Qəbələ, Quba, İsmayıllı, Dubay, Antalya...

Artıq Novruz bayramına sayılı günlər qalıb. İnsanlar istirahət günlərini xüsusi və yaddaqalan
etmək üçün həm ölkə xarici, həm də ölkə daxilində səyahət etməyi planlaşdırırlar.
Bəs Azərbaycanda əhali istirahət və bayram günlərini daha çox harada qeyd edəcək?
Suallarımıza cavab tapmaq üçün turizm şirkətləri ilə əlaqə saxladıq.
Ölkə daxilində
qiymətlər bahadır
Omega Turizm
şirkətinin əməkdaşı
deyir ki, artıq istirahət günlərində ölkənin turizm obyektlərində yer tapmaq
mümkün deyil: "Ölkə daxilindəki turizm obyektlərində yerlər dolub. Özü də ölkə
xarici ilə müqayisə etdikdə, daxilində qiymətlər bahadır”.
Həmsöhbətimiz bildirdi ki, turizm şirkətində xaricə
sifariş verənlərin əksəriyyəti Türkiyəyə, Gürcüstana, Dubaya gedir: "Ölkə
daxilində yerlərin tez dolması yüksək göstəricilərə görə yox, turizm obyektlərinin
az olmasına görədir. İnsanların əksəriyyəti hər il olduğu kimi bu il də nisbətən
ucuz başa gəldiyi üçün xarici ölkələrə üz tuturlar”.
Dream Travel Agency-dən qəzetimizə
verilən məlumata görə, 1-2 günlük istirahət üçün ölkə daxili sərfəlidir:
"İnsanların ölkə daxilində və xaricdə istirahət etməsi istirahət günlərinin
sayından asılıdır. 1-2 günlük istirahət etmək istəyənlər üçün ölkə daxili sərfəlidir.
Amma 1 həftədən artıq istirahət etmək istəyənlər xarici ölkələrə üstünlük verirlər.
İstirahət üçün seçilən isə daha çox Türkiyə və Avropa ölkələridir”.
İntoursit
travel-in əməkdaşı
deyir ki, xaricə müraciət edənlər Türkiyə və Dubayı seçirlər: "Xarici ölkəyə
gedənlər əsasən 1 ay öncədən sifariş verirlər. Amma bayram günlərində istirahət
üçün insanlar şimal, şimal-qərb bölgələrini seçirlər. Əsasən Quba, Qusar, Qax,
Qəbələyə üz tuturlar”.
İnsanlar istirahət
üçün Göy gölü seçirlər
VİP Travel
daxili turizm departamentinin rəhbəri Əli Salayev deyir ki, son
zamanlar insanlar istirahət üçün daha çox "Göy-göl”ü seçirlər. Həmsöhbətimizin
sözlərinə görə, ötən illərlə müqayisədə ölkə daxilində istirahət etmək istəyənlərin
sayı artıb: "Azərbaycanda xarici turistlərin və öz vətəndaşlarımızın daha çox
üz tutuqları yer Qəbələ, Şəki, Qusar və Göy göldür. Ötən illərə nisbətən öz ölkəmizdə
istirahət etmək istəyənlərin sayı çoxalıb. Amma yay mövsümündə insanlar daha
çox xarici ölkələrə üz tuturlar. Avropa ölkələrində viza tələb edildiyinə görə
getmək çətin olur. Qardaş ölkə Türkiyədə - Antalya Bodrum, Gürcüstanda Batumiyə
üz tuturlar. Qış vaxtı isə ən çox tələbat isti ölkələrə, xüsusilə də Dubaya olur”.
Tempus Travel
Baku-dan verilən məlumata görə isə ölkə daxilində istirahət etmək istəyənlər azdır: "Azərbaycanlılar
Novruz bayramını qeyd etmək üçün daha çox İstanbula və Dubaya üz tuturlar. Ölkə
daxilində isə Qəbələ, Şəki və İsmayıllı
rayonlarında istirahətə üstünlük verirlər. Amma müqayisə etdikdə görürük ki,
insanlar istirahət etmək üçün daha çox xaricə gedirlər”.
Master
Travel-in da müştəriləri
daha çox xaricə getmək üçün müraciət edirlər: "Bizim şirkətə daha çox Dubaya,
Misirə, Türkiyəyə getmək üçün müraciət edirlər. Ölkə daxilinə müraciət isə ötən
illərə nisbətən azdır. Novruz bayramını Azərbaycanda qeyd etmək istəyən həmvətənlərimiz
daha çox Şamaxı, Qəbələ, İsmayıllı, Qax rayonlarına üz tuturlar”.
Turizm şirkətləri deyir ki, əhalinin xaricdə
istirahətə üstünlük verməsinin əsas səbəbi ölkədə birgünlük istirahətin qiyməti
ilə xarici ölkələrdə bir həftə istirahət etməyin eyni qiymətdə olmasıdır. Maraqlıdır,
Novruz bayramını xaricdə və Azərbaycanda qeyd etmək neçəyə başa gəlir? Əvvəlcə
ölkə xaricindən başlayaq...
Xaricdə
istirahət neçəyə başa gəlir?
Novruz bayramında Amsterdam turu bir nəfər üçün 864 manata başa gəlir. Qiymətə 5 gün,
6 gecə mehmanxanada gecələmə,b gündə l dəfə qidalanma və sığorta daxildir. Aviabilet
və viza isə əlavə ödənilir.
Bayramı Gürcüstanda
keçirmək istəyənlər 3 gecə, 4 gün üçün 287 manat ödəməlidirlər. Amma Bakı-Tbilisi-Bakı
istiqamətində nəqliyyat xidmətləri qiymətə daxil deyil. Qiymətə ekskursiyalar
zamanı nəqliyyat xidməti, rusdilli bələdçi, restoranda bayram yeməyi və səhər
yeməyi daxildir.
Antalya turu isə 4 gecə 5 gün üçün 542 manatdır. Qiymətə 4 gecə 5 gün gecələmə,
qidalanma və aviabilet daxildir.
Azərbaycanlıların bayram günlərini keçirmək üçün ən
çox üz tutduğu şəhərlərdən biri də Dubaydır.
Dubayda 3 gecə 4 gün istirahət etmək üçün 503 AZN ödəməlisiniz. Qiymətə aviabilet,
oteldə gecələmə, sığorta, qidalanma (səhər yeməyi) və transfer daxildir.
Çox insanın xəyalı Hindistana səfər etməkdir. Bayramı Hindistanda keçirmək istəyənlər
6 gün 7 gecə üçün 2109 manat ödəməlidirlər. Viza rüsumu isə əlavə olaraq 40
dollardır. Qiymətə gecələmə və aviabilet səhər yeməyi daxildir.
Bəs ölkə
daxilində qiymətlər necədir?
Şəmkir
Excelsior Hoteldə
3 gün 4 gecə gecələmək 225 manata başa gəlir. Qiymətə 3 gecə 4 gün oteldə gecələmə,
səhər və şam yeməyi, Jasmin Spa`dan istifadə, qatarla şəhər və Annenfeld
ekskursiyası, qala gecəsi və Dj şou proqram, Tonqal ətrafında möhtəşəm atəşfəşanlıq,
kosa və keçəl əyləncəli şou proqram daxildir.
Şamaxı Şirvan Hotelə 2 gecə üçün 140 AZN ödəməlisiniz. Qiymətə 2
gecə oteldə gecələmə, gündə 3 dəfə qidalanma, qala şou, Diskoteka Dj-ilə, hovuz,
SPA, Fitnes, kino klub, Sakit göl tətil məkanına ödənişsiz vəsiqə daxildir.
Şəkidə 2 gün istirahət 195 manatdır. Qiymətə komfortlu nəqliyyat,
hoteldə gecələmə, qidalanma, yemək zamanı canlı musiqi, kosa və keçəl, qapalı
hovuz, türk hamamı, sauna, fitness mərkəzindən istifadə, diskoteka daxildir.
Quba - Qusar
- Laza turu 1 gecə
üçün 95 manatdır.
Şəki - Qax -
Zaqatala-Balakən turu
2 gecə, 3 gün üçün 245 manatdır. Qiymətə nəqliyyat, oteldə gecələmə, qidalanma,
bələdçi xidməti, foto çəkiliş daxildir.
Tarix
yaxınlaşdıqca, qiymət qalxır
Şamaxı Sakit göl
turu isə 3 gün
üçün 690 AZN təşkil edir. Əgər bu turda iştirak etmək istəyirsinizsə nəzərə
alın ki, tarix yaxınlaşdıqca qiymət də qalxır. Qiymətə oteldə gecələmə, səhər
yeməyi, JAZZ musiqi, SPA və fitness, hovuz, türk hamamı və kino klub daxildir.
Bayramda istirahət günlərini evinizdən kənarda –
xaricdə və ya ölkə daxilində keçirmək istəyirsinizsə, cibiniz dolu olmalıdır.
Amma unutmayın ki, gəzməyə qürbət ölkə, ölməyə vətən yaxşıdır...
Aygün ƏZİZ
