Səfir: Mən Bakını Azərbaycanın İsraildəki xoşməramlı səfiri kimi tərk edirəm - Müsahibə

Səfir: Mən Bakını Azərbaycanın İsraildəki xoşməramlı səfiri kimi tərk edirəm - Müsahibə

Müsahibə
19 Noyabr 2019, 20:38 1214
İsrailin Azərbaycandakı səfiri, diplomatik missiyasını başa vuran Dan Stavın Trend Beynəlxalq İnformasiya Agentliyinə özəl müsahibəsi 
 
Əməkdaşlığın enerji tərəfi
 
Səfir bildirib ki, İsrail Azərbaycan şirkətlərinin ölkədə qaz kəşfiyyatında iştirakında maraqlıdır:
"92,44 faizi SOCAR-a məxsus olan "Caspian Drilling Company” İsraildə qaz kəşfiyyatında iştirak edib. Təəssüf ki, bu, uğursuz alınıb. Bildiyiniz kimi, qaz kəşfiyyatı uğurdan asılıdır. Biz istəyirik ki, Azərbaycan şirkətləri kəşfiyyat işlərini davam etdirsin. Azərbaycan bizə bir çox şey təklif edə bilər, biz isə sizin təcrübənizdən çox şey öyrənə bilərik”.
D.Stav əlavə edib ki, İsrail həm də Azərbaycanın Dövlət Neft Fondunun təcrübəsini öyrənmək istərdi:
"Siz çox səmərəli mexanizm yaratmısınız. Hətta 2015-2016-cı illərdəki çətin iqtisadi dövrdə hökumət yığılan vəsaiti müdrikcəsinə istifadə etdi. Gələcək nəsillər üçün pulun yığılması konsepsiyası alqışalayiqdir və biz bu sahədə təcrübəni öyrənə bilərik”.
 
Turizm sahəsində münasibətlər
 
Səfir bildirib ki, bu il Azərbaycana gələn israilli turistlərin 45 min nəfərə çatacağı gözlənilir:
"Mən dörd il əvvəl Azərbaycana gələndə buraya gələn israilli turistlərin sayı 10 min nəfər təşkil edirdi. Bu il bu göstərici 45 min nəfərə çatacaq. Bu, AZAL-ın eləcə də, "Israir” aviaşirkətini yaxşı işlərinə əsaslanır”.
Onun sözlərinə görə, eyni zamanda Azərbaycandan İsrailə həftəlik reyslərin sayı da artıb:
"Fikrimcə, İsrail Azərbaycan turistləri üçün maraqlı istiqamətə çevrilib. Ölkə təkcə fərdi və sağlamlıq turizmi üçün deyil, həm də ümumiyyətlər maraqlı ölkə görmək istəyənlər üçün cəlbedicidir”.
 
Əməkdaşlığın perspektivli sahələri
 
Səfirin sözlərinə görə, İsrail şirkətləri Azərbaycanın kənd təsərrüfatı sahəsi ilə əməkdaşlıqda maraqlıdır:
"Sizin kənd təsərrüfatında böyük potensialınız, məhsuldar torpağınız, keyfiyyətli suyunuz və əməksevər insanlarınız var. Biz həm də aqronomların peşəkarlığının artırılması üzərində birgə işləyə bilərik”.
Azərbaycanla İsrail arasında ticarət dövriyyəsi barədə danışan D.Stav bu göstəricinin artırılmasının vacibliyini vurğulayıb:
"Bizim məlumatlarımıza əsasən hələlik ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 160 milyon dollara yaxındır. Hesab edirəm ki, Azərbaycanın çox keyfiyyətli məhsulları var və onları İsraildə satmaq mümkündür. Bu, iki ölkə arasında ticarətin yaxşılaşması üçün çox vacibdir”.
 
Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (Azİz) rolu
 
Səfir bildirib ki, Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası (Azİz) ikitərəfli münasibətlərin inkişafında vacib rol oynayır:
"Azərbaycandakı yəhudi icması cəmiyyətin ayrılmaz hissəsi kimi sülh içində yaşayır. Fikrimcə, İsrailə köçən yəhudilər təqiblərdən qaçdığı üçün miqrasiya etməyib, sadəcə öz yəhudi qardaşları ilə birgə yaşamaq istədikləri üçün bunu ediblər. İsraildə də azərbaycanlı icması var. Bu iki icma ölkələrimiz arasında canlı körpü rolunu oynayır. "Azİz” Azərbaycanın, onun mədəniyyətinin, irsinin populyarlaşması üçün dayanmadan işləyir. Fikrimcə, Azİz Azərbaycanın İsraildə təbliğində vacib rol oynayır. Mən Azİz-in Azərbaycandakı və İsraildəki rəhbərləri Vahid Bayramov və Lev Spivakla tez-tez görüşürəm. Mən gördükləri işlərə görə onlara minnətdaram”.
 
Dağlıq Qarabağ münaqişəsində İsrailin mövqeyi
 
Səfir bildirib ki, münaqişə davam edəcəyi təqdirdə onun nəticələri regiondan kənara çıxa bilər:
"Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq. Biz həm də bu istiqamətdə ATƏT Minsk qrupunun səylərini dəstəkləyirik. Azərbaycan və Ermənistan hər iki tərəf üçün qəbul olunacaq həll yolu tapmalıdır. İnsan itkiləri, resursların azalması faciədir. Mən Dağlı Qarabağın, Şuşanın Azərbaycan üçün nələr ifadə etdiyini bilirəm”.
O ümidvar olduğunu bildirib ki, münaqişənin sülh yolu ilə həlli azərbaycanlılara öz torpaqlarına qayıtmağa imkan verəcək.
 
Son dörd il ərzində İsrail-Azərbaycan münasibətlərinin əsas məqamları
 
Səfir Azərbaycandakı diplomatik missiyasının başa çatmasından təəssüfləndiyini deyib:
"Mən burada çox gözəl 4 il, 3 ay keçirdim. Fikrimcə bu, İsrail səfirinin arzulaya biləcəyi ən gözəl vəzifədir”.
O bildirib ki, bu müddət ərzində ən vacib hadisə İsrail baş naziri Benyamin Netanyahunun 19 illik fasilədən sonra Azərbaycana səfəri idi. O, həmçinin Azərbaycanın Müdafiə naziri Zakir Həsənovun 2017-ci ildə İsrailə səfərini və 2018-ci ildə İsrailin müdafiə naziri Aviqdor Libermanın Azərbaycana səfərini xatırladıb.
D.Stav qeyd edib ki, o, Azərbaycanı xoşməramlı səfir kimi tərk edir:
"Azərbaycanda səfir təyin olunanadək mən 17 il Cənubi Asiyada, o cümlədən Hindistan və Nepalda işləmişəm. Azərbaycan İsrailə yaxın yerləşsə də, bu ölkə haqqında heç nə bilmirdim. Azərbaycan gözəl müasir ölkədir, amma burada tamamilə fərqli mühit var. Ona görə də mənim uyğunlaşmağım üçün vaxt lazım oldu. Bakı ən rahat şəhərlərdən biridir, təhlükəsiz, gözəl və təmiz şəhərdir. Təəssüf ki, bu ölkəni tərk edirəm. Mən ölkəni Azərbaycanın İsraildəki xoşməramlı səfiri kimi tərk edirəm. Azərbaycan mənim unutmayacağım bir fenomendir. Mən Azərbaycanı müsbət emosiyalarla tərk edirəm”.