• cümə axşamı, 28 mart, 23:40
  • Baku Bakı 13°C

Qiyməti hər gün “yanan” qaz - TƏHLİL

16.10.21 11:30 737
Qiyməti hər gün “yanan” qaz - TƏHLİL
Ekspertlərin fikrincə, qarşıdakı illərdə təbii qaza olan tələbat artacaq. Tələbat artdıqca qiymətlər də mərhələli şəkildə yüksələcək. O zaman Azərbaycan da ixracından əlavə gəlirlər əldə edəcək.
2021-ci ilin aprelindən etibarən Avropada qazın qiymətləri artmağa başladı. Apreldə 1000 kubmetrinin qiyməti 200 dollardan bir qədər yüksək olan rəqəmlər payıza doğru təqribən 1900 dollara qədər yüksəldi. Bu müddətdə qiymətlərin tez-tez dəyişdiyini də müşahidə etdik. Oktyabrın əvvəllərində isə təxminən 50 faiz qiymət düşməsi yaşandı. Ancaq bir neçə gün sonra yenə də qiymətlərdə artım qeydə alınmağa başlayıb. Son rəqəmlərə görə, (oktyabrın 14-ü) Avropada qazın 1000 kubmetrinin qiyməti 1230 ABŞ dollarına çatıb. Bəs dünya bazarında qazın qiymətinin bahalaşmasının səbəbi nədir?
Qiymətlərdəki qeyri-sabitlik
Neft araşdırmaları mərkəzinin rəhbəri İlham Şaban bildirir ki, qazın qiyməti, demək olar ki, hər gün dəyişir: "Dünya bazarında oktyabrın 4-dən enerji məhsullarının - istər neft, istər qazın qiymətində növbəti artımları müşahidə edirik. Oktyabrın 6-da qaz 1900 dollar maksimum qiymətinə çatdı, sonra isə 1000 dollara qədər ucuzlaşdı. Bu da onu göstərir ki, hərraclarda qazın qiymətində qeyri-stabillik mövcuddur”.
Səbəblər
Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyevdeyir ki, zəif qaz tədarükü, enerji təhlükəsizliyi ilə bağlı elementlərin pozulması, yeraltı qaz anbarlarında normadan aşağı qaz həcmlərinin yığılması, tələbat qarşılığında tədarükün zəifliyi dünya bazarında qaz qiymətlərinin kifayət qədər artmasına səbəb oldu: "Norveçin "Statoil” və Rusiyanın "Qazprom” şirkətləri Avropanın əsas qaz təchizatçılarıdır. Bu il "Qazprom” yalnız uzunmüddətli müqavilələr əsasında qaz tədarük planını həyata keçirir və Avropa şirkətlərinə əlavə qazın satılmasına tərəddüd edir. Buna görə də, "Qazprom” avqust ayında reklam ticarət platformasının fəaliyyətini 2023-cü ilin əvvəlinə kimi bağlı elan etdi. Sıxılmış təbii qaz Asiya bazarlarına yönəldiyi üçün Avropaya qaz həcmlərinin daxil olması azalıb. Avropanın qaz bazarlarında yaranmış ajiotaj bu səbəblərlə bağlıdır”.
İllərə görə dəyişən artım
İlham Şabanın sözlərinə görə, enerjiyə tələbatın yaranması da qiymətlərə təsir göstərdi: "Ötən il həm pandemiya ilə əlaqədar, həm də yay və qış mülayim keçdiyi üçün enerjiyə tələbat kəskin azalmışdı. 2021-ci ildə qış dövrü uzun çəkdi, yay əvvəlki illərə nisbətən isti keçdi. Bunun nəticəsində də, enerjiyə tələbat yarandı. Tələbatın çox olması da qiymətləri artıran səbəblərdəndir”.
"Bizə təsir etmir”
Zəfər Vəliyevin sözlərinə görə, Azərbaycan Avropanın bir çox ölkələrinə uzunmüddətli müqavilələrlə qaz ixrac edir: "Uzun illərdir Gürcüstan və Türkiyənin qaz bazarında iştirak edir, bu ölkələrdə qaza olan tələbatın 96 faizini ödəyirik. 2020-ci ildən Yunanıstan və İtaliyaya da qaz ixrac edirik. Bizim müqavilələr uzunmüddətli olduğuna görə, fyuçers bazarlarındakı qiymətlər bizə təsir etmir”.
Azərbaycana təsiri
İlham Şaban bildirir ki, Azərbaycanın bu artımlardan əldə etdiyi gəlirlə bağlı dəqiq rəqəmləri dövlət açıqlaya bilər: "Biz Avropanın 3 ölkəsinə qaz satırıq. Avropada qazın qiyməti artıbsa, demək, qazımızın qiyməti, həmçinin, gəlirimiz də artmalıdır. Biz qazı uzunmüddətli - 25 illik müqavilə əsasında Avropa şirkətlərinə satırıq. Müqavilədə qazın qiyməti göstərilmir, qiymət formulu öz əksini tapır. Azərbaycan qazını Azərbaycan Qaz İxrac şirkəti satır. Gəlir hökumətin əlində olduğu üçün qiymətləri ancaq hökumət açıqlaya bilər. Ona görə də, biz ancaq gümanlar əsasında danışa bilərik. Çünki kənardan bunu görə bilmirik”.
Gələcəkdə qazın vəziyyəti
Z.Vəliyev deyir ki, təbii qaz daha ziyansız olduğu üçün gələcəkdə həm tələbat, həm qiymət artacaq: "Qarşıdakı illərdə təbii qaza olan tələbat indiki və bir il əvvəlki illə müqayisədə artacaq. Çünki təbii qaz ekoloji cəhətdən daha təmiz yanacaq növüdür və ətraf mühitə mənfi təsiri elə də yüksək deyil. Tələbat artdıqca qiymətlər də mərhələli şəkildə yüksələcək. O zaman Azərbaycan da ixrac həcmlərindən əlavə gəlirlər əldə edəcək”.
Fikir ayrılığının nəticəsi
Zəfər Vəliyev bildirir ki, qaz qiymətlərinin bahalaşmasında ölkələr arasında baş verən münaqişələrin də rolu var: "Avropanın özündə enerji təhlükəsizliyinin təmin edilməsi, vahid enerji ittifaqının yaradılması, yanacaq ehtiyatlarının vahid bazasının formalaşdırılması və digər məsələlərlə bağlı müəyyən fikir ayrılıqları var”.
Siyasi proseslər
İlham Şabanın sözlərinə görə, istər qlobal hasilatçılar, istərsə də istehsalçılar arasında daim mülayim ab-hava, stabillik olmalıdır ki, qiymətlər də normal qalsın: "Hansısa siyasi gərginlik yaşananda enerji məhsullarının və xammalın qiymətində öz əksini tapır. Hamıya bəllidir ki, Qərblə Rusiya arasında bir çox strateji baxışlara görə fikir ayrılıqları, gərginlik var. O cümlədən də Amerika Birləşmiş Ştatları və Rusiya arasında da müəyyən siyasi proseslər mövcuddur. Belə anlaşılmazlıqlar özünü qazın qiymətinin qalxmasında da göstərir”.
Artım nə qədər davam edəcək?
İlham Şaban deyir ki, qış mövsümünün bitməsini gözləməliyik: "İlkin görünən budur ki, yaxın zamanda qazın qiymətinin öz məcrasına qayıtması mümkün deyil. Ümumən, bütün bu vəziyyətdən çıxış kimi Avropada qış mövsümünün başa çatmasını gözləmək lazımdır”.
Zərif Salmanlı
banner

Oxşar Xəbərlər