• cümə, 19 Aprel, 17:40
  • Baku Bakı 25°C

Rusiya KTMT-dəki müttəfiqlərinə etibar etmir

02.06.20 17:20 1162
Rusiya KTMT-dəki müttəfiqlərinə etibar etmir
"Kommersant” yazır ki, Ermənistanla bağlı vəziyyət sürüşkəndir

Strategiya və Texnologiyaların Analizi üzrə Mərkəzin ekspertləri Rusiyanın Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatında təmsil olunan müttəfiqlərinin (Ermənistan, Tacikistan, Belarus, Qazaxıstan və Qırğızıstan) ona nə qədər etibarlı olmaları barədə analiz aparıb. Mərkəz müttəfiq dövlətlərlə Rusiyanın hərbi, iqtisadi, demoqrafik və təbii potensialını analiz edib. Tədqiqatın yekunları əsasında bu dövlətlərin Rusiya üçün müttəfiqlik loyallıqları və dəyər kəsb etməklərini müəyyən edən reytinq açıqlanıb. Yekun nəticədə postsovet məkanında eyni zamanda həm əhəmiyyətli, həm də loyal olan bir dövlət müəyyən etmək mümkün olmayıb. Mərkəzin ekspertləri Rusiyanın KTMT üzrə beş formal müttəfiqi üçün belə bir sualla çıxış ediblər – bu dövlətlər doğrudanmı strateji cəhətdən passivdirlər və yalnız siyasi, diplomatik, hərbi və ən əsası Moskvanın maliyyə resurslarını sormaqla məşğuldurlar?
"Kommersant” yazır ki, ötən həftə işıq üzü görən "Müttəfiqlər” kitabında müəllif heyəti başda Konstantin Makionko olmaqla Rusiyanın tərəfdaşlarının tək hərbi nöqteyi-nəzərindən deyil, həm də iqtisadi, demoqrafik, mədəni, coğrafi potensial və təbii resurslar, eləcə də onların loyallığı nöqteyi-nəzərindən araşdırmağa çalışıb.
Məsələn, Belarus Rusiya üçün əhəmiyyətli dövlət hesab olunsa da, o qədər də loyal hesab edilmir. Hesabatda da bildirilir ki, ümumi anlamda bu ölkə Rusiyanın başlıca müttəfiqidir. Mərkəzin ekspertləri bildirirlər ki, bunun formal əlaməti həqiqətən də belədir: Minsk Rusiyanın İttifaq Dövləti üzrə tərəfdaşıdır, iki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlığın səviyyəsi yüksəkdir. "Həm etnomədəni və dil yaxınlığı mənasında bizim üçün strateji əhəmiyyət kəsb edən və yaxın olan ikinci bir ölkə təsəvvür etmək çətindir. Ən önəmli əhəmiyyət kəsb edən Belarusun yerləşdiyi coğrafi mövqedir. Bu ölkə faktiki olaraq Rusiya və NATO arasında yerləşən bufer dövlətdir. Coğrafi yerləşmənin digər əhəmiyyətli nəticəsi olaraq Belarusun ərazisindən neft və qaz kəmərlərinin keçməsidir”, - deyə hesabat müəllifləri vurğulayıblar. Minsklə müttəfiqlik münasibətlərinin səviyyəsini qiymətləndirərkən yada salmaq gərəkdir ki, 1991-ci ildə müstəqillik əldə etdikdən sonra Belarus dəqiq müəyyən olunan anti-Rusiya, millətçi və qərbpərəst mövqedən çıxış edirdi. Belarusun sonradan Rusiyaya doğru istiqamətlənməsinə əsas səbəb prezident Aleksandr Lukaşenko rejiminin izolə edilməsi oldu. Belarus və Rusiya arasında hərbi və hərbi-texniki əməkdaşlığın səviyyəsi yüksək olaraq qalır. Belarus rus dilinin beynəlxalq aləmdə dövlət dili statusunda saxlanıldığı yeganə dövlətdir. Minsk BMT-nin anti-Rusiya qətnamələrinə qarşı Moskva ilə tam həmrəylik nümayiş etdirir. Digər tərəfdən də Rusiya və Belarus arasında münasibətlər son 20 il ərzində kiçik və böyük qalmaqallar müstəvisində inkişaf edir. Belarus rəhbərliyinin Rusiya ilə hərbi əməkdaşlığın səviyyəsini aşağı salmaq cəhdlərinin artdığı da hiss olunur. Konkret fakt – Rusiyada tədris keçən belaruslu zabitlərin sayı azalmaq üzrədir, eləcə də, Belarus müasir silahlar almaq üçün alternativ mənbələr axtarışına başlanılıb. Nəhayət, Lukaşenkonun real siyasətinin indikatoru qismində onun Ukrayna ilə hərbi-texniki əməkdaşlığı genişləndirməsini göstərmək olar. Bu əməkdaşlıq birgə hərbi-sənaye layihələrinin reallaşması formasında həyata keçirilir. Hesabat müəlliflərinin qənaətincə, sonuncu hal Belarusun Rusiyanın hərbi-siyasi müttəfiqi kimi rolunu kiçildir. Ekspertlərin nəticəsi belədir - bütövlükdə Belarusu mühüm əhəmiyyətli dövlət kimi xarakterizə etmək olar. Eyni zamanda müttəfiqlik loyallığı orta səviyyəli kimi qiymətləndirilir. Sonda bildirilir ki, mövcud status-kvonun dəyişməsi Rusiya-Belarus münasibətlərinin pisləşməsinə gətirib çıxaracaq.
Mərkəzin tədqiqatına görə, Mərkəzi Asiyada Rusiya üçün ən əhəmiyyətli oyunçu Qazaxıstandır. Əhəmiyyətli təbii resurslara malik bu ölkə ABŞ, Çin və Rusiya üçün maraqlıdır. Qazaxıstan və Rusiya arasında münasibətlərdə iqtisadi əlaqələr də mühüm rol oynayır. İki ölkə ticarət balansında müsbət saldoya malikdir. Nəhayət, Qazaxıstan ərazisində Rusiya üçün mühüm əhəmiyyət kəsb edən hərbi obyekt - Sarı-Şağan poliqonu yerləşir. Bundan əlavə iki ölkə arasında müttəfiqlik münasibətləri əsas sənədlə müəyyən olunmayıb. Hesabat müəllifləri onu da qeyd edir ki, qazax rəhbərliyinin müəyyən addımları – ruslaşdırılmaya qarşı addımlar, etnik qazaxların rusların yaşadıqları ərazilərə köçürülməsi, ərazi-inzibati qoşunların yaradılması, Rusiya istiqamətində hərbi kontingentlərin gücləndirilməsi, Rusiyanın geosiyasi düşmənləri ilə, ilk növbədə ABŞ-la hərbi-texniki və hərbi əməkdaşlığın genişləndirilməsi ondan xəbər verir ki, qazax hakimiyyət orqanları Rusiyanı mili təhlükəsizlik üçün mümkün təhlükə hesab edirlər. Humanitar sahədə isə Nur-Sultanın Moskvadan uzaqlaşmasını latın qrafikalı əlifbaya keçməkdə görmək olar. Hesabat müəlliflərinin qənaətincə, məqsəd rus mədəniyyətinin qalıqlarını sıxışdırıb çıxarmaqdır. Ekspertlər xatırladır ki, BMT-də anti-Rusiya qətnamələrin qəbulunda Qazaxıstan öz mövqeyini heç bir halda nümayiş etdirmək istəməyib.
O ki qaldı Ermənistana, ekspertlər bir sıra faktorlar səbəbindən onu Rusiyanın hərbi-siyasi sahədə əhəmiyyətli və müəyyən dərəcədə etibarlı tərəfdaşı hesab edirlər. Hesabatda bildirilir ki, SSRİ dağıldıqdan sonra erməni rəhbərliyi Rusiya ilə strateji müttəfiqliyə üstünlük verdi. Sonrakı illərdə də bu münasibətlər davam edib. Rusiya Ermənistanda ciddi hərbi iştirakını qoruyub saxladı. Yerevan da mümkün qədər beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də Rusiyanın mövqeyini müdafiə edir. KTMT və Aİİ üzvü kimi Ermənistan bir sıra üstünlüklər də əldə edib. Ekspertlər bununla yanaşı, iki ölkə arasında münasibətləri də tam şəkildə problemsiz hesab etmirlər. Nəqliyyat sahəsində, zaman-zaman müxtəlif iqtisadi məsələlərlə bağlı, xüsusən də qaz məsələsində mürəkkəbliklər ortaya çıxır. Müəyyən problemlər 2018-ci ildə hakimiyyət dəyişikliyindən sonra da üzə çıxıb və hər şey yeni rəhbərliyin atacağı addımlardan asılı olacaq. Qırğızıstan Rusiya üçün o qədər əhəmiyyətli olmasa da, çox loyaldır. Manas bazası çıxarıldıqdan sonra Qərbin bu ölkəyə marağı azalıb. Əvəzində isə Çinin marağı artıb.
Tacikistan isə o qədər əhəmiyyətli ölkə olmasa da, az loyaldır. Bu ölkə keçmiş sovet ölkələri arasında ən yoxsuludur. Təhlükəsizliklə bağlı bu ölkənin daxili və xarici təhlükə problemləri var.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər