• şənbə, 21 Dekabr, 06:20
  • Baku Bakı 8°C

Rekord sayda qəbul

24.08.24 00:23 3020
Rekord sayda qəbul

Bu il ali təhsil müəssisələrinin müsabiqəsində 82 883 nəfər iştirak edib. Onlardan 55 656 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 27 117 nəfər dövlət sifarişi əsasında, 28 539 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələri açıqlanıb. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, bu il ali təhsil müəssisələrinin müsabiqəsində 82 883 nəfər iştirak edib. Onlardan 55 656 nəfəri (o cümlədən 7 287 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27 117 (o cümlədən 1 579 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 28 539 (o cümlədən 5 708 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Ödənişli və ödənişsiz qəbul olanlar 

İxtisas qrupları üzrə qəbulun statistikasına əsasən, I ixtisas qrupu üzrə 18 360 nəfər, o cümlədən ödənişli əsaslarla 4660, dövlət sifarişli əsaslarla 13 700 nəfər ali təhsil almaq hüququ əldə edib. Bu göstərici II ixtisas qrupunda müvafiq olaraq 14 163, o cümlədən 9 755 və 4 408, III ixtisas qrupunda 14 869, o cümlədən 10 498 və 4371, IV ixtisas qrupunda 4 150, o cümlədən 1 061 və 3 089, V ixtisas qrupunda isə 4 114, o cümlədən 2 565 və 1 549-dur. Qeyd edək ki, bu il 3 nəfər beynəlxalq fənn olimpiadası, 46 nəfər respublika fənn olimpiadası, 75 nəfər beynəlxalq idman yarışlarının qalibi olduğu, 24 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramı (IB) üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunmaq hüququ qazanaraq müvafiq ixtisaslara yerləşdirilib. Bundan əlavə, 508 abituriyent SAT imtahanının nəticələrinə əsasən, 108 abituriyent isə ADA məktəbinin məzunu kimi ADA Universitetinə qəbul olunub. Həmçinin, I ixtisas qrupu üzrə 186 abituriyent Azərbaycan – Fransız Universitetinə (UFAZ), IV ixtisas qrupu üzrə 125 abituriyent İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına, 32 abituriyent (I-IV ixtisas qrupları üzrə) M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunub.

Ən yüksək keçid balı olan ixtisaslar

Nəticələr açıqlandıqdan sonra ən yüksək keçid balına malik ixtisaslar da dəqiqləşib. İlk sırada Bakı Ali Neft Məktəbinin informasiya təhlükəsizliyi ixtisası dayanır - 687 bal. İkinci sırada isə Azərbaycan Tibb Universiteti qərarlaşıb: Tibb ixtisasına keçid 681 bal olub. İlk beşlikdəki sonrakı üç yer yenə də Bakı Ali Neft Məktəbinə məxsusdur: Kimya mühəndisliyi - 678 bal, Kompüter elmləri - 673,5 bal, Kompüter mühəndisliyi - 673 bal.

Nazir: “Uğur qazanan hər bir gəncimizi ürəkdən təbrik edirəm”

Qəbulun nəticələri ilə bağlı təhsil naziri Emin Əmrullayev də fikirlərini açıqlayıb. Sosial şəbəkə hesabındakı paylaşımında nazir bildirib ki, 2024–2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul müsabiqəsinin birinci turunun nəticələrinə əsasən, rekord sayda – 55 656 nəfər tələbə adını qazanıb. “Sevindirici haldır ki, ilk dəfə qəbul aparılan Qarabağ Universiteti və Türkiyə–Azərbaycan Universitetinin nəzərdə tutulan qəbul planı, demək olar ki, tam dolub və hər iki universitetdə təhsil alacaq şəxslərin böyük əksəriyyəti yüksək bal toplayan gənclərdir. Uğur qazanan hər bir gəncimizi ürəkdən təbrik edirəm”, - nazir qeyd edib.

Uğur qazanmayanlar üçün ikinci şans

Birinci turun nəticələrinə əsasən, ali təhsil almaq şansını itirənlər də üzülməsinlər. Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı növbəti həftənin əvvəllərində “Abituriyent” jurnalının 7-ci sayında dərc olunacaq. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, həmin yerlərə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. 

 

banner

Oxşar Xəbərlər