bazar ertəsi, 08 avqust, 19:37

Baku Bakı 23°C

Səhnəyə hörmət, sevgi göstərən xanım leytenant - MÜSAHİBƏ

icon 703 icon 02 iyul 2022 | 02:00 Səhnəyə hörmət, sevgi göstərən xanım leytenant - MÜSAHİBƏ

“Orda hər şey ola bilər və buna hazır olmalıyıq”. “Sevil”i oynayanda məşqlər zamanı ürəkgetmə səhnəsində həmişə rahat yıxılırdım. Amma səhnədə çox pis yıxıldım, başım bərk dəydi, ağrı oldu. Hiss etdim ki, başım şişib. Özümü itirmədim...”

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı... Bu teatrın binası da, səhnəsi də möcüzəli və sehrlidir. Bu gün onun səhnəsində üzü tamaşaçı zalına dayandım.  Zal boş olsa da, qəribə bir vic-vicə aldı canımı əvvəlcə. Lap “Bəxtiyar” filmində Bəxtiyarın ilk dəfə səhnəyə çıxması kimi. Amma dərhal da keçib getdi. Özümü bir anlıq Karmen etdim. Baxışlarım da dəyişdi, duruşum da. Başımın arxaya çəkildiyini də hiss etdim. Və elə bu vaxt müsahibim – Opera və Balet Teatrının, DSX nümunəvi hərbi orkestrinin solisti, leytenant Fatimə Cəfərzadə gəlir. Və dərhal Karmenin yelpinci uçur havaya. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təhsil alan, daim konsert, qastrol, müsabiqələr görən Fatimə xanım elə kiçik yaşından səhnəyə alışıb. Və beləcə, səhnə onun həyatına çevrilib: “Mən hərbçi ailəsində doğulmuşam. Evimizdə tam başqa ab-hava olub. Yəqin ki, uşaq vaxtı yaxşı qışqırırmışam, ona görə də valideynlərim məni musiqi məktəbinə yazdırıblar. Gecikdiyim üçün ayrıca imtahan təşkil olunsa da, keçmişdim. 1-ci sinifdən skripka, 4-cü sinifdən vokal sinfində oxumuşam. Sonra Bakı Musiqi Akademiyasına daxil oldum, magistr təhsili aldım”. 

Səhnəyə 200 faiz hazır olmalısan

“Səhnə mənim üçün bir həyatdır” deyir 2018-ci ildə Mədəniyyət Nazirliyinin Gənclər mükafatına layiq görülən, Pekində, Romada, Praqada və bir çox şəhərlərdə Azərbaycanı təmsil edən  Fatimə xanım: “Səhnədə səmimi olmalısan, özün kimi olmalısan. Səhnə səndən hörmət, diqqət, sevgi tələb edir. Səhnə gözəllik tələb edir. Yəni onunla münasibətin ən gözəlini istəyir, baxışın, duruşun, nəvazişin gözəlliyini istəyir. Mənim müəllimim SSRİ Xalq artisti Şəfiqə Məmmədova həmişə deyir ki, Fatimə, səhnəyə çıxanda buna 200 faiz hazır olmalısan ki, səhnədə onun 80-90 faizini göstərə biləsən. Əgər 100 faiz hazırsansa, deməli, özünü göstərə bilməyəcəksən. Çünki səhnə son dərəcə incə nüansları da artistdən tələb edir”.

Aktyorluq və vokal vəhdəti

Vokalist deyir ki, heç bir insan mükəmməl deyil: “Amma səhnə üçün hər şeyi yüksək dərəcədə etməlisən. Yəni həm vokalın, həm də artistizmin yüksək olmalıdır. Bu işə o qədər ciddi yanaşmalısan ki, alına bilsin. Tam vəhdət ola bilsin. Bəzən insanlar düşünür ki, nə var e, çıxırlar oxuyurlar, oynayırlar. Amma elə deyil. Səhnə çox ciddi bir sahədir. Səhnəyə çıxanda ciddi və məsuliyyətli olmalısan. Səhnə canlıdır, aktyorlar canlıdır, dirijor canlıdır, musiqiçilər canlıdır. Sən hər vəziyyətə hazır olmalısan. Hər şey ola bilər və vəziyyətdən çıxmağı bacarmalısan. Səhnəyə çıxanda bütün dünyəvi işlər yaddan çıxar. Sən bu dünyaya aid olmursan, artıq səhnəyə aid olursan. Artist səhnəyə çıxanda, belə düşünürəm ki, ilk frazadan bacarığını ortaya qoymalı və tamaşaçının diqqətini özünə cəlb eləməlidir. İlk andan alınmadısa, deməli, sonra da alınmayacaq. O ilk frazadan hər şey asılıdır. Tamaşaçı marağını itirdisə, onu yenidən özünə cəlb etmək olmur”. 

Bildim ki, indi bacaracağam

Fatimə xanım teatra gəlişindən də danışdı: “Akif Məlikov məni dinləyib dedi ki, indiyə kimi niyə teatra müraciət etməyibsən?  Cavabım belə oldu: “Mən özümü indi tam hazır bildim, ona görə də indi müraciət etdim”. Fikrət Əmirovun bu il 100 illiyidir və mənim debütüm “Sevil” operasında Sevil obrazı oldu. Akif müəllim inandı, etimad göstərdi və bu obrazı mənə etibar etdi. Mənim üçün çox böyük məsuliyyət idi. Amma bu inam da mənə çox böyük bir stimul, qol-qanad verdi. Buna görə ona çox minnətdaram. Ondan sonra çox qısa müddətdə “Arşın mal alan”da Gülçöhrə, “O olmasın, bu olsun”da Gülnaz, “Bagema”da Mimi obrazını oynadım. 

Balaca Fatimənin böyük həvəsi

İlk dəfə professional səhnəyə rəqqaslar, aktyorlar, rejissorlarla 4-cü sinifdə oxuyanda – 2006-cı ildə “ÜNS yaradıcılıq səhnəsi” teatrında çıxmışam, deyir vokalist: “Nərgiz Paşayevanın rəhbərliyi ilə ÜNS teatrında Tofiq Quliyevin əsərləri əsasında “Bakı” musiqili tamaşası hazırlanırdı. Azərbaycan üzrə bütün musiqi məktəbləri, konservatoriya, kolleclərdən ən istedadlı uşaqları həmin tamaşada iştirak üçün seçirdilər. 1600-ə yaxın gəncin içində 16 nəfər – 8 qız və 8 oğlan seçildi. Onlardan biri və ən balacası da mən idim. Gecə-gündüz ciddi məşq edirdik. Bir günə 2-3 tam məşqdən sonra deyirdilər ki, bəsdir. Mən də tez ortaya düşüb “gəlin bir dəfə də oynayaq” deyirdim. O qədər çox həvəsli idim ki. Hamı yorulurdu, deyirdilər bəsdir, amma mən yenə də oynamaq istəyirdim. Qeyd edim ki, bu tədbirə Cənab İlham Əliyev və Mehriban xanım da gəlmişdilər”.

Tərəf müqabilinin güvənliliyi

“Tərəf müqabilinin yaxşı olması çox önəmli məqamdır. Yeni solist olsam da, bunu hiss etmişəm. Düzdür, aktyor səhnədə birinci özünə güvənməlidir. Amma tərəf müqabilinin yaxşı, güvənli olması aktyora sanki ikiqat inam verir. Biri o birindən üstün olmamalı, biri o birindən daha yaxşı oynamağa çalışmamalıdır. Onlar səhnədə bir vəhdət yarartmalıdırlar” deyir xanım.

Həyəcan, qorxu, ağrı...

Hər dəfə səhnəyə həyəcanlı çıxan aktrisa deyir ki, həyəcan məsuliyyətdir, işinə ciddi yanaşmadır: “O olmasa, olmaz. Əsas məsələ o həyəcanın qorxuya çevrilməməsidir. O qızıl ortanı həmişə tutmaq lazımdır. Sən özünü tamamilə səhnənin ixtiyarına buraxmalısan. “Sevil”i oynayanda məşqlər zamanı ürəkgetmə səhnəsində həmişə rahat yıxılırdım. Amma səhnədə çox pis yıxıldım, başım bərk dəydi, ağrı oldu. Hiss etdim ki, başım şişib. Özümü itirmədim, davam etdim. Dediyim kimi, səhnə canlıdır. Orda hər şey ola bilər və biz buna hazır olmalıyıq”. 

Alqış ki var...

“Artist tamaşaçının ona münasibətindən – alqışdan ilham alır. Alqış çəkdiyin əziyyətlərin, yorğun məşqlərin ən böyük mükafatıdır. Alqış ki var... O alqışı tamaşanın sonunda eşidirsən, bax onda hər şey tamamlanır. Hər şey öz yerini alır. Mən artist kimi, vokalist kimi formalaşmağıma görə, bu gün professional səhnədə olmağıma görə əziyyəti keçən bütün müəllimlərimə təşəkkür edirəm”. 

Söhbətləşdi: Xanım Aydın