AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Realizm ənənələrini yaşadanlar - FOTOLAR

Realizm ənənələrini yaşadanlar - FOTOLAR

Mədəniyyət
10 Aprel 2021, 11:30 1143
Rəssam İslam Gülmalıyevin bədii axtarışları haqqında
 
Müstəqillik dövrü təsviri sənətimizdə bədii üslub axtarışları kifayət qədər geniş vüsət alsa da, onların arasında estetikası hamı üçün nümunəvi və qibtəedici olanının azlığı aşkar hiss olunur. Etiraf edək ki,  müasirlik axtarışı kimi təqdim olunan bu çoxsaylı bədii şərhlərdə yenilik əvəzinə, daha çox məlum "izm”lərə nəzirə və zəif təqlidləri görmək mümkün idi. Mücərrədçiliyə meyl göstərənlərin üstünlük təşkil etdiyinin qarşılığında, demək lazımdır ki, realistik – gerçəkçi bədii ənənələrə lazımı qədər yiyələnməyən belə müəlliflərin "yenilik” kimi ictimailəşdirdikləri, hər şeydən əvvəl bacarıqsızlıqlarını dolayısı ilə ört-basdır etməyin görüntüsü olmuşdur. Heç şübhəsiz, belə bədii şərhlərin kökündə əli fırçalı molbert - kətan qarşısında  dayanan yaradıcıların gerçəkliyi ifadə etmələrində səmimiliyin çatışmaması dururdu. Odur ki, müstəqillik dövrü təsviri sənətimizin, sovet dönəmi ilə müqayisədə, hələ ki, başqalarına da maraqlı görünə biləcək öz estetikasını sərgiləyə bilmədiyini etiraf etməyə məcburuq...
 
Bu məcburi girişdən sonra deməliyik ki, milli təsviri sənətimizin son bir qərinəyə təsadüf edən inkişaf mənzərəsində klassik realizm ənənələrinə tapınan, onun "estetik xəritəsi”ni genişləndirmək istəyində olan yaradıcılarımız da var. Onlardan biri də rəngkarlıq və qrafika sahəsində davamlı fəaliyyət göstərən İslam Gülmalıyevdir. O, ixtisas təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Bədii qrafika” fakültəsində (1984-1989) almışdır. Burada Xalq rəssamı İbrahim Zeynalov, Əməkdar rəssamlar Soltan Atayev, Rais Rəsulzadə və Həsənağa Məmmədovdan sənətin sirləri öyrənmişdir. Elə tələbəlik illərində yaradıcı potensialının genişliyini dəfələrlə sərgiləməyinin nəticəsidir ki, respublikanın tanınmış heykəltəraşlarından biri olan  İ.Zeynalov onu dahi Azərbaycan şairi M.Ə.Sabirin ağacdan yonduğu heykəlinin son variantının icrasına cəlb etmişdi. O vaxt tələbə-rəssam bu işin öhdəsindən layiqlə gələ bilmişdi. Başqa sözlə desək, hazırda şairin Şamaxı şəhərindəki ev-muzeyində nümayiş etdirilən ağac-portretində İslam Gülmalıyevin də əllərinin izi - hərarəti duyulmaqdadır...
 

 
Onun arxada qalan bir qərinəlik yaradıcılıq yolu axtarışlarla zəngin olmuşdur. Müxtəlif miqyaslı sərgilərdə uğurlu iştirakının nəticəsidir ki, onu Azərbaycan Rəssamlar İttifaqının üzvlüyünə qəbul etmişlər. Yuxarıda da vurğuladığımız kimi, bilavasitə sənətdə realizm ənənələrinə tapınan rəssam, onun estetikasını bütün janrlarda ərsəyə gətirdiyi tablolarında genişləndirməyə çalışmışdır...
       
Məlumdur ki, təsviri sənətin bütün dövrlərdəki inkişafında əksər müəlliflər tərəfindən həyatın olduğu kimi əksinə səy göstərilmişdir. Bu cür real təqdimatda, gerçəklikdə müşahidə olunan hadisələrin mahiyyətinə nüfuz edilmiş, onun elə də asan olmayan məna-məzmun tutumunun bədii-fəlsəfi yükü cəlbedici görkəm almışdır. Elə İslam Gülmalıyevin müxtəlif mövzulu əsərlərində də bunu müşahidə edirik. Belə ki, müəllifin ərsəyə gətirdiyi hər bir rəngkarlıq tablosunda və yaxud da qrafika nümunəsində təsvir olunanın əsas səciyyəvi keyfiyyətinin üzə çıxarılması və qabardılması onun əsas məqsədini təşkil edir. O, elə hazırda vaxtilə təhsil aldığı ali məktəbdə də tələbələrinə realizmin bu vacib tərəfini aşılmağa çalışmaqdadır...
 

       
Bu yerdə deyək ki, İslam Gülmalıyevin realizmə bələnmiş əsərlərindəki estetikanın mayası, təkcə görünənlərin olduğu kimi ifadəsindən ibarət olmayıb,  özündə  həm də ona yaradıcı müəllif münasibətini yaşadır. Bu məqamda başlıca məqsəd kompozisiyaya daxil edilmiş digər detalları öz ətrafında birləşdirə biləcək əsas elementi qabartmaqdan, onu dominanta çevirməkdən ibarətdir. Bu isə elə də asan başa gələn proses deyil. Belə ki,  onun müşahidə etdiyi və yaxud da  üzbəüz qalıb təmasda olduğu obyekt geniş mənada hələ həqiqətin özü olmayıb, yaddaqalan bədii təqdimatını gözləyən  "xammal” rolunu oynayır. Odur ki, gerçəkliyin tamaşaçını duyğulandıra biləcək bədii tutum alması ilə həmin "xammal”ın sənət əsərinə çevrilməsi baş verir. İ.Gülmalıyevin müxtəlif illərdə ərsəyə gətirdiyi "Xarıbülbül”, "Xocalı faciəsi”, "Əllər”, "Sülh göyərçini”, "Qartal”, "Yaz gülləri”, "Ağ çiçəklər”, "Payız mənzərəsi” və s. müxtəlif janrlı rəngkarlıq əsərlərində vurğuladığımız bədii - estetik məziyyətləri müşahidə etmək mümkündür.
       
Adlarını çəkdiyimiz əsərlərin diqqətçəkən xüsusiyyətlərindən biri də, onlarda əks olunan obyektə özünəməxsus yanaşmanın mövcudluğudur. Bunun sayəsində  çox vaxt motivin və obyektin "donuq”luqdan çıxarılması, görünənlərə romantizm çalarları əlavə edilməsi baş verdiyindən, son nəticədə, kompozisiyanın düşündürücü məna-məzmuna bələnməsi gerçəkləşir. Bunun isə hər bir müəllifin "mavi arzusu” olması danılmazdır. İ.Gülmalıyevin bir neçə əsərini şərh etməklə buna əmin olmaq mümkündür.
 

       
Onun II Qarabağ savaşındakı qələbəmizdən əvvəl çəkilmiş "Xarıbülbül” əsərində  mənəvi - psixoloji yaşantıların bədiiliyə  bələnmiş təqdimatı ilə qarşılaşırıq. Cıdır düzündəki ənənəvi  çal - çağırın yoxluğu ilə barışa bilməyən yalqız xarıbülbülün tablodakı dominant mövqeyində həsrət və nisgil qabarıq duyulmaqdadır. Müəllif bunu gülün nikbinlik -  ümid sərgiləyən rənglərində və vüqarlı duruşunda ifadə etməyə nail olmuşdur. Reallıqla rəssam düşüncələrinin qoşalaşdığı lövhədə, həm də arzulara köklənmiş müəllif niyyətinin romantik yozumunu görürük...
       
Rəssamın "Xocalı faciəsi” əsərində isə rəssamlarımızın dəfələrlə müraciət etdikləri mövzuya bir qədər fərqli – obrazlı bədii münasibəti müşahidə edirik. Kifayət qədər yığcam detallardan təşkil olunmuş kompozisiyada onların hər birinin müəyyən bədii - psixoloji yük daşıyıcısı olmasının nəticəsidir ki, müəllifin ustalıqla əldə etdiyi, bütövlükdə faciənin sözlə ifadə edilə bilməyən dəhşətləri duyulmaqdadır. Alova bələnmiş gözüyaşlı insanı xilas etməyə çalışan  və həm də harayını - etirazını nümayiş etdirən  bu qoşa əllərin ekspressiv təqdimatı kifayət qədər təsirli və yaddaqalandır...
       
İslam Gülmalıyevin yağlı boya ilə çəkdiyi "Qartal” tablosunda da janrların uğurlu qovşağını, motivin romantik çalarlara bələnməsini görmək mümkündür. Mavi ənginliklərdə qanad çalmaqla, şikarına doğru yaxınlaşan qartalın, zirvəsi qarla örtülü dağların üzərindəki uçuşunun bədii tutum almış görkəmində rəssamın məqamı  zamansızlığa qovuşdurmaq istəyi hiss olunmaqdadır. Bunun uğurlu rəng həlli və bədii təzadla əldə olunması isə ilk növbədə müəllifin zamanında əldə etdiyi bilik və vərdişlərin professionallıqla tətbiqinin nəticəsi sayılmalıdır...
 

       
İslam Gülmalıyevin yaradıcılığında janr məhdudiyyəti duyulmasa da, onun natürmort janrında daha davamlı şəkildə fəaliyyət göstərdiyini deməliyik. Onu da əlavə edək ki, bütün zamanlarda bu janra Azərbaycan rəssamlığında özünəməxsus münasibət olmuşdur. B.Kəngərlidən başlayan bu ənənə sonralar rəssamlarımızın müxtəlif nəsilləri tərəfindən davam etdirilmiş, bir-birindən maraqlı əsərlər yaradılmışdır. Elə İ.Gülmalıyevin natürmortlarında da əşyalar ətraf mühitdən təcrid olunmuş halda görüntüyə gətirilsələr də, kompozisiyaların ümumi ruhunda insan nəfəsi, onun əməyinin nəticəsi qabarıq görünməkdədir. Bu mənada rəssamın "Ağ çiçəklər” "Yaz gülləri”, "Payız nemətləri” və s. əsərlərinin adını çəkmək olar...
       
Onun mənzərə janrında çəkdiyi əsərlərdə də realizm estetikasına romantizm çalarları əlavə etmək istəyinin mövcudluğu aydın görünür. Odur ki, rəssamın gördüklərinə arzuladıqlarını əlavə etməklə yaratdığı tablolar, həm də duyğulandırıcı qəbul olunurlar. İslam Gülmalıyevin bəzən də bədii ümumiləşdirmələrlə estetik qaynağa çevirdiyi belə mənzərələrdə həm motiv seçimi, həm də onların cəzbedici kolorit daşıyıcılığı ahəngdarlıq təşkil etdiyindən, bütünlükdə kompozisiyalar cəlbedici və yaddaqalandırlar. Əlavə edək ki, bu mənzərə janrında ərsəyə gətirilən əsərlərdə tamaşaçının ən çox görmək istədiyi bədii-estetik məziyyətdir. Müəllifin müxtəlif illərdə çəkdiyi "Payız mənzərəsi”, "Diri baba türbəsi”, "İçərişəhər”, "Bahar” və s. lövhələrində bu bədii xüsusiyyətləri görmək mümkündür...
 
Rəssamın qrafik irsini təşkil edən portretlərdə isə obrazların ikonoqrafik dəqiqliklə ifadəsi ilə yanaşı, belə şəxsiyyətləri başqalarına sevdirən insani keyfiyyətlərinin önə çəkilməsi də duyulandır. Bu mənada onun  qrafik icra mədəniyyəti ilə seçilən  "Atatürk”, "Mahatma Qandi”, "İmadəddin Nəsimi”, "Ənvər paşa” və digər portretlərinin adını qeyd etmək mümkündür.
       
İslam Gülmalıyevin yuxarıda barəsində söz açdığımız rəngkarlıq və qrafika irsini qısaca dəyərləndirməli olsaq, onda onun müxtəlif janrlarda yaratdığı bədii nümunələrdə realizm üslubunun estetikasını özünəməxsus çalarlarla zənginləşdirdiyini deməliyik.

Ziyadxan Əliyev,
Əməkdar incəsənət xadimi, professor