Qızdırma qəfil qalxır, apteklər də dimedrolu reseptsiz satmır

"Bacım
həmişə qripi ağır keçirdir. İstiliyi qalxır və halsızlaşır. Bundan əvvəl də bir
neçə dəfə belə olmuşdu. Halı pisləşən kimi təcili yardım çağırırıq, onlar da
"smes” vurub gedirlər. Bu yaxınlarda yenə eyni hal baş verdi. Bacımın temperaturu
qalxmışdı, təcili yardıma zəng vurmadıq. Tanış həkimlə məsləhətləşib, "smes” üçün
lazım olan dərmanları alıb özümüz vurmaq istədik. Amma aptekdən bildirdilər ki,
həmin dərmanlar reseptsiz satmırlar. Neçə aptekə getdiksə, bizə o dərmanları
vermədilər. Məcbur qalıb, təcili yardım çağırdıq”.
Bu sözləri
bizimlə söhbətində Aynur xanım dedi. O, bəzi dərmanların reseptsiz
satılmamağından şikayət edir. Qeyd edir ki, hər dəfə həkimə gedib resept
yazdırmaq və ya evə təcili yardım çağırmaq maddi baxımdan mümkün deyil. Aynur
xanım onu da əlavə etdi ki, dərmanı onsuz da həkim məsləhəti ilə alırdıq, amma
apteklər onları reseptsiz verməyəcəklərini dedilər.
Həmsöhbətimin
şikayətini nəzərə alaraq, mütəxəssisə müraciət edib, bu məsələnin nə dərəcədə
doğru olduğunu, apteklər, lazım olan dərmanı reseptsiz vermədikləri halda, çıxış
yolunun nə olduğunu öyrənməyə çalışdıq.

Tibb üzrə ekspert Adil Qeybullaqeyd etdi ki, bəzi dərmanların reseptsiz satılmamağı çox düzgün addımdır:
"Əslində, hər hansısa bir dərmanın həkim məsləhəti olmadan aptekdən alınması
qəti şəkildə düzgün deyil. Bəzi ağrıkəsici dərmanlar var ki, onlar reseptsiz
satılır. Amma digər dərmanlar, xüsusilə də psixatrop dərmanların reseptsiz
verilməsi qadağandır. Əgər hansısa aptek həmin dərmanları reseptsiz verərsə, bu
zaman mütləq cərimə olunmalıdır. Bu, dünya praktikasında da belədir. Bir çox
Avropa ölkələrində də bu qayda tətbiq edilir. Hətta, onlar heç bir dərmanı
reseptsiz vermirlər. Ölkəmizdə fəaliyyət göstərən bütün apteklərə xüsusi olaraq
tapşırılıb ki, dərmanları reseptsiz satmasınlar. Reseptsiz alınan dərmanları
isə təkcə apteklərdən yox, marketlərdən də əldə edə bilərsiniz. Qeyd edim ki, "smes”in
tərkibində dimedrol olduğu üçün onu ümumiyyətlə, reseptsiz satmaq olmaz. Çünki
dimedrol psixatrop dərmanlar siyahısına aiddir”.
Ekspert bu
halda başqa dərman vasitələrindən, yəni reseptsiz satılanlardan istifadə etməyi
məsləhət görür: "Əlbəttə, başa düşürəm, insanların hər dəfə xəstəxanaya getməsi
onlar üçün maddi baxımdan çətinlik yaradır. Amma dövlət xəstəxanasına gedib,
həkimə heç bir ödəniş etmədən resept yazdıra bilərlər. Digər tərəfdən, vacib
deyil ki, temperaturu qalxan adam mütləq "smes” vurdursun. Bunun üçün
apteklərdə reseptsiz satılan dərman vasitələri var. Məsələn, onlardan ən
məsləhətlisi paracetamoldur. Həm reseptsiz satılır, həm də heç bir əks təsir
qorxusu yoxdur. Rahatlıqla alıb qəbul edə bilərsiniz. Amma əgər vəziyyət daha
ağırdırsa, bu zaman mütləq şəkildə həkimə müraciət olunmalıdır. Özbaşına
hansısa xəstəyə "smes” vurmaq olmaz”.
Elektron
reseptlərdən danışan müsahibimiz bildirdi ki, onlar ölkədəki dərman
dövriyyəsini ölçmək üçündür: "Hələ ki, elektron resept sisteminə tam
keçilməyib. Elektron reseptlərin tətbiqindəki əsas məqsəd, dərmanların ölkə
üzrə dövriyyəsinə nəzarət etməkdir. Yazılan bütün reseptlər elektron bazaya
köçürülür və dərmanların siyahısı tutulur və istifadəlilik səviyyəsi ölçülür”.
Günel
Azadə
