Çörək bol olmazsa... - ARAŞDIRMA

Əgər
potensialdan səmərəli istifadə etsək, ən azı 80-90 faiz yerli məhsul, istehsal
hesabına ərzaq təhlükəsizliyimizi təmin edə bilərik. Azərbaycanın ekoloji təmiz
məhsullar yetişdirməsi üçün çox böyük potensialı var.
Pandemiya
səbəbindən son bir neçə ildə dünya iqtisadiyyatının zəifləməsi həm də ərzaq
qıtlığına səbəb olub. Artıq İranda, Afrikada və digər ölkələrdə ərzaq qıtlığı
müşahidə edilir, insanlar çətinlik çəkirlər. Azərbaycanda vəziyyət necədir?
Yaranmış problemlərlə bağlı təhlillər aparılırmı? Bizi ərzaq qıtlığı gözləyirmi?
Gözləyirsə, hansı qabaqlayıcı tədbirlər görülməlidir?
"Qiymət
artımı məhsul qıtlığına gətirib çıxarıb”
Mövzu ilə
bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirdi ki, hazırda qlobal səviyyədə
ərzaq təminatı problemləri yaşanır: "Son bir neçə ildə enerji daşıyıcılarının
qiymətinin kəskin artması, aparıcı ölkələrin maliyyə bazarında baş verən
neqativ meyllər, habelə əhalinin sayının çoxalması nəticəsində ərzaq məhsullarına
olan tələbatın yüksəlməsi, iqlim dəyişkənliyi, su ehtiyatlarının məhdudluğu və
digər səbəblərə görə əsas ərzaq məhsullarının dünya bazarlarında qiyməti artıb.
Eyni zamanda bəzi ölkələrdə ərzaq qıtlığı real təhlükəyə çevrilib. Ötən il
dünya ölkələrinin iqtisadiyyatına sarsıdıcı zərbə vuran koronavirus pandemiyası
bir çox sahələr kimi qida malları ilə təminatda da daxili bazarlara mənfi təsir
göstərməkdədir. Belə bir vəziyyət pandemiyadan ən çox zərər çəkmiş ölkələrdən
biri olan İranda da müşahidə edilir. Həmçinin, Qərbin sanksiyaları səbəbindən
beynəlxalq ticarət əlaqələri zəifləyən bu ölkədə inflyasiya və qiymət artımı məhsul
qıtlığına gətirib çıxarıb. Ancaq Azərbaycan hər il yerli istehsalı artırmaqla
dayanıqlı ərzaq tədarükünü təmin etməkdədir. Ağır pandemiya ili olan 2020-ci
ildə Azərbaycanda kənd təsərrüfatında 2 faiz artım olub. 2021-ci ilin ötən 9
ayı ərzində də kənd təsərrüfatında artım 6,9 faiz təşkil edib. Bu, bir daha təsdiq
edir ki, ölkəmizdə əsas qida mallarının yerli istehsal hesabına təmin edilməsi
siyasəti faydasını verməkdədir”.

"Dövlətin
dəstəyi mühüm əhəmiyyət kəsb edir”
Millət vəkilinin
sözlərinə görə, ərzaq malları ilə təminatda kənd təsərrüfatının inkişafına dövlətin
dəstəyi də mühüm əhəmiyyət kəsb edir: "Ərzaq təhlükəsizliyi strategiyasının
uğurla həyata keçirilməsində və aqrar sahənin inkişafında Sahibkarlığa Kömək
Milli Fondunun xətti ilə verilən güzəştli kreditlərin rolu xüsusi qeyd edilməlidir.
İndiyədək verilən güzəştli kreditlərin 63 faizi aqrar sahənin inkişafına, o
cümlədən 80 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalına, 20 faizi
aqrar sahənin inkişafını stimullaşdıran infrastruktur sahələrinin yaradılmasına
yönəldilib. Vergi güzəştləri də ərzaq təhlükəsizliyi sisteminin güclənməsində mühüm
rol oynayıb”.
"Hədəfə
çatmağa imkan verir”
A.Hüseynov
qeyd etdi ki, ərzaq təhlükəsizliyi strategiyası aqrar sahədə istehsal və emal
müəssisələrinin yaradılması, yeni iş yerlərinin sayının artması, yoxsulluğun səviyyəsinin
azaldılması baxımından mühüm əhəmiyyət kəsb edir: "Bu baxımdan, hökumətin həyata
keçirdiyi proqramlar nəzərdə tutulan hədəflərə çatmağa imkan verir. Son 8 il ərzində
ölkəmiz ardıcıl olaraq Qlobal Ərzaq Təhlükəsizliyi İndeksindəki mövqeyini yüksəldib.
Azərbaycan ötən il həmin hesabatda 53-cü yeri tutub və ərzaq təhlükəsizliyinin
təmininə görə Asiya və Sakit okean ölkələri arasında ilk onluqda təmsil
olunub”.
"Tələbatı
ödəmək imkanlarımız var”
Kənd təsərrüfatı
üzrə ekspert Qadir Bayramlı bildirdi ki, Azərbaycanda ərzaq təhlükəsizliyini təmin
etmək üçün kənd təsərrüfatının, təbii şəraitimizin potensialı var: "Amma lazım
olan məsələ onların səmərəli istifadəsidir. Əgər potensialdan səmərəli istifadə
etsək, ən azı 80-90 faiz yerli məhsul, istehsal hesabına ərzaq təhlükəsizliyimizi
təmin edə bilərik. Azərbaycanın ekoloji təmiz məhsullar yetişdirməsi üçün çox
böyük potensialı var. Qida təhlükəsizliyinin təməlində "strateji məhsul” deyə biləcəyimiz
məhsulların təminatı durur. Bura un, şəkər və yağ daxildir. Yerli istehsal
hesabına bu tələbatı ödəmək imkanlarımız var. Misal üçün, şəkər çuğunduru
yetişdirmək və onu istehsal etmək üçün şəkər zavodu var. Sadəcə, bu zavodun
istehsal həcmini artırmaq lazımdır. Eləcə də, qarğıdalıdan və günəbaxandan
bitki yağı istehsal eləmək imkanlarımız var. Hətta kərə yağı üçün də bunu demək
mümkündür”.
"Yerli
buğdadan az istifadə olunur”
Ekspert
hesab edir ki, bir nömrəli məsələ un təminatı ilə əlaqədardır: "Biz un
istehsalında istifadə olunan buğdanın xeyli hissəsini xaricdən alırıq. Xüsusən,
Rusiya, Qazaxıstan və digər ölkələrdən idxal edirik. Azərbaycanın yerli taxıl
istehsalı 3,5 milyon ton civarındadır. Onun da təxminən 2 milyon tonu buğdadır.
Təəssüf ki, biz istehsal olunan buğdanın böyük əksəriyyətini heyvan yemi olaraq
istifadə edirik. Bununla da, un istehsalında yerli buğdadan az istifadə olunur.
Bunun səbəbi odur ki, əvvəllər rayonlarda böyük dəyirman şəbəkələri vardı.
Sonra o dəyirmanları sökdülər. İndiki böyük dəyirmanlar xaricdən gətirilən
yumşaq buğdanı üyütmək üçün qurulub. Yəni quruluşu elədir. Buna görə də, bizim
sərt buğdamızı üyüdən dəyirman şəbəkələrini genişləndirmək lazımdır. Şahidi
oluruq ki, ildən-ilə Rusiya və digər ölkələr buğda ixracını azaldır. Ona görə də,
işimizi ehtiyatlı tutmalıyıq və yerli taxıl hesabına un, çörək məmulatlarının
istehsalını təşkil etməliyik. Bu, bir nömrəli məsələdir. Digər yandan hesab
edirəm ki, Qida Təhlükəsizliyi Agentliyinin müəyyən fəaliyyəti var, amma artırılmalıdır.
Bütövlükdə qida təhlükəsizliyini təmin etmək üçün imkanlarımız var. Sadəcə
effektiv və səmərəli kənd təsərrüfatı siyasəti lazımdır. Bunu həyata keçirsək, ölkəmizin,
xalqımızın qida məhsuluna olan tələbatının ən azı 80 faizini öz gücümüzə ödəmək
imkanımız var”.
Bəxtiyar Məmmədli
