• çərşənbə axşamı, 19 mart, 09:32
  • Baku Bakı 8°C

Sənətşünas öz tədqiqatında şair, filosof və cəngavər olmasa... - SƏNƏT SÖHBƏTİ

24.07.21 09:30 2382
Sənətşünas öz tədqiqatında şair, filosof və cəngavər olmasa... - SƏNƏT SÖHBƏTİ
Ziyadxan Əliyev: "Rəssama 500 manat verib orijinal əsər qazanmaqdansa, 50 manat verib plagiatla məşğul olmağı "ağıllı” yol hesab edir”
Əməkdar incəsənət xadimi, Rəssamlıq Akademiyasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Rəssamlar İttifaqının "Sənətşünaslıq və tənqid” şöbəsinin müdiri Ziyadxan Əliyev Azərbaycan incəsənəti, təsviri sənəti üçün ən qiymətli yaradıcı şəxsiyyətlərdən biridir. O, tarixi rəssamlığımız və müasir təsviri sənətimiz arasındakı ən etibarlı körpüdür. Ziyadxan müəllim yetmiş yaşını adlasa da, modern təfəkkürə malikdir. Onun arxivi yalnız kağız, sənəd, yaxud fotolar şəklində yox, həm də elektron formatda mövcuddur. Onun yaddaşı sənət tariximiz barədəki bilgilərlə həddən artıq zəngindir və yaza biləcəyi mövzular o qədər çoxdur ki, onları qələmə almağa bir ömür azlıq edər. Onunla söhbətlərdən ümumi təəssüratım hər zaman belə olub: "Təcrübə danışır”. Bu dəfə də dəyişən heç nə olmadı. Və Ziyadxan müəllimlə söhbətimiz zamanı rəssamlığımıza, sənətşünaslığımıza aid problemlərdən danışdıq:

– Ziyadxan müəllim, sənətşünaslıq üzrə alimlər çoxdur, amma sənətşünaslığın həqiqi yükü sizin və bir neçə alimin üzərinə düşür. Bəs bu qədər elmi ad alanlar, sənətşünaslar haradadırlar, niyə onlar elmi və yaradıcı mühitdə öz əsərləri, təhlil yazıları ilə görünmürlər?
– Sənətşünaslığa elmi dərəcə almaq üçün gələnlər də var, elmlə ciddi və davamlı şəkildə məşğul olmaq istəyənlər də. Bütün bəlalar da buradan başlanır. Məsələn, mən bu vaxta qədər tədqiq etdiyim mövzuları özüm seçmişəm. Əmin olmuşam ki, bu sahəyə hələ əhatəli elmi münasibət bildirilməyib. Təkəbbür kimi qəbul etməyin, amma mən həmin mövzuları məhz yeni söz demək üçün tədqiqat obyekti seçmişəm. İstər S.Bəhlulzadə yaradıcılığına, istərsə də miniatürün tədqiqatına elmi münasibətim məhz belə olub.Yalnız elmi ad üçün bu sahəyə gələnlərin məqsədli "marşrut”ları isə çox qısa olur: Ali məktəbdə iş yeri tapmaq və yaxud da məvacibinin az da olsa artmasına nail olmaq. Uzun illərdir ki, Rəssamlar İttifaqında "Tənqid və sənətşünaslıq” bölməsinin sədriyəm. Başqa sözlə desək, bütün sənətşünasların dosyeləri qarşımdadır. Əksəriyyəti sonuncu elmi məqaləsini müdafiə ərəfəsində yazıb, AAK-ın tələbinə müvafiq olaraq. Diplomu alandan sonra onu özləri üçün etibarlı çətirə çeviriblər. Odur ki, elmi dərəcələri var, amma sənətşünas kimi fəaliyyətləri yoxdur. Məsələlərə tənqidi yanaşıb, özünə düşmən qazanmaqdansa, kənarda durmağa üstünlük verirlər. Görünür, onlar kimlərinsə qarşısında "pis kişi” olmaq istəmirlər. Odur ki, indiki halda bu sahənin yükünü respublikada bir-iki nəfər daşımaqdadır...


– Modern dizayn sənəti, yeni texnologiyalar, kompüter qrafikası ənənəvi rəssamlığı nə dərəcədə sıxışdırır, yaxud onun inkişafına necə təkan verir?
– Dizayn bütün sənət növlərinə nüfuz etmiş sahədir. Onu həyatımızın, demək olar ki, əksər sahələrində görmək mümkündür. Odur ki, dizaynın mövcud olduğu sahələrdə yeni texnologiyaların tətbiqini də təbii qəbul etmək lazımdır. Amma suyun əzab verməməyi üçün onun qədərində içilməsi məsləhət görüldüyü kimi, yeni texnologiyadan da yalnız yeri gələndə istifadə olunmalıdır. Kompüter qrafikası vasitəsilə gözlənilməz effektlər almaq mümkün olsa da, onu rəssamın bilavasitə əllə gördüyü orijinal tutumlu işlərlə müqayisə etmək olmaz. Biri texnikanın nəticəsidirsə, digəri istedadın – yaradıcı və məntiqli təxəyyülün. Onların dəyəri də bütün dünyada müxtəlifdir. Amma bu gün ondan, təəssüf ki, təsviri sənətə ziyan vuracaq dərəcədə istifadə olunmaqdadır. Bu ziyanı sonrakı nəsil daha yaxşı duyacaq və dəyərləndirəcək. Hər şeyi pula, qazanca qurban vermək olmaz.


– Kitab qrafikaçısı, nəşriyyatlarda texniki redaktor peşəsi sanki müasir dövrdə arxa plana keçib. Kitab sənətimizin texniki inkişafında bu amilin nə kimi ziyanı oldu, yoxsa bu proses qaçılmaz və təbii idi?
– Kompüter qrafikasının bu gün kitab qrafikasına vurduğu ziyanı kitab nəşr edənlərdən fərqli olaraq, mütəxəssislər yaxşı görürlər. Amma nə edəsən? Nəşriyyat rəssama qonorar verməkdənsə, internetdən ona xoş gələn hər hansı təsvirdən istifadəyə üstünlük verir, kitabın üz qabığını və illüstrasiyalarını hazırlatdırır. Rəssama 500 manat verib orijinal əsər qazanmaqdansa, 50 manat verib plagiatla məşğul olmağı "ağıllı” yol hesab edir.Azərbaycan kitab mədəniyyətinin özünəməxsus ənənələri olub, Azərbaycan kitabları – əlyazmaları hələ orta əsrlərdən başlayaraq xalqımızın "tanınma nişanı”na çevrilmişdi. İlk növbədə bədii tərtibatına və səhifələrindəki miniatür üslublu rəsmlərə görə. İndiki kitablarda isə bu ənənənin "müasirləşdirilməsi” və yox edilməsi həyata keçirilməkdədir. Bu gün baş verənlərin acısını biz hələ sonralar dərk edəcəyik...


– Azərbaycan sənətşünaslığında sırf rəssamlıqla bağlı boşluqlar nədən ibarətdir, sizcə, kimlər, hansı rəssamlar dərindən tədqiq olunmalı və öyrənilməlidir?
– Azərbaycan sənətşünaslığının daha əhatəli tədqiqi sovet dönəmində – hər şeyin ideologiyaya bağlı olduğu dövrdə baş tutub. Odur ki, baş verənlərə və rəssamların yaradıcılığına obyektiv münasibət göstərilməyib. Həmin sənətşünaslıq münasibətlərinin əksəriyyəti monoqrafik xarakterli olduğundan, təsviri sənətin ən müxtəlif problemlərinə münasibət bildirilməyib. Ümumiyyətlə, Azərbaycan sənətşünaslığında mövcud problemlərə elmi-fəlsəfi və elmi-poetik münasibət yoxdur. Baxmayaraq ki, bütün obyektlərdə bunun qabardılmasına imkan verən materiallar kifayət qədərdir. Yazılan tədqiqatlar çox "quru”dur, rənglərdə və cizgilərdə ifadə olunan duyğulandırıcılıq hiss olunmur. Şəxsən mən fərqli yol seçmişəm, rəssam yaradıcılığına münasibətim elmi-bədii yanaşmaya əsaslanır. Bu isə qənaətimcə, hər bir sənətşünasdan ciddi hazırlıq tələb edir. Sənətşünas öz tədqiqatında şair, filosof və cəngavər olmasa, yazdıqları təsirsiz olacaq...Bu gün nonkonformist rəssamlığımızın əhatəli tədqiqata ehtiyacı var. Onların fəaliyyəti sovet hökumətinin qılıncının qabağının da, dalının da kəsdiyi vaxta təsadüf edib. Odur ki, M.Mircavadov və onun həmfikirlərinin yaradıcılığı təkcə sənətşünasların maraq dairəsində qalmamalıdır. Qənaətimcə, həmin dövrün Bakı rəssamlıq mühiti gözəl bir bədii filmin mövzusu ola bilər. Moskvada Xruşov sərgini dağıdan vaxtlarda, Bakının Buzovna kəndində gənc azərbaycanlılar "sosialist realizmi”nin soyuq və quru estetikasına "yox” deməkdə idilər. Həm mənəvi, həm də maddi təpkilərə baxmayaraq. Əllinci illərin sonunda 37-ci ilin havası sona qədər duyulmasa da, hər halda müxtəlif təzyiq və təpkilər mövcud idi...


– Müasir dövrdə savadlı, intellektual rəssamların günü-gündən azalmasının kökü haradan qaynaqlanır və bu bəlanın konkret səbəblərini nədə görürsünüz?
– Rəssamlarımız arasında savadsızlığın baş alıb getməsi bu günün problemi deyil, bütün zamanlarda belə olub. Çox vaxt deyirdilər ki, rəssamlar tarixçi-ədəbiyyatçı olmayacaqlar ki... Onlar əllərinə güc verməlidirlər. Elə buna görə də bu vaxta qədər uzaq-yaxın tariximizlə bağlı sanballı əsərlər yaradılmayıb. Sovet dönəmində rəssamlar arasında rus bölməsində təhsil alanlar daha çox idi, onlara da məktəbdə Azərbaycan ədəbiyyatı və tarixi tədris olunmurdu. Odur ki, zamanın axarında bu sahədə duyulası boşluq yaranıb, müxtəlif müsabiqələr keçirib bu istiqamətdə irəliləyiş əldə etməyə çalışsalar da, hələ ki, diqqəti cəlb edəcək nəticələr yoxdur...

– Rəssamların bəziləri, bəzən fəxri ad intizarı ilə dünyadan köçürlər. Sizcə, nə üçün bəzi dəyərli sənətkarlarımız bu adları özlərinə bunca dərd edirlər?
– Təsviri sənət sahəsində çalışanları iki zümrəyə ayırmaq olar: Onların bir hissəsi əsl rəssamlardır, digər əksəriyyəti isə "şəkil çəkən”dirlər. Biri yaradandır, digəri isə sadəcə gördüyünü kətan və yaxud kağız üzərinə köçürəndir. Çoxlarının "şəkil çəkən” adlandırılmalarından xoşu gəlmir. Qoy gəlməsin! Amma bu, həqiqətən də, belədir!Fəxri ad almamağı özünə dərd edənlər də elə onlardır. Əsl rəssam həyatını yaradıcılığa həsr edir, çox vaxt bu, çətinliklərlə müşayiət olunsa da... Tofiq Cavadov, Nicat Məmmədov, Fuad Bakıxanov, Elxan Aslanov, Hamlet Musayev, Əfrasiyab Mirzəyev, Vaqif Ucatay, Ucal Haqverdiyev, Müslüm Eldarov, Əlövsət Əliyev, Sənan Qurbanov, Valeri Yaşıgin və digər bir çoxları həyatdan fəxri ad almamış köçüblər. Amma zamansızlığa qovuşan sənət əsərləri qoyub gediblər. Mən bir qayda olaraq bütün yazılarımda onları xatırlayıram. Zamanında yüksək fəxri ad alıb ideologiyaya xidmət edən bəzilərini isə bu gün heç yada salan yoxdur.

– Rəsm müsabiqələrinin keçirilməsi barədə nə deyərdiniz, qiymətləndirilmələr sizi qane edirmi?
– Müstəqillik dövründə vaxtaşırı müsabiqələr keçirilməkdədir. Azərbaycan tarixi, Nəsimi taleyi, 20 Yanvar və Xocalı faciələri ilə bağlı bir neçə müsabiqə təşkil olunub. Amma zamansızlığa qovuşa biləcək əsərlər yaradılmayıb. Qənaətimcə, bu sahədə daha yeni formalardan istifadə etməyə ehtiyac duyulur. Sovet dönəmində hər il keçirilən əlamətdar sərgilərlə bağlı rəssamlarla müqavilələr bağlanardı. Rəssamlar da bağlanan müqavilənin müqabilində avans alar, sakitcə düşündükləri mövzuları bədiiləşdirərdilər. Başqa sözlə desək, onların heç bir məişət qayğısı olmazdı, bütün diqqətləri yaratdıqlarında olardı. Sonda da yaxşı nəticə alınardı. Müstəqillik dövründə bu müqavilə ənənəsi mövcud deyil. Əgər incəsənətimizin gələcəyini düşünürüksə, bu metoda qayıtmalıyıq. Yaradıcı potensialı olan insanlara dəstək verilməlidir...

– Sənətşünaslıqla, rəssamlıqla bağlı yazmaq istədiyiniz, arzusunda olduğunuz hansı kitablar var?
– XIX əsr rəssamlığımızın qaranlıq səhifələrinə həsr olunmuş "Xarıbülbül ətri” kitabını tamamlamışam. Bir neçə müəlliflə birlikdə yazdığım "Azərbaycan incəsənəti qədimlərdən bu günə kimi” kitabı və B.Hacızadə ilə birlikdə hazırladığım "Əzim Əzimzadə” monoqrafiyası isə nəşriyyatdadır. Bu il keçmiş Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinə həsr olunmuş fundamental kitabımın da nəşri gözlənilir. İşlənməli mövzu çoxdur, odur ki, imkan dairəsində onları işləməyə çalışacağam. Çap edən tapılsa, çox şey eləmək olar...


– İstərdim müasir dövrdə rəssamlığımızda təsirlənmə və plagiat məsələlərini şərh edəsiniz.
– Bu, çox ağrılı məsələdir. Əgər əvvəllər bu tendensiya duyulası dərəcədə az idisə, indi geniş yayılıb. Zamanında Təbriz miniatürçüləri, dünyadan az qala təcrid olunmuş halda, saray kitabxanasında dünyanı heyrətə gətirən sənət inciləri yarada bilmişdilərsə, indi internet vasitəsilə dünyanı hüzurlarına gətirməyi bacaran "rəssamlar” bu ünsiyyətdən, əsasən plagiat vasitəsi kimi istifadə edirlər. Plagiatçı olmağın ömrü azdır. Özünü başqalarının qarşısında rüsvay etməkdənsə, sənətdə özünəməxsus olmaq daha şərəflidir. Belə ki, həmin əsərdə rəssam nə qədər zəif olsa da, bu, onun özüdür, dünyaya səmimi münasibətin nəticəsidir...

– Ardıcıllarınız yetişirmi, gənc sənətşünaslar barəsində nə deyərdiniz?
– Jurnalistlər rəssamlıqla bağlı nəsə soruşanda, yaxud hansısa rəsmlə bağlı Azərbaycan Rəssamlar İttifaqına sorğu yollayanda dərhal mobil telefonumun nömrəsini verib onları mənə yönləndirirlər. Mən də zarafatla deyirəm ki, bəs məndən sonrakı vəziyyəti düşünün, onda necə olacaq? (gülür) Təsviri sənətdə oxuyan tələbələrin əksəri ixtisas seçimində ən sonuncu bu peşəni seçirlər deyə, onların nəsə öyrənməyə həvəsləri olmur. Arzusuna çatmayan adam öz peşəsini, ixtisasını sevə bilməz. Cəmiyyətimizdə işini sevən adam tapmaq çətindir. Ona görə də bu işi öyrənən, sənətşünasların xələfləri yetişmir. Mən heç sələflərimizdən də razı deyiləm, çünki onların əksəri özündən sonrakılara dəstək verməyi xoşlamayıblar. Amma indiki gənc nəsil sənətşünaslarının bəxti onda gətirib ki, biz bildiklərimizi onlardan əsirgəmirik. Paxıl adam ona görə narahat olur ki, o, öz ixtisasını bilmir, kiminsə onun yerinə keçəcəyindən qorxur. Mənimsə belə bir qorxum heç zaman olmayıb. Ona görə də, ətrafımda daim gənclər toplaşıb. Aslan Xəlilov, Samir Sadıqov, Nuranə Səlimli, Xanım Əsgərova Azərbaycan sənətşünaslığının bizdən sonrakı dövrünə bələdçilik edə bilərlər.


– Böyük arxiviniz var. Allah sizə uzun və sağlam ömür versin. Bəs sizdən sonra həmin arxivinizin aqibəti necə olacaq? Onu müvafiq dövlət qurumlarınamı, yoxsa yolunuzu davam etdirən kiməsə etibar edəcəksiniz?
– Arxivimi Aslan Xəlilova məmnuniyyətlə verərəm. Bir hissəsini isə Salman Mümtaz adına Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə bağışlayaram. Çünki kitablarımı yazarkən həmin dövlət arxivindən çox yararlanmışam.
Söhbətləşdi: Fərid Hüseyn
Tapdıq Abdullayev / Global Media Group

banner

Oxşar Xəbərlər