• çərşənbə axşamı, 02 sentyabr, 23:10
  • Baku Bakı 30°C

Sağlamlıq tarixçəmiz elektronlaşdırılır

23.09.16 12:52 1363
Sağlamlıq tarixçəmiz elektronlaşdırılır
Vətəndaşların sağlamlığı vəziyyətinə nəzarət sisteminin təkmilləşdirilməsini və operativ şəkildə şəxslərin sağlamlığı barədə məlumat bankının yaradılmasını təmin etmək məqsədilə yaradılan "Vətəndaşların elektron sağlamlıq kartı sistemi”nin (VESKS) tətbiqi səhiyyənin elektronlaşdırılması istiqamətində həyata keçirilən layihələr sırasında mühüm yer tutur. Ölkə başçısının informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə təsdiqlədiyi Dövlət Proqramında da vətəndaşların Elektron sağlamlıq kartı ilə təmin olunma səviyyəsinin artırılması qeyd olunub.
"Vətəndaşların Elektron sağlamlıq kartı”nın (VESKS) tətbiqi müvafiq elektron registrlərin hazırlanması vasitəsilə vətəndaşların sağlamlığı vəziyyətinə nəzarət sisteminin təkmilləşdirilməsini və operativ şəkildə şəxslərin sağlamlığı barədə məlumat bankının yaradılmasını təmin edir. Əgər əvvəllər hər bir şəxs haqqında tibbi məlumatlar tibb müəssisələrində kağız üzərində və pərakəndə şəkildə aparılırdısa, artıq xəstəlik tarixi, müayinə, müalicə, cari istifadə edilən dərman preparatları, peyvəndlər, gələcəkdə tibbi sığorta və s məlumatlar sağlamlıq kartında yer alır. Bu sistem şəxsi, tibbi və sığorta məlumatlarını özündə cəmləşdirən elektron informasiya sisteminin yaranmasına imkan verir. Sağlamlıq Kartı sisteminə daxil edilən məlumatlar Səhiyyə Nazirliyinin İnformasiya Mərkəzində cəmləşdirilir. Bu sistem kart sahibinə operativ və dəqiq müayinə olunmaq imkanı yaradır.
Səhiyyə Nazirliyinin İnformasiyalaşdırılması Mərkəzinin İnformasiya siyasəti şöbəsinin müdiri Arzu Mirzəyev "Kaspi”yə açıqlamasında 2006-cı il yanvarın 1-dən doğulan uşaqların hamısına pulsuz elektron sağlamlıq kartlarının verildiyini bildirdi. Belə ki, Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi-Səhiyyə Nazirliyi tərəfindən yaradılan Elektron İnformasiya Sistemidir. Bu sistem çərçivəsində yeni doğulmuş uşaqlara mikroprosessorlu çip ilə təchiz edilmiş plastik kartlar (Elektron Sağlamlıq Kartları) dövlət tərəfindən pulsuz təqdim edilir. Sistemdə və həmçinin Elektron Sağlamlıq Kartlarında yer alan vətəndaş (uşaq) barədə dolğun şəxsi və tibbi məlumatlar həkimə müraciət zamanı müayinə prosesini tezləşdirməyə və lazımi müalicə və tibbi yardımı daha operativ və keyfiyyətli aparmağa imkan verir.
"Həm həmin çipdə, həm də Səhiyyə Nazirliyinin Mərkəzi İdarəetmə Bazasında uşaq, onun valideyni haqqında və tibbi məlumatlar saxlanılır. Kartın oxunması və məlumatların ora daxil edilməsi üçün tibb müəssisələrində xüsusi proqram hazırlanıb. Kart xüsusi qurğu ilə oxunur və internet olmasa belə içindəki məlumatlar oxuna bilir. Həmçinin internet üzərindən Səhiyyə Nazirliyinin bazasına qoşularaq digər məlumatlar da oxunur”. Elektron sağlamlıq kartının verilməsinin bütün respublika üzrə həyata keçirildiyini bildirən nazirlik rəsmisi qeyd etdi ki, hər bir doğulan uşağın valideyni övladının qeydiyyatda olduğu poliklinikaya müraciət edərək elektron sağlamlıq kartını əldə edə bilər.
Yeni doğulmuşlarla yanaşı, uşaq poliklinikalarında qeydiyyatda olan digər uşaq kontingenti də informasiya sisteminə daxil edilir. Sadəcə, bu mərhələdə onlara kart verilmir. Haqlarındakı bütün məlumatlar sistemə daxil edilir. Bu da həkimlərə həmin uşaqların tam dolğun tibb məlumatlarını operativ əldə etməkdə kömək edir.
Vətəndaşlarla bilavasitə əlaqədə olan iş yerlərində çalışanlar - məktəb, bağça müəllimləri, restoranların personallarına (obliqat qruplara) isə "Tibbi müayinə kartı” verilir. "Tibbi müayinə kart”ı (TMKS) Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən məlumatları özündə saxlayan elektron informasiya sistemidir. Müxtəlif sahələrdə çalışan, işə daxil olarkən və ya sonradan dövri tibbi müayinədən keçməsi tələb olunan vətəndaşların vaxtlı-vaxtında müayinədən keçmələrinə nəzarətin təkmilləşdirilməsi məqsədi ilə Səhiyyə Nazirliyi tərəfindən Tibbi müayinə kartı sisteminin tətbiqinə başlanıb. Bu layihə çərçivəsində həmin kart daxilində şəxslərin keçdiyi müayinələr qeydə alınır. Belə ki, hər kəs öz peşəsindən asılı olaraq, ildə iki və ya bir dəfə müayinədən keçməlidir ki, işləyə bilsin. Kartların üzərində və çiplərində vətəndaşa aid şəxsi məlumatlarla yanaşı, onun ilkin və dövri tibbi müayinədən keçməsi barədə məlumatlar yerləşdirilir.
Kartlarda yer alan müayinələr barədə məlumatlar müayinələrin keçirildiyi tibb müəssisələrində kompyuterlərə qoşulmuş kart oxuyucu qurğular vasitəsilə oxuna və dəyişdirilə bilər.
Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, professor Nəsib Quliyev bizimlə söhbətində "Elektron sağlamlıq kartı”nın üstünlüklərindən danışaraq gələcəkdə bu tip kartların bütün vətəndaşlara şamil ediləcəyini bildirdi: "Elektron sağlamlıq kartı dünyaya gələn hər bir uşaq üçün açılır. Gələcəkdə böyüklərin də eyni kartlarla təmin olunması nəzərdə tutulur. Əsas məqsəd dünyaya gələn vətəndaşın həmin gündən sağlamlığı ilə bağlı hansı göstəricilər varsa elektron informasiya bazasında yerləşdirilir. Uşaqların kartı onların valideynlərində olur. Onlar hər dəfə tibbi müayinədən keçəndə, müalicə kursu alanda həmin informasiyalar karta yerləşdirilir. Beləliklə də o şəxsin sağlamlığı haqqında hansı məlumat varsa, bazada toplanmış olur. Bu da gələcəkdə onun sağlamlıq məsələlərinin nəzarətdə saxlanması, ölkədən kənara gedərkən onun haqqında bütün informasiyaların ortaya çıxarılması üçün çox vacib şərait yaradır. Buna bəzən obrazlı şəkildə bioloji pasport da deyilir». Azərbaycanda bu proqramın Səhiyyə Nazirliyi tərəfindən 2006-cı ildə başlandığını deyən N.Quliyevin sözlərinə görə, elə həmin vaxtdan elektron sağlamlıq kartları doğulan hər bir vətəndaşa paylanır: "O cümlədən uşaqların icbari dispanserizasiya tədbiri nəticəsində də uşaq poliklinikalarında hər bir informasiya həmin karta daxil edilir”.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən "Elektron Azərbaycan” Dövlət Proqramına uyğun olaraq 12 istiqamət üzrə tibbi elektron registr, vətəndaşlara "Elektron sağlamlıq kartı” sistemi və vahid səhiyyə sistemi yaradılıb. Bu günə qədər isə respublikada 1 milyona yaxın yeni doğulmuş uşağa «Elektron sağlamlıq kartı» verilib.
Heç şübhəsiz, elektron sağlamlıq kartı və ya tibbi müayinə kartının tətbiqinin genişlənməsi həm özəl, həm də dövlət qurumlarında əhaliyə təklif olunan elektron xidmətlərin çeşidini və keyfiyyətini artırmağa xidmət edəcək. Bu həmçinin qurumların vətəndaşlara təklif etdikləri elektron xidmətlərinin keyfiyyətini yaxşılaşdırmaq və çeşidli xidmətlər təklif etmək məsələsində rəqabət mühitini genişləndirə biləcək.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər