• şənbə, 20 Aprel, 11:14
  • Baku Bakı 14°C

Qəhvədə aşkarlanmış təhlükə ilə bağlı xəbərdarlıq edildi

11.06.22 19:15 751
Qəhvədə aşkarlanmış təhlükə ilə bağlı xəbərdarlıq edildi

Almaniyanın istehlakçıların hüquqlarının qorunması və qida məhsullarının təhlükəsizliyi üzrə Federal İdarəsi ölkənin əksər KİV-i vasitəsilə “Aldi Nord” markalı həll edilə bilən qəhvədə aşkarlanmış təhlükə ilə bağlı təcili xəbərdarlıq göndərib.

AZƏRTAC xəbər verir ki, idarə bu içkinin həvəskarlarını onların ALDİ mağazalar şəbəkəsində aldıqları eyniadlı markalı qəhvədə sınmış şüşə qırıntılarının ola bilməsi barədə xəbərdar edib. Şüşə qırıntıları insanın həzm sistemi üçün çox təhlükəli ola bilər və tüpürcək ifrazının artması, ürəkbulanma, qanaxma, nəfəs darlığı, mədədə ağrı kimi əlamətlər yarada bilər. Welt24 portalı bildirib ki, bu gün səhər saatlarından etibarən “Aldi Nord” markalı qəhvə artıq mağazalar şəbəkəsinin rəflərində yoxdur.

Mümkün təhlükə barədə daxil olan məlumatdan dərhal sonra istehsalçı “ALDİ”nin ticarət tərəfdaşı ilə birlikdə dərhal reaksiya verib və məhsulu satışdan çıxarıb.

2020-ci ildən etibarən almanların adambaşına düşən qəhvə istehlakı 168 litrdən 169 litrə qədər artıb ki, bu da iki il əvvəlki statistik göstəricilərlə müqayisədə təxminən 500 milyon fincan artımı deməkdir.

Mağazalara qaytarılan qəhvə ya başqa markalı analoji məhsulla əvəzlənə bilər, ya da müştəri satış zamanı ödədiyi pulu geri alacaq və üzrxahlıq kimi hansısa hədiyyəni əldə edəcək. Geri çağırılan qəhvənin qaytarılması zamanı çek təqdim etmək lazım deyil, çünki bu məhsul yalnız ALDİ şəbəkəsində satılıb. Malı geri qaytarmaq kifayətdir.

banner

Oxşar Xəbərlər