Çörəyi toxuculuqdan çıxan görmə məhdudiyyətli sənətkar - Fotolar
Hələ 11 yaşında -
evdə bacıları toxuculuqla məşğul olanda o da bu sənəti öyrənməyə cəhd edib.
Bacılarının "nə yaxşı öyrənmək istəyirsən?” sualına "gələcəkdə məşğul olmağa
bir işim olsun” deyə cavab verib. Deyir ki, yaxşı ki vaxtında toxuculuğu öyrənib:
"Düşündüm ki, görmə məhdudiyyətim olduğu üçün bunu öyrənsəm, gələcəkdə toxuyub,
satıb, pul qazanaram. Yəni, 11 yaşımda ağlımda olan düşüncə bu gün mənə çörəkpulu
verir”.Müsahibimiz isti
havalarda Bakının müxtəlif parklarında, soyuqda isə metro stansiyalarında
toxuculuqla məşğul olan, əl işlərini satan 34 yaşlı Elçin Abbasovdur.Onunla söhbətimiz
nədənsə toxuculuqla, illərdir bu sahənin qadınlara məxsus bir iş olması kimi
formalaşan yanaşmadan oldu. Onun məsələyə münasibəti çox düşündürücüdür: "Əvvəllər
kişilərin əlində süpürgə görəndə gülərdilər, amma indi, kişilər pul qazanmaq
üçün süpürgə götürüb küçələri süpürürlər. "Mətbəx qadınların yeridir” deyirdilər,
amma indi kişilər kafelərdə yemək bişirib pul qazanırlar. Toxuculuq da, incə iş
olduğundan o vaxtlar kişilər çörək pulu qazanmağa gedəndə, nənələr evdə oturub
başlarını qatıblar. Keçmişdə də 10 baba toxusaydı, kişilərin bəlkə 70 faizi
işsizlikdən bu işə girişərdi. Halal çörəyimi bununla qazanıram, kimdənsə, təmənnasız
çörək istəmirəm. Peşənin heç bir fərqi yoxdur, əsas odur ki, insanın vicdanı
saf, əməli düz, olsun, nə etdiyini bilsin”.
- Elçin bəy, görmə problemi sonradan yaranıb,
yoxsa anadangəlmədir?
- Uşaq vaxtı göz
təzyiqi, el arasında "qara su" kimi
tanınan kəskin qlaukomaxəstəliyindən əziyyət çəkmişəm. 6 yaşımda zəif
görürdüm, bu problem məndə anadangəlmə olmayıb. Az da olsa rəngləri seçmə var
idi. 6 yaşımda Zərifə Əliyeva klinikasına aparmışdılar. Həkimlər dedi ki, burda
olmasa da, xaricdə müalicəsi var. Ona da imkanımız çatmadı. Bir gözümü əməliyyat
etdirdik. Sonra yıxıldım stolun tini gözümə batdı. Bir gözümə batdı, lakin digər
gözümdə də əvvəldən zəiflik var idi. Get-gedə görmə qabiliyyətimi itirdim. Öz
istəyimlə Zərifə Əliyeva klinikasında gözlərimin hər ikisini götürdülər və
yerinə protez göz qoydular. Müalicəsi heç yerdə yox idi. Həmin vaxtı həkim dedi
ki, tez qərar vermə, ola bilər ki, gələcəkdə elm gəlib buralara qədər çatar,
müalicəsi ola bilər. Lakin həmin vaxt heç bir şans yox idi, üstəlik də göz
ağrısı dəhşətli idi. Buna dözə bilmədiyim üçün, artıq əməliyyat etdirdim.
- Məktəbə getmisiniz?
- Yox, amma iki
ildir ki, arada vaxt olduqda gözdən əlillər üçün məktəbə gedirəm. Gözdən əlillər
üçün olan əlifbanı öyrənirəm.
- Məktəbə niyə getməmisiz?
- Çünki, adətən,
valideynlər fiziki məhdudiyyəti olan uşaqlarını ictimai yerlərə çıxartmırlar, cəmiyyətdən
uzaq tutmağa çalışırlar. Hiss edirdim ki, fiziki məhdudiyyətimin olmağı ən çox
atamı sıxır. Atamın narahat olmaması üçün insanlardan qaçırdım. Hətta cəmiyyətdən
o qədər gizlənməyə çalışırdım ki, qəfildən biri gəlib yanımdan keçəndə həyəcandan
udqunurdum, o insana salam verməyi unudurdum. Paltarsız bir adamın insanlardan
gizlənməsi kimi qaçırdım.
- Neçə yaşınıza qədər bu davam etdi?
- İnsan həmişə
uşaqlıq xatirələrinə qayıtmaq istəyir. Uşaqlıqla bağlı acı və şirin fərq etmədən
bütün xatirələr insanla böyüyür. Uşaqlıq xatirələri mənim də sümüyümə keçmişdi.
Uşaqkən aldığım psixoloji zərbələr də böyüyürdü. İndi də biri güləndə elə bilirəm
mənə gülür. Kim nə desə də, artıq beyin onu yaddaşa vurub. Bəzən böyüklərin səhvi,
hamıdan böyük olur. Artıq bacardıqca onları unudub çörəkpulumu qazanmağa
çalışıram.
- Nə qədər vaxtdır rayondan çıxmısız?
- 4 ildir.
- Orda heç bir işlə məşğul olmurdunuz?
- Buna səbəb
olan məqamlardan sual versəydiniz daha yaxşı olardı. Orda da toxuyurdum, amma
özüm üçün. 2007-ci ildən rayonda da toxuyub satırdım. Amma orda bu cür şeylərə
tələbat çox azdır.
- Bakıya gəlməyiniz necə oldu?
- Rayonda olanda
düşündüm ki, Bakıda halal zəhmətimlə qazanc əldə edə bilərəm. Arada qonaq kimi
Bakıya gəlirdim. Pensiyamdan bir qədər ayırıb, Sədərəkdən xırda qab-qacaq,
yataq dəstləri götürüb, aparıb kənddə ehtiyacı olan adamlara satırdım. Nisyə
filan… Ayda bir dəfə Bakıya gəzməyə gəlirdim, istəyirdim ki, gələrkən sərf
etdiyim yol pulunu bu alver ilə çıxarım. Hiss elədim ki, Bakının aurası mənə
daha uyğun gəlir, özümü daha yaxşı hiss edirəm. 2014-cü ildə Yeni Ramanada yerləşən Sağlamlıq
İmkanları Məhdud Olan Gənclərin Peşə Reabilitasiya Mərkəzinə getdim. Toxuculuğu
bilirdim, orada xalçaçılıq kursuna yazıldım, 6 ay orda qaldım, toxuculuqdan
sertifikat verdilər.
- Xalça da toxuya bilirsiniz?
- Bəli, onu da
bacarıram. Amma xalçada rənglərdən çox istifadə olunduğu üçün, bir az çətindir.
Gərək yanımda başqa bir adam mənə rəngləri seçməkdə kömək etsin. Coraba, şərfə
istədiyim naxışları sala bilirəm. Xalçada ilmə vurmağı öyrəndim, amma əsasən
jaketlər, jiletlər, papaqlar toxuyurdum.
- Bakının ab-havasının xoş gəldiyini
dediniz. Burada sizə xoş gələn nə oldu?
- Hər bağın
tikanı olduğu qədər, gülü də var, hər gülün
özünün belə tikanı var. Eləcə də Bakıda yaxşı insanlar da var, olmayanlar da.
İşimi, insan olaraq, mənim kimliyimi dərk edib dəyərləndirənlər var deyə…
Rayonda adamdan heç kimin xəbəri olmur, insan itmiş bir əşya kimi olur. Amma
insanlar tanıdıqca, əl işlərimi bəyəndikcə bu, mənə müsbət enerji verir. Maddi
cəhətdən bəyənib almalarını demirəm, elə əziyyətimi qiymətləndirib bir xoş söz
demələri kifayətdir.
- Toxuculuq dəqiqlik tələb edir. Bəzən deyirlər ki,
görmə əngəlli adam bunu toxuya bilməz. Çətin deyil sizin üçün?
- Toxuculuq mənim
üçün çətin deyil. Peşə olaraq buna öyrəşmişəm, amma bəzən alverim zəif olanda
yoruluram. Lakin yaxşı olanda yorğunluğu da unuduram. Bəzən "gözü kor olan
adamın bu işi görməsi mümkün deyil” kimi fikirləri də eşidirəm. Bu bir az mənə
toxunur. Gözü açıq, vicdanı kor olanlar var. Hər şey gözlə ölçülmür, göz nə qədər
vacib olsa da, insanın duyğuları, hissləri, şüuru onu idarə edir.
- Bəs rəngləri necə seçirsiniz? Gül toxuyanda iki rəngdən
istifadə edirsiniz, bu zaman rəngləri qarışdırmırsınız…
- Rəng seçimini
artıq mağazada həll edirəm. Məsələn, gülün sap hissəsi yaşıl olduğu üçün
satıcıdan onları ayrı qaba qoymağı xahiş edirəm. Ayrı qabda olanda artıq bilirəm
ki, bu qabdakı yaşıldır. Güllərin ləçəklərini toxuyandan sonra yaşılları işləyirəm.
Bilirsiniz, bunlar xırdalıqlardır və mənə görə insan çalışsa, hər şeyə nail ola
bilər. Bu gün iki gözüm olmadığı halda, iynəni saplaya, telefonda mesaj yaza,
çörəkpulumu, kirayə xərcimi ödəyə bilirəmsə, demək ki, hər şey insanın özündən
asılıdır. Bugünkü günümə şükürlər olsun. Dövlətdən aldığım 140 manat pulun, 120
manatını kirayəyə verirəm. Burdan qazandığım isə, mənim çörək pulumdur. Bəzi
satıcılar kimi reklam etmirəm. Kim istəsə
gəlib alır. Bəzən almağa pulu çatmayan kimsə, imkanı yetən qədər pul qoyur ki,
kömək etsin. Amma mən götürmürəm, qaytarıram. Mən dilənçi deyiləm, sədəqə
yığmıram. Dəfələrlə əlimi vurmuşam ki, burda kimsə pul qoyub gedib. Əlimlə
vurub həmin pulu yerə salmışam. Kiminsə puluna yaşamaq istəsəydim, bu qədər əziyyət
çəkməzdim.
- Çünki biz əvvəllər fiziki məhdudiyyətli adamları
daha çox dilənçi kimi görürdük. Bu fikirdə hələ də qalanlar var yəqin ki…
- Hələ də fiziki
məhdudiyyəti olan insanı görən kimi düşünürlər ki, bu dilənçidir, pul vermək
lazımdır. Bu insanların düşüncəsi zəifdir. Dilənçi pulunu fiziki cəhətdən
sağlam olanlar yığır.
Müsahibənin bu yerində xanımla bəy gəlib əl işləri
ilə maraqlanırlar, qiymətini öyrənirlər. Bu zaman xanım "5 manata bahadır, nə
ehtiyac var ki” deyir. Müsahibimiz deyir ki, əslində bu cür insanları da qəbul
edir: "Təbii gül üç gündən
sonra solur və atırlar. Amma bu, əbədidir. Alan da sağ olsun, almayan da. Heç
vaxt kimdənsə işlərimi almağını xahiş etmirəm, demirəm ki, ehtiyacım var, alın.
Bəzən bəy öz xanımına almaq istəyib, amma xanım yavaşdan pıçıldayıb ki, lazım
deyil. Bilirsiniz, o həyat yoldaşının puluna qıymır. Mən həmin bəyə deyirəm ki,
qardaş, almaq məcbur deyil. Artıq əlinə alıb deyə, özünü almağa məcbur kimi
hiss edib. Görmüşəm ki, bir tərəf razı deyil, mən almalarını istəməmişəm. İnsanları
da başa düşürəm. Tutaq ki, günü 10 manata işləyən adam necə 5 manat verib alsın
bunu. Mən öz əməyimi də itirmirəm. Bəzən deyirlər ki, 5 manata çox bahadır. Mən
də deyirəm ki, gəl sən bunu gözüyumulu toxu, mən sənə 5 yox, 200 manat verərəm.
- Sata bilirsinizmi? Gündəlik nə qədər satış
olur?
- Ən azı 1-2 dənə
satıram. Çox nadir hallarda isə satış etmədiyim gün də olur. Gün ərzində çox
satışım indiyə qədər 12 gül olub. Ən çox satışı isə həftə sonları edirəm.
- Dediniz ki, dolanışıq yeriniz bu işdir. Bəs
yayda necə edirsiniz? Çünki toxuculuq məhsullarına əsasən qışda tələbat olur?
- Mən bütün
mövsümlərdə toxuyuram, həmişə də alıcım olub. Qışı düşünənlər olur, yaxud
xoşuna gələn, maraq göstərənlər alırlar.
- Evdəki işlərinizi özünüz görürsünüz?
- Mən Bakıda tək
yaşayıram, heç kim yoxdur. Öz işlərimi özüm görürəm, paltarlarımı yuyuram.
Geyimlərimi də özüm alıram. Mağazaya gedib hansı geyim almaq istədiyimi, sonra
rəngini, formasını satıcıya deyirəm, o da həmin geyimləri gətirir, geyinib
baxıram, rahat olanda götürürəm. Geyindiyim bütün paltarları öz zövqümlə seçirəm.
Yeməyi isə əsasən kafelərdə yeyirəm. Səhər yeməyi xüsusi hazırlıq tələb etmədiyi
üçün onu evdə yeyirəm. Qənaət etməyimə ehtiyac olanda isə, ət, kartof filan
alıb verirəm ev sahibi bişirir. Ona da əziyyət vermək istəmirəm, amma deyirlər
ki, nə zaman lazım olsa, de, bişirək.
- Tək yaşadığınızı dediniz. Ailə qurmaq haqqında
düşünürsünüz?
- Hələ ailə həyatı
qurmamışam, amma fikrimdə var. Çünki, əlim indi-indi yaxşı qazanca dəyir. Əvvəllər düşünürdüm ki, qazanc problem olar. Amma indi
bilirəm ki, alverim getsə, özümdən başqa 5 nəfəri də saxlaya bilərəm. Ailə
quracağım xanım toxumağı bacaran olsa, daha yaxşı olar. Bir az istirahət edərəm,
məzuniyyət götürərəm (gülür).
- Bəs sevdiyiniz olub?
- Olub, amma
xatirələrə qayıtmaq istəmirəm.
- İşiniz bitəndən sonra nə edirsiniz? İstirahət
vaxtlarını necə keçirirsiniz?
- Burda işlədikcə,
dostlar da tapmışam, evə gəlirlər, ya hardasa otururuq. İstirahətə gəlincə,
insanlar mənim işimə dəyər verəndə, alış-verişim yaxşı olanda, səmimi insanlar
olanda, mənim yorğunluğum bununla çıxır. Elə istirahətim də budur. İstirahətimi
qazancımda görürəm. Bekar qalmaq mənə zərbə kimidir. Çünki, kirayədə qalıramsa,
evdə oturmaq mənə heç vaxt istirahət ola bilməz. Sadəcə, kimsə mənə nəzir kimi
pul verəndə xoşuma gəlmir. Başqa süfrənin pələngi olmaqdansa, öz süfrəmin
pişiyi olsam yaxşıdır.
Aygün Asimqızı