• çərşənbə axşamı, 19 mart, 08:06
  • Baku Bakı 8°C

Qələbə və inkişafa yönəlmiş düzgün siyasət bizi vahid məqsədə çatdırdı

28.07.21 17:15 545
Qələbə və inkişafa yönəlmiş düzgün siyasət bizi vahid məqsədə çatdırdı
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı böyük Qələbəyə son 10 ilin siyasi və diplomatik uğurları prizmasından yanaşmaq daha məqsədəuyğundur. Azərbaycan 2010-2020-ci illərdə vahid məqsəd - ərazi bütövlüyü uğrunda bütün imkanlarını səfərbər etdi. Azərbaycanın ərazi bütövlüyü uğrunda beynəlxalq miqyasda qəbul olunmuş mühüm qərarlara və qazanılmış nailiyyətlərə xüsusi nəzər salmaq yerinə düşür.
BunuAZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Deputat qeyd edib ki, bu müddətdə Ermənistanın işğalçı və qeyri-konstruktiv siyasəti ilə bağlı beynəlxalq müstəvidə hədəflənmiş siyasət həyata keçirildi, ən əsası hüquqi baza möhkəmləndirildi. Azərbaycanın ərazi bütövlüyü və münaqişəyə dair beynəlxalq miqyasda qəbul olunmuş mühüm qərarların sayı artdı. Təsadüfi deyil ki, 2010-2020-ci illərdə Avropa Parlamenti tərəfindən Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını əks etdirən 7 qərar, 2 tövsiyə qəbul edildi. Həmçinin NATO-nun Zirvə toplantısında qəbul olunan yekun Bəyanat, Qoşulmama Hərəkatının çoxsaylı yekun aktları və kommünikeləri də daxil olmaqla, onlarla hüquqi sənəddə Azərbaycanın haqlı mövqeyinə dəstək ifadə olundu. Dünyanın 16 ölkəsi, Şotlandiya və ABŞ-ın 20-dən çox ştatı Xocalı soyqırımı ilə bağlı xüsusi sənəd qəbul etdi. Dünya Azərbaycan həqiqətləri ilə daha yaxından tanış oldu. Bu müddətdə ikili standartlar, ermənipərəst mövqe sərgiləyənlər də az olmadı.
K.Nurullayeva vurğulayıb ki, bütün maneələrə baxmayaraq, Azərbaycan bu mürəkkəb dövrdə bütün əzmi ilə mübarizə apardı. Bu müddətdə rəsmi Bakı öz prinsipial mövqeyindən bir addım da geri çəkilmədi. Azərbaycanın ərazi bütövlüyü məsələsi ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə baş tutan görüşlərdə heç vaxt müzakirə və mübahisə mövzusu olmadı. Azərbaycan Prezidenti öz qətiyyəti ilə buna imkan vermədi. Ermənistanın işğalçı və qeyri-konstruktiv siyasəti "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyası (2019), MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən Zirvə görüşü (2019), Münhen Təhlükəsizlik Konfransında (2020) və s.) Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ifşa olundu.
Paralel olaraq, ölkəmizdə ordu quruculuğu sahəsində təkmilləşmə və geniş islahatlar həyata keçirildi. Müdafiə potensialı gücləndirildi, müdafiə sənayesi inkişaf etdirildi. Azərbaycan regionda ən böyük müdafiə büdcəsinə malik olan ölkə olaraq müasir dövrün çağırışlarına cavab verən, yeni texnologiyalarla hazırlanmış müdafiə məmulatları əldə etdi. Bu illər ərzində mindən çox müdafiə təyinatlı məmulat istehsal edildi. Ölkəmizdə böyük nüfuza malik ADEX Müdafiə Sənayesi sərgiləri təşkil olundu. Aparıcı dövlətlərlə hərbi, müdafiə və təhlükəsizlik sahəsində səmərəli əməkdaşlıq quruldu. Eyni zamanda, 2010-2020-ci illər üzrə ordu quruculuğu sahəsində təşkilat-ştat strukturunun təkmilləşdirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitlərinin və maddi vəziyyətlərinin yaxşılaşdırılması, yeni poliqonların inşası, şəxsi heyətin döyüş hazırlığının gücləndirilməsi, ölkə daxilində və xaricdə təşkil edilmiş təlimlərdə iştirak vaxtında və hədəfə yönələn addımlar idi”.
Deputat vurğulayıb ki, görülən kompleks işlərin nəticəsi idi ki, 2016-cı ildə regionun ən güclü, dünyanın 50 ən güclü ordusundan biri olan - Azərbaycan Silahlı Qüvvələri uğurlu Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsinə, eyni zamanda, 2018-ci ildə Günnüt zəfərinə nail oldu. Beləliklə, Ermənistanın müdafiə dayaqları sarsıdıldı. Erməni Ordusu haqqında bu illər ərzində formalaşan mif darmadağın oldu. Bu reallıqlar böyük Qələbəni hər gün daha çox yaxınlaşdırırdı. Erməni təxribatları çevik və dəqiq zərbələrlə zərərsizləşdirilir, düşmənin dayaq nöqtələri məhv edilirdi. 2020-ci il sentyabrın 27-də düşmən təxribatına qarşı həyata keçirilən əks-hücum əməliyyatı isə böyük Qələbə ilə yekunlaşdı.
"Azərbaycan 30 illik işğala 44 gün ərzində son qoydu. Ərazi bütövlüyümüzün bərpası ilə tarixi ədalət də bərpa olundu. Prezident İlham Əliyevin qətiyyətli, prinsipial siyasət yürütməsi, əzm və iradə nümayiş etdirməsi, ölçülmüş, düzgün addımları tarixi Qələbəmizi şərtləndirdi. Qələbə və inkişafa yönəlmiş düzgün siyasət bizi vahid məqsədə çatdırdı”, - deyə Könül Nurullayeva bildirib.
banner

Oxşar Xəbərlər