• cümə, 29 Mart, 10:51
  • Baku Bakı 5°C

Razılıq alınmalı və qonorar ödənilməlidir

07.02.19 11:15 17920
Razılıq alınmalı və qonorar ödənilməlidir
Dövlət İmtahan Mərkəzinin (DİM) onun intellektual mülkiyyətindən bəzi qruplar tərəfindən qanunsuz istifadə edilməsi barədə yaydığı açıqlama mediada yer alanda, birmənalı qarşılanmadı. Məsələyə münasibətdə DİM-i haqlı hesab edənlər də, qurumun konkret fənlər üzrə hazırladığı testləri əqli mülkiyyət hüququnun obyekti hesab etməyənlər də oldu. Ancaq fəaliyyətinin məqsədi ölkədə əqli mülkiyyət hüquqları sahəsinin səmərəli fəaliyyətini, dayanıqlı inkişafını və şəffaflığını təmin etmək, əqli mülkiyyət sahiblərinin hüquqlarını qorumaq, sözügedən sahədə bilikləri və informasiya cəmiyyətinə təsiri artırmaq və əqli mülkiyyət hüquqlarının tənzimlənməsi ilə bağlı qabaqcıl prinsip və standartları əsas götürməkdən ibarət olan Əqli Mülkiyyət Agentliyinin məsələyə münasibəti birmənalıdır.Agentliyin mətbuat katibi Elnur Məmmədli mövzu ilə bağlı "Kaspi”yə müsahibəsində ötən illər ərzində DİM-in müraciəti əsasında pozulmuş hüquqları barədə Agentliyin xüsusi rəylərinin də hazırlandığını bildirib.
DİM-dən razılıq alınmalıdır
- Bu günlərdə Dövlət İmtahan Mərkəzi (DİM) sosial şəbəkələrdə və internet saytlarında DİM-in əməkdaşları və ekspertləri tərəfindən hazırlanmış və dərc edilmiş müxtəlif materiallardan heç bir razılıq olmadan istifadə olunması hallarından narahatlığını ifadə edib. Hətta Mərkəz sosial şəbəkələrdə yayılmalara, bəzi qrupların istifadəsinə görə son xəbərdarlığını bildirib. Sizcə, DİM etirazında nə qədər haqlıdır?
- Əqli Mülkiyyət Agentliyi məsələyə münasibətdə bildirir ki, "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən, müəllifin və ya əsərə müəlliflik hüququnun digər sahibinin həmin qanunda nəzərdə tutulan hallar istisna olmaqla, əsərdən hər hansı formada və üsulla istifadə etməyə müstəsna hüququ vardır.Əsərdən istifadəyə müstəsna hüquqlar (əmlak hüquqları) müəllif və ya əsərə müəlliflik hüququnun digər sahibi tərəfindən əsərin birbaşa və ya dolayısı yolla surətinin çıxarılması, əsərin orijinalının və ya nüsxələrinin satış, yaxud mülkiyyət hüququnun başqa cür verilməsi yolu ilə yayılması, kirayəyə verilməsi, idxal edilməsi, əsərin tərcümə edilməsi, əsərin dəyişdirilməsi, aranjeman edilməsi, yaxud başqa formada yenidən işlənilməsi və s. formada istifadəsi ilə bağlı hərəkətlərin həyata keçirilməsi, həyata keçirilməsinə icazə verilməsi, yaxud bu cür hərəkətlərə qadağa qoyulmasını nəzərdə tutur. Burada surətçıxarma dedikdə, əsərin bir və ya daha çox nüsxəsinin hər hansı maddi formada, o cümlədən səs və videoyazı şəklində hazırlanması başa düşülür. Əsərlərin elektron (rəqəmli də daxil olmaqla), optik və ya maşınla oxunan digər formada müvəqqəti, yaxud daimi saxlanma üçün yazılması da surətçıxarma sayılır.
Deməli, DİM-in əməkdaşları və ekspertləri tərəfindən hazırlanmış və dərc edilmiş müxtəlif materialların, o cümlədən elmi-metodik vəsaitlərin, jurnalların, test kitabçalarının və qiymətləndirmə vasitələrinin surətinin çıxarılması hallarında Dövlət İmtahan Mərkəzindən razılıq alınmalıdır.Qanunun 30-cu maddəsinə görə, yuxarıda qeyd etdiyimiz əmlak hüquqları müəlliflər və müəlliflik hüquqlarının digər sahibləri tərəfindən müəllif müqaviləsi üzrə verilə bilər. Əmlak hüquqlarının verilməsi müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi (müstəsna lisenziya), yaxud qeyri-müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi (qeyri-müstəsna lisenziya) əsasında həyata keçirilə bilər.Müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi üzrə (müstəsna lisenziya) müəllif və ya müəlliflik hüquqlarının digər sahibi əsərdən müəyyən üsulla və müqavilədə müəyyən edilmiş həddə istifadəyə müstəsna hüququnu başqa şəxsə verir və bununla həmin şəxsə digər şəxslərin də əsərdən bu cür istifadə etməsinə icazə vermək və ya qadağan etmək hüququnu verir.Qeyri-müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi üzrə (qeyri-müstəsna lisenziya) isə müəllif və ya müəlliflik hüquqlarının digər sahibi istifadəçiyə həmin əsərdən eyni üsulla istifadəyə razılıq almış başqa şəxslə bərabər istifadəyə icazə verir.Onu da qeyd edək ki, "Nəşriyyat işi haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə görə, nəşriyyat və nəşriyyat işinin subyektləri müəlliflik hüququ ilə qorunan əsərlərin müəlliflik müqaviləsi olmadan istehsalına görə inzibati və maddi məsuliyyət daşıyır.
Qonorarın ödənilməsini tələb etmək hüququ
- Hüquqları pozulmuş müəlliflər bu cür vəziyyətlə qarşılaşdıqda, öz hüquqlarını necə müdafiə edə bilərlər? Yalnız məhkəməyə müraciət etməkləmi?
- Hüquqları pozulmuş müəlliflər və hüquq sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər. "Dövlət rüsumu haqqında” Qanunun 9.1.4-cü maddəsinə görə, müəlliflik hüququ üzrə məhkəməyə verilən iddia ərizələrinin verilməsinə görə iddiaçılar dövlət rüsumundan azad olunub."Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 45-ci maddəsinə əsasən, məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa iddiaçının tələbi ilə zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması; zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsi; hüquq pozuntusunun ağırlıq dərəcəsi və digər şəxslərin qanuni maraqları nəzərə alınmaqla məhkəmə qərarına əsasən pirat nüsxələrin surətinin çıxarılması (istehsalı) üçün istifadə edilmiş material və avadanlıqların müsadirə olunması; pirat nüsxələrin hüquqları pozan tərəfə heç bir kompensasiya ödənilmədən məhkəmə qaydasında müsadirə olunması və ya məhv edilməsi barədə qərar qəbul edə bilər.Eyni zamanda, məhkəmə hüquq pozuntusu faktı sübut edildiyi halda, vəkilə ödənilən haqq da daxil olmaqla, hüquq sahibinin çəkdiyi ağlabatan xərclərin ödənilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Məhkəmə, həmçinin hüquq pozuntusuna yol vermiş şəxsin bunu bilib-bilməməsindən asılı olmayaraq, pozuntulara görə həmin şəxsin müəllifə (digər hüquq sahibinə) və ya əlaqəli hüquqların sahibinə kompensasiya ödəməsi barədə qərar çıxara bilər. Müəllifin və ya əlaqəli hüquqların sahibinin hüquq pozuntusuna yol verən şəxsdən kompensasiya ilə yanaşı, ona məxsus olan əsərdən və ya digər əqli mülkiyyət hüququ obyektindən normal istifadə zamanı əldə edə biləcəyi qonorarın ödənilməsini də tələb etmək hüququ var.Qanunun 47-ci maddəsinə əsasən, müəlliflik hüququnun və əlaqəli hüquqların pozulmasına görə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun mülki, inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur.Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 185-ci maddəsinə görə, müəlliflik hüququnu və əlaqəli hüquqları pozmağa görə, bu az miqdarda ziyan vurduqda (min manatadək olan məbləğ) pirat nüsxələr, həmçinin pirat nüsxələrin hazırlanmasında (istehsal edilməsində) və yayılmasında istifadə olunan materiallar, avadanlıqlar və hüquqpozmaya səbəb olan digər vasitələr müsadirə edilməklə səksən manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 165-ci maddəsinə görə isə, müəlliflik hüququ və ya əlaqəli hüquq obyektlərindən qanunsuz istifadə etmə, yəni özgənin elmi, ədəbi, bədii və ya başqa əsərini öz adı ilə nəşr etdirmə və ya özgənin müəllifliyini başqa cür mənimsəmə, bu cür əsəri qanunsuz olaraq yenidən dərc etmə və ya yayma, habelə şərikli müəllifliyə məcbur etmə, əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulmuşsa (min manatdan artıq olan məbləğ) min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə; qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, əmlakı müsadirə olunmaqla iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Təəssüf ki, cəmiyyətdə, o cümlədən bəzi hüquqşünaslarda DİM-in materiallarının qorunması üçün hər hansı qeydiyyatın aparılmasına, həmin məhsullara müəllif hüququnun tanıtdırılmalı olmasına ehtiyac gəldiyi düşünülür, sosial şəbəkələrdə əsərlərin icazə almadan yayılmasının mümkünlüyü təsəvvürü yaranır. Belə rəylərə hörmətlə yanaşaraq, öz növbəmizdə bildiririk ki, "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 5-ci maddəsinə əsasən, müəlliflik hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydiyyata alınması, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb olunmur. Bu o deməkdir ki, qeyd olunan materiallar DİM tərəfindən hazırlanan (dərc edilən) andan qorunur.
Hüquqi maarifləndirilmə məqsədi ilə
- Mübahisələrin yaranmaması, işin məhkəmələrə qədər gedib çıxmaması üçün müəlliflər və hüquq sahibləri öz əsərlərini öncədən Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirə və şəhadətnamə ala bilməzlərmi?
- Əlbəttə, müəlliflər və hüquq sahibləri əsərlərini Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirə və şəhadətnamə ala bilərlər. Əsərlərin Agentlikdə qeydiyyatının məhz müəlliflər və hüquq sahibləri üçün böyük faydası var. Qanunun 9-cu maddəsinə görə, mübahisə yaranan hallarda, digər sübutlar olmadıqda, qeydiyyat haqqında şəhadətnamə məhkəmə tərəfindən müəlliflik prezumpsiyası kimi tanınır. Məhkəmə praktikası onu göstərir ki, Agentlikdə əsərə müəllifliyi qeydiyyatdan keçirmə əksər hallarda məhz bunu edən tərəfin məhkəmə tərəfindən müəllif kimi tanınması ilə bitir. Yəni, digər bir şəxs həmin əsərin müəllifi olması barədə iddia qaldırdıqda, o, bunu təsdiq edə biləcək əsaslı sübutlar təqdim etməlidir. Əks halda, əsəri qeydiyyatdan keçirmiş şəxs onun müəllifi kimi qəbul olunur.Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin dərc etdirdiyi "Abituriyent” jurnalının hər nömrəsi Agentliyə təqdim edilir və müvafiq qaydada qeydiyyatdan keçirilir. Ötən illər ərzində DİM-in müraciəti əsasında pozulmuş hüquqları barədə Agentliyin xüsusi rəyləri də hazırlanmışdır.Xüsusilə vurğulamaq istərdik ki, Qanunun 17-ci maddəsinə əsasən, müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və müəllif qonorarı ödəmədən fiziki şəxsin qanuni dərc edilmiş əsərdən, gəlir götürmədən ancaq şəxsi məqsədlər üçün bir nüsxə hazırlamasına yol verilir. Qanunla nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda əsərlərdən istifadəyə görə razılıq alınmalı və qonorar ödənilməlidir.
- İctimaiyyətin bu istiqamətdə maariflənməsi üçün Agentlik hansı addımları atır? Çünki problemlər bəzən məlumatsızlıqdan yaranır.
- Əqli Mülkiyyət Agentliyi ictimaiyyətin bu sahədə maarifləndirilməsi işinə xüsusi diqqət verir. Agentliyin 960 nömrəli "Qaynar xətt”i və ictimai əsaslarla "Hüquq məsləhətxanası” fəaliyyət göstərir. Vətəndaşlar bundan əlavə, elektron poçtumuza məktub ünvanlaya, Agentliyin internet səhifəsindən istifadə edərək onlayn məktub yaza, sosial şəbəkələrdəki səhifələrimiz vasitəsilə də müraciət edə bilər. Yalnız 2018-ci il ərzində müəlliflərin və digər hüquq sahiblərinin müəllif-hüquq məsələləri üzrə 1500-dən artıq müraciət və sorğusuna baxılmış və qaldırdıqları məsələlərin həllində, həmçinin iddia ərizələrinin tərtib edilməsində köməklik göstərilmişdir. Agentliyin nümayəndələri əqli mülkiyyət hüquqları ilə bağlı müxtəlif məhkəmə instansiyalarında keçirilmiş 21 iş üzrə 40-dan çox məhkəmə iclasında iştirak etmiş, dövlət, məhkəmə orqanlarının və hüquq sahiblərinin sorğuları əsasında müəllif-hüquq məsələləri ilə bağlı 20-dək ekspert rəyi hazırlanmış, maarifləndirmə tədbirləri keçirilmişdir.Hüquqi maarifləndirilmə məqsədi ilə Agentliyin təşkilatçılığı və iştirakı ilə 10 beynəlxalq və milli tədbir keçirilmiş, KİV-lərdə 300-ə yaxın informasiya, maarifləndirici və təbliğat xarakterli material dərc olunmuş, TV və radio kanallarında çoxsaylı veriliş və süjetlər göstərilmiş, Agentliyin təşkil etdiyi tədbirlərdə Azərbaycanı, xarici ölkələri və beynəlxalq təşkilatları təmsil edən peşəkar mütəxəssislər, alimlər, beynəlxalq ekspertlər, tarixçilər və qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən əqli mülkiyyət məsələlərinə dair 80-ə yaxın prezentasiya edilmiş, həmçinin Agentliyin nümayəndələri müxtəlif beynəlxalq tədbirlərdə 20-yə yaxın təqdimatla çıxış etmişlər.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər