• bazar, 06 Iyul, 10:11
  • Baku Bakı 24°C

Radikal müxalifətin “6-7 aprel davası”

29.03.19 19:15 700
Radikal müxalifətin “6-7 aprel davası”
Hakimiyyətin bir neçə ay ərzində iqtisadi və sosial sahədə atdığı addımlar radikal müxalifət düşərgəsini gündəmdən sıxışdırıb çıxarıb. Bu da radikal müxalifət partiyalarını yenidən özünün "analoqu olmayan metod”larına qayıtmasına məcbur edib. Belə ki, Müsavat Partiyası aprelin 7-də mitinq qərarı verib. Lakin AXCP-Milli Şura Müsavatın qərarından dərhal sonra aprelin 6-da mitinq keçirməklə bağlı təbliğata başlayıb. Təbii ki, hər iki partiyanın belə bir qərara gəlməsi "əzəli rəqib”lər arasında yenidən konfliktin alovlanmasına gətirib çıxarıb.
Müsavat Partiyasının Divan üzvü Mustafa Hacıbəyli sosial şəbəkə vasitəsilə Cəmil Həsənliyə müraciətində Milli Şuranın qərarının çoxsaylı suallara və müxalifət arasında mübahisələrə səbəb olduğunu və Müsavat əleyhinə statuslar yazıldığını qeyd edib: "İndi bu söz-söhbətə nə ehtiyac vardı? Onsuz da hər həftə mitinq keçirilmir - bunu 1 həftə ertələmək olmazdımı? Hələ gec deyil. Əgər Milli Şura rasionallıq göstərib təyin etdiyi mitinqin vaxtını korrektə etsə, xoşagəlməz suallara, söz-söhbətə son qoyular”.
M.Hacıbəylinin bu addımına təbii ki, "əzəli rəqib” olan AXCP-nin cavabının gecikməyəcəyi şübhəsiz idi. AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Ədilov məsələyə münasibət bildirərək vurğulayıb ki, Müsavat Partiyası Milli Şuradan çıxmaqla "müxalifətin birliyinə” zərbə vurub. O, həmçinin dolayı yolla AXCP-Milli Şuranın mitinqinin Müsavat Partiyasından daha əhəmiyyətli olduğunu vurğulayıb.
Bu fikir ayrılıqları artıq iki radikal qrup arasında mübahisələrin təhqirlərə, ittihamlara çevrilməsinə gətirib çıxarıb. Əslində baş verənlər bir daha radikal müxalif düşərgədə şəxsi ambisiyalar səbəbindən heç zaman normal siyasi münasibətlərin olmayacağını bir daha sübut edir. Həm də maraqlıdır ki, hər iki tərəf indiyədək "Məhsul” stadionunda keçirdikləri mitinqlərə heç öz üzvlərini düz-əməlli toplaya bilməyiblər. Elektoratı olmayan radikal müxalif qrupların öz aralarında dava etməsibə səbəb nədir?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli bildirdi ki, əslində gündəmdə hansısa başqa bir mövzu yoxdur: "Çünki hər hansı bir formada fəaliyyətləri ilə gündəmə gələ bilmirlər. Radikal müxalifətin hakimiyyəti ittiham etmək üçün uydurduğu bəhanələrin də faktiki olaraq qarşısı alınıb. Azərbaycan dövləti o qədər ciddi şəkildə islahat paketini aparır və eyni zamanda vətəndaşların sosial problemlərinin həlli istiqamətində ardıcıl addımlar atır ki, onlar əslində bəhanə düşünməyə vaxt tapa bilmirlər. Bu baxımdan da bir-birinin ünvanına ənənəvi qaydada ittihamlar səsləndirməklə məşğuldurlar. Hansı mitinq davasından söhbət gedir ki, ətraflarına faktiki olaraq 5-10 nəfəri yığmaq imkanları olmur. Eləcə də bir çox hallarda anım, hüzn günlərində əhalinin iştirak etdiyi kütləvi tədbirlərdə onlara xitab etmək üçün dərindən-qabıqdan çıxır, hətta asayişi pozmağa cəhd göstərirlər”.
E.Mirzəbəyli qeyd etdi ki, Müsavat və AXCP arasındakı ixtilaf tarixi ixtilafdır: "Bu ixtilafın kökü hələ 1991-1992-ci illərə gedib çıxır. Hələ o dövrdə Əli Kərimlinin "Yurd”u ilə Müsavat Partiyası arasında konflikt cərəyan edirdi. Onlar o vaxtdan bir-birilərini xarici təşkilatlara işləməkdə, o cümlədən maliyyə vəsaitlərini mənimsəməkdə, satqınlıqda, xəyanətdə ittiham edirlər. Yəni bu ittihamların sonu yoxdur. Amma bir müddət sonra yenidən bir-birilərini ittiham etmək üçün bir masa arxasında otururlar. İndiki proseslər həmin hadisələrin davamıdır. Artıq bunların siması Azərbaycan cəmiyyətində hər kəsə bəllidir”.
"Yurddaş” Partiyasının sədri Mais Səfərli bildirdi ki, radikal müxalifətin ən böyük problemi onların normal siyasi fəaliyyətdən uzaqlaşmasındadır: "Bu illər ərzində siyasi arenada olmalarına baxmayaraq, demək olar ki, ancaq müxalifətdə yer alıblar. Həmin o siyasi qüvvələr ötən müddət ərzində qətiyyən inkişaf etməyib. Əksinə, həmişə geriyə addım atıblar və bu geriləmə nəticəsində onlar siyasi partiya kimi yox, qruplar halına gəlib çatıblar. Bunun da səbəbi qeyd etdiyim kimi, onların normal siyasi fəaliyyətinin olmamasından irəli gəlir. Bu səbəbdən də bütün seçkiləri uduza-uduza gəliblər və başlıcası, öz partiyalarını yenidən qurmayıblar, islahat aparmayıblar. Necə 90-cı illərin əvvəllərində Kommunist Partiyası tipində yaranmışdılarsa, elə o səviyyədə də donub qalıblar və geriləyərək elektoratlarını itiriblər. Azərbaycan bu gün demokratiya, insan haqları istiqamətində böyük uğurlar əldə edib. Hazırda ölkədə mövcud olan siyasi partiyalar öz fəaliyyətlərini demokratik ruhda qurmalıdırlar”.
M.Səfərli əlavə etdi ki, bu gün radikal müxalifət partiyaları öz aralarında yarışa başlayıblar: "Elə hesab edirlər ki, müxtəlif vasitələrlə insanları öz ətraflarında toplaya biləcəklər. Amma ölkə vətəndaşları ağı qaradan seçə bilir və yaxşı başa düşürlər ki, kimin ardınca getmək olar, kimin isə yox. Radikal müxalifət düşərgəsinin arxasınca vətəndaşlar getməyəcəklər və bunlar heç vaxt o qüvvəyə çevrilə bilməyəcəklər. Çünki radikallar hər zaman biri-biriləri ilə yarışıblar. Onlar güclərini qarşıya qoyduqları məqsədə deyil, biri-biriləri ilə mübarizəyə həsr ediblər. Elə indiki halda iki partiya arasındakı dava da bunun sübutudur. Mitinqə gəlincə isə, hesab edirəm ki, bu gün radikal müxalifətdə kütləvi aksiyalar keçirmək gücündə olan siyasi təşkilat yoxdur. Çünki o qüvvələrin siyasi-ictimai təsir qüvvəsi aşağıdır və elektoratları çox zəifdir”.

AZAD
banner

Oxşar Xəbərlər