AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Səhranın bəyaz günəşi”nin Qara Abdullası

“Səhranın bəyaz günəşi”nin Qara Abdullası

Mədəniyyət
01 May 2021, 15:00 1061
İnsanları sevməyə, bir-birilərinə hörmət etməyə çağıran Kaxi Kavsadze zəngin bir irs qoyub getdi

"Səhranın bəyaz günəşi” filmindən hamının "Qara Abdulla” kimi tanıdığı məşhur gürcü aktyoru Kaxi Kavsadze 86 yaşında koronavirus infeksiyasından dünyasını dəyişib. Gürcüstanın Xalq artisti Tbilisinin Birinci Universitet Klinikasında vəfat edib. Ən məşhur sovet filmi ilə tanınan aktyor 1959-cu ildən bəri Rustaveli adına Dövlət Akademik Teatrında çalışırdı. Teatrın rəhbərliyi: "Kavsadze keçən ilin noyabr ayından koronavirus infeksiyasına yoluxduğu üçün xəstəxanaya aparıldı. Təxminən bir aydan çox müalicə olundu. 2021-ci ilin qışında aktyor yenidən reanimasiyaya aparıldı, həkimlər onun vəziyyətini "son dərəcə ağır” kimi qiymətləndirdilər. Bir neçə gün əvvəl xəstəxananın rəhbəri Levan Ratiani aktyorun ürəyinin hər an dayana biləcəyi barədə xəbərdarlıq etdi...”- deyə mətbuata bildirib.
Kaxi Kavsadze 1935-ci ildə Tbilisidə anadan olub, Tbilisi Teatr İnstitutunu bitirib. Əksər tamaşaçılar onu «Səhranın bəyaz günəşi» filmindəki Basmachi dəstəsinin lideri Abdulla roluna görə tanıyır və sevirlər. O vaxtdan onun hiyləgər Abdullası kinosevərlərin yaddaşındadır. Ancaq tanınmış gürcü aktyorunun bioqrafiyasında "Döyüşməyənlər üçün yaxşı”, "Veria məhəlləsinin melodiyaları”, "Krallar və kələm”, "Tövbə”, "Don Kixot və Sançonun həyatı” və "A” kimi filmlərdə oynadığı yüzə yaxın rol yer alıb...
Aktyor 2016-cı ildə "Amur Payızı” Rus Film və Teatr Festivalında "Tali və Toli” filmindəki roluna görə "Qızıl Durna” Mükafatına layiq görülüb. 1996-cı ildə "Qızıl Qoç” mükafatını alıb. Həmçinin Şota Rustaveli və Kote
Mardjanishvili adına Dövlət mükafatlarına layiq görülüb.

Xalq düşməninin oğlu

Kaxi musiqiçi-folklorçu ailəsində doğulub. Atası David Kavsadze seminariyada oxuduğu illərdə İosif Stalinin yaxın dostu olub. Müharibə başlayanda atası döyüşə yollanıb və bir ildən sonra əsir düşərək almanların əsir düşərgədinə aparılıb. 1944-cü ildə Gürcüstandan olan miqrantlar sayəsində başqa əsirlərlə birlikdə əsirlikdən azad olub. Bir müddət Fransada yaşayaraq xor kollektivini yaradıb. Rusiyaya qayıdandan sonra isə Sibirə göndərilərək 1972-ci ildə orda vəfat edib.
Atasının ağır taleyi Kaxi və qardaşı İmirin həyatına da maneəsiz ötüşmür. "Xalq düşməni”nin oğlu kimi onları musiqi məktəbindən azad edirlər. "Mənim ata və babam məşhur insanlar olublar. Onlar gürcü folklorunun ustadları idilər. Atamın 100 yaşı olanda məndən onun yubiley gecəsini təşkil etməyi xahiş etdilər. Atam dünyasını çoxdan dəyişmişdi. Onun çox çətin taleyi olub. Cəbhəyə gedib, əsir düşüb, sonra təbii ki, onu həbs ediblər. Bilmirəm, onu Sibirdə güllələyiblər, yoxsa, öz əcəli ilə ölüb. Nədənsə mənə elə gəlir ki, o, öz əcəli ilə ölüb. Mən elə yubiley gecələrini sevməsəm də, sonunda razılaşdım. Dedilər ki, səhnəyə çıxıb atan haqqında, onu ilk dəfə görürmüş kimi danışmalısan. Mənim o zaman 10 yaşım vardı. Musiqi məktəbində oxuyurdum. Mən tamamilə tanımadığım bir insanı gördüm. Səhnəyə çıxdım. Musiqi, folklor, gürcü musiqisinin əhəmiyyəti və atam haqqında danışmağa başladım. Həmin gecəyə rejissor Nana Canevidze de gəlmişdi. Sonra o, mənə yaxınlaşıb danışdıqlarım haqqında film çəkmək istədiyini dedi. Həmin an bütöv bir əbədiyyət idi. O anda baş verənlər haqda danışmaq çətindir. Rejissorlar isə artisti danışdırır, arzuladığı filmi çəkirlər, sonra gözdən itirlər. 2-3 ay keçdi, rejissor görünmədi. Mən Nananın başına nəsə gəldiyini fikirləşdim. Ancaq biz yenidən görüşdük, danışdıq, 12 günə filmi çəkdik”- deyə aktyor uşaqlığını xatırlayırdı. Aktyorun həyatından, yaradıcılığından, sevgisindən və övladlarından bəhs edən film 2011-ci ildə "Kaxi Kavsadze. Orda teatr varmı?” adı ilə ekranlaşdırılır. Ekran əsəri MDB və Baltikyanı ölkələrin Kino festivalında "Nika” mükafatını qazanır.
Kaxinin anası həkim işləyirdi. Ərinin faciəli taleyindən sonra o uşaqlarını təkbaşına böyüdür. Orta məktəbi bitirən Kaxi Tbilisi Teatr İnstituna daxil olur. Hələ instititda oxuduğu illərdə kinoda ilk roluna çəkilir. 1957-ci ildə gürcü bəstəkarı Zaxari Paliaşvili haqqında "Eteri mahnısı” adlı filmdə çəkilmyə dəvət alır. Sonra "Mamlyuk” dramında qul rolunu oynayır. Aktyor bu filmdə tələbə yoldaşı Bella Mirianaşvili ilə birgə çəkilir. Sonradan münasibətləri evliliklə sonuclanır. Onda aktyorun 22, Bellanın 18 yaşı vardı. Qızı Nanuka və oğlu İrakli dünyaya gələndən sonra Bella xəstələnir. Uzun müddət müalicə alsa da, infeksiya əsəb sistemini korlayır və qadın əlil arabasına məhkum olur. Kaxi həyat yoldaşının sağalması üçün çox mübarizə aparır, amma buna nail ola bilmir. 1992-ci ildə Bellanın olümü ona böyük zərbə olur. Aktyor bu itkidən sonra ailə qurmur. Nanuka valideynlərinin sənətini davam etdirərək aktrisa olur. İrakli isə uşaqlıqdan qurduğu "Amerika xəyalları”nın ardınca gedir. Hazırda Vaşinqtonda yaşayır.

Abdullanın kinodakı hərəmləri

Kaxi Kavsadzeyə kinoda məşhurluğu "Səhranın bəyaz günəşi” filmi qazandırır. "Rejissora görə Abdulla mənfi obraz olsa da, əcdadlarının torpağını və ata evini qoruyur”- deyə aktyor oynadığı Qara Abdulla rolu haqqında deyirdi: "Film hazır olduqdan sonra bir çox kadrlar çıxarıldı. Kəsilən hissələrdə Abdullanın arvadının onun ölmüş cəsədinin yanında oturub ağlaması, Qırmızı Ordu əsgəri Suxovun səhrada xilaskar kimi yox, yeni başçı kimi dolanması kadrları çıxarıldı. Kəsilən kadrlar film üçün itki idi. Sovet senzurası əvvəlcə filmə çox həssas yanaşdı. Valentin Yejov filmin müzakirəsini belə bir elanla başladı ki, hərəmxana bardaqxana deyil. Bu, olduqca abırlı sosial institutdur, ona görə də, filmdə belə bir şeyin olmasında pis heç nə yoxdur. Başıbəlalı filmi Brejnevin zəngi xilas etdi. Baxmayaraq ki, "Səhranın bəyaz günəşi”ni sovet kinosunun vesterni adlandırırdılar, amma filmin taleyi, məşhurluğu qədər də maneələrlə dolu idi. Xoşbəxtlikdən film nəinki ekranlara yol tapdı, hətta sovet ekranının ən sevilən və baxılan kinosuna çevrildi. 1969-cu ildə ekranlara çıxan filmi 100 milyondan çox tamaşaçı izlədi”.
Maraqlıdır ki, aktyor özü filmi 30 ildən sonra izləyir. Səbəbini çəkildiyi filmlərə baxmaması ilə izah edirdi: "Mən ümumiyyətlə çəkildiyim filmlərə baxmağı xoşlamır və istəmirəm. «Teli və Toli»nin premyerası keçirildi. Mən fikirləşdim ki, beynimə qan sızacaq və öləcəyəm. Sanki nəyisə düz eləmirəm, artıq hərəkətlərə yol verirəm, ifadələri düzgün tələffüz etmirəm... Hazırda 30 illiyi qeyd edilən «Səhranın bəyaz günəşi»ni də mən hələ görməmişdim. Tolya Kuznesovla zalda yanaşı oturmuşdum. Mən Tolyaya «filmi görməmişəm» deyəndə təəccübləndi: "Necə? Baxmaq lazımdır”-dedi. Özünə baxmaq necə dəhşətlidir. Artistlər var ki, bunu xoşlayırlar. Mənimçünsə çox çətindir. Özümə əlavə sress yaşatmaq istəmirəm”.
Aktyor 86 yaşında da səhnədə olmasını sağlam ruhu və fiziki göstəriciləri ilə əlaqələndirirdi: "Səhnədə sağlam adam olmalısan ki, tamaşaçı «O, yeriyə bilmir» - deyə düşünməsin. Mən səhnədə tullanmalı, hərəkət etməliyəm ki, heç kimin mənə yazığı gəlməsin. Tamaşaçı heç zaman bağışlamır. O, ən böyük tənqidçidir”.

İnsanlar bir-birlərini sevərlərsə...
 
Kaxi Kavsadze həyatında olan dəyişiklikləri, dünyada baş verən hadisələri, gərgin siyasi olayları sakitcə qarşılamağı xoşlayırdı: "İllər keçib. İndi mən ağıllı, müdrik, çox şeyə fərqli baxan insanam. Xeyli soyuqqanlı olmuşam. Düzdür, yenə əvvəlki kimi gözəl qadınları, yaxşı tamaşaları və artistləri xoşlayıram. Ən əsası, mən xeyirxah insanları sevirəm. İnanclı adamam. İnsanların bir-birlərini sevməsi və hörmət etməsi xoşuma gəlir. Mənə elə gəlir ki, əgər insanlar bir-birlərini sevərlərsə, hər şey yaxşı olacaq. Əks halda, hər şey pozula bilər. Ən yaxşısı sevməkdir. Daha bir həqiqətə inanıram: insanın həyatına və ləyaqətinə fiziki baxımdan toxunmaq olmaz. Heç bir halda. İnsanın milli və dini hisslərini alçaltmaq olmaz. Mənimçün bu şeylər dəyişməzdir. Yəni xahiş edirəm ki, mənə toxunmayın, mən də sizə - bir-birimizə hörmət edək. Sən nə vaxtsa başqasına hörmət edirsənsə, sənə də hörmət edəcəklər. Mən həmişə çəkiliş meydanında hiss edirəm ki, yaradıcı heyətlə bir-birimizi başa düşürük. Əgər bu olmayacaqsa, heç nə alınmayacaq. Bir-birinizi sevin, hər şey yaxşı olacaq. Mən belə yaşamaq istəyirəm. Və mənə elə gəlir ki, düzgün yaşayıram”.

Kaxi Kavsadzenin həyata optimist baxışları vardı. Dostları ilə tez-tez yığışır, səhərəcən deyib-gülür, oxuyurdular: "Sadəcə, mən əvvəlki kimi içə bilmirəm. Həkimlər qadağa edib - həm içməyi, həm də oxumağı. Bununla belə, mənə təkcə oxumaq qalıb. Çünki ürəyimdə problem var. Artıq 86 yaşındayam. Əvvəllər kiminsə 86 yaşının olduğunu eşidəndə «Aman Tanrım!» deyə heyrətlənirdim. İndisə bu sözləri özüm haqda eyni heyrətlə deyirəm. Mənim fikrimcə, ömrü insana Tanrı verirsə, onu sağlam və şən yaşamaq insanın özündən asılıdır. Çalışmalıyıq ki, həyatda yaxşı şeylər daha çox olsun. Harada sevgi varsa, orada qələbə, uğur var. Harada uğur varsa, orada Tanrı var. Harada Tanrı varsa, orada hörmət və məhəbbət var. Öz dincliyinizi qoruyun, hər şey yaxşı olacaq!”
Bu, 86 yaşlı Kaxi Kavsadzenin insanlara tövsiyəsi idi. Nikbin aktyor çox sevdiyi dünyanın gözəllikləri ilə yaşamaq sevgisindən əl çəkmək istəməsə belə, xoş əhvalla vidalaşdı...

Rusiya mətbuatından tərcümə etdi
Təranə Məhərrəmova