“Reket jurnalistika”nın tipi və xarakteri tamamilə dəyişib”

“Reket jurnalistika”nın tipi və xarakteri tamamilə dəyişib”

Müsahibə
24 İyul 2019, 18:36 35854
Özlərini jurnalist hesab edərək açıq və gizlin şəkildə müxtəlif çəkilişlər aparan, əsasən xoşagəlməz hadisələrlə gündəmə gələn bir qrup gəncin hərəkətləri media cameəsində sərt qınanır. Peşəkar mediada uzun illərdir "külüng vuran”, imzası ilə tanınan jurnalistlər həmin gənclərin fəaliyyətinin jurnalistikanın prinsipləri, Jurnalistlərin Peşə Davranış Qaydaları ilə uzlaşmadığı qənaətindədirlər. Haqlı olaraq qeyd edirlər ki, məişət zəmində yaşanan insidentdə fiziki zədə alan və bu halının şəklini çəkərək sosial media üzərindən ictimailəşdirən, yalandan bunu jurnalistə qarşı fiziki təzyiq kimi qələmə verən, yaxud təqaüddə olan eks-məmurun avtomobilinin üzərinə çıxaraq onu qıcıqlandıran, təxribata çəkən şəxs qeyri-ciddi, jurnalist peşəkarlığından xəbəri olmayan bir adamdır. Bu mövzu ilə bağlı "Kaspi” qəzetinin suallarını Azərbaycan Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli cavablandırır.
 
- Müşfiq müəllim, son vaxtlar bir qrup gənc meydana çıxıb və özlərini jurnalist hesab edərək müxtəlif çəkilişlərlə, xoşagəlməz hadisələrlə sosial medianın gündəminə gəliblər. Peşəkar jurnalist olaraq belələrinin fəaliyyətini necə qiymətləndirirsiniz? 
 
- Bu şəxslərin jurnalistikaya aidiyyatı yoxdur və onların mövcudluğu, yol verdiyi hərəkətlər də yeni hadisə deyil. Azərbaycan Mətbuat Şurası uzun müddətdir ki, mediada neqativ hallara, o cümlədən "reket jurnalistika”ya qarşı mübarizə aparır. Bəzən Mətbuat Şurasını qınayırlar ki, nə üçün jurnalistikadan sui-istifadə edən belə şəxslərin, media qurumlarının adını "reket jurnalist”, "reket media” qoyursunuz? Halbuki, "reket jurnalist” kimi təqdim etməklə, həmin şəxsin mahiyyət etibarilə jurnalist olmadığını, jurnalistika ilə məşğul olmadığını cəmiyyətə çatdırmaq istəyirik. "Reket” adlandırdığımız bəzi media qurumları, şəxsləri yalnız klassik mənada qəbul etmək, onların sadəcə ayrı-ayrı vətəndaşlara hədə-qorxu gəlməklə, şantaj etməklə, hansısa məsələlərdə təzyiq göstərməklə "fəaliyyət” ortaya qoyduqlarını təsəvvür etmək düzgün deyil. Hazırda "reket jurnalistika”nın tipi və xarakteri tamamilə dəyişib. 
 
- Bu dəyişiklik nədən ibarətdir? 
 
- Beş-on il bundan əvvəl bəzi şəxslər jurnalistikanın adından istifadə edərək, idarə və müəssisələri, ayrı-ayrı vətəndaşları, o cümlədən məmurları şantaj edir, təzyiq göstərir, qarşılığında maddi yardım alırdılar. İndi məsələnin xarakteri yalnız bu deyil. Jurnalistikaya süni şəkildə gətirilmiş insanların məqsəd və məramlarında ciddi dəyişikliklər özünü göstərir. Düzdür, klassik məqam da var. Yəni, "reket jurnalistlər” bu "fəaliyyəti” "biznes layihəyə”,  qanunlar prizmasından baxsaq cinayət əməlinə çeviriblər. Kimin kimdən haqq-hesabı, kin-küdurəti, qisası varsa, tez özünə bir internet resursu yaradır, hədəfə aldığı insanlar barədə şər-böhtan, qərəz dolu məlumatlar ictimailəşdirir, şantaj edir, qorxudaraq öz məqsədinə nail olmağa çalışır. Bu, klassik formadır. Amma indi bu "reket jurnalistlər”dən Azərbaycan dövlətinə və ölkəmizə təzyiq göstərmək üçün istifadə edirlər. 
 
- Konkret misal çəkə bilərsinizmi? 
 
- Əlbəttə, bu, mümkündür. Misal üçün, 4-5 ay bundan öncə "reket jurnalistika” ilə məşğul olan İkram Rəhimov həbs olunub. Təxminən 3 ildir ki, həmin adamla bağlı Mətbuat Şurası işə baxır, araşdırma aparırdı. Əvvəllər onun nə fəaliyyətlə məşğul olduğunu bilmirdik. Sadəcə, onun yazılarında, rəhbərlik etdiyi media qurumunda dərc olunan materiallarda ayrı-ayrı vətəndaşlara qarşı neqativ amillər, o cümlədən şər-böhtan atılması, birtərəfli mövqe var idi. Biz onu Mətbuat Şurasına dəvət edib qanunvericiliyi, peşə davranış kodeksini əsas gətirdik, vəziyyəti izah etdik, yol verdiyi nöqsanların qəbuledilməz olduğunu bildirdik. Ancaq o, neqativ fəaliyyəti dayandırmaq əvəzinə daha da dərinləşdirdi, davam etdirdi. Mətbuat Şurası həmin şəxsə xəbərdarlıq edəndə dərhal onun himayəçiləri üzə çıxdılar. Bədnam "Media klub” var idi və həmin klub başladı İkram Rəhimovu müdafiə etməyə. Hətta Avropa strukturlarına yazdılar ki, guya İkram Rəhimov tənqidçi jurnalistdir, bu fəaliyyətinə görə ona qarşı Azərbaycanda təzyiqlər var. Biz məhz o zaman başa düşdük ki, İkram Rəhimov klassik mənada başa düşülən və yalnız kimlərisə şantaj etməklə, "reketçiliklə” pul qazanmaq istəyən şəxs deyil, o, həm də başqa bir şəbəkənin üzvüdür. Bu şəbəkə də insan haqları, söz azadlığı müstəvisində Azərbaycana qarşı təzyiq mexanizmi quranların əlində alət funksiyasını yerinə yetirirdi. İkram Rəhimov Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılanda, həbs ediləndə "Turan” İnformasiya Agentliyi rus, ingilis və Azərbaycan dillərində məlumatlar hazırlayıb yaydı ki, Azərbaycanda tənqidçi jurnalist həbs olunub. Lakin istintaq orqanları sonradan İkram Rəhimovun telefon danışıqlarının səs yazısını ictimaiyyətə təqdim etdi və məlum oldu ki, o, kimlərlə danışıb, barələrində olan yazını saytdan çıxarmaq üçün nə tələblər irəli sürüb, nə qədər məbləğ istəyib, toyuq-hinduşka alveri edib və sair. Yəni, "reket jurnalistlər” hazırda Azərbaycana qarşı söz azadlığı və insan haqları müstəvisində təzyiq göstərilməsi, ölkəmizin adının neqativ siyahılara salınması üçün alətə çevriliblər. Bu aləti formalaşdıran mərkəzlər var. 
 
- Hansı mərkəzlərdən söhbət gedir? 
 
- Təəssüflə qeyd edə bilərəm ki, o mərkəzlər həm xaricdə, həm də daxildə mövcuddur. Biz bu adamların kimlərdən ibarət olduğunu da bilirik. Burada üçüncü məqam da bu cür "reket jurnalistlər”dən bəzi yumşaq xarakterli məmurların istifadə etməsidir. Onlar bir-birinə qarşı mübarizədə, həmçinin bir-birini zəiflətmək, gözdən salmaq, ictimai nüfuzunu aşağılamaq, vəzifədən çıxarmaq, yaxud yerinə başqasının təyin edilməsinə nail olmaq üçün "reket jurnalistlər”in "güc”ündən istifadə edir, onlara kompromatlar ötürürlər. Artıq bu kimi hallar da öz sübutunu tapıb. Mətbuat Şurasına bununla əlaqədar müraciətlər olunub, əlimizdə belə faktlar var. Çox təəssüf ki, "reket jurnalistlər” ayrı-ayrı qruplar arasında mübarizədə də alət kimi istifadə olunurlar. Həmin qruplar "reket jurnalistlər”ə istinad etməklə, elə bilirlər ki, öz maraqlarını gerçəkləşdirirlər. Halbuki, burada oyun qarşılıqlıdır. O qruplar öz maraqlarını, "reket jurnalistlər” isə maddi maraqlarını təmin edən, maliyyə mənbəyi, siyasi himayəçi kimi istifadə edirlər. Nəticədə "reket jurnalistlər” şəbəkəsi yetişir, formalaşır. İndi də "reket jurnalistlər”in süni təxribat törədən formaları ortalığa çıxıb. Bu qruplar Azərbaycan dövlətinə, ölkədəki sabitliyə qarşı şantajedici vasitəyə çevriliblər. Bəzən görürsən ki, özünü jurnalist adlandıran bir şəxs əlində smartfon gedib dürtülür hansısa təhsil müəssisəsinə, başlayır açıq və ya gizli çəkiliş aparmağa. Nə üçün çəkirsən deyə soruşanda da deyir ki, mən jurnalistəm, çəkiliş aparmaq, hər yerdən informasiya almaq mənim hüququmdur və sair. Bu, bəzən insanları çaşdırsa da kökündən yanlış hərəkətdir. Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarında göstərilir ki, jurnalist faktın olduğunu bildiyi halda və onu realizə - isbat etmək üçün gizli çəkiliş apara bilər. Lakin buna qədər jurnalist informasiyanı dəqiqləşdirmək üçün müvafiq qanuni prosedurları keçməlidir. Yəni, hadisə yerindən reportaj hazırlamaq, yazılı və şifahi sorğu tələb etmək kimi prosedurlar yerinə yetirilməlidir. Əgər qanunla nəzərdə tutulan prosedurlar effekt vermirsə, yalnız bundan sonra digər metodlara əla ata bilərsən. Ancaq heç bir proseduru yerinə yetirməyən bəzi şəxslər özlərini jurnalist hesab edərək hansısa təhsil müəssisəsinə daxil olur, orada çəkilişlər aparır, hətta kimlərlə isə münaqişəyə girir, tədrisi pozur, uşaqlarda, valideynlərdə, müəllimlərdə psixoloji narahatlıq yaradırlar. Bu, jurnalistika deyil. 
 
- Özünü jurnalist hesab edən və jurnalistlik fəaliyyəti ilə məşğul olduğunu iddia edən bir gənc bu yaxınlarda qeyri-adi hərəkəti ilə gündəmə gəldi. Vaxtilə mühüm dövlət vəzifəsini icra edən, hazırda təqaüddə olan bir vətəndaşın avtomobilinin üzərinə çıxdı. Həm o, həm də onun yaxın çevrəsi bunu "jurnalistlərə qarşı təzyiqə etirazın” bir əlaməti kimi cəmiyyətə təqdim etdilər. Buna münasibətiniz necədir? 
 
- Özünü jurnalist adlandıran, əsl reallıqda jurnalistikaya heç bir aidiyyəti olmayan bir şəxs vaxtilə Baş nazirin müavini vəzifəsini tutmuş, hazırda heç bir vəzifə səlahiyyəti olmayan, təqaüdə çıxan Abid Şərifovun avtomobilinin üzərinə çıxır, öz aləmində bunu jurnalist fəaliyyəti kimi qəbul edir. Əlbəttə ki, bu hadisə xoşagəlməzdir, jurnalist etikası və peşəkarlığı ilə uzlaşmır. Sosial mediada sözügedən hadisə barədə davamlı statuslar yazıldığından maraq üçün bu gəncin "Facebook”dakı şəxsi səhifəsinə baxdım. Həmin gəncin orada paylaşdığı statuslar, apardığı müzakirələr, aldığı rəylər onun psixoloji durumunu, şəxsiyyətini, əsl mahiyyətini açıq şəkildə ortaya qoyur. Adam özünü belə xarakterizə edib: "Təhsilsiz, savadsız, jurnalistika haqqında heç bir anlayışı olmayan, sadəcə yaxşı video çəkən jurnalist”. Özünü cəmiyyətə bu cür təqdim edən şəxsdən artıq nə gözləyəsən ki? Lap tutaq ki, yaxşı video çəkirsən, bəs niyə təxribat törədirsən? Yəqin ki, hüquq-mühafizə orqanları bunu araşdıracaqlar. Şəxsən mən bunu adi bir hadisə kimi qəbul etmirəm. Bu, təxribatdır. Bir qədər əvvəlki suala cavabda vurğuladığım kimi, artıq jurnalistika adından istifadə edib Azərbaycan dövlətini, hökumətini təxribata çəkən şəbəkə yetişib ölkəmizdə. Onların beynəlxalq himayəçiləri var. Həmin şəbəkə üzvlərindən birinə toxunan kimi dərhal beynəlxalq mərkəzlər onların barəsində bəyanatlar verir, Azərbaycanda söz-mətbuat, fikir azadlığının məhdudlaşdırılması barədə qeyri-obyektiv rəy formalaşdırmağa çalışırlar. Bu şəbəkə üzvləri monitorinq olunur, öyrədilir, istiqamətləndirilir və insident yaradırlar. Ardınca da onlar barəsində tamamilə əksinə olan hesabatlar hazırlanır, beynəlxalq müstəvidə yayılır. Ona görə də bu kimi məsələlərdə bir düzən yaradılmasının zamanı çoxdan yetişib. Hesab edirəm ki, hüquq-mühafizə orqanları bu kimi faktları dərindən araşdırmalıdırlar. 
 
Rufik İSMAYILOV