Qarabağ klanını sıradan çıxarmaq istəyirlər

Qarabağ klanını sıradan çıxarmaq istəyirlər

Müsahibə
13 Dekabr 2018, 09:15 4305
Ermənistanda növbədənkənar parlament seçkiləri başa çatsa da, seçki qalmaqalı hələ də davam edir. İnqilabçı baş nazir Nikol Paşinyanın təlimatı əsasında seçkilərin saxtalaşdırılması və onun rəhbərlik etdiyi blokun seçkidən qalib ayrılmasının məhz seçkilərin saxtalaşdırılması nəticəsində mümkün olduğunu indi Ermənistanda da açıq-aydın səsləndirirlər. Paşinyanın qardaşı oğlu. həkimi, hətta bərbərinin belə parlamentə düşməsi inqilabçı Nikolun nə dərəcədə "demokrat" olduğunu bir daha ortaya qoyur. Bəs görəsən Ermənistanda baş tutan növbədənkənar parlament seçkilərindən sonra işğalçı ölkə hansı xətti tutacaq? Daha doğrusu Paşinyanın liderliyində Ermənistan Qərbə, yoxsa Rusiyaya doğru irəliləyəcək? Bu və ya digər məsələlər, eləcə də Ermənistanın bundan sonra hansı xətt yürüdəcəyi, hansı addımları atacağı ilə bağlı yazıçı-publisist, "OLAYLAR" qəzeti və eyniadlı İnformasiya Agentliyinin rəhbəri Yunus Oğuzla söhbətləşdik.

- Yunus bəy, bu günlərdə Ermənistanda növbədənkənar parlament seçkiləri keçirildi və Nikol Paşinyanın rəhbərlik etdiyi blok seçkidən qalib ayrıldı. Kifayət qədər seçki saxtakarlıqları və qanun pozuntuları ilə keçirilən seçkilər əslində demokrat adı ilə hakimiyyətə gətirilən Paşinyanın "demokratikliyini" ortaya qoymuş olmadımı?
- Ermənistanda keçirilən növbədənkənar parlament seçkiləri ilə əlaqədar olaraq mən başqa bir məsələyə diqqət çəkmək istərdim. Belə ki, ermənilər özləri hər dəfə etiraf edirlər ki, Ermənistanda cəmi 2 milyon 900 min əhali var. Ermənilərin əksəriyyəti ölkəni tərk edib gedir. Düzdür, əvvəllər bu statistikanı açıqlamırdılar. Ancaq indi açıqlayırlar və birdən-birə seçkilərdən sonra açıqlama verirlər ki, səsvermədə 2 milyon 600 min nəfər işturak edib. Belə çıxır ki, Ermənistanda seçki yaşına çatmayanların sayı cəmi 300 min nəfərdir? Azərbaycanda 10 milyona yaxın əhali var və onların 5 milyon 300 min nəfərə yaxını səsvermə hüququna malikdir. Adətən ölkə əhalisinin yarısını səsvermə hüququna malik olmayan şəxslər təşkil edir. Ermənistanda isə bu rəqəm 300 min nəfər kimi göstərilir. Faktiki olaraq ya bu statistika saxta, pasifikasiya olunmuş statistikadır, ya da Köçəryandan, Sərkisyandan qalan statistikadır və həmin rəqəmlər əvvəl Köçəryan və Sərkisyana necə sərf edirdisə, indi də Paşinyana sərf edir. Müəyyən fondlar və yardım qurumlarından ianə, maddi yardımların alınmasında həmin statistika mühüm rol oynayır və oynayacaq. Təəssüflər olsun ki, həmin statistikanı Paşinyan da düzəltmədi. Seçkilərdə səsvermə hüququ olan vətəndaşların 39-40 faizinin iştirakı bir daha göstərdi ki, ölkədə statistikada göstərildiyi qədər əhali yoxdur. Digər bir məqama diqqət çəkmək istərdim. Belə ki, xarici ölkələrdə yaşayan Ermənistan vətəndaşlarının seçkilərdə iştirakı barədə də statistika açıqlanmadı. Deyəsən ermənilər xarici ölkələrdə seçki keçirmirlər. Çünki Rusiya, Fransa və digər ölkələrdə kifayət qədər Ermənistan vətəndaşı yaşayır. Bu da bir daha onu sübut edir ki, seçkilərdə kifayətqədər saxtakarlıqlar edilib. Necə olur ki, Türkiyə. Azərbaycan, Rusiya, hətta Orta Asiya respublikalarında belə seçkilər keçiriləndə səfirliklərdə baş tutan seçkilərin nəticələri barədə açıqlamalar verilir. Bu bir daha onu deməyə əsas verir ki, Ermənistanda keçirilən seçkilərdə saxtakarlıqlara yol verilib və həmin saxtakarlıqlar əsasında Nikol Paşinyan qalib olub. Ona görə də Paşinyanın demokrat adı altında qələmə verilməsinə lüzum yoxdur. Sadəcə Paşinyan istədiyi etdi, həyata keçirdi.

- Ancaq seçkilərin əvvəlcə mart ayının sonlarında keçirilməsi nəzərdə tutulurdu
- Əlbəttə, Paşinyan əvvəlcə parlament seçkilərinin mart ayının sonlarında keçirilməsinə razılıq vermişdi. Ancaq görünür onun yaxın ətrafı, başbilənləri Paşinyanı inandıra bildilər ki, mart ayında seçkilərə getsə uduzacaq. Paşinyan da öz növbəsində bütün gücünü ortaya qoydu ki, seçkini dekbar ayında keçirsin. Çünki xalqın hələ eyforiya vaxtıdır. Çünki seçkilər mart ayında keçirilsəydi Paşinyan seçkidən məğlub ayrılacaqdı. Düşünürəm ki, Paşinyanın başbilənləri Amerikanın məsləhətçiləridir. Təsəvvür edin ki. kiçik bir ölkədə Amerikanın səfirliyinin mindən artıq əməkdaşı var. Azərbaycanın 10 milyona yaxın əhalisi olduğu, strateji xətlər ölkəmizdən keçdiyi halda, bütün Qafqazın gözü Azərbaycan olduğu təqdirdə Amerikanın buradakı səfirliyinin heç 500 əməkdaşı yoxdur. Ancaq kiçik bir ölkə olan Ermənistanda Amerika səfirliyinin mindən çox əməkdaşı var. Hələ bu rəısmi rəqəmlərdir. Bunun üzərinə ayrı-ayrı fondlar, təşkilatlarda təmsil olunan şəxsləri də əlavə etsək kifayət qədər rəqəm edir. Elə Paşinyanı qələbə münasibətilə ilk təbrik edən də Amerika Senatı oldu. Ona görə Paşinyana təlimat verdilər ki, seçkiləri dekabrda keçirsin. Çünki xalq qışdan daha da kasıb və narazı halda çıxacaq. Bu da son nəticədə Paşinyan hökumətinə etimadsızlıqla nəticələnəcək. Fakt ondan ibarətdir ki, Paşinyanın simasında qərbyönlü qüvvələr, Avropa və Amerika Ermənistanda qələbə çaldı. Rusiyaya meyilli hesab edilən yalnız cüzi sayda insanlar parlamentə düşə bildi. Bundan sonra isə Rusiya hansı rolu oynayacaq maraqlıdır. Düşünürəm ki, Rusiya heç də sakit durub baxmayacaq və çalışacaq ki, Cənubi Qafqazda yeganə forpostu olan Ermənistanı əlindən buraxmasın. Təbii ki burada oyunlar da gedəcək. 

- Sizcə Paşinyan hansı oyunu oynayacaq?
- Düçünürəm ki, Nikol Paşinyan ikili oyun oynayacaq. Çünki faktiki olaraq Ermənistanın sərhədlərini Rusiya qoruyur. Ölkənin strateji məhsullarını məhz Rusiya Federasiyası verir. Buğdadan tutmuş təbii qaza, enerjiyə qədər bütün bunlar Rusiya tərəfindən təmin edilir. Ancaq Nikol Paşinyan bu ikili oyunu nə zamana qədərə davam etdirəcək, onu zaman göstərəcək.

- Ancaq onu da nəzərə almaq lazımdır ki, Rusiya heç vaxt onunla ikili oyun aparılmasını sevmir
- Təbii. Ancaq onu da nəzərə almaq lazımdır ki Rusiya özü istənilən məsələlərdə hər zaman ikili oyun aparmağı xoşlayıb. Elə Dağlıq Qarabağ məsələsində biz aydın şəkildə görürük ki, Rusiya ikili oyun oynayır. Bir sözlə Rusiyanın Cənubi Qafqazda oynadığı ikili oyunu bundan sonra Ermənistan ona qarşı tətbiq edəcək. Bu zaman isə təbii ki. vəziyyət gərginləşəcək. Çünki Rusiya heç vaxt Ermənistanın belə oyun oynamasını bağışlamaz və buna imkan verməz. Odur ki. düşünürəm yaxın vaxtlarda Cənubi Qafqazda geosiyasi baxımdan kifayət qədər gərginlik olacaq. Bu gərginlik həm Azərbaycan, həm Gürcüstan, həm də ümumilikdə Cənubi Qafqaz regionuna toxunacaq. 

- Bundan sonra Nikol Paşinyanın Dağlıq Qarabağ problemi ilə bağlı hansı mövqedən çıxış edəcəyi maraqlıdır. Bir çoxları iddia edir ki, seçkilərdən qalib ayrılan Paşinyan hakimiyyətdə bir qədər də möhkəmləndiyi üçün Dağlıq Qarabağ problemi ilə bağlı məsələdə daha aqressiv mövqe ortaya qoyacaq. Bununla bağlı sizin fikirləriniz nədən ibarətdir?
- Birmənalı şəkildə deməliyik ki, heç bir erməni Qarabağ məsələsində güzəştə getməyəcək. Qarabağ probleminin həllinin yeganə yolu müharibə ilə torpaqlarımızı azad etməkdir. Düzdür. Problemin həlli istiqamətində sülh yolu əsas vasitə hesab edilir. Ancaq reallıq ondan ibarətdir ki, Ermənistan sülh yolu ilə problemin həllində maraqlı deyil. O başqa məsələdir ki, artıq Ermənistanda ab-hava dəyişir və zamanında Köçəryan və Sərkisyanın formalaşdırdığı Qarabağ klanından ermənilər azad olmaq istəyirlər. Necə ki, Qarabağ klanı zamanında gəlib Ermənistanda hakimiyyətdə oturdu, indi də tamam başqa proses təkrar olunmaqdadır. İstəyirlər ki, Ermənistan klanı gəlib Qarabağda hakimiyyətdə otursun. Ancaq düşünməyin ki, bununla ermənilər işğal etdikləri əraziləri boşaldacaqlar. Bu tamam başqa bir məsələdir. İndi Qarabağ klanını tamamilə vurub uzaqlaşdırmaq istəyirlər. Həm də Qarabağın özündə bu klanı sıradan çıxarmaq istəyirlər. Artıq Qarabağ klanı Ermənistanda elə bir çətin, gərgin vəziyyət yaradıb ki, insanlar özləri belə bu klanı istəmirlər. Hətta bəzi yerlərdə belə söyləyirlər ki, Qarabağ bizim nəyimizə lazımdır. Ancaq onu da deyim ki, bu ermənilərin riyakar siyasətidir. Digər tərəfdən ermənilərin hansısa ölkələrdən gətirilib Qarabağda yerləşdirilməsi özünü doğrultmadı. Çünki Qarabağ klanı Ermənistanda hakimiyyətdə idi. İndi əks istiqamətdə tamam fərqli proses gedəcək və bu zaman nələrin baş verəcəyini zaman göstərəcək.

- Bəs Qarabağ klanının tamamilə hakimiyyət qollarından uzaqlaşdırılması Ermənistanın daxilində necə qarşılanacaq?
- Artıq ermənilər bunu istəyirlər. Ancaq o demək deyil ki, Qarabağı qaytarmaq istəyirlər. Sadəcə Qarabağ klanı hakimiyyətdə olduğu dövrdə Ermənistanda və dünyada o qədər iyrənc işlər görüb ki, artıq ermənilər bu iyrəncliklərdən azad olmaq istəyirlər. Fikir verdinizsə, Robert Köçəryanın ikinci dəfə həbs olunmasına Rusiya belə reaksiya bildirmədi. Bu da onu deməyə əsas verir ki, Qarabağ klanı iç üzünü göstərdi. Hakimiyyət davasında, hakimiyyətin idarə olunması, onun qorunub saxlanmasında Qarabağ klanınan stavka edilməsi ona gətirib çıxardı ki, bu ölkədə əslən ermənistanlı olan qüvvələr hakimiyyətdən uzaqlaşdırıldı. İndi başqa bir məsələ, ordunu dəyişmək problemi ortaya çıxır. Çünki Ermənistan ordusunun əksəriyyəti həm Rusiya, həm də Sərkisyan və Köçəryan meyillidir. Bu zaman təbii ki, Paşinyanla ordunun toqquşması baş verəcək. Faktiki olaraq Nikol Paşinyan bundan sonra 3 məsələni həll etməli olacaq.