək ki, ötən qış Rusiyadan gələn Harmut Arktika siklonu Avropada yeni
temperatur rekordlarının qeydə alınmasına səbəb olmuşdu.
Biologiya üzrə fəlsəfə doktoru, Davamlı İnkişaf Cəmiyyətinin sədri
Fikrət Cəfərov"Kaspi”yə
açıqlamasında bildirdi ki,Azərbaycan elə bir coğrafi mövqedə yerləşir ki,
qış aylarında havalar digər ölkələrlə müqayisədə nisbətən mülayim olur: "Adətən
müqayisəni qonşu ölkələrlə aparırıq. Amma onların iqlimi bizimkindən çox
fərqlidir. Ona görə də, qış ayları bizdə həddindən artıq sərt keçmir. Məsələn,
qonşu ölkə Rusiyada bəzi yerlərdə 40-50 dərəcə şaxta olub. Ancaq Rusiyada belə
şaxtalar tez-tez olur. Bu, artıq orada adi hala çevrilib. Bizdə isə bir qədər
qar yağanda sevinirik. Çox hallarda,
şaxta olmadığı üçün qar da tez əriyir. Bu mənada son bir neçə ildə ümumiyyətlə,
demək olar ki, qar yağmayıb. Yalnız bəzi
rayonlarda qarın yağması müşahidə olunub. O cümlədən bu il də qışın həddindən artıq sərt keçəcəyini iddia etmək bir qədər düzgün olmazdı. Anomal qarlı
və şaxtalı günlərin olacağını hesab etmirəm. Qeyd etdiyim kimi, bu, Azərbaycanın
coğrafi mövqeyi ilə bağlı olan məsələdir. Artıq qonşu ölkə Türkiyədə bəzi
ərazilərə qar yağıb. Rusiyada da güclü qar qeydə alınıb. Amma hələlik
Azərbaycanda belə kəskin havalar müşahidə olunmur. Bizdə qış ayları adətən
mülayim keçir. Temperatur müəyyən qədər aşağı düşsə də, həddən artıq şaxtalar
olmur. Müəyyən vaxtlarda yağış və sulu qar yağır. Temperatur isə çox zaman
13-14 dərəcəyə qədər düşür. Coğrafi mövqe qışın həddindən artıq sərt keçməyinə mane
olur. Əvvəllər qış ayları Azərbaycanda həddindən artıq soyuq keçirdi. Son bir neçə
ildə bu tendensiya dəyişməyə başlayıb. Adətən yanvar ayında daim qar yağırdı.
Son bir neçə ildə isə bunu müşahidə etmirik. Qar yağsa belə, bu cəmi bir-iki
gün yerdə qalır. Bütövlükdə götürsək, bu il qışın sərt keçəcəyini söyləmək
olmaz. Qarın çox yağıb-yağmayacağı ilə bağlı da qəti fikir demək çətindir”.
Coğrafiya elmləri doktoru Çingiz İsmayılovun sözlərinə
görə, uzun müddətli proqnozlar vermək düzgün deyil. O bildirdi ki, belə
proqnozlar adətən özünü doğrultmur: "Son bir neçə ildə qış fəsli özünə xas
olmayan hava ilə yadda qalır. Bu, əslində böyük iqlim dəyişiklikləri ilə
bağlıdır. Hazırda qlobal iqlim dəyişmələri prosesi gedir. Ona görə də
uzunmüddətli hava proqnozları özünü doğrultmur. Bu mənada hələ qış gəlməmiş «bu
qış çox sərt keçəcək» demək düzgün olmaz. İqlim dəyişmələri prosesində uzun və
qısamüddətli hava dəyişmələri müşahidə olunur. Bunun səbəbi isə atmosferdə, yerin
nüvəsində gedən proseslər və günəş fəallığı ilə birbaşa olaraq bağlıdır.
Bütövlükdə götürdükdə, iqlim dəyişmələri mürəkkəb bir prosesdir. Son 100 ildə
isə istiləşmə halları qeydə alınmaqdadı. Bəzi dövrlərdə qış vaxtı həddən artıq
şaxtalı və sərt, bəzən isə mülayim keçir. İndi mövsümlərarası sərhədlər
dəyişməkdədir. Həmçinin bu qış temperaturun həddindən artıq sərt keçəcəyini
demək olmaz. Ola bilsin ki, müəyyən dövrlərdə temperatur mənfi dərəcəyə düşsün.
Amma bu, sərt hava ilə müşahidə olunan tendensiyanın uzun müddət davam edəcəyi
anlamına gəlmir”.
Şəbnəm Mehdizadə
