• cümə axşamı, 09 may, 01:33
  • Baku Bakı 15°C

Şərqin dürdanəsi - Fotolar

13.11.18 12:12 1572
Şərqin dürdanəsi - Fotolar
Sürət qatarı «Afrasiyab» turistləri Daşkənddən Səmərqəndə təxminən 2 saata çatdırır. «Mavi günbəzlər şəhəri” adlandırılan Səmərqəndin bəxtinə əlverişli coğrafi mövqe düşüb. Eramızdan əvvəl VIII əsrə aid olunan şəhər, qədim Romanın yaşıdıdır. Bu sirlər şəhəri öz tarixi görünüşü və əfsanələri ilə hələ də səyahətçiləri ovsunlamaqdadır. Mənbələrdə şəhərin müxtəlif əsrlərdə yarandığı söylənsə də, Səmərqəndin dəqiq yaşı mübahisəlidir. Qədim tarixçilərin arxeoloji tapıntıları və əlyazmaları bu şəhərin ərazisinə hələ eramıza qədərki minillikdə insan ayağının dəydiyini söyləyir. Özbəklər özləri isə bu barədə mübahisə etməyi xoşlamırlar: "Səmərqənd yerin özü qədər qocadır” – deyirlər.

Səmərqənd qədim karvanların keçdiyi ticarət yolunun - Zərəfşan çayının Amudərya və Sırdərya vadisi ilə kəsişdiyi yerdə yerləşir. Səmərqənd əsrlərdir ki, bütün Mərkəzi Asiyanın siyasi, iqtisadi və mədəni mərkəzi sayılır.

Müsəlman mədəniyyətində, özünün nadir arxitektura abidələri kolleksiyası ilə bu qədər zəngin olan şəhərə az rast gəlinir. Məscid günbəzləri Qədim Səmərqəndin vizit kartıdır. Bura gələn turistlər bu qədim şəhərin simasında Şərqin ən böyük memarlıq irsi ilə üz-üzə qalır. Qonaqları isə şəhərin görməli yerlərində yazılan «Səmərqənd - Şərqin dürdanəsi» sözləri qarşılayır.
Yanıb külə dönmüş şəhər

Səmərqəndin adı, versiyalardan birində Simiskənd - «Zəngin qışlaq» kimi xarakterizə olunur. Qədim şəhərin misilsiz arxitektura abidələri ilə tanış olduqca, mədəni irsin zənginliyi gerçəkdən insanı ağuşuna alır. Memarlıq abidələri təkcə özünün zəngin naxışları ilə deyil, gözəlliyi, forma və harmoniyası, keramika ustalarının gözəl və keyfiyyətli əl işləri ilə insanı heyran edir. Əfsanələr Səmərqəndin hər guşəsində insanı izləyir. Bu sirlər tarixi şəhərin hər daşında, divarında, sarayında, məscidində, mavzoleyində, mədrəsəsində gizlənib. Tarixi abidələri izlədikcə, onların müxtəlif dövrlərə aid olduğunu da görmək mümkündür.

Səyahətçiləri, bu qədim şəhərə maqnit kimi çəkib gətirən təkcə qədim şəhərin memarlığı deyil, həm də bütün şəhərin qüdrətli və faciəli hadisələrlə dolu tarixidir. Səmərqənd makedoniyalı İsgəndərin və Çingizxanın əsarətinə və hücumlarına, ərəblərin basqılarına məruz qalıb. 1220-ci ildə monqollar tərəfindən demək olar ki, tamamilə dağıdılıb. Teymurun və Teymurilərin hakimiyyəti dövründə (1370-1499) imperiyanın paytaxtı elan olunub. Şəhərdə yaranan arxitektura incilərinin hamısı demək olar ki, bu epoxaya aiddir. Əmir Teymurun dövründə yanıb külə dönmüş şəhər yenidən doğulub və dünya imperiyasının paytaxtına çevrilib. Böyük Uluqbəyin dövründə orta əsrlərin ən nəhəng elm və mədəniyyət mərkəzi şöhrətini qazanmağa nail olub. Məhz Uluqbəy bu şəhərin divarları arasında yaratdığı rəsədxanaya, dövrünün Qiyasətdin Cəmşid Kaşi, Muinaddin Kazızadə Rumi, Əli Kuşçi kimi alimlərini toplayıb. Şərqin ən böyük şair və filosofları: Rudaki, Əlişir Nəvai, Cami, Ömər Xəyyam bu böyük şəhərin tarixinin zənginləşməsində və dünyaya tanınmasında yaxından iştirak ediblər.

Səmərqəndin ürəyi

Tarixi şəhərin ürəyi Registan meydanı sayılır ki, bu yer Orta Asiya türk memarlığının nadir nümunələrindən hesab edilir. ƏsasıXV əsrdə Uluqbəy tərəfindən qoyulan kompleksin üzəri möhtəşəm kaşılarlabəzədilən nəhəng qapılara malikdir. Meydanda 3 ayrı mədrəsə yerləşir. Şəhər darvazalarının ağzında yerləşən sənətkarlıq və ticarətin inkişaf məkanı kimi tanınan bu meydan, özünün memarlıq ansamblı ilə turistləri heyran edir. Özündə Uluqbəy mədrəsəsi (1417-1420), Şer-Dop mədrəsəsi (1619-1636), Tillya-Kori (1646-1660) mədrəsələrini birləşdirən Registan kompleksindəki bu unikal abidələr müxtəlif dövr və epoxalarda yaranmasına baxmayaraq, özünün ecazkar görünüşü ilə sanki bir-birini tamamlayır. Mədrəsələr İslam dininin ali məktəbləri sayılır. Uluqbəy mədrəsəsi1417-1420-ci illər tarixlərində Uluqbəy tərəfindən qurulub və şəxsən özü burada riyaziyyat və astronomiyadan dərs keçib. Uluqbəyinölümündən 200 il sonra, Səmərqəndin hakimi olan Yalangtuş Bahadurın əmri ilə birinci mədrəsənin eynisi olaraq, ikinci bir mədrəsə inşa etdirilib və Şer-Dor adlandırılıb. Bundan bir neçə il sonra üçüncü mədrəsə - Tilliya-Karı tikdirilib. Kənardan digər iki mədrəsəyə oxşayan abidənin daxili quruluşu bir qədər fərqlidir. Mədrəsələr eyni plan əsasında inşa edilib: dördkünclü bir bağça, dörd eyvan və dairə boyunca sıralanmış otaqlar. Otaq qapıları İslam dinində mühüm bir xüsusiyyət olan hörmət və izzəti vurğulamaq üçün xüsusən alçaq düzəldilib. Qapılardan girərkən və çıxarkən mütləq başın aşağı əyilməsi lazımdır.

Səmərqənddəki mədrəsələrin ətrafında sənətkarlar öz əl işlərini təqdim edirlər. Vaxtilə böyük Teymurləngin ölkəyə dəvət etdiyi usta-sənətkarların ənənəsi bu gün də davam edir.

Səmərqəndə gələn turistlərin ən çox ziyarət etdiyi məkanlar sırasına Şahi-Zinda mədrəsəsi daxildir. İnsanlar mədrəsəyə namaz qılmaq, dua etmək üçün gəlirlər. 14-15-ci əsrlərə aid olan tarixi məkanda mavi mozaikanın gül və çalarlardan ibarət bütün nümunələrini seyr etmək mümkündür. Şahi-Zindanı «Canlı padişah» adlandırırlar.

Səmərqəndin ən gözəl abidələrindən biri də Əmir Teymurun sevimli arvadı Bibi-xanımın məscidi və mədrəsəsidir. 5 il müddətində tikilən məscidin bəzəyində müxtəlif daşlardan, mərmərdən istifadə olunub. Şəhərin ən böyük günbəzlərindən birinə malik olan məscid, özünün heyrətamiz gözəlliyi ilə diqqət çəkir. Böyük sərkərdənin «Əgər bizim qüdrətimizə şübhə edirsənsə, tikililərimizə bax» fikirləri sanki abidə üzərində əksini tapıb. Təəssüf ki, zəlzələdən sonra nəhəng tikilinin müəyyən hissələri qalıb.

Uluqbəy rəsədxanası Teymurun oğlu tərəfindən özbək xalqına ərməğan olunub. Uluqbəy böyük alim, arxitektor, filosof, rəssam və nəhayət, dövrünün böyük astronomu kimi tanınıb. Onun dövründə ölkə, incəsənət və elm sahəsində böyük irəliləyişlər əldə edib. Rəsədxananın tikintisi zamanı böyük işlər görülüb. 1018 ulduzu özündə birləşdirən «Ulduz» kataloqu hazırlanıb. İlin uzunluğunun 365 gün, 6 saat 10 dəqiqə və 8 saniyə olduğu müəyyənləşib və s.
Əmir Teymurin türbəsi

Türk dünyasının ən böyük fatehlərindən olan Əmir Teymurun türbəsi - Qur-Əmir mavzoleyi isə Səmərqəndi görmək üçün əsas səbəblərdən sayılır. Türbə sanki «Göylərin rəngini ölkəmə gətirmək istəyirəm» deyən böyük sərkərdənin istəyinə uyğun olaraq ağ, açıq mavi və mavi rənglərin harmoniyasından toxunub. Teymurilər dövlətinin banisinin dəfn olunduğu bu mavzoley haqqında da əfsanələr tükənmir. Türbədə, Əmir Teymurun müəllimi Mir Səid Barak böyük sərkərdənin başı üzərində dəfn edilib. Oğlanları Şahrux və Miranşahın və nəvəsi Uluqbəyin məzarları da türbədədir. Belə ki, alimlərin əksəriyyəti Əmir Teymurun Qur-Əmir mavzoleyində dəfn edildiyini iddia etsə də, böyük sərkərdənin başqa yerlərdə - Otrar şəhərində, Heratda, ata-anasının dəfn olunduğu doğma şəhəri Şəhrisəbzdə və s. dəfn edilməsi ilə bağlı fikirlər də var. Məhz bu fikirlərə görə, 1941-ci ilin mart ayında Əmir Teymurun məqbərəsinin tapılmasından ötrü Stalinin şəxsi icazəsi ilə elmi ekspedisiya təşkil edilib. 1941-ci il iyunun 1-də birinci məzarın açılması üçün iş başlayıb.

Mərmər plitələrdən birinin üzərinə həkk edilmiş qədim ərəb dilində yazıda Teymurun 16 adı və Qurani-Kərimdən bir ayə və "Hər birimiz ölümə məhkumuq və bu dünyadan köçəcəyik. Bizdən əvvəl də böyük insanlar olub və bizdən sonra da olacaqlar. Özünü digərlərindən üstün sayan və əcdadlarının ruhunu ləkələyənləri dəhşətli bəla gözləyir” sözləri ekspedisiya üzvlərinin işinə mane ola bilmir. Qədim hökmdarların sakitliyini pozanların lənətlənəcəyi barədə qabaqcadan verilmiş xəbər alimlərə ciddi təsir etsə də, heç kəs işi dayandırmaq barədə düşünmür. Ekspedisiya üzvləri iyunun 21-də səhər çağı üçüncü - Teymurun hesab etdikləri məzarı qazmağa başlayırlar. Gah daş plitələri qaldırmaq üçün istifadə edilən qurğu sıradan çıxır, gah da, mərmər plitənin altında ağacdan hazırlanmış tabutun qapağı görünəndə mavzoleydəki bütün işıqlar sönür. Havasızlıqdan boğulmağa başlayan ekspedisiya üzvləri dərhal çölə çıxmaq barədə qərar verirlər. Şəhər qocalarının əllərindəki kitabdan oxuduqları "Böyük Sərkərdənin ruhunu narahat edən şəxs böyük müharibəyə səbəb olacaq" sözləri də onların qarşısını kəsmir. Tabut açıldıqdan sonra hündür və iri başı olan kişi skeleti üzə çıxır. Alimlər ehtiyatla sümükləri yığmağa başlayırlar. Sol ayağın bud sümüyü sınıq olmasa da, ciddi zədə izləri qalmışdı. Bu sümüyü gördükdən sonra alimlər, Əmir Teymurun qəbrini tapdıqlarına əmin olurlar”.

Ancaq alimlərin sevinci uzun çəkmir. Səhəri gün Böyük Vətən müharibəsi başlayır...

Nəticədə qazıntı işləri dayandırılır və ekspedisiya Səmərqəndi tərk edir. Antropoloq Mixail Gerasimov Teymurun sümüklərini Moskvaya aparır.

1942-ci ilin oktyabrında sərkərdənin məzarının açılmasının müharibəyə səbəb olması fikirlərindən xəbər tutan Stalin, Özbəkistan Kommunist Partiyasının birinci katibi Usman Yusupovla əlaqə saxlayır və təcili surətdə Əmir Teymurun qalıqlarını Qur-Əmir mavzoleyinə qaytarmaq lazım olduğunu bildirir. Ancaq Teymurun və digərlərinin sümükləri yalnız 1942-ci il dekabrın 20-də mavzoleyə gətirilir. Hadisə ilə bağlı 4 dildə (fars, özbək, rus və ingilis) xüsusi protokol tərtib edilir. Sənədin bir surətini germetik kapsula yerləşdirərək, Teymurun qalıqlarını dəfn etdikləri tabuta qoyurlar”.

Bu qeyri-adi hekayəti dinləmək və türbəni ziyarət etmək üçün hər il deyil, demək olar ki, hər ay Səmərqəndə gələnlərin sayı artmaqda davam edir.
"Mədəniyyətlərin kəsişdiyi şəhər”

Bu gün Səmərqənd əhəmiyyətinə görə, Özbəkistanın ikinci böyük şəhəridir. 500 mindən çox əhalisi olan şəhərdə etnik taciklər, özbəklər, ruslar, yəhudilər və iranlılar mehriban şəraitdə yaşayırlar. Müasir şəhərin inkişaf edən sənayesi, sosial infrastrukturu və elmi-texniki potensialı var. Şəhər mühüm bir sənaye - avtomobil sənayesi, traktor hissələrinin istehsalı, yeyinti sənayesi, gübrə karxanaları, toxuculuq sənayesi və təhsil mərkəzi kimi tanınır.

Səmərqənd öz zəngin tarixinin üstündə əsir və mədəni irsini ehtiyatla qoruyur. Qədim şəhər irsini müasir dövrə və gələcəyə əmanət etməyin qayğısını çəkir.

2001-ci ildə Səmərqənd YUNESKO-nun Ümumdünya İrsi siyahısına "Mədəniyyətlərin kəsişdiyi şəhər” kimi daxil olub.

Səmərqənddə olanlar yenidən bu şəhərə qayıtmaq istəyirlər. Ziyarət etdikləri məkanları yenidən yaddaşlarına yazmaq, müqəddəs yerlərdə təzim etmək, suvenirləri, şəhərin məşhur şirniyyatı kimi özləri ilə aparmaq üçün...
Təranə Məhərrəmova
Daşkənd-Səmərqənd-Bakı

banner

Oxşar Xəbərlər