“Qanun qəbul olunanda, icra edəcəyik”

"5-ci kursda təhsil alıram. 4-cü kursa qədər təhsil
haqqımı ödəmişəm. Lakin sonra valideynim rəhmətə getdi. Tələbə yoldaşlarımdan bir
valideynini itirən, digər valideyni isə 1 və 2-ci qrup əlil olanların ali
təhsil haqqından tam azad olmalarını, amma bu qərarın 18 yaşadək valideynini
itirənlərə şamil olunduğunu eşitdim” – bu sözləri "Kaspi”yə açıqlamasında Tibb
Universitetinin tələbəsi Cavidan Qafarov dedi.
C.Qafarov təhsil haqqından azad olunması ilə bağlı
ilk olaraq universitetə müraciət edib: "Amma bildirildi ki, qanunvericiliyin
tələblərinə görə, o, 18 yaşına qədər valideynini itirdiyi halda universitetə
qəbul olsaydı, bu zaman təhsil haqqından tam azad olunardı. Mən də bununla
bağlı Konstitutsiya Məhkəməsinə müraciət etdim və qanunda olan bu boşluq təmin
olundu. Həmin qərardan sonra universitetin hüquqşünası bildirdi ki, Konstitutsiya
Məhkəməsinin qərarı Milli Məclisə çıxarılmalıdır. Həmin müddətə kimi isə hər
təhsil müəssisəsi imkan daxilində xərcləri özü ödəməlidir. Düşünürəm ki,
universitetimiz bunu ödəyəcək”.
Beləliklə, Azərbaycanda 18 yaşına çatdıqdan sonra
valideyn dəstəyindən məhrum olan gənclər dövlət ali təhsil müəssisələrində
ödənişli əsaslarla əyani formada təhsillə əlaqədar ixtisaslara qəbul olduqda,
təhsil haqlarından azad ediləcəklər. Xatırladaq ki, bu, Fərhad Abdullayevin
sədrliyi ilə keçirilən Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə
iclasında qəbul edilən qərarda əksini tapıb.
Qərarda deyilir ki, "Valideynlərini itirmiş və
valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunun
1-ci maddəsinin 12-ci abzasındakı anlayışa 18 yaşına çatdıqdan sonra valideyn
dəstəyindən məhrum olmuş və dövlət ali təhsil müəssisələrində əyani formada
təhsil alan şəxslərin aid edilməməsi Konstitusiyanın 25-ci maddəsinin I hissəsi
ilə uyğunsuzluq təşkil etdiyindən, həmin normanın bu Qərarın
təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğunlaşdırılmasıMilli Məclisə tövsiyə edilsin.
Bu Qərarın nəticəvi hissəsinin 1-ci bəndində
göstərilən məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan
Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin tələbləri əsas
götürülərək, dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla əyani formada
təhsil alan şəxslər "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum
olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun
1-ci maddəsinin 12-ci abzasında göstərilən səbəblərə görə 18 yaşına çatdıqdan
sonra valideyn dəstəyindən məhrum olduqda, onların təhsil haqlarının ödənilməsi
təhsil aldıqları müddətdə (23 yaşınadək) "Təhsil haqqında” qanunun 38.3-cü
maddəsinə müvafiq olaraq təmin edilməlidir.
Qərar dərc olunduğu gündən qüvvəyə minir, qətidir,
heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir
oluna bilməz.
Qeyd edək ki, "Valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi
haqqında” qanunun 1-ci maddəsinin 12-ci abzasında qeyd edilib ki,
valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların
arasından olan şəxslər 18 yaşınadək hər iki valideynini itirmiş, habelə hər iki
valideyninin himayəsindən məhrum olmuş ali və orta ixtisas təhsili
müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi
təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək
olan şəxslərdir. Konstitusiyanın 25-ci maddəsinin I hissəsində isə bildirilir
ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. "Təhsil haqqında” qanunun
38.3-cü maddəsinə qeyd edilir ki, dövlət ali və orta ixtisas təhsili
müəssisələrinin əldə etdiyi mənfəət yalnız təhsilin inkişafına, təhsilalanların
və təhsilverənlərin sosial müdafiəsinə yönəldilə bilər.
Maraqlıdır, dövlət ali təhsil müəssisələrində indiyə
qədər bu proses necə tənzimlənib? Tələbələrin bu kimi problemlərlə bağlı müraciətləri
olubmu? Universitetlərdə bir valideynini itirən, digər valideyni isə 1 və ya 2-ci
qrup əlil olan nə qədər tələbə təhsil alır?
Bakı Dövlət
Universiteti rektorunun maliyyə məsələləri üzrə müşaviri Məzahir Sultanov "Kaspi”yə açıqlamasında bildirdi ki, indiyə qədər
tələbələrin bu məsələ ilə bağlı hər hansı müraciəti olmayıb: "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum
olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunla bu məsələ tənzimlənir. Əvvəllər
hər iki valideynini itirənlər təhsil haqqından azad idilər. Amma qeyd etdiyim
qanuna 2013-cü il 19 aprel tarixində müəyyən dəyişikliklər olundu. Ondan sonra
bir valideynini itirən, digər valideyni isə 1 və 2-ci qrup əlil olanlar da ali
təhsil haqqından tam azaddırlar. Bizdə bu cür vəziyyətdə tələbələr adətən 18
yaşına qədər qəbul olanlardır. Onlar üçün güzəşt var və 23 yaşına kimi təhsil
dövründə təhsil haqqından azaddırlar. Amma bir valideynini itirən, digər
valideyni isə 1 və 2-ci qrup əlil olanların 18-dən yuxarı yaşda qəbul olması ilə
qarşılaşmamışıq”.
Azərbaycan
Dövlət Pedaqoji Universitetinin (ADPU) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri
Mənsur İbrahimovdeyir ki, ADPU-da indiyə qədər bir valideyni vəfat
etmiş, digəri 1 və 2-ci qrup əlil olan tələbələr 18 yaşına qədər universitetə qəbul
olunduqları halda ödənişsiz təhsil alırdılar: "Valideynlərini itirmiş və
valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan
Respublikasının qanunu 22 iyun 1999-cu ildə qəbul edilib. Həmin qanuna əsasən,
bir valideyni vəfat etmiş, o biri valideyni 1 və 2-ci qrup əlil olan 18 yaşınadək
olanların təhsil haqları dövlət tərəfindən ödənilir. Hazırda Pedaqoji
Universitetdə 33 belə tələbə təhsil alır. Onlara dövlətin nəzərdə tutduğu təqaüdün
2 misli məbləğində təqaüd verilir. Tələbənin ona verilən bu güzəştdən istifadə
etmək müddəti isə 23 yaşa qədərdir. Amma indi 18 yaşınadək valideynini
itirməsi limiti ortadan götürülür. Qanun qüvvəyə
minəndən sonra onun tələblərinə uyğun gələn bütün tələbələrə şamil ediləcək”.
Azərbaycan
Texniki Universitetinin mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev bildirdi ki, universitetdə, qanunvericiliyə əsasən
yuxarı yaş həddi olaraq 23 götürülür. Aşağı yaş həddi isə yoxdu. Bu baxımdan 23
yaşına qədər valideyinlərini itirmiş tələbələr ödənişdən azad olunurlar.
Memarlıq və İnşaat
Universitetinin tədris şöbəsinin müdiri Sabir Məmmədov bizimlə söhbətində qeyd etdi ki, qanunvericiliyə uyğun
olaraq güzəşt imkanlarından yararlanmaq hüququ olan tələbələr universitetə
qəbul olanda müvafiq sənədlər təqdim edirlər və heç bir problem olmadan proses
icra edilir: "Amma indiyə qədər bir valideynini itirmiş, digəri 1 və 2-ci qrup əlil
olan tələbələr 18 yaşa qədər qəbul
olunduqları halda təhsil haqqından tam azad olunublar. 18 yaşdan sonra da qəbul
olanlara qanuni səviyyədə şamil edildikdə, biz də buna riayət edəcəyik”.
Bakı Slavyan
Universitetinin (BSU) hüquqşünası Elsevər Musayev bildirdi ki, "Valideynlərini itirmiş və
valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” 1999-ci
ildə qəbul olunan qanuna əsasən, tələbənin bir valideyni dünyasını dəyişibsə, o
biri bir və ya ikinci qrup əlildirsə, təhsil haqqından azaddırlar. Amma valideynlərindən
birini tələbə 18 yaşına çatana qədər itiribsə məsələsi qeyd olunur. Dövlət qanunla idarə olunur, qanuni səviyyədə tələbənin
təhsil haqqı dövlət tərəfindən ödənilməlidir. Əgər hansısa universitet bunu
edirsə, deməli, daxili büdcəsinin hesabına ödəyir. Çünki dövlət o pulu ödəmir. Konstitutusiya
Məhkəməsinin qərarı hələ ki məhkəməni udan tələbəyə şamil olunur. Onu
Konsitutsiya Məhkəməsi qanun şəklinə salıb Milli Məclisə göndərəcək. Orada
müzakirə aparılacaq, deputatların 3-də 2 səs çoxluğu ilə bir dəfə qəbul
olunmalıdır. 6 aydan sonra təkrar müzakirədə bir də qəbul olunarsa, ondan sonra
bu qanun işləyəcək. Bu ilə çatmaz. Yəqin ki, ən yaxşı halda növbəti təhsil
ilində tətbiq olunacaq”.
Azərbaycan
Tibb Universitetinin tədris şöbəsinin müdiri Nəsimi Qasımov dedi ki, qanunvericilikdə qeyd
olunduğu kimi, 18 yaşına qədər qəbul olan tələbələrə bu qərar şamil edilib: "Cavidanın
məsələsinə gəlincə, Konstitutsiya Məhkəməsi qərar çıxarıb. Qərar da ondan ibarət
olub ki, bu yaşı 18-dən yuxarıya qaldırmaq haqqında Milli Məclis qarşısında məsələ
qaldırılsın. Biz də indi bununla əlaqədar həmin tələbənin təhsil haqqının dövlət
tərəfindən ödənilməsi ilə bağlı Təhsil Nazirliyinə müraciət sənədlərini
hazırlamışıq, göndərəcəyik. Onu da deyim ki, təhsil haqqını ödəməkdə çətinlik çəkənlərlə
bağlı gələcəkdə institutdaxili bir kömək mexanizminin qurulması ilə bağlı iş
aparılır”.
N.Qasımov bildirdi ki, yeni dəyişiklik qanun
səviyyəsində təsdiq olunandan sonra universitet bu kateqoriyaya uyğun gələn
tələbələrə də güzəştlər tətbiq edəcək: "Hər bir qərar qüvvəyə mindiyi gündən
icra olunur. Qərarın icra mexanizmi necə olacaqsa, ona uyğun icra edəcəyik.
Çünki hökumət qarşısında maliyyə hesabatı daşıyırıq. Hər 5 ildən bir
universitetimiz Hesablama Palatası tərəfdən çox ciddi yoxlamadan keçir. İkinci
bir yoxlama isə Akkrediatasiya Komissiyası tərəfindən aparılır”.
Təhsil
Nazirliyinin mətbuat xidmətinin rəhbəriCəsarət Valehov bildirdi
ki, universitetlər maliyyə
vəsaitlərinin xərclənməsində, bu prosesi nizamlamada müstəqildirlər: "Onların
Təhsil Nazirliyi tərəfindən hər hansı bir xüsusi qaydada qərarlarını dəyişə biləcək
mexanizm yoxdur. Universitetlər qanunvericiliyin tələblərinə uyğun bu mexanizmi
indiyə qədər icra ediblər. "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum
olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunda 18 yaş tələbinin götürülməsi
məncə, müsbət bir qərardır”.
Aygün Asimqızı
