• şənbə, 19 Aprel, 18:25
  • Baku Bakı 16°C

Məktəblər publik hüquqi şəxs olarsa...

19.04.25 02:50 362
Məktəblər publik hüquqi şəxs olarsa...

Bu modelə keçid məktəblərə hüquqi baxımdan müstəqil qərar vermək imkanı tanıyacaq. Yəni məktəb, dövlətin müəyyən etdiyi çərçivələr daxilində, həm maliyyə məsələlərində, həm də idarəetmədə daha sərbəst olacaq. 

Son illər ölkəmizin ali məktəbləri və bəzi dövlət qurumları Publik Hüquqi Şəxs (PHŞ) olub. İndi də orta ümumtəhsil məktəblərinin PHŞ olması təklif edilir. Elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında növbəti mərhələdə prosesin pilot qaydada həyata keçiriləcəyini bildirib. “Hazırda məktəblər Regional Təhsil İdarələrinin tabeliyində fəaliyyət göstərir. Məktəblərin publik hüquqi şəxsə çevrilməsi uzunmüddətli prosesdir. Növbəti mərhələdə bunu pilot qaydada həyata keçirəcəyik. Amma adambaşına maliyyələşdirmə də vacibdir”, - deyə nazir qeyd edib.

Maraqlıdır, orta məktəblər PHŞ modelinə keçsə, bunun təhsilimiz üçün hansı önəmi olacaq? Belə bir mexanizm təhsildə keyfiyyətə, məktəb həyatına müsbət təsir göstərə biləcəkmi? 

Dəqiq sistem və şəffaflıq olarsa...

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov bildirir ki, hazırda ölkəmizdə müəssisələrin PHŞ-yə çevrilməsi istiqamətində müəyyən addımlar atılır: “Orta məktəblərdə bu, ilk növbədə pilot layihə şəklində olmalıdır. Layihəni bir neçə məktəbdə tətbiq edəndən sonra həyata keçirə bilərik. Əgər proses düzgün həyata keçərsə, dəqiq mexanizm və şəffaflıq olarsa, bu, orta ümumtəhsil məktəblərində maaşların artırılmasına, məktəblərin təmirinə, yeni infrastrukturlardan istifadəyə təsir göstərə bilər. Elə etməliyik ki, insanlar bu prosesdən əziyyət çəkməsinlər”.

Kağız üzərində sadə bir dəyişiklik kimi görünsə də...

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Günay Əkbərova hesab edir ki, PHŞ modeli məktəblərə hüquqi baxımdan müstəqil qərar vermək imkanı tanıyır. Yəni məktəb, dövlətin müəyyən etdiyi çərçivələr daxilində, həm maliyyə məsələlərində, həm də idarəetmədə daha sərbəst olur: “Bu, kağız üzərində sadə bir dəyişiklik kimi görünsə də, praktikada məktəbin daxili həyatını ciddi şəkildə dəyişdirə bilər. Əgər məktəb özü qərar verə bilirsə, bu o deməkdir ki, hansı layihəyə pul ayıracağını, hansı müəllimi işə götürəcəyini və ya hansı ehtiyacları prioritet sayacağını özü müəyyənləşdirir. Bu çeviklik məktəbin gündəlik fəaliyyətinə canlılıq gətirə, onu daha fəal və təşəbbüskar edə bilər. Bu model məktəbin cəmiyyətlə münasibətinə də müsbət təsir göstərər – valideynlərin, yerli icmanın səsi artıq real qərarvermədə eşidilə bilər”. İŞ üzvünün fikrincə, hər yeni model kimi, PHŞ yanaşmasının da uğuru onun necə tətbiq olunacağından asılıdır: “Bu, sadəcə “status” dəyişməkdən ibarət deyil. Məktəbin rəhbərliyi, müəllim kollektivi, valideynlər bu sistemin fəlsəfəsini anlamaq və qəbul etmək üçün hazır olmalıdırlar. Əks halda, bu muxtariyyət effektivlik deyil, əksinə, qarışıqlıq və bərabərsizlik yarada bilər. Bu baxımdan, dünya təcrübəsinə nəzər salmaq faydalı olar. Məsələn, Finlandiyada məktəblər bələdiyyələrə tabedir və hər biri özünü idarə etmək imkanı ilə fəaliyyət göstərir. Estoniyada məktəblər maliyyə və idarəetmədə çeviklik qazandıqdan sonra bu ölkə PISA nəticələrində sürətlə irəlilədi. İsveçrə və Kanadada da məktəblər muxtar şəkildə idarə olunur, amma dövlət təhsil keyfiyyətinə nəzarəti əlində saxlayır. ABŞ-də tətbiq olunan “çarter məktəbləri” modeli isə daha çevik idarəetmə imkanları versə də, bəzən bərabərlik və keyfiyyət fərqləri yarada bilir. Yəni modelin uğurlu olması üçün ciddi monitorinq və ictimai nəzarət də vacibdir”. 

"Məktəbin büdcəsi şagird sayına uyğun hesablanacaq"

G.Əkbərovanın fikrincə, PHŞ yanaşmasının daha təsirli işləməsi üçün adambaşına maliyyələşmə modeli çox mühüm rol oynaya bilər. Belə ki, bu modeldə məktəbin büdcəsi şagird sayına uyğun hesablanır və hər bir şagirdin arxasınca gələn vəsait məktəbi daha məsuliyyətli və diqqətli işləməyə sövq edir: “Əgər məktəb keyfiyyətli təhsil verirsə və valideyn etibar edirsə, bu, onun büdcəsinə də müsbət təsir edir. Beləliklə, təhsil keyfiyyəti ilə maliyyə imkanları arasında birbaşa əlaqə qurulur. Ən vacib məqamlardan biri isə budur: PHŞ modelinə keçid təhsildə böyük bir dönüş nöqtəsi ola bilər. Bu, sadəcə struktur islahatı deyil. Bu yanaşma tətbiq olunsa, müəllimlərin rolu güclənə, onların yaradıcılığı üçün şərait açıla bilər. Məktəblər arasında sağlam rəqabət yaranar – bu da ümumilikdə təhsilin keyfiyyətini qaldıra bilər”. İŞ üzvü hesab edir ki, bu dəyişiklik tələsik və geniş miqyasda yox, mərhələli şəkildə aparılmalıdır: “Əvvəlcə pilot məktəblər seçilər, onlarda bu model sınaqdan keçirilər, nəticələr analiz edilər. Paralel olaraq, qanunvericilik dəstəyi, idarəetmə təlimləri, ictimai maarifləndirmə tədbirləri həyata keçirilməlidir. Valideynlərin, müəllimlərin və ümumiyyətlə cəmiyyətin bu prosesi anlaması və dəstəkləməsi olduqca vacibdir. Bunu yalnız səmimi niyyət, peşəkar yanaşma və davamlı ictimai dialoqla həyata keçirmək mümkündür”.

Təhsildə səmərəliliyin artırılmasında əhəmiyyətli addım

“Azərbaycanda təhsil müəssisələrinin publik hüquqi şəxs statusuna keçməsi müasir idarəetmə modelinin başlanğıcı sayıla bilər”, - deyə Əməkdar müəllim, Binəqədi rayonu 3 nömrəli tam orta məktəbin direktoru Almaz Həsrət bildirir: “Bir çox xarici ölkələrdə təhsil müəssisələri publik hüquqi şəxs statusu ilə fəaliyyət göstərir. Bunun bir neçə müsbət tərəfi var. İlk növbədə təhsildə səmərəliliyin artırılması istiqamətində əhəmiyyət daşıyacaq. “Publik hüquqi şəxslər haqqında” qanunda yazılıb ki, publik hüquqi şəxs dövlət və ya bələdiyyə tərəfindən yaradılan, ictimai funksiyaları yerinə yetirən, lakin maliyyə və idarəetmə baxımından muxtariyyətə malik hüquqi qurumdur. Məktəblərə publik hüquqi şəxs statusu verilərsə, o zaman həmin müəssisələrin müstəqilliyi artar və idarəetmə baxımından daha operativ qərarlar qəbul etmə iqtidarında olacağıq”. A.Həsrət hesab edir ki, bu modeldə direktorlar öz qərarlarını daha müstəqil verə biləcəklər: “Məktəbinə uyğun maddi-texniki baza təminatını direktorlar sərbəst edə biləcəklər. Maliyyə azadlığı və gəlir əldə etmək hüququna malik ola biləcək məktəb rəhbərləri dövlət büdcəsindən əlavə, eyni zamanda məktəbdaxilində tətbiq edəcək layihələr, icarə - yeməkxana, dərnəklər sayəsində əlavə gəlir mənbəyi əldə edə bilərlər. Bunun reallaşdırılması üçün ilk növbədə təmiz, dürüst, şəffaf idarə edən heyət olmalıdır”.

Təranə Məhərrəmova

 

banner

Oxşar Xəbərlər