Qızılca görmə və eşitmə orqanlarını zədələyə, beyin iltihabına səbəb ola bilər
Qızılca qədim zamanlardan mövcud olan və yoluxucu xəstəliklər arasında ən yüksək yoluxuculuğa malik olan xəstəlikdir. Həmin xəstəliyi ömrümüz boyunca ya keçirtməliyik, ya da ona qarşı peyvənd olunmalıyıq. Yəni ya ona qarşı uşaqlıqda vaksin vurduraraq immunitet qazanmalıyıq, ya da yoluxmalıyıq. Virusların genetik dəyişikliyə məruzqalma kimi xüsusiyyəti var. Qızılca da virus xəstəliyi olsa da müsbət cəhəti odur ki, ona genetik dəyişikliklər xas deyil. Ona görə də xəstəliyə yoluxanda, ya da ona qarşı vaksinasiyadan keçəndə ömürlük immunitet qazanmaq mümkündür.
AZƏRTAC xəbər verir ki, bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva qurumun rəsmi feysbuk səhifəsində yayımlanan “TƏBİB məsləhətində” deyib.
Y.Qarayeva qızılcanın yaratdığı fəsadlardan bəhs edərək deyib: “Qızılca uşaqlıq dövrü xəstəliklərinə aid olduğundan həmin xəstəliyi daha çox uşaqlar keçirirlər. Bu xəstəlik bəzi uşaqlarda ciddi fəsadlara səbəb olur. Belə ki, həmin xəstəlik görmə və eşitmə orqanlarını zədələyə, beyin iltihabına səbəb ola bilər. Ona görə də ən yaxşısı uşaqları vaxtında peyvənd etdirməkdir. Böyük təəssüf hissi ilə qeyd etməliyəm ki, hamiləlik dönəmində də bununla çox qarşılaşırıq. Hamilə qadınlar bəzi virus xəstəlikləri var ki, onlara yoluxanda ana bətnindəki dölə ciddi təsir edir, onun inkişaf qüsurlarına səbəb olur. Bu virus xəstəlikləri sırasında qızılca və məxmərək xəstəlikləri də var. Bəzən çətinliklə hamilə qalan xanımlar hamiləliyin üç ya dördüncü ayında məxmərək xəstəliyinə yoluxurlar. Bu zaman həkimlər hamiləliyin davam etdirilməsi və ya sonlandırılması ilə bağlı ciddi seçim qarşısında qalırlar. Belə çətin vəziyyətə düşməmək üçün uşaqları, xüsusilə qız uşaqlarını vaxtında peyvənd etdirmək lazımdır. Qızılca əleyhinə vaksin iki dəfə vurulur: 1 və 6 yaşlarında. Həmin xəstəliyə qarşı peyvənd 1960-cı illərdən mövcuddur. O vaxtlar ABŞ-da, 1970-ci illərdən isə keçmiş ittifaq ölkələrində istifadə olunub və 1 yaşadək uşaqlara vurulub. Sonradan bir xəstəlik deyil, üç xəstəlik əleyhinə, yəni qızılca ilə yanaşı, iki xəstəliyə qarşı da vaksin əlavə olunub. Onlardan biri məxmərək xəstəliyidir. Hazırda həmin peyvənd üçlü vaksin şəklində istifadə edilir. Üçlü peyvənd Səhiyyə Nazirliyi tərəfindən ölkəmizə gətirilir və bütün tibb müəssisələrində mövcuddur”.