• cümə, 26 Aprel, 22:48
  • Baku Bakı 22°C

Sərnişindaşıma ilə məşğul olanlara dizel yanacağına görə subsidiyaların verilməsinə başlanılır

18.12.21 12:37 221
Sərnişindaşıma ilə məşğul olanlara dizel yanacağına görə subsidiyaların verilməsinə başlanılır
Sərnişindaşıma ilə məşğul olanlara dizel yanacağına görə subsidiyaların verilməsinə başlanılır.
Dövlət Vergi XidmətindənKaspi.az-a bildirilib ki, Vergiödəyiciləri dəstək proqramından yararlanmaq üçün qeydiyyatda olduqları vergi orqanlarına müraciət etməlidirlər.
Nazirlər Kabinetinin 2021-ci il 1 dekabr tarixli Qərarı ilə "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara istifadə olunan dizel yanacağına görə subsidiya verilməsinin müvəqqəti Qaydası” təsdiq edilib.
Qərar "Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Tarif (qiymət) Şurasının 2021-ci il yanvarın 4-ü 1 nömrəli Qərarı ilə dizel yanacağının qiymətində baş vermiş artıma görə tarif dəyişikliyinin sərnişindaşıma tariflərinə və sərnişindaşıma ilə məşğul olan daşıyıcılara təsirinin neytrallaşdırılması, xüsusilə sərnişindaşımada nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə qəbul edilib.
Subsidiya təqvim ayı ərzində dizel yanacağına görə (artan yekun nəzərə alınmaqla) nağdsız qaydada ödənilmiş məbləğin 25 faizi həcmində, lakin müntəzəm şəhərdaxili (rayondaxili) sərnişindaşıma xidmətindən daxil olan vəsaitin 6,7 faizindən, müntəzəm şəhərlərarası (rayonlararası) sərnişindaşıma xidmətindən daxil olan vəsaitin 8,3 faizindən, müntəzəm şəhərətrafı və qəsəbələrarası sərnişindaşıma xidmətindən daxil olan vəsaitin 7,5 faizindən çox olmamaqla hesablanır.
Vergiödəyiciləri istifadə olunmuş dizel yanacağına görə subsidiyanın verilməsi ilə bağlı dəstək proqramından yararlanmaq üçün qeydiyyatda olduqları vergi orqanlarına müraciət etməlidirlər. Bu zaman vergiödəyiciləri müvafiq qaydaların 1 nömrəli əlavəsinə əsasən, Hesabat formasını və Qaydaların 4.2-ci bəndində tələb olunan bır sıra sənədləri, o cümlədən subsidiya məbləğinin köçürüləcəyi bank hesabı barədə məlumatları, avtobusların yanacaq sərfi üzrə texniki göstəricilərini (texniki pasportlar), səlahiyyətli orqanlar tərəfindən verilmiş marşrut pasportunun elektron surətini, bank əməliyyatlarına dair məlumatı (bank çıxarışları) vergi orqanına təqdim etməlidirlər.
Daşıyıcıların müraciətinə 20 gün müddətində baxılır. Dövlət Vergi Xidməti təqdim olunmuş elektron məlumatlar əsasında müraciətlərə baxaraq ödəniləcək subsidiyanın məbləğini müəyyən edir. Sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə, həmin çatışmazlıqların 5 iş günündən gec olmayaraq müddətdə aradan qaldırılması üçün daşıyıcılara 3 iş günü ərzində məlumat verilir. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ödəniləcək subsidiyanın məbləği müəyyən olunur.
Dövlət Vergi Xidməti hər ayın 25-dək icmallaşdırılmış məlumatlar əsasında subsidiyanın ödənilməsi ilə bağlı uyğun ödəniş sifarişini Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinə təqdim edəcək. Agentlik 2 iş günü müddətində ödəniş sifarişi əsasında subsidiya məbləğlərinin daşıyıçıların bank hesablarına köçürülməsini həyata keçirəcək.
Nazirlər Kabinetinin müvafiq qaydalarına əsasən, subsidiya almaq istəyən daşıyıcılar bir sıra şərtlərə cavab verməlidirlər. Belə ki, daşıyıcılar "Riskli vergiödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na düşməməli, subsidiya verilməsi nəzərdə tutulan dizel yanacağının alışını nağdsız qaydada həyata keçirməli, əməkhaqlarının ödənişini tam həcmdə nağdsız qaydada həyata keçirməlidirlər. Həmçinin nağdsız ödəniş sistemləri (ödəniş alətləri) ilə təchiz edilməmiş avtobuslarla sərnişindaşıma xidmətini həyata keçirən daşıyıcılar üzrə aylıq əsasda nağd qaydada qəbul edilən vəsaitlərin 60 faizi həcmində məbləği bank hesabına mədaxil etməlidirlər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 1 dekabr tarixli Qərarı ilə aşağıdakı keçiddə tanış olmaq olar:https://www.taxes.gov.az/az/page/azerbaycan-respublikasi-nazirler-kabinetinin-qerar-ve-serencamlari.
banner

Oxşar Xəbərlər