AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Qarabağ mövzusu bizim üçün heç zaman tükənməyəcək” - FOTOLAR

“Qarabağ mövzusu bizim üçün heç zaman tükənməyəcək” - FOTOLAR

Müsahibə
10 İyul 2021, 10:00 1333
"BİZ” filminin rejissoru, Bakı Media Mərkəzinin icraçı direktoru Orman Əliyev: "Bir daha əmin oldum ki, bu hissləri toplayıb bir filmdə cəmləşdirmək istəyirəm”
 
"BİZ” filminin Heydər Əliyev Sarayında keçirilən təqdimatı Silahlı Qüvvələr Gününə gözəl töhfələrdən biri oldu. Sənədli filmin pandemiyanın karantin qaydalarına uyğun keçirilən qapalı təqdimatı zaldakı tamaşaçıların yaddaşını yenidən vərəqlədi, onlara sonsuz emosiya, göz yaşı, həyəcan və şanlı ZƏFƏR-dən doğan qürur yaşatdı. Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Azərbaycanfilm” studiyası və Bakı Media Mərkəzinin birgə işi olan "BİZ” sənədli filminin rejissoru, Bakı Media Mərkəzinin icraçı direktoru Orman Əliyevlə söhbətimiz də filmin ideyası, çəkiliş prosesi və Mərkəzin gələcək planları haqqındadır.
 
Emosiyaları tamaşaçıya ötürmək

- Orman müəllim, "BİZ” filmi Vətən Müharibəsindəki böyük Qələbəmizdən sonra tamaşaçılara yenidən böyük qürur və şərəf hissi bəxş elədi, Qarabağ müharibəsi ilə bağlı yaddaşımızı yenidən vərəqlədi. Mən zalda tamaşaçıların böyük ajiotajını hiss elədim, təqdimatdan sonra sosial şəbəkələrdə yazılan emosiya dolu rəyləri oxudum. Bu baxımdan sənədli salnamənin təsir gücü ortadadır. Filmin ideyası necə yarandı, formatı necə düşünüldü?
- 44 günlük Vətən Müharibəsi dövrü hər birimiz üçün gərgin keçdi. Hər bir yaradıcı insan kimi mən də həmin dövrdə nəsə yaratmaq, öz fikrimi bildirmək haqqında düşünürdüm. İnsanların hamısında bir həyəcan olduğunu müşahidə edirdim. Müharibə qəflətən baş verdi və bizim üçün də gözlənilməz  oldu. Həmin vaxt insanlar müxtəlif hisslər keçirirdilər: cəbhədən xəbər gözləyir, rəsmi informasiyaları, sosial medianı səbirsizliklə izləyirdilər. 44 gün bizim üçün həm böyük, həm qısa müddət oldu. Kapitulyasiya aktı imzalanan gecə hər birimiz oyaq idik. Mən cənab Prezidentin çıxışını eşidən kimi dərhal fotoaparatımla küçəyə çıxdım. Həmin gün axşamadək insanlarımızın zəfər sevincini ifadə edən kadrlar çəkdim. Çoxdan duymadığım hislərlə dolu idim. Elə bil xalqda çoxdan qələbə aclığı vardı: insanlar sevinir, fərəhdən ağlayırdılar. Sanki hamı bir-birini tanıyırdı. Sanki hamı eyni ananın övladı idi. Bu cür anlar az olur və onda xalqın birliyini, millətin biri-birinə bağlılığını bütün varlığınla hiss edirsən. Mən bir daha əmin oldum ki, bu emosiyaları tamaşaçıya ötürmək, bu hissləri toplayıb bir filmdə cəmləşdirmək istəyirəm. Məlumdur ki, o vaxt təhlükəsizlik baxımından çəkiliş qrupları, o cümlədən media nümayəndələri cəbhə bölgəsinə buraxılmırdı. Yaradıcı, xüsusən audiovizual insanlar üçün material problemi vardı. İstənilən audiovizual məhsulun da əsası materialdır. Xüsusən sənədli filmin çəkilişi zamanı biz daha çox videogörüntü və sənədli material əsasında işləyirik. Mən "hansı formatdan istifadə edim”, "hadisələri hansı formatda təqdim edim”- deyə çox düşünürdüm. Uzun müddət sosial şəbəkələrdə yayılan materialları, xalq arasında məşhurlaşan videoları izlədim. Bu filmin ideyası da onda yarandı. Mən o dövrdə məşhur olan qəhrəmanları tapmaq, o insanlarla söhbət etmək, onların obrazlarını ekrana gətirmək, video çəkilən vaxt yaşadıqları hissləri bir filmdə toplamaq istədim. Nəticədə "BİZ” filmi alındı.
 


- Filmdə arxa və ön cəbhə arasında körpü yaradan kadrlar var. Müharibə davam edən günlərdə sosial şəbəkələrdə çox statuslar yazıldı, çox videolar paylaşıldı. Hər birində də həyəcan, göz yaşı, emosiya, qürur... Qəhrəmanlarınızı necə seçdiniz? Niyə məhz onlar ekrana gətirildi?
- Əslində materiallar çox idi. Bütün videoları bir filmin xronometrajına yerləşdirmək çox çətin idi. Şübhəsiz, biz müəyyən bir seçim etməli idik. Düzdür, mən bunu tamaşaçıya deyə bilmirəm. Bununla bağlı hərbçilər üçün nəzərdə tutulan qapalı premyerada səhnədən səsləndim. İndi də oxuculara sizin qəzet vasitəsilə yenidən səslənmək imkanım var: filmdə göstərə bilmədiyim qəhrəmanlardan üzr istəyirəm! Çünki o qəhrəmanlar saysız-hesabsızdır. Filmin xronometrajına və digər texniki faktorlara görə bir çox qəhrəmanlardan istifadə edə bilmədik. Format olaraq film öyrəşdiyimiz horizontal görüntüdən deyil, vertikal görüntüdən başlayır. Biz çəkiliş zamanı qəhrəmanlarımızı bir necə kameradan çəkirdik. Onlardan biri - əsas kamera vertikal quraşdırılmış kamera idi. Bu vertikal görüntü ilə biz danışan qəhrəmanları başdan-ayağa kimi göstərə bilirdik. Müasir dövrdə smartfonlar həyatımıza daxil olub və bu, görüntüyə də təsir edir. Fikir vermisinizsə, bu gün sosial şəbəkələrdə yayılan videoların 90 faizi horizontal görüntüdür. Bu sənədli filmlərə, müasir film estetikasına da təsir edir. Artıq klassik kanonlar dəyişir. Öyrəşdiyimiz 16:9 formatı da dəyişir. Bugünkü dövr sənədli filmində əsas, informasiyanı – görüntünü və həmin videofaktı tamaşaçıya çatdırmaqdır. Bunun horizontal və ya vertikal formatda olması fərq eləmir. Bəli, mən bu filmi sıfırdan çəksəydim, sosial şəbəkələrdə yayılmamış görüntülərdən istifadə etməsəydim, yəqin ki, klassik 16:9 horizontal formatında olacaqdı. Ssenaridə bütün emosiyaları qoruyub saxlamaq, danışan insanların görüntüsünü itirməmək istəyirdim. Yaradıcı qrupla daxili müzakirələrimiz zamanı bəzən mənə "gəlin, tamaşaçının fikrini yayındırmayaq” deyirdilər. Fikrimcə, bizim beynimiz çox unikaldır. Əgər eyni zamanda 20 pəncərədən çox görüntüdə eyni dramaturgiya inkişaf edirsə, xüsusi olaraq bir görüntüyə və ya bir pəncərəyə baxmağa ehtiyac yoxdur. Filmdə görüntü olaraq ağır və həyəcan doğuran kadrlar vardı - Bərdənin, Gəncənin və Tərtərin bombalanması ilə bağlı görüntülər. Bunlar videofaktlardır və onların sənədli kinoda, xüsusilə müharibə mövzusundakı kinoda olmalarını vacib hesab edirdim. Sadəcə, uzun müddət təqdimatın formatını axtarırdım: "Bunu necə göstərim ki, tamaşaçı həm baxsın, həm də gələcəkdə kanalı dəyişməsin”- deyə düşünürdüm. Film boyunca musiqi və kadrlara müəllifin müdaxiləsi yoxdur. Yəni müəllifin manipulyasiya edib hansısa effekt yaratmaq fikri yoxdur. Tik-tokda, instagramda, facebook-da insanlar hansı musiqi ilə müşayiət olunubsa, eyni fon musiqisini dəyişmədən, müəllif hüququna qarışmadan istifadə etmişik. Kimsə zövqlü və ya zövqsüz ola bilər, amma vətənpərvərliyə bunun heç bir aidiyyəti yoxdur. Bu formatın çəkilişləri mənim üçün eksperimentlər idi. Həm də ona görə ki, 8 il idi rejissor kimi fəaliyyətimi dayandırmışdım.  8 ildir ki, Bakı Media Mərkəzinə gəlmişəm. O vaxtdan bəri ilk dəfə rejissor kimi bu filmi çəkməyi özümə bir vətəndaşlıq borcu saydım.
 

 
Daha çox tamaşaçı üçün

- Belə bir fikir var ki, "Müharibə haqqında ən yaxşı film həmişə müharibədən sonra çəkilir”. Bu film də müharibədən sonrakı vaxtın məhsuludur. "Tamaşaçıya mesaj” fikrinizə rəğmən siz real faktlar əsasında bədii film də çəkə bilərsiniz. İndiki reallıqda isə maraqlıdır: gerçəyi çatdırmaq baxımından bədii filmlə müqayisədə sənədli filmin fərqi nədir?
- Bu, daha çox mənim özümlə bağlı olan məsələdir. Mən daha çox sənədli film rejissoruyam. Bakı Media Mərkəzinə gəlməmişdən qabaq İctimai Televiziyada çalışırdım və "Carçıfilm” Mərkəzini yaradanlardan biri olmuşam. Ondan əvvəl – "Lider” telekanalında çalışdığım dövrdə "Azərbaycan” redaksiyasında müxtəlif mövzularda 30-dan çox sənədli filmin rejissoru olmuşam. Ruhən sənədli filmə bağlıyam və bu janrı daha çox sevirəm. Bəlkə nə vaxtsa bədii filmə də gələcəyəm. Müharibə mövzusunda - insan fəlakəti ilə bağlı mövzularda çəkmək çətindir. Hesab edirəm ki, bu mövzuda sənədli kinolara çox böyük ehtiyac var. Bəli, müharibə bitib. Müharibədən sonra işləmək həm asandır, həm də iş daha çoxdur. Amma media müharibəsi bitməyib və həmişə davam edəcək. 
 


- "BİZ”in çəkiliş prosesi nə qədər davam etdi?
- Sırf çəkiliş günlərini və montajı daxil etsək, çəkiliş 4 ay davam etdi. Respondentləri tapmağa və arxivləri toplamağa daha çox vaxt getdi. Mən çalışırdım ki, bu dövr ərzində Bakı Media Mərkəzinin fəaliyyəti dayanmasın. Çünki sənədli film üzərində çalışanda materialın içərisində yaşayırsan, amma bununla yanaşı məşğul olmalı olduğun cari işlər də var. Filmdə hər respondent 2-3 dəqiqə danışsa da, çəkiliş prosesində onların hər birinə 2-3 saat vaxt ayrılıb. Bu müddət ərzində elə bil sən o insanın həyatını yaşayırsan, sonra çıxıb cari işlərlə məşğul olursan. Bu, o qədər də asan deyil. Mən buna görə öz komandama təşəkkür edirəm! Onlar mənə böyük dəstək oldular. Komanda işi olmasaydı, mənə çox çətin olardı. Ümumiyyətlə, bu mərkəzdə çalışan insanlar öz sahələrini çox sevən insanlardır. Bizim uğurlu işlərimizin arxasında işimizə məhəbbət dayanır.
 


- Filmin qapalı nümayişi pandemiya şərtlərinə uyğun bəlli bir kütləni əhatə etdi. Sənədli filmin geniş təqdimatı nəzərdə tutulurmu? Filmin festivallarda da nümayişi olacaqmı?
- Əlbəttə, biz əlimizdən gələni edəcəyik ki, film daha çox auditoriya toplasın və daha çox tamaşaçıya çatsın. Bunun üçün resurslar çoxdur. Sadəcə, biz istəyirik ki, pandemiya ilə bağlı karantin qaydaları dəyişməsə, sentyabr-oktyabr aylarında filmin daha geniş təqdimatını təşkil edək. Ondan sonra telekanallarda, kinoteatrlarda nümayişi həyata keçirilsin. Bəli, biz filmin festival həyatını da düşünürük. Filmin Silahlı Qüvvələr Günündə qapalı təqdimatında ölkəmizdə səfərdə olan Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin böyük nümayəndə heyəti iştirak etdi. Onlarla qeyri-rəsmi görüşdə bir neçə festivala dəvət aldıq. Yəqin ki, biz Türkiyədən başlayacağıq. Heç şübhəsiz, filmi bir neçə Avropa festivalına da göndərmək istəyəcəyik. Amma müharibə vaxtı bir sıra Avropa dövlətlərinin ölkəmizə münasibətini də gördük.
 


Şuşa haqqında film

- Bakı Media Mərkəzi işğaldan azad olunan rayonlar haqqında silsilə filmlər çəkməyi planlaşdırırmı?
- Biz bir neçə dəfə həmin ərazilərdə olmuşuq. Unikal materiallarımız var. Xarı bülbül festivalının, Şuşada bayram namazının çəkilişini biz həyata keçirmişik. Qarabağ mövzusu bizim üçün heç zaman tükənməyəcək. Bundan sonra daha çox sənədli, bədii filmlər çəkiləcək, layihələr həyata keçiriləcək. Hazırda Şuşanın alınması ilə bağlı bir sənədli film üzərində çalışırıq. Bəxtimiz gətirdi ki, Şuşa alınandan sonra çəkiliş qrupumuzu ora ezam etməyə icazə verdilər. Qələbədən dərhal sonra bizim çəkiliş qrupu əsgərlərlə birlikdə Şuşaya girib və yaradıcı heyət uzun müddət orda yaşayıb, unikal görüntülər çəkməyə nail olub. Fotoqraf Zaur, rejissor Cavidan və operatorumuz Əli əsgərlərlə bərabər uzun müddət Şuşada susuz vəziyyətdə, işıqsız şəraitdə yaşayıblar. Biz artıq həmin eksklüziv fotolardan istifadə edirik. Hesab edirəm ki, ilin sonuna yeni sənədli filmimiz hazır olacaq. Filmdə Azərbaycan əsgərinin Şuşanı hansı igidliklə azad etməsini, böyük zəfəri necə qazanmasını göstərmək istəyirik.
 


- "BİZ”in təqdimatından sonrakı hissləriniz maraqlıdır...
- Təqdimat günü bir neçə dəfə alqışlar səsləndiyini müşahidə etdim. İnsanlar ağlayır, gülür, sevinirdilər... Çox müsbət enerji aldım. Bir daha öz özümə "Orman, sən öz sənətini unutmamalısan” dedim. Düzdür, bu dövrdə prodüser olaraq ölkəmiz üçün çox vacib sənədli filmlər hazırlamışıq. Amma bir rejissor olaraq bunlar qəribə hisslər idi: "Necə oldu, bu emosiyalara nail oldum?”- deyə film boyu düşünür və buna görə Yaradana şükür edirdim. Çoxdandır belə hisslər yaşamamışdım. Görünür, film boyu nəyisə ötürə bildim ki, o emosiyalar yenidən özümə qayıtdı. Bundan sonra da işimizi bu istiqamətdə davam etdirəcəyik. Qarabağı qaytarmaq istəyimiz göstərdi ki, biz bütöv olmaq üçün çalışmışıq. Biz indi hər an - istər Azərbaycandan kənarda, istər ölkə daxilində həmin bütövlüyü hiss edirik. Bizi "BİZ” edən budur!

Təranə Məhərrəmova