Səhnədən zala enən tamaşalar

İnteraktivlik,
izləyicilərin tamaşalarda iştirakı getdikcə populyarlaşır
Dünyanın mərkəzində insan dayanır. O insan həm də teatr
tamaşaçısıdır. Tamaşaçı üçün tamaşanın
təsiretmə xüsusiyyətinə malik olması önəmli məqamlardandır. Ona bu şansı isə
yalnız interaktiv tamaşalar təqdim edir. Azərbaycanda çox az sayda interaktiv
tamaşalar hazırlanır.
Bəs görəsən interaktivlik nədir və teatrlarımız bu
metodikadan nə qədər istifadə edirlər?
Beynəlxalq Teatr Tənqidçiləri Birliyinin vitse-prezidenti,sənətşünaslıqüzrə
fəlsəfə doktoruElçin Cəfərov interaktiv
teatrın müasir teatr sənətinin əsas mövcudluq formalarından biri olduğunu
vurğulayır: "Əslində teatr mahiyyətinə görə hər zaman interaktiv olub. Xüsusən
də teatr sənətinin kökünü, rüşeymini təşkil edən rituallığına, xalq oyunu,
meydan tamaşalarına baxanda görürük ki, onlarda tamaşa və tamaşaçı
münasibətləri olmayıb. Onlarda tamaşaçı da, o ayini icra edənlər də, ayinin
təşkilatçıları, sehrinə gələn adamlar da vahid bir sistemin tərkib
hissələridir. İnsanların müəyyən bir ayinə inancları formalaşır və elə hesab
edirlər ki, bu ayin nəticəsində gün çıxacaq. O ayini icra edənlər də həmin ayinin
icrası zamanı oraya toplaşan insanlarla eyni dərəcədə inanıb, oyuna qoşulurlar.
Bu da o deməkdir ki, mahiyyət etibarı ilə teatr sənəti yaranışdan interaktiv
olub. Sonradan dördüncü divar və teatrla tamaşaçı arasında sərhədlər meydana
gəlib. Bu iki komponent müəyyən mənada uzaq düşüb. Ancaq müasir dönəmdə dünya
teatrı daha maraqlı, daha aktual, daha təsirli ola bilmək üçün yenidən
interaktivliyə əl atır. Xüsusilə uşaq və gənclər üçün nəzərdə tutulan tamaşalarda
interaktivlik meyllərinə daha çox rast gəlirik. Dünya teatrı artıq çoxdandır
ki, interaktivliyin vacibliyini, mühümlüyünü anlayıb, bu istiqamətdə işləməyə
cəhd göstərir. O ki qaldı Azərbaycan teatrına, bizdə də interaktiv tamaşalara
son zamanlar daha çox yer verməyə çalışılır. Xüsusən də Tərlan Rəsulovun
yaratdığı, bədii rəhbərlik etdiyi müstəqil "dOM” teatrı. Bu teatrın tamaşaları
interaktiv tamaşalardır. Bilavasitə tamaşaçı ilə canlı ünsiyyətə, tamaşaçını oyuna
qoşmaq prinsipinə söykənir. Bu tamaşaların bədii-estetik səviyyəsindən asılı
olmayaraq, bu cür cəhdlər, təşəbbüslər gərəklidir, Azərbaycan teatrında yeni
istiqamətlərin açılması, tətbiqi üçün faydalıdır. Digər teatrlarımızda da interaktivlik
cəhdləri var. Bəzən görürük ki, teatrlarımız hər hansı interaktiv tamaşaları imitasiya
edir. Bu, interativlik deyil. Tamaşanın içərisində müəyyən detallar, elementlər
sanki tamaşaçı ilə ünsiyyətə yönəlir. Tutaq ki, hər hansı tamaşada aktyor zala
enir, tamaşaçı ilə danışır, zala xitab edir, öz monoloqunda tamaşaçılara
yönəlir. Aktyor yaxınlaşaraq tamaşaçıya əlindəki rekviziti verir ki, bunu saxla
və yaxud tamaşaçıdan söz soruşur, ona müraciət
edir. Bu, interaktivlik deyil. Bu, bir çox situasiyalarda interaktivliyin
imitasiyası kimi özünü göstərir və sadəcə interaktivliyi oynamaqdır. Mən bunun
da əleyhinəyəm. Tamaşa ya interaktivdir, ya da
interaktiv deyilsə, dördüncü divar poetikası çərçivəsində hazırlanıbsa,
burda interaktivliyi imitasiya etmək zərərli ola bilir. Tamaşanın bütövlüyünü,
strukturunu dağıdır. Amma bütövlükdə tamaşa mahiyyətinə görə daha təsirlidir,
daha yaddaqalandır və maraqlıdır. Bunun da psixoloji əsası var ki, çağımızın
insanı kiməsə qulaq asmaq, kiminsə məsləhətlərini dinləməkdənsə, öz mövqeyini,
fikrini dayaz da olsa, yanlış da olsa, ortaya qoymağa daha çox meyillidir”.
İlk interaktiv
teatrımız olan "dOM”-un rəhbəri, rejissor Tərlan Rəsulov bildirir ki, Azərbaycanın bəzi regionlarında
interaktiv tamaşalar qurmaq cəhdləri olub: "Azərbaycanda bu istiqamətdə müəyyən
nəticələr əldə edilsə də, bir çoxları üçün bu yenidir. Bu tamaşaçılar üçün də
bir qədər qeyri-adi görünür. Belə ki, izləyici teatr tamaşaçısı kimi tamaşanın
içərisində iştirak etməyə hazır olmalıdır. Bu günün tamaşaçısı klassik
tamaşalara baxıb, əl çalmaqla işini bitirirsə, birdən-birə ondan aktiv formada
tamaşanın gedişatında iştirak etmək tələb edilir. İnsanlar buna hazır deyillər.
"dOM” teatrı tamaşaçıları bu istiqamətdə yetişdirməyə çalışır. Bu istiqamətdə hazırlıqlar
görüb, müəyyən qədər yol qət etsək də, pandemiya bütün planları pozdu.
Karantindən sonra həmin prosesi sıfırdan başlamalı olacağıq. Tamaşaçılar bizim
tamaşaların iştirakçısı olduqda, ilk dəfə çəkinirdilər, növbəti tamaşalarımızda
daha çox iştirak etməyə başlayırdılar”.
T.Rəsulov bəzən bu anlayışı yanlış təqdim edənlərin
də olduğunu bildirir: "Burda göstərdiyimiz tamaşadan sonra izləyicilər yaxınlaşıb,
təşəkkür edirlər. Deyirlər ki, tamaşanın gedişatında iştirak etmək istəyiblər.
Hətta əgər müdaxilə edərlərsə, tamaşanın quruluşuna mane ola biləcəklərini
düşünənlər daha çoxdur. Bunun günahını tamaşaçılarda görmürəm. Bizim teatr isə
bu xüsusi metodika üzərində işləyir. Biz də teatrımızın aktyorlarına xüsusi
treninqlər keçirik. Aktyor elə oynamalıdır ki, tamaşaçıda o prosesdə iştirak
etmək istəyi, həvəsi yaransın. Əfsuslar olsun ki, bəzi yerlərdə interaktiv
tamaşalar başqa cür qəbul edilir. Belə ki, imitasiya edərək tamaşa zamanı
tamaşaçıya nəsə verir, alır, söz soruşurlar. Halbuki, bu, interaktivlik deyil.
Tamaşaçının yaxasından tutub dartmaq, ona tərəf aqressivlik göstərmək düzgün
deyil. Aktyor tamaşanı elə oynamalıdır ki, inandırıcı olsun. Bu istiqamətdə
birinci addımı aktyor atmalı, o zəmini yaratmalıdır ki, tamaşaçı orda iştirak
etmək istəsin. Daha sonra digər mərhələlər başlasın. Bu o qədər də asan iş
deyil. Aktyor səhnəyə çıxmaqla, əzbərlədiyi sözləri deməklə iş bitmir. O
dərəcədə dəqiq və emosional oyanmaq lazımdır. Kifayət qədər inandırıcılıq burda
aparıcı mövqe tutur. Belə ki, tamaşaçı komfort zonasından çıxmalı və iştirak
etməlidir”.
Bakı Uşaq və
Gənclər Teatrının direktoru, əməkdar artist İntiqam Soltan klassik
tamaşalarda interaktivliyə çox az
hallarda rast gəlindiyini vurğulayır: "Mənim ilk quruluş verdiyim "Turpun
nağılı” son dərəcə interaktiv tamaşa olub. Burada aktyorları tamaşaçılar
seçirdi. Belə ki, sonda aktyor tamaşanı oynamaqdan imtina edirdi. Belə olduqda,
obrazlar arasında vakansiya yaranırdı. Aparıcımız tamaşanın tempindən kənara
çıxmadan zala müraciət edirdi ki, siçan obrazını kim oynaya bilər? O zaman bütün
zal səhnəyə çıxmaq arzusunu bildirirdi. Biz də onların arasından iki nəfəri
seçib, onlara paltarları geyindirir və qrim edərək tamaşanı bitirirdik”.
İ.Soltan klassik tamaşalara müdaxilə etmək imkanının
olmadığını qeyd edir: "Tamaşaçını maarifləndirmə məsələsi interaktivlikdən daha
aşağıdır. Klassik tamaşalar "səhnədə sözümü dedim, işimi bitirib, getdim” variantıdır.
Kim istəyir anlasın, kim istəyir anlamasın - təsiri bağışlayır. Dördüncü divar
bizə imkan vermir. İnteraktiv tamaşalarda isə rejissorun bacarığından çox şey
asılıdır. Biz tamaşaçılara daha artıq nüfuz etməyi bacarırıq. Zalın zəif cəhəti
hansıdırsa, biz ora daha çox nüfuz edirik. Tamaşaçını durğunluqdan çıxarmaq
mümkün olur. Klassik tamaşa tamaşadan fərqli olaraq, interaktiv tamaşada passiv
tamaşaçı aktiv olmağa dəvət edilir. Tamaşaçı birbaşa iştirakçıya çevrilir. Həm
də bununla zaldakı insanın potensialı üzə çıxır”.
Abdulla Şaiq adına
Dövlət Kukla Teatrının ədəbi hissə müdiri Həmidə Rüstəmova deyir
ki, teatr XXI əsrdə çox maraqlı bir proses keçir və bu məqamda interaktiv
tamaşalar aktuallığını qoruyub saxlamağı bacarır: "İstər nağıllarda, istərsə də
komediya səhnə nümunələrində - istənilən yaş kateqoriyalarına xitab edən
tamaşalarda aktyorla tamaşaçının arasında yaranan rabitə vacib amillərdəndir.
Aktyorla tamaşaçının birbaşa dialoqu olmasa, səhnədə nə baş verirsə-versin,
uğurlu hesab edilmir. Çağdaş formalar, texniki məzmunların səhnəyə daşınmasına
baxmayaraq, canlı rabitə, ünsiyyətin yerini heç nə vermir. Bəzən aktyorun ifa
etdiyi, burda və indi baş verən hadisəyə tamaşaçının münasibəti olmur. Tamaşa
düşüncə olaraq başqa strukturda qurulur. Tamaşaçı bəzən prosesi yox, prosesin
yaratdığı təəssüratı analiz edir. Sanki beynində bir pəncərə açır. Kukla
Teatrında interaktivliyə gəlincə, teatrımız yaranışından interaktiv olmasaydı, yəqin
ki, bu gün mövcud olmaz və inkişaf edə bilməzdi. Adi taxta və ipdən yaradılan
varlığı səhnə elementinə çevirmək və onu tamaşaçıya təqdim etmək birbaşa ən
yüksək interaktivlik deməkdir. Hazırda kukla teatrı formalarında interaktivlik
olmasa, tamaşaçı ilə səhnədə baş verən proses arasında rabitə qurulmasa, heç
bir halda bu marağı yaratmaq mümkün deyil. Rejissorlar tamaşa hazırlayarkən
buna diqqət yetirməlidir. Bu interaktivlik aktyorla rejissorun fəaliyyətində, musiqidə, hətta qurulan işıqla olmalıdır.
Bunların heç biri olmasa, yaradıcı prosesdə bunu tamaşaçıya çatdırmaq mümkün
olmayacaq. Kukla Teatrında hər zaman interaktiv tamaşa formaları tətbiq olunur.
Kukla Teatrının nəzdində fəaliyyət göstərən "Oyuq”, "Küllücə” studiyalarında
interaktivliyin tətbiqi ilə tamaşalar hazırlanır. Ötən mövsümdə bir neçə belə
tamaşa hazırladıq”.
Xəyalə Rəis
