“Qarşıdakı iki on günlük çox təhlükəli dövrdür!”
Hacı Abbas Bağırov: "Bu müddət ərzində
koronavirusdan kim qoruna bilsə, sağlamlığını təmin etmiş olacaq”
Ümumdünya
Səhiyyə Təşkilatı (ÜST) martın 11-də COVID-19 xəstəliyinə səbəb olan yeni
koronovirusun yayılmasını pandemiya elan edib. Təşkilatın son məlumatına görə,
artıq dünyada 860 min yoluxma və 42 min 344 ölüm faktı qeydə alınıb. Azərbaycan
Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın aprelin 1-ə olan məlumatına
görə, ölkəmizdə koronavirus infeksiyasına 61 yeni yoluxma faktı qeydə alınıb və
həmin şəxslər dərhal xüsusi rejimli xəstəxanalara yerləşdirilib. Ümumilikdə
indiyə qədər Azərbaycanda koronavirus infeksiyasına 359 şəxs yoluxub. Onlardan
26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər həyatını itirib! Virusa yoluxan 328
nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən
7-nin vəziyyəti ağır, 17 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin
səhhəti stabildir. Ölkəmizdə müxtəlif karantin zonalarına yerləşdirilən 4518 nəfərin
müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Prezident İlham Əliyev
bu xəstəliyə qarşı ölkəmizdə ciddi mübarizə aparıldığını bəyan edib. Eyni
zamanda vurğulayıb ki, martın 31-dən etibarən qüvvəyə minmiş məhdudlaşdırıcı tədbirlərə
hər bir vətəndaş ciddi əməl etməlidir. O, qeyd edib ki, insanlar özlərini məsuliyyətli
apararlarsa, özünütəcrid qaydalarına əməl edərlərsə, Azərbaycanda bu xəstəliyin
geniş yayılmasının qarşısı alına bilər. Mövzu ilə bağlı "Kaspi”nin suallarını "Qələbə”
Tibb Mərkəzi MMC -nin direktoru, tibb üzrə fəlsəfə doktoru Hacı Abbas Bağırovcavablandırır.
- Abbas həkim, ötən gün Prezident İlham
Əliyevin iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən səsləndirdiyi
fikirlərdən, eyni zamanda Operativ Qərargahın hər gün açıqladığı məlumatdan belə
aydın olur ki, koronavirusla bağlı vəziyyət ən pis ssenari üzrə inkişaf edir və
məsuliyyətsiz davranılacağı, qaydalara riayət olunmayacağı təqdirdə daha da
pisləşə bilər! Həkim, provizor olaraq bu barədə Siz nə düşünürsünüz?
- Bəşər
tarixinin bütün dönəmlərində insanlar, ən çox əhəmiyyət vermədikləri məsələlərin
fəsadlarından daha çox zərər görüblər. Bu baxımdan bu gün də məlum virus
infeksiyasına qarşı həssas yanaşmayanların məsuliyyətsizliklərinin bəlasını həssas
yanaşanlar da çəkməli olacaq. Təbabətdə indiyədək mövcud olan bütün xəstəliklərin
meydana gəlməsində sosial-iqtisadi, irsi faktorların rol oynaması təsdiqini
tapmışdır. COVİD 19 infeksiyası nadir xəstəlik
növlərindəndir ki, yoluxmada bu amillər heç bir rol oynamır. Heç bir kəsin bu
infeksiyaya yoluxmayacağına dair zəmanət yoxdur!COVİD 19
virusu çox sürətlə yayılır ki, təhlükəlilik dərəcəsini məhz bu amil müəyyənləşdirir.
Bir virus kapsidi içərisində fərqli zülali strukturlara malik üç RNT zənciri
saxlayır. Bu struktur vaksin hazırlanması prosesinə xeyli çətinlik törədir. Bir
müddət öncə dəfələrlə xəbərdarlıqlar etməyimizə baxmayaraq, əhalimizin bir
qisminin keçən müddət ərzində məsuliyyətsiz
davranışı və biganəliyi sayəsində Azərbaycanda infeksiyanın yayılması daha
geniş vüsət almışdır! Ona görə də bir
daha qeyd edirik ki, "Evdə qal!” çağırışının mahiyyəti təkcə xəstələnməməyə
çağırış deyil, eyni zamanda tibb
personalının vaxtında və operativ tədbir görməsi üçün münbitlik statusunun
yaradılmasıdır. Əgər bu pandemiyanın yayılma tempi total xarakter alarsa, birmənalı
olaraq tibb işçiləri müalicə- profilaktika tədbirlərinin görülməsində aciz
qalacaq!Diqqətinizə çatdırım ki, kütləvi yoluxmaların
ağırlaşmalarının qarşısında hətta özlərini dünyanın super gücləri hesab edib,
tanıdan böyük ölkələr belə COVİD 19-la mübarizədə ən zəif durumdadırlar. Məhz bu kimi səbəbləri
nəzərə alaraq evdə qalmağın bir üstünlüyü də kütləvi yoluxmanın törədəcəyi dəhşətli
situasiyaların amplitudasını azaltmaqdır.
- Operativ Qərargahın hər gün yaydığı məlumatlarda
yoluxma sayının artmasına dair rəqəmlərin olduğunu nəzərə alsaq, hazırda ölkənin,
o cümlədən vətəndaşların real təhkükə mərhələsinə qədəm qoyduğunu deyə bilərikmi?
- Hər
bir infeksiyanın, o cümlədən virus infeksiyasının orqanizmə yoluxma (fiksasiya
olunma) dövründən, onun törətdiyi patologiyanın ilkin əlamətlərinin ortaya
çıxdığı dövrə qədər olan müddət vardır ki, bu müddət inkubasiya dövrü
adlanır. İnkubasiya dövrü müxtəlif
infeksiyaların törədicilərinin morfoloji quruluşundan, zülal strukturlarından,
yapışdığı orqanizmin immun statusundan asılı olaraq, fərqli dövrlər ərzində müəyyən olunur. COVİD
19-un inkubasiya dövrü iki, üç həftəlik bir zaman içərisində tamamlanır. Ölkəmizin
sərhədlərini keçdiyi dövrdən başlayaraq, aktiv yayılma dövrünə qədər olan vaxt
mart ayının sonuncu on günlüyünü əhatə edirdi. Ondan sonrakı dövr isə aktiv
yayılma dövrünün totallaşması mərhələsidir. Yəni qarşıdakı iki on günlük çox təhlükəli
dövrdür!Kim
qarşıdakı bü dövrdə yoluxmadan qoruna bilsə, sağlamlığını təmin etmiş olacaq!Təəssüf ki, keçən on günlükdə tamamilə
ehtiyatlı olmaq zərurətini əhalimiz unutdu. Bu kimi bir çox səbəbləri incələyərək
hesab edirəm ki, izolyasiya olunmuş xəstələrin müalicəsinin aparılmasında, tibb
personalının müalicə- reanimasiya tədbirləri görməsində, ekstremal vəziyyətlərdə
kadr potensialının sayca yetərli olmasının nəzərə alınmasında yeganə amil sürətli
yoluxma riskinin qarşısına sədd çəkməkdir!
- Dünya ölkələrinin bir çoxunda koronovirusa
yoluxma və ölümlərin sayı artır! Azərbaycanda isə hələlik bu xəstəlikdən cəmi 5
nəfər ölüb, virusa yoluxma və ölüm sayının bundan sonra çoxalacağı ehtimalı
varmı?
- COVİD
19-un 10 yaşadək olan uşaqları yoluxdurma və letallıq göstəriciləri yüksək
deyil, həmçinin 20 yaşadak olan yeniyetmələrdə təhlükə qalır, fəqət dözümlülük
də qeyd edilməkdədir.Erkən yaşlarda oğlan uşaqlarının yoluxması, onların
reproduktiv(nəsiltörətmə) sistemlərində problemlər yaratması ehtimalı böyükdür!
İyirmi yaşdan altmış altı yaşadək dövrlərdə yanaşı gedən xəstəlikləri izlənən pasiyentlərdə ciddi təhlükə törədə bilir.
Altmış altı yaşdan yuxarı olan şəxslər risk qrupunun real sırasındadırlar.
Göründüyü kimi, müxtəlif yaş dövrlərində ayrı-ayrı göstəricilərlə xarakterizə
olunan əlamətlər müşahidə edilir və yaşa görə letallıq əmsalı da dəyişir. Əsasən
ürək qan-damar, ürək-ağ ciyər, endokrin sistemin və digər sistem xəstəlikləri
olan şəxslərdə sağalma prosesi qənaətbəxş statistik göstəricilərlə uzlaşmır. Əgər
yoluxma diapozonu böyüyərsə, təbii ki, ölüm faizi də artacaq!
- Martın 31-dən etibarən Azərbaycanda yeni məhdudlaşdırıcı
qaydaların tətbiqinə başlanılıb. Məqsəd koronavirusla mübarizədə daha səmərəli
addımların atılması, virusa yoluxma hallarının dinamikasının azaldılmasıdır.
Buna baxmayaraq, bəzi vətəndaşlar yenə məsuliyyətsizlik edir, qaydalara əməl
etməməyə çalışırlar. Fərqində deyillər ki, hər evdən çıxma, hər bir kənar şəxslə
təmas infeksiyaya yoluxma və ölüm riski deməkdir! Bu barədə nə deyə bilərsiniz?
- Bu
infeksiya əsasən hava -damcı yolu və təmas yolu ilə yayılır. Hava- damcı yolu o
deməkdir ki, atmosferdən asılı vəziyyətdə
qalaraq aktiv həyat tərzi keçirən virus koloniyasına istənilən yerdə yoluxmaq
mümkündür. Habelə hansı səthə yapışarsa, oraya fiksasiya olunaraq davamlı risklər yaradır. Deməli, məntiq qanunları ilə
fikirləşsək, təmasda olduğumuz səthlərin, kontakt yaratdığımız fərdlərin sayı
artdıqca, yoluxma təhlükəsi də çoxalmış olur! Odur ki, qarşılaşdığımız, təmasda
olduğumuz fiziki və bioloji obyektlərin sayı artdıqca, yoluxma riskimizin də
adekvat şəkildə artmasına zəmin yaranır!Bütün vətəndaşlarımızın bu həssas məqamda və
məsələdə diqqətli olmasının vicdan borcu, ilahi istəklə uzlaşan bir iman borcu
olmasını unutmamalıyıq. İstənilməyən məsuliyyətsiz davranış, təhlükəyə məhəl
qoymamaq, hər bir qayda pozuntusu, xəstələnərək
öz həyatını, ətrafda olanların həyatını risk altına atmaq deməkdir. Hər
hansı ailənin bir üzvü evdən kənarda, insan sıxlığı olan yerlərdə gəzib-dolaşarkən yüksək yoluxma riskinə məruz qalır, yaxud
yoluxmuş olur. Özünə yoluxdurduğu virus infeksiyasını yaşadığı ailənin içərisinə
daşımaqla digər ailə üzvlərinin də yoluxmasına səbəb olur ! Bu halda təbii ki,
hər beş nəfərdən birində letallıq qeyd alınmasına zəmin yaranır!
- Koronavirusdan qorunmaq üçün vətəndaşların
gigiyenik qaydalara riayət etməsi vacibdir. Bu zaman onlar nələrə xüsusi diqqət
yetirməlidirlər?
- Əgər
bir şəxs yaşadığı evdən bu və ya digər zərurət
üzündən çıxıbsa, qısa zaman ərzində qayıtmaqla, hər kəslə yaxınlıq məsafəsini
qorumaq şərtilə çıxmalı, əlcək və maska geyinməli, geri dönərkən üst paltarlarını, əlcək,
maskasını içəridə yox, bayırda soyunmalıdır! Evin içərisinə ayaqqabılarla girmək
yasaqlanmalıdır! Əlcəklər evdən bayırda tərs üzünə baş barmaqla çıxarılmalıdır,
antiseptik gellərdən, etil spirtindən istifadə olunmaqla dezinfeksiya prosedurları
tez-tez təktarlanmalıdır! Əldə və yaxud görünən dəri səthinin istənilən yerində
zədələmiş bir nahiyə varsa, kontakta "YOX!” deyilməlidir. Əlləri yumadan gözə,
ağıza toxundurmaq olmaz, birdəfəlik
maskalar 4-5 saatdan gec olmayaraq tez- tez dəyişdirilməlidir! Maska yalnız
ağız boşluğunu deyil, həmçinin burun keçəcəyini
də kip qapamalıdır!Dövriyyədə olan pul vasitələrinin
yoluxdurucu amil olması diqqətdə ciddi saxlanılmalıdır! Qızdırma, üşütmə,
öskürmə, asqırma kimi hər hansı əlamətlər ortaya çıxarsa etinasızlıq etmədən
testdən keçilməlidir, yaxud PZR metodu ilə müayinə aparılmalıdır. İmmun
sisteminin qeyri-spesifik stimulyatorlarından, vitaminlərdən, mineral maddələrdən,
təbii meyvələrdən, antioksidantlardan
istifadə olunmaldır. Pəhriz saxlayanlar pəhrizini dayandırsın. Psixoloji
poztivliyi qorumaq mühüm şərtdir. Davamlı stressin immuniteti kəskin zəiflədən
qorxulu faktor olması xüsusilə nəzərə alınmalıdır. Yaşlıların tam təcrid
olunmasının mühümlüyü diqqətdə
saxlanmalıdır. Bir neçə fərdi digər faktorlar da mövcuddur ki, əgər onlar da nəzərə
alınsa, letallıq göstəricilərinin artmasına əhəmiyyətli dərəcədə əngəl törədə
biləcəyik.
- Bütün bunlara etinasız yanaşanlara sözünüz
nədir?
- Etnasızlıq və biganəlik ağılagəlməz fəsadlara
yol aça bilər, bunu heç kim unutmasın! Müşahidələrdən görünür ki, bilik səviyyəsi
yüksək olmayan və əsasən aztəminatlı maddi duruma malik insanlar
asudə gəzib- dolaşmağa daha çox meyl göstərirlər. Milli mentalitetimizin
bəzi formulları gərək Azərbaycanda pandemiyanın artmasına vəsilə olmasın. Bəzən görürük ki,
adi vaxtlarda avtomobil yollarında qaydaları
pozaraq, bir sıra növbə gözlənilməli yerlərdə səbirsiz davranıb özlərini
xüsusi statusda hiss edən, ictimai davranış qaydalarının ölçüsünə məhəl
qoymayan imkanlı vətəndaşlar karantin rejiminə daha məqbul qaydada riayət edirlər.Həyatlarını böyük təhlükəyə ataraq gərgin şəkildə
çalışan tibb işçilərinin fədakarlığını, daxili işlər orqanı əməkdaşlarının
yorulmadan xidmət aparmasını, aidiyyəti qurumların və şəxslərin məntiqi dəvətini,
dövlətin qanunlarına riayət olunmasının
mütləqiyyətini nəzərə alaraq, vətəndaşlarımızı bu virusdan qorunma-mühafizə
işində köməklik göstərməkdə məsuliyyətli
və fəal olmağa dəvət edirəm.
Rufik
İSMAYILOV