• şənbə, 27 Aprel, 00:27
  • Baku Bakı 14°C

Rusiya XİN-in “BMT açıqlaması”nın pərdəarxası məqamları

24.07.20 17:56 1926
Rusiya XİN-in “BMT açıqlaması”nın pərdəarxası məqamları
Politoloqlar bu addımı Qarabağ münaqişəsində yeni yanaşma ilə bərabər, həm də Kremlin ABŞ-a diplomatik hücumu kimi qiymətləndirir

Azərbaycan-Ermənistan sərhəddinin Tovuz istiqamətində ermənilərin törətdiyi təxribatdan sonra Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yeni şərait formalaşıb. Belə ki, Prezident İlham Əliyevin bəyan etdiyi kimi, vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupu indiyədək ciddi irəliləyişə nail olmayıb və hətta Ermənistanın təxribatlarına konkret mövqe bildirmir. Ona görə də, uzun illərdir ki, münaqişə həll edilməmiş qalır. Artıq mövcud status-kvonun dəyişdirilməsinə ehtiyac olduğu da bəyan edilir. Hətta bu fikri BMT Baş katibi Antonio Quterreş də Prezident İlham Əliyevlə telefon danışığı zamanı qeyd edib. Maraqlı məqam ondan ibarətdir ki, bu günlərdə Qarabağ münaqişəsi ilə bağlı yaranmış vəziyyətə münasibət bildirən Rusiya XİN sözçüsü Mariya Zaxarova bildirib ki, BMT Katibliyi ilə məsləhətləşmələr planlaşdırılır. Bəs görəsən BMT-də müzakirələr aparılması fikri hansı anlama gəlir?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Nəzakət Məmmədova bildirdi ki, BMT Katibliyində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirənin keçirilməsi o anlama gəlir ki, sonradan məsələ ya Baş Assambleyaya, ya da Təhlükəsizlik Şurasının iclasına çıxarıla bilər: "Bu da onunla bağlı ola bilər ki, bu günlərdə ABŞ Konqresinin komitələrində Azərbaycanla bağlı məsələlər müzakirə edilərək qərar qəbul olundu. Həmin qərarlarda Ermənistan Azərbaycanın torpaqlarını işğal etmiş dövlət kimi qeyd edilir. Bununla da, 1991-ci ildən bəri Dağlıq Qarabağ ərazisində insanların öldürülməsi, didərgin salınması kimi qeyri-qanuni hallar ABŞ Konqresinin müzakirəsinə çıxarıla və hətta qərar qəbul oluna bilər. Bu da təbii ki, Rusiyanı narahat edir, çünki orada Azərbaycanla yanaşı, Ukrayna, Moldova və Gürcüstan da zərər çəkmiş ölkələr kimi göstərilir. Yəni bu ölkələrin hamısı Rusiyanın siyasəti nəticəsində zərər çəkib, torpaqlarını itirib, əhalisi didərgin düşüb. Əslində Konqresin komitəsi bu məsələni müzakirə etməklə Rusiyanı ittiham etmiş olur. Çünki postsovet məkanında, konkret olaraq Azərbaycan, Ukrayna, Moldova və Gürcüstanda baş verən proseslərdə Rusiyanın əli var. Deməli, Amerika həmin sənəddə xarici qüvvələr dedikdə, məhz Rusiyanı nəzərdə tutur və bununla bağlı faktlar toplamağa hazırlaşır”.
N.Məmmədova qeyd etdi ki, Rusiya ABŞ-a cavab olaraq Qarabağ məsələsini BMT-nin müzakirəsinə çıxartmaq istəyir: "Çünki BMT "soyuq müharibə” dövründə yaradılmış təşkilatdır və SSRİ Təhlükəsizlik Şurasının daimi üzvü olub. İndi isə Rusiya onun varisi kimi Təhlükəsizlik Şurasının üzvüdür. BMT o təşkilatlardandır ki, dünya siyasətinin müəyyənləşdirilməsində təsiri var və Rusiyanın da Təhlükəsizlik Şurasının üzvü kimi rolu mövcuddur. Ona görə də Rusiya ABŞ-ın bu ittihamlarından yayınmaq və ya ona cavab olaraq məsələni ABŞ Konqresində deyil, məhz BMT-də müzakirə olunmasını daha məqsədəuyğun hesab edir. Qeyd etdiyim ki, katiblikdə edilən müzakirələr BMT-nin Baş Assambleyasına və Təhlükəsizlik Şurasına aparıb çıxara bilər. Amma bu müzakirələrin nəticəsi kimi, Rusiyanın əleyhinə qətnamə çıxarıla bilməz. Çünki Rusiya Təhlükəsizlik Şurasının daimi üzvü kimi belə qətnamələrə veto qoymaq imkanına malikdir. Ancaq ABŞ Konqresinin qəbul etdiyi qərara Rusiya heç bir qadağa qoya bilməz. BMT-də isə Rusiya söz haqqını saxlayır. O baxımdan da Rusiya Qarabağ məsələsini ABŞ-ın nəzarətindən çıxarıb, BMT-də müzakirə edilməsinə çalışır. Hesab edirəm ki, Rusiyanın bu addımı ABŞ Konqresinin atdığı addımlara əks həmlədir, hücum diplomatiyasıdır”.
Beynəlxalq idarəetmə üzrə araşdırmaçı Əhməd Əlili bildirdi ki, hazırda ayrı-ayrı beynəlxalq aktorlara məlumdur ki, Dağlıq Qarabağ münaqişəsinin diplomatik həlli bu formada davam edə bilməz: "Məsələyə müəyyən keyfiyyət dəyişikliyi gətimək lazımdır. ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyəti BMT-nin mandatı əsasında qurulub. Əgər ATƏT-in Minsk qrupu uğursuz fəaliyyət göstərirsə və ortada Azərbaycanın xeyrinə virtual sənəddən başqa hansısa mexanizm yoxdursa, məsələ necə həll olunmalıdır? Azərbaycan 2011-ci ildə və xüsusilə son illərdə çox çalışırdı ki, BMT-nin məsələyə çox aktiv müdaxiləsi olsun. Həmçinin biz Azərbaycanda ekspertlər səviyyəsində müzakirələr zamanı BMT-ni bu istiqamətdə daim aktiv olmağa səsləyirdik. Düşünürəm ki, BMT-nin yerli ofisinin də bu istiqamətdə fəaliyyəti vardır ki, onlar da bu qurumun aktivləşməsini göstərirdilər. Yəni bütün bunların nəticəsində münaqişənin diplomatik həllini istəyən tərəflərdə də belə bir fikir formalaşıb ki, nəyi isə fərqli etmək lazımdır. Bax, o məsələni yenidən BMT müzakirəsi səviyyəsinə qaldırırlar və danışıqlar prosesinə nə cür yeniliyin gətirələcəyi və ya bunun mümkün olub-olmayacağı müzakirə olunur. Düşünürəm ki, yaxın aylarda beynəlxalq mediatorların fəaliyyətində keyfiyyətcə yeni mərhələni görəcəyik. Hətta ATƏT-in Minsk qrupunun formatının dəyişdirilməsi mümkündür. Eyni zamanda digər həmsədr ölkələrin tərkibində tamamilə yenilik görə bilərik. Eləcə də, mümkündür ki, bu zamana qədər gedən gizli danışıqlar prosesi açıq elan olsun. Yəni indiyədək danışıqlar qapalı qapılar arxasında baş verib və ictimaiyyətə məlum deyil, məsələ nə cür həll olunur. Əlbəttə ki, bütün bu proseslərin hamısı BMT-nin müdaxiləsini tələb edir. Ona görə də, Rusiya XİN sözçüsünün fikirləri bu mənada yozula bilər”.
Ə.Əlili vurğuladı ki, Antonio Quterreş BMT-nin Baş katibi olduqdan sonra qurumun bu istiqamətdə diqqəti artıb: "Yəni BMT Baş katibi səviyyəsində ilk dəfə məsələ ilə bağlı bəyanatlar verildi. Bu, artıq cənab Quterreşin rəhbərliyi altında olan dövrdə baş verib. Həmçinin 2019-cu ilin sentyabr ayında BMT-nin yüksək çinli məmurlarının Azərbaycana səfəri zamanı yerli ekspertlərlə görüş oldu. Açığı desək, BMT rəsmilərinin belə bir təəssüratı var idi ki, dünyada daha qanlı münaqişələr mövcuddur, ancaq Qarabağ münaqişəsi qismən donmuş tərzdədir. Azərbaycandan olan ekspertlərin əsas diqqət çəkdiyi tezis isə ondan ibarət oldu ki, bu gün Dağlıq Qarabağ münaqişəsi qismən və ya donmuş formada ola bilər, ancaq BMT bu istiqamətdə iş görməsə, sabah baş verəcək münaqişənin nəticəsi kimi daha artığını görməyə məcbur olacaq. Yəni cənab Quterreşin bir gün vaxtını ayırıb münasibət bildirməsi, məsələ ilə məşğul olması, onu 10 günlük işdən xilas edir. Ona görə də, indi vaxtıdır ki, BMT böyük bir eskalasiyanın qarşısını alsın. Artıq hiss olunur ki, BMT-də bunu başa düşürlər. BMT hazırda elə fəaliyyətə keçir ki, münaqişə başqa bir mərhələyə qədəm qoymasın ki, o mərhələdə qurum daha çox resurs sərf etməli olar. Hesab edirəm ki, bu, çox vacib məqamdır”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər