• çərşənbə axşamı, 12 noyabr, 00:13
  • Baku Bakı 13°C

İtlərin hücumuna məruz qalan şəxs vaksini nə vaxt vurdurmalıdır ki, effektiv olsun?

30.05.23 20:30 3266
İtlərin hücumuna məruz qalan şəxs vaksini nə vaxt vurdurmalıdır ki, effektiv olsun?

Son vaxtlar küçə itlərinin hücumları çox artıb. Bu məsələ ailələri ciddi narahat etməyə başlayıb. Quduzluq xəstəliyi çox ağır əlamətlərlə xarakterizə olunur və əksər hallarda ölümlə nəticələnir.

Belə ki, Cəlilabad rayonunun sakini 11 yaşlı Zülfiyyə Rzayevanı it dişləyib. Ona dərhal ilkin tibbi yardım göstərilib, quduzluq əleyhinə vaksin vurulub. Mərhələli şəkildə 4 doza vaksin vurulsa da, xəstədə quduzluq simptomları inkişaf edib və o, həyatını itirib.

Eləcə də ötən gün mətbuatda yayılan digər bir məlumata görə, Şəmkirin Qaracəmirli kəndinin mərkəzi hissəsində sahibsiz küçə itləri insanlar üçün təhlükə yaradır.

Bəs it dişləməsi zamanı ilkin olaraq hansı addım atılmalıdır? Vaksin hansı müddət aralığında vurulmalıdır ki, gecikmiş sayılmasın? Quduzluğa qarşı vaksin neçə dozada vurulur? Yaş faktoru önəmlidirmi? Vaksin yoxdursa, onu əvəzləyici vasitə varmı?

Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Oxu.Az-ın bu və digər suallarına cavab olaraq bildirilib ki, heyvan dişləməsi baş verdikdə dərhal yaxınlıqda olan tibb müəssisəsinə müraciət edilməli, quduzluq əleyhinə antirabik vaksini vurulmalıdır:

“Quduzluq virusunun  insanlar üçün həyati təhlükəsi olduğundan zədələnmənin lokalizasiyasından asılı olaraq antirabik vaksin ilə yanaşı quduzluq əleyhinə antirabik immunoqlobulin də vurulur. Belə ki, yuxarı lokalizasiyalı zədələnmələrdə və quduzluq diaqnozu təstiqlənmiş heyvan dişləmələri hallarında antirabik immunoqlobulindən istifadə edilir. Bundan başqa, əlavə olaraq da tetanus xəstəliyindən qorunmaq üçün tetanus əleyhinə anatoksin vurulur. Heyvan tərəfindən zədələnməyə məruz qalmış şəxsin müalicə kursu müalicə-profilaktika müəssisəsinin (MPM) cərrahı tərəfindən təyin edilir.

Belə ki, əgər dişləyən heyvan məlumdursa və 10 gün müddətində sağ qalmışsa, o zaman şərti müalicə kursu (zədələnmənin 0, 3 və 7-ci günləri), əgər heyvan naməlumdursa və ya məlum olan halda belə 10 gün müddətində ölmüşdürsə, o zaman qeyri-şərti müalicə kursu (zədələnmənin 0, 3, 7, 14, və 28-ci günləri) təyin edilir. Müalicə dövrü dişləmənin lokalizasiyasından və dişləyən heyvanın sağlıq vəziyyətindən asılıdır.

Lakin ümumilikdə müalicə kursu bir aya qədər  davam edir. Əgər zərərçəkən cərrah tərəfindən təyin edilən vaxtlarda MPM-ə müraciət etməzsə, o zaman vaksinasiya arasında olan interval pozulur. Bu da vaksin effektivliyinin aşağı olmasına gətirib çıxarır”.  
Vaksin neçə dozada vurulur?

Bildirilib ki, hazırda ölkəmizdə Hindistan istehsalı olan antirabik vaksin mövcuddur:

“Hər hansı heyvan dişləməsi ilə MPM-ə müraciət edən vətəndaşa vaksini istehsal etdiyi ölkənin təlimatına uyğun dozada antirabik vaksin vurulur”.

Yaş faktorunun önəmli olub-olmadığına dair məsələyə cavab olaraq qeyd edilib ki, yaşından asılı olmayaraq həm uşaq, həm də böyüklərə quduzluq əleyhinə vaksindən  eyni qaydada  istifadə edilir.

Quduzluq əleyhinə vaksin yoxdursa, onu, yəni antirabik vaksini əvəz edən hər hansı bir vasitə və tibbi preparatın olmadığı diqqətə çatdırılıb.

banner

Oxşar Xəbərlər