• çərşənbə axşamı, 05 noyabr, 12:54
  • Baku Bakı 13°C

Repetitorlar da qiymətləri qaldırıb?

09.09.23 06:00 9667
Repetitorlar da qiymətləri qaldırıb?

Repetitorların qiymətləri şəhər, şəhərətrafı rayonlar, bölgələr, kəndlərə görə dəyişir. Şəhərin mərkəzində yaxşı repetitorun aylıq qiymətləri ötən il 100 manatdan başlayırdısa, bu il minimum 200 manatdır. Şəhər mərkəzinə yaxın yerlərdə minimum qiymət isə 70-80 manatdır. Ötən il 50 manatdan başlayırdı.

Yeni tədris ili artıq başlamaq üzrədir. Tələbə adını qazanmaq istəyən şagirdlər ötən aydan repetitor yanına getməyə başlayıblar. Lakin valideynləri narahat edən nüanslar müşahidə olunur. Redaksiyamıza yeni tədris ilində repetitorların qiymətləri qaldırması ilə bağlı məlumatlar daxil olub. Bəs bu məlumatlar nə dərəcə doğrudur? Həqiqətən qiymətlərdə dəyişiklik varmı?

Əvvəl 100 manat idi, indi 180...

Pərvanə xanımın qızı 11-ci sinifdə oxuyacaq. O, övladının yaxşı təhsil alması üçün 9-cu sinifdən repetitor yanına qoyub. 2 il mütəmadi olaraq eyni qiymətləri ödəsə də, bu il fərqli qiymət cədvəli ilə qarşılaşıb: “Qızımın Azərbaycan dili və ədəbiyyatı fənni hazırlığı üçün ötən il ayda 100 manat ödəyirdim. Yeni mövsümdən müəllimi qiymətlərin 180 manat olduğunu bildirdi. Üstəlik, tək bu deyil, digər fənlər də qiymətləri minimum 40-50 manat qaldırıb”. Fəridə xanımın oğlu da tələbə adını qazanmaq üçün repetitorla hazırlaşır. O da qiymətlərin ötən illə müqayisədə artdığını bildirir: “Sanki bütün repetitorlar sözləşir, qiymətləri eyni anda qaldırırlar. Oğlum 5 fəndən hazırlığa gedir. İnformatika və riyaziyyat müəllimi digər fənlərə nisbətən ötən il də baha hazırlaşdırırdı. Bu il qiyməti daha da “dəyərləndirdilər”. Digər fənlərdə də artım var. 80 manata hazırlaşdıran müəllim 100, 50 manata hazırlaşdıran isə 80 manat istəyir. Bütün fənlər üzrə hazırlıq qiymətləri qalxıb. Bəziləri 20-30, bəziləri də 50 manat qaldırıb. Müəllimlər yaxşı olduğu üçün imtina edə bilmirik”.

“Kimə tələbat çoxdursa, o da qiyməti qaldırır”

Adının açıqlanmasını istəməyən, repetitorluqla məşğul olan müəllim isə deyir ki, qiymətlər bazarın tələblərinə uyğundur: “Hər qiymətə hazırlaşdıran repetitor tapmaq mümkündür. Təbii ki, kimə tələbat çoxdursa, o da qiyməti qaldırır”.

Qiymətlər nə qədər artıb?

Repetitorların qiymətləri şəhər, şəhərətrafı rayonlar, bölgələr, kəndlərə görə dəyişir. Şəhərin mərkəzində yaxşı repetitorun aylıq qiymətləri ötən il 100 manatdan başlayırdısa, bu il minimum 200 manatdır. Şəhər mərkəzinə yaxın yerlərdə minimum qiymət isə 70-80 manatdır. Ötən il 50 manatdan başlayırdı.

Şəhərdən kənarda, Bakı kəndlərində də qiymətlərdə artım müşahidə olunur. Məsələn, Binə kəndində 30 manata hazırlaşdıran müəllim, bu il 50 manata razılaşır. Burada da yaxşı repetitorun qiyməti 70 manatdan başlayır. Ötən il isə bu rəqəm 50 manat idi. Rayonlarda qiymətlər 30-40 manatdan başlayır. Repetitorlar burada da qiymətləri minimum 10 manat qaldırıblar.

“Bahalı” müəllimlər...

Müşahidə olunan acınacaqlı tendensiyalardan biri də Elm və Təhsil Nazirliyinin sertifikasiya imtahanından keçən müəllimlərin qiymətləri artırmasıdır. Yəni sertifikasiyadan keçən müəllimlər “bahalı” müəllimlər hesab olunurlar. Hələ yüksək bal toplamısansa, bu statusla istədiyin qiyməti tətbiq edə bilərsən. Xüsusilə bölgələrdə, rayonlarda bu tendensiya daha çox müşahidə olunur. Bəs bu nə dərəcə ədalətlidir? Ümumiyyətlə, repetitorlar qiyməti nəyə əsasən təyin edirlər?

Təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyir ki, ali məktəblərə qəbul üçün hazırlanan testlər təhlil edilib və məlum olub ki, onlar xüsusi istedadlı şagirdlər üçündür. Mütəxəssisin fikrincə, məhz yuxarıdakı səbəblərə görə, repetitorlar onlara yaranan tələbatdan istifadə edərək süni qiymət artımına əl atırlar: “Əlbəttə, xidmət sahəsi olduğundan hər kəs fərd olaraq göstərdiyi xidmət qarşılığında hər hansı məbləği təyin etməkdə sərbəstdir. Amma ən azından marketinq etikası anlayışı var ki, orada müştəri kütləsinin maddi durumu nəzərə alınmalıdır. Amma təəssüf ki, bizdə bu tendensiya tam əksinədir. Bu il göstəriciləri yaxşı olan repetitor gələn il üçün hazırlığın qiymətini artırır”.

Repetitorlar vergi ödəməli və hesabat verməlidirlər

Ekspert bildirir ki, atılması vacib olan ilk addım repetitorluğun məktəb üzərindəki hegemonluğunu yox etməkdir: “Dünyanın bir çox ölkələrində repetitorluq xidmətinə rast gəlmək mümkündür. Amma bunu leqallaşdırmaq lazımdır. Ən vacib məsələ isə məktəb mühitini repetitorluğun kölgəsindən xilas etməkdir. Əks halda, biz gələcəyin uğurlu təhsilinə ümid edə bilmərik. Bunun üçün xüsusi proqram hazırlanmalı, bir neçə il üçün pilot məktəblər seçilməli, repetitorların xidmətini oradakı müəllimlər həyata keçirməlidirlər. Bundan əlavə, repetitorlar sahibkar kimi vergi öhdəçiliyinə cəlb edilməlidirlər”.

Repetitorlar hava, su kimi lazımdır?

Mütəxəssis vurğulayır ki, repetitorlara hər yerdə ehtiyac var. Amma bunun hava, su kimi lazımlılığını təbliğ etdikdə, süni qiymət artımı kimi nüanslar ortaya çıxır: “İstər sosial şəbəkələrdə, istər media, istərsə də cəmiyyətdə repetitorluğa qarşı narazı ifadələr eşitmişik. Amma birmənalı pisləyən fikirlərin heç biri bu xidmət sahəsinin mahiyyətini aşağılamaq üçün deyilmir. Hamı anlayır ki, bəzi situasiyalar var ki, orada əlavə öyrətmə xidmətindən istifadə vacib və zəruri ola bilər. Necə ki, dünyanın təhsil baxımdan inkişaf etmiş ölkələrində də bu metoddan istifadə edilir. Əmin olun, narazılıq dolu ifadələr yalnız və yalnız repetitorluğun Azərbaycan modelinə olan münasibətə görədir. Bizdəki repetitorluq institutu özünü insanlar üçün az qala, hava-su funksiyası kimi təqdim edir. Yəni, repetitorlar olmasa, təhsilimizin heç bir inkişafı ola bilməz. Şagird heç bir nəticə qazanmaz. Bəli, bugünkü məktəb mühiti şagirdi universitetə hazırlaya bilmir. Amma onu bu hala salan həm də repetitorlar olmadımı?”

Aygün Əziz

banner

Oxşar Xəbərlər