Rəssamlıq Akademiyası təhsil ilini necə yekunlaşdırır?

Artıq bir tədris ilinin də sonuna yaxınlaşırıq. Hər
ilin sonunda təhsil müəssisələri ilin yekunu olaraq hesabat tədbirləri, iclaslar
keçirirlər. Biz də tədris ilinin sonunda Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının qonağı olduq. Akademiyanın mətbuat xidmətinin rəhbəri və eyni
zamanda pedaqoq Fuad Sadıqovla təhsil ocağında görülən işlər, qarşıdakı planlar
barədə söhbətləşdik.
Müsahibim 1996-cı ildə Bakı Dövlət
Universitetinin Beynəlxalq münasibətlər ixtisasına daxil olub. 4 il orada bakalavr
pilləsində oxuduqdan sonra, 2 il də magistratura təhsili alıb. Daha sonra təhsilini
İtaliyada davam etdirib. 2005-ci ildən 2016-cı ilə qədər Rəssamlıq Akademiyasında
Beynəlxalq münasibətlər şöbəsinin müdiri kimi çalışmağa başlayıb. Həmin ildən
Akademiyanın mətbuat xidmətinin rəhbəri kimi çalışmağa başlayıb.
- Daha bir təhsil mövsümün sonuna gəldik. Bu bir il ərzində Rəssamlıq
Akademiyası hansı işləri gördü?
- Hər dərs ilinin sonunda il ərzində gördüyümüz işlər, nailiyyətlər
barədə söhbətlər aparır, müzakirələr edirik. Bir il ərzində Akademiyanın beynəlxalq
təşkilatlarla münasibətləri, sıx əlaqələri yaranıb. Xarici təşkilatların bölmələri
ilə əlaqələr qurulub. Misal olaraq, son layihələrimizdən olan Misir Ərəb Respublikasının
səfirliyi ilə münasibətləri nümunə göstərə bilərəm. Qahirə şəhərində tanınmış muzeylər
var ki, tələbələrimiz o muzeylərlə tanış olma imkanı əldə ediblər. Bundan başqa,Rusiya təhsil ocaqları, muzeyləri ilə
sıx əlaqələrimiz var. Tələbələrimizin bir qismi Almaniyanın Berlin şəhərinə göndərilib.
Orada Azərbaycan günlərində iştirak ediblər.
2017-2018-ci tədris ilinin əvvəlində Rəssamlıq Akademiyasına çoxlu sayda
tanınmış pedaqoq cəlb olunub. Gənc pedaqoqlarımızın çoxu yüksək intellektual səviyyəyə
malik insanlardır. Onların tələbələrə xüsusi
yanaşması var. Tələbələr dərslərdən sonra emalatxanalarda qalıb işlərini görürlər.
Akademiya ilə maraqlanan abituriyentlərin sayı daha da artıb.
Tanınmış rəssamlar akademiyada master-klasslar keçiblər. Bu il ərzində
akademiyanın müəllimlər Türkiyənin Qaradəniz Texniki Universitetinə göndəriliblər.
Onlar bizim müəllimlərlə uzunmüddətli müqavilə təklif ediblər. Müəllimlərimiz Ankarada,
Antalyada dərs deyiblər. Çalışırıq ki, tələbələrin ehtiyacları haqqında məlumat
toplayaq. Ehtiyacı olan tələbələrə akademiya tərəfindən yardımlar olunur. Bu
işdə Akademiyanın Beynəlxalq əlaqələr üzrə prorektoru Səlhab Məmmədovun böyük əməyi
var. O, tələbələrin dərs prosesi, onların ehtiyacları ilə maraqlanır lazımi
yardımları göstərməyə çalışır.
Bundan başqa, Xalq rəssamı,
rektorumuz Ömər Eldarov tələbələrin dünyaya açılması üçün onlara böyük imkanlar
yaradır. Rektorumuzun keçmiş sovet ölkələri arasında, eləcə də Avropada böyük hörməti
var.

- İl ərzində kəsiri olan və
Akademiyadan xaric edilən tələbələr olubmu?
- Bu barədə imtahanlardan sonra, yəni iyulun sonunda dəqiq məlumatlar
olacaq. Ancaq statistikaya nəzər yetirsək, hər bir fakültədən kəsiri olan
tələbələr var, bu da çox cüzidir. Bizim müəllimlər tələbə ilə mülayim davranırlar.
Hər müəllimin tələbəyə yanaşması üçün öz metodikası var.
- Akademiyada 80 faiz
ixtisaslar məhz yaradıcı sənət üzərində aparılır. Yaradıcı insanlar isə bir
qədər emosional və azadlıqlarına düşkün olurlar. Olubmu ki, tələbələr bura gələndən sonra özlərini
peşəkar rəssam hesab etsinlər və bu onlarda təkəbbür halını alsın?
- Əslində, bu, təkcə bizim yox,
ümumi bir problemdir. Əvvəlki nəsillərin tələbələrinə nəzər yetirsək, görərək
ki, onlar öz üzərilərində çalışıb və tanınmağa doğru yol qət ediblər. Tələbəyə bir
az pozitiv yanaşıb, dəstək olub işini qiymətləndirəndən sonra elə hesab edir ki,
yəqin onun xüsusi bir istedadı və özəlliyi var. Gərək insan öz üzərində çalışsın,
ünsiyyət qursun, əlaqələrini genişləndirsin, biliklərini təkmilləşdirsin. İrəli
getmək üçün maliyyə imkanları olmasa da, başqa yollar axtarıb tapsın. Bu gün
müasir dövrdür, yüksək texnologiyalar əsridir, tələbələr xaricdə keçirilən sərgilərlə
maraqlanmalı, o sərgilərdə ölkəmizi tanıtmaq, nəinki ölkəmizi, özlərini bir
rəssam kimi təsdiq etmək üçün iştirak etməlidirlər. Əgər dünyanın o biri ucunda
keçirilən sərgidə iştirak etmək üçün imkanları yoxdursa, elektron şəkildə öz
əsərlərini göndərsinlər. Yəni tələbədən çox şey asılıdır.

- Tez-tez valideynlərin "mənim
övladım peşəkar rəssamdır, ancaq Akademiyanın qabiliyyət imtahanından keçə
bilmədi” kimi fikirlərini eşidirik.
- Rəssamlıq Akademiyasına daxil olmazdan öncə, az-çox, hamının istedadı
olur. Uşaq evdə bir at, göz şəkli çəkəndə valideyn uşağını dahi və fitri istedad
sahibi hesab edir. Biz onlara başa salmağa çalışırıq ki, Rəssamlıq Akademiyasında
qəbul imtahanlarında tələblər tamam başqadır. Qabiliyyət imtahanında tələbə baş,
natürmort və digər üslubda əsərlər çəkməlidir. Təkcə qız gözləri, yaxud oğlan şəkli
çəkmək qabiliyyətli olmaq demək deyil. Valideyn düşünür ki, uşağı çox istedadlıdır.
Bəzi valideynlər, övladı bir göz şəkli çəkdikdə, düşünür ki, onun uşağı fitri
istedadlıdır və ona müəllim tuturlar. Neçə dəfə olub ki, bizim tanınmış rəssamlar
da abituriyentlərlə məşğul olublar. Həmin uşaqlarla bir neçə ay çalışıblar, amma
heç nə anlamayıblar. Hər şəkil çəkən qabiliyyətli, istedadlı olmur. Uşaq evdə 50
dənə şəkil çəkə bilər. Elə uşaqlar var ki, onu saxlamaq olmur, divar kağızının üstündə belə nəsə çəkirlər. Bu
o demək deyil ki, onun bacarığı var...
-
Bəzən, yaradıcı sənəti təkmilləşdirməyə ehtiyac duymurlar və bunu ilahidən
gələn bir istedad kimi qiymətləndirirlər.
- Xarici universitetlərə səfər zamanı oradakı işlərlə tanış olanda görürəm ki, hansı ixtisasda çalışırsa-çalışsın,
tələbə daima oxuyur, intellektual səviyyəsini yüksəldir. Fikrimcə, rəssamlıq sənətində
oxuyan tələbələr də elə etməlidir. Nə üçün? Bir faktı deyim. Almaniyanın Azərbaycandakı səfirliyi ilə birlikdə "Almaniya bir rəssamın gözü ilə” adlı sərgi elan etdik.
Tələbələrin sərgi üçün gətirdikləri
rəsmlər eynilik təşkil edirdi - Almaniyanın bayrağı, "Mercedes” avtomobili və
s. Hansı ki, axtarış sistemlərində Almaniya yazanda, bu ölkənin yüzlərlə gözəl şəhərlərinin
şəkilləri çıxır. Hansısa bir şəhərin mənzərəsini götürürsən, baxıb oradan nəsə çəkirsən.
Aşağıdan da şəhərin adını yazırsan. Fikrimcə, buna çox da böyük intellekt lazım
deyil. Amma baxırsan ki, üçüncü-dördüncü kursun tələbəsi "Mercedes” şəkli çəkir.
Başa düşürəm, "Mercedes” Almaniya istehsalı olan avtomobildir. Fikrimi onunla əsaslandırıram
ki, bu problem təkcə rəssamlıqla bağlı deyil, hər bir tələbə oxuyar, amma intellekti olmaya bilər.
Məktəb proqramını "4”-lə mənimsəyən insan yaxşı intellekt səviyyəsinə
sahib ola bilər. Elə insanlar var ki, məktəbdə, universitetdə təhsil alıb,
ancaq adi günəş sisteminin quruluşundan xəbəri yoxdur. Bəzən, sosial
şəbəkələrdə siyasi biliklərə sahib olmayan insan siyasətdən danışır. Məktəbi axıra
qədər bitirməyən insan siyasət, incəsənət barədə fikir bildirir. Mən günü bu gün
Kvant fizikasını oxuyuram. Ancaq qarşımda fizika müəllimi duranda, sakit oturub
onu dinləyirəm. Çünki burada məndən də bilikli insan var və kiməsə ağıl öyrədə
bilmərəm. Əfsus ki, bizim cəmiyyətdə belə şeylər var. İnternet qəhrəmanları
günü-gündən çoxalır. Başları çıxmayan sənətlər barədə fikir bildirməyi özlərinə
borc hesab edirlər. Bizim sosial şəbəkələrdə ağıl öyrədənlərimiz çoxdur. Hansı ki,
onlar klaviatura arxasında pəhləvana çevrilirlər. Azərbaycandan axtarış
sistemlərində ən çox müraciət edilən mövzulara nəzər saldıqda, görürük ki, bilik
əldə etmək istəyi gündən-günə azalır. Ən müasir texnologiyalar əlimizin altında
olsa da, gənclərin marağı başqa yönədir. Əgər İtalya haqqında peyzaj çəkmək istəyirsinizsə,
mütləq İtaliya haqqında bilməlisiniz. İndiki gənclər özlərinə əziyyət vermək istəmirlər.
Biz yenidən bunlar üzərində işləməliyik. Müəllimlərdən də çox şey asılıdır. Rektor
auditoriyaya girib kiməsə nəsə öyrətməyəcək ki… Rektor ancaq hansısa bir koordinasiya
işləri görə bilər.

- Rəssamlıq Akademiyasına
qəbul olmağın çox çətin olduğunu deyirlər.
- Bizdə humanitar fakültələr də var, yaradıcı fakültələr də. Bu, sənətlə,
bacarıqla bağlı bir şeydir. Düzdür, bizim akademiyaya qəbul olmaq asan deyil. Böyük
konkurslar var və qəbul olmaq çox çətindir. Gündən-günə tələbələrimizin sayı çoxalır,
keyfiyyətli şagirdlər gəlirlər. Bunun üçün illərlə hazırlıq keçmək lazım gəlir.
Uşaqlıqdan hazırlaşırlar ki, o texnika ilə tanış ola bilsinlər.
- Rəssamlıq Akademiyasında
verilən təhsil dünya standartlarına uyğundur?
- Elə şirkətlər var ki, məzunun Harvard diplomuna baxıb, ondan heç nə
soruşmadan işə qəbul edirlər. Bilirlər ki, Harvardı bitirən tələbə onsuz da biliklidir.
Dünyada belə məşhur bir neçə universitet var ki, onların tələbələrinə sorğu-sual
olmur. Bizim akademiya incəsənət yönlü olduğundan, çox sayda təhsil ocaqlarından
üstündür. Çünki bizim təhsil ocağında tələbələrə akademik biliklər verilir. Xaricdə
olanda görürdüm ki, hamı modern bir şey yaratmaq istəyir. Bir də var ki, tələbə
mənasız bir şey çəkir, hamı ona əl çalır. Xaricdə akademik bacarığı olan tələbələr
çox azdır. Akademiyamızın diplomu bütün dünyada tanınır.
- Mən tez-tez gənc rəssamların,
heykəltəraşların "bunu xaricdə etsəm, daha çox dəyər verərlər” kimi fikirlərini
eşidirəm.
- Hər rəssam özü özünü yetişdirir. Düzdür, burada bəxt amili də rol oynayır.
Təkcə çəkməklə iş bitmir. Rəssamın yolu çox çətindir. Çağdaş türk rəssamları var
ki, onların modern sənətinə aid əl işlərinin qiyməti bir milyon dollara gəlib çıxır.
6-7 il bundan öncə həmin rəssamların sərgisini akademiyada keçirmişdik.

- Rəssamlıq Akademiyasında xarici
tələbələr təhsil alırmı?
- Əlbəttə, akademiyamızda xarici tələbələrin sayı ildən-ilə çoxalır. Ərəb
ölkələrindən, Rusiyadan, Afrika ölkələrindən tələbələrimiz var. Onlar akademiyamızın
rəsmi saytını izləyir, davamlı olaraq bizə
məktublar yazırlar. Əsas məqsədimiz xarici tələbələrə Azərbaycan dilini öyrətmək
və onları Azərbaycan incəsənəti ilə tanış etməkdir. Elə xarici tələbələr var ki,
yerli universitetlərimizi bitiriblər, amma dilimizdə danışa bilmirlər. Xarici tələbələrimiz
var ki, akademiyanı bitirdikdən sonra ölkəmizdə qalıb işləyirlər. Hazırda 200-dən
çox əcnəbi tələbəmiz var.
- Hər il qəbul başlayanda bir
mövzu gündəmə gəlir – təhsil haqlarının yüksək olması!
- Hesab edirəm ki, bizdə təhsil haqqı o qədər də çox deyil. Bundan aşağı
ola bilməz. Respublika üzrə götürdükdə, Rəssamlıq Akademiyasında təhsil haqqı
aşağıdır.
Xəyalə Rəis
