• şənbə, 20 Aprel, 00:23
  • Baku Bakı 15°C

Qüvvət elmdədir...

27.03.23 10:30 498
Qüvvət elmdədir...

Ölkənin gələcəkdə inkişaf etmiş iqtisadiyyata sahib olması və əhalinin həyat səviyyəsinin yüksəlməsi üçün həm dövlətin uyğun intellektual potensialı, həm də onun iqtisadiyyatında bu potensialdan istifadə etmək təcrübəsi olmalıdır.

Hər bir müasir dövlətin həyat səviyyəsi onun elmi və intellektual potensialı ilə ölçülür. Ölkənin perspektivləri onun elminin perspektivindən asılıdır. XXI yüzillikdə yalnız yüksək elmi potensiala və elmtutumlu texnologiyalara malik dövlətlər öz xalqları üçün xoşbəxt və firavan həyat tərzi təmin etmək imkanına malik olur .

Bu barədə AZƏRTAC-a Azərbaycan Dövlət Pedaqoji Universitetinin elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov məlumat verib.

A.Zamanov bildirib ki, təhsilin və intellektual resursların ölkə həyatında müstəsna rolu, insan potensialının formalaşması, onun gələcəyi dövlətin rəqabətqabiliyyətliliyinin başlıca şərtlərindəndir. Ölkələr yalnız xidmət sahələri və istehsal etdikləri məhsullarla yox, həmçinin ictimai dəyərləri, elm və təhsil sistemləri ilə də rəqabət aparırlar.

Müasir dünyada rəqabətədavamlı olmaq üçün dövlətlər ərazisinə, təbii sərvətlərinə deyil, intellektual potensiallarına güvənirlər. Sürətli dəyişikliklərin getdiyi hazırkı rəqəmsal mühitdə hər bir ölkənin, cəmiyyətin yüksək elmi səviyyəli, təhsilli, innovativ ideyalı mütəxəssislərə ciddi ehtiyacı yaranıb. Dünyada müasir informasiya resurslarının sürətlə artması, biliklər sisteminin yüksəlməsi, hadisələrin tez-tez əvəzlənməsi ilə xarakterizə olunur.

Bütün fəaliyyəti xalqa xidmət nümunəsi olan Ümummilli Lider Heydər Əliyevin elm strategiyası milli quruculuq siyasətinin əsas istiqamətlərindən biri olub və hazırda uğurla davam edir. Ölkəmizdə müstəqillik illərində elmin, o cümlədən fundamental elmlərin müxtəlif sahələrinin inkişafı və müasirləşmə vəziyyətinə çatması üçün xeyli işlər görülüb. Azərbaycan Prezidenti İlham Əliyevin 2003-cü ildə Cenevrədə İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində “Biz qara qızıl kapitalını insan kapitalına çevirəcəyik!” bəyanatı ilə ölkəmizdə intellektual potensialın inkişafının yeni mərhələsi başlandı və davamlı inkişaf edir. Elm sahələrinin inkişafında, elmə söykənən iqtisadiyyatın formalaşmasında intellektual potensialın mühüm rolu danılmazdır.

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq reallaşdırılmalı beş əsas məsələdən biri də rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı formalaşdırmaqdır. Qeyd etmək yerinə düşər ki, inkişaf etmiş ölkələrin büdcəsində təbii ehtiyatlardan gəlirlərin payı 10 faizdən azdır. ABŞ-nin 32-ci prezidenti Franklin Ruzveltin “Amerika Birləşmiş Ştatları ona görə güclü dövlətdir ki, onun qüdrətli universitetləri var” fikrinin şərhinə, hesab edirəm ki, ehtiyac yoxdur.

Azərbaycan Respublikası Prezidentinin Elm Gününün təsis edilməsi haqqında Sərəncamı cəmiyyətin inkişafında elmin vacibliyinin dərk edilməsi və elmin, xüsusilə gənclər arasında təbliği baxımından mühüm əhəmiyyətə malikdir. Ölkə başçısının ötən ilin ortalarında imzaladığı Fərmanla respublikada elmin və təhsilin inteqrativ üzvi inkişafını daha da sürətləndirmək və bu sahədə optimal idarəetməni təmin etmək məqsədilə Elm və Təhsil Nazirliyinin yaradılması da Azərbaycanda elmi fəaliyyətin, praktik elm və təhsilin inkişafının yeni mərhələsinin başlanğıcı, dövlətin elmin inkişafına yüksək diqqəti kimi qiymətləndirilməlidir.

Elm və təhsil ictimaiyyətini 27 Mart - Elm Günü münasibətilə təbrik edir, ölkəmizin elm strategiyasının həyata keçirilməsində uğurlar diləyirəm.

banner

Oxşar Xəbərlər