• çərşənbə, 24 Aprel, 12:07
  • Baku Bakı 27°C

Qalib Ordunun bayramı

26.06.21 00:00 2584
Qalib Ordunun bayramı
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 103 ili tamam olur
Azərbaycan müstəqilliyini bərpa etdikdən bu günə qədər ötən vaxt ərzində ilk dəfədir ki, ölkə vətəndaşları, hərbçilərimiz Silahlı Qüvvələr Gününü indiki kimi qalib əhval-ruhiyyədə qeyd edir. Ötən il sentyabrın 27-də başlayan və noyabrın 10-a qədər davam edən Vətən Müharibəsində Azərbaycan Ordusu zəfər tariximizin şanlı səhifəsini yaratdı. Dünyanın 50 ən güclü ordusu sıralarında yer alan Silahlı Qüvvələrimizin şəxsi heyəti ötən ilin payızında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bütün cəbhəboyu əks-hücuma keçdi. Cəmi 44 gün ərzində işğalçı Ermənistan ordusu darmadağın edildi, düşmənin beli qırıldı, torpaqlarımız yağı tapdağından azad edildi. Bununla da hərbçilərimiz 30 illik işğala son qoydu, Azərbaycanın ərazi bütövlüyü təmin olundu. 26 İyun Silahlı Qüvvələr Günündə şanlı ordumuzun keçdiyi bu döyüş yolu, ordu quruculuğu sahəsində indiyə qədər atılan addımlar bir daha xatırlanır, Vətən torpaqlarının azadlığı uğurundan canından keçərək şəhidlik zirvəsinə ucalan hərbçilərimizin ruhu hörmətlə anılır.
Ordumuzun 15 generalı güllələndi
Məlumat üçün qeyd edək ki, 26 İyun Silahlı Qüvvələr Gününün təsis edilməsi 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusunun yaradılması ilə əlaqədardır. Həmin il mayın 28-də qəbul edilmiş "İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, silahlı qüvvələrini yaratmalıdır. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu, ilk Müdafiə naziri isə Xosrov bəy Sultanov təyin edildi. Qısa müddətdə Milli Ordu Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad edə bildi. 1920-ci ildə Azərbaycan sovet işğalına məruz qaldıqdan sonra hərbi nazirlik ləğv olundu, ordumuzun 15 generalı bolşeviklər tərəfindən güllələndi.
Şəxsi heyətin mənəvi-psixoloji hazırlığı
1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Ordusunun yaradılması haqqında qərar qəbul edildi. Lakin Ordu quruculuğuna yalnız 1993-cü ildən başlamaq mümkün oldu. Ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə gətirilməsindən az müddət sonra ölkədəki silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi. Bu dahi insanın, vaxtilə ayrı-ayrı şəxslərin, bəzi siyasi partiyaların maraqlarına, dövlət çevrilişi məqsədlərinə xidmət edən silahlı dəstələri buraxmaqla, onların fəaliyyətini qanundankənar elan etməklə başladığı ordu quruculuğunun effektiv nəticələri artıq 1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində özünü göstərməyə başladı. Ulu öndərin rəhbərliyi ilə həyata keçirilən uğurlu Horadiz əməliyyatı ilə düşmənə ağır zərbə vuruldu, Füzuli rayonunun bir çox yaşayış məntəqələri Ermənistan işğalçı qüvvələrindən azad edildi. 1994-cü il mayın 12-də atəşkəsin elan edilməsindən sonra ordu quruculuğu ilə bağlı daha geniş islahatlara start verildi. Tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi.
Silahlı Qüvvələrin mükəmməl qanunvericilik bazası
Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 İyun Silahlı Qüvvələr Günü elan olundu. Onun hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də imzaladığı fərmanla Azərbaycanda Hərbi Akademiya yaradıldı. Ümummilli liderin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edildi, Silahlı Qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı.
Aprel döyüşləri
Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər onun siyasi kursunun layiqli davamçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ordu quruculuğuna xüsusi diqqətlə yanaşmağın bəhrəsi olaraq 2016-cı ilin aprel ayında Azərbaycan Silahlı Qüvvələri yeni zəfərə imza atdı. Aprelin 2-də Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı. Bir neçə gün davam edən döyüşlər nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza yenidən qələbə sevinci yaşatdı. Ermənistan silahlı qüvvələri bu döyüşlərdə böyük itkilər verdi. Düşmənin 320-dən artıq hərbçisi məhv edildi, 500-dən artıq hərbi qulluqçusu yaralandı, 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsində yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılmasına imkan verən strateji mövqelər ələ keçirildi.
Günnüt zəfəri
2018-ci ilin mayında isə Azərbaycan Ordusu xalqımıza Günnüt zəfərini yaşatdı. Bu uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Beləliklə də, Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğurla nəticələndi, qarşıya qoyulan məqsədə nail olundu. Bir qədər əvvəl vurğuladığımız kimi, 2020-ci ilin 27 sentyabr -10 noyabr tarixlərini əhatə edən 44 günlük Vətən Müharibəsində Azərbaycan Silahlı Qüvvələri 30 illik işğala son qoydu. Bununla da Ordumuz qarşısına qoyulan vəzifəni uğurla icra edə bildi. 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın iştirak etdiyi Zəfər paradında 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.
Zəfər paradı
"Dəmir yumruq” əməliyyatında - Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradına çıxış edən Ali Baş Komandan, Prezident İlham Əliyev Azadlıq meydanında keçirilən bu möhtəşəm tədbirin xüsusi önəmini qeyd edib. Bildirib ki, bu tarixi hadisəni Azərbaycan xalqı qürurla yaşayır: "Bu zəfər, tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq”.
Cənubi Qafqazın ən güclü ordusu
Sonda xatırladaq ki, hazırda Azərbaycan həm döyüş qabiliyyətinə, həm də maddi-texniki imkanlarına görə, Cənubi Qafqazda ən güclü dövlət hesab olunur. Bu reallıq fonunda Azərbaycan Silahlı Qüvvələrində quruculuq və inkişaf, daha da təkmilləşmə prosesi uğurla davam etdirilir. Prezident İlham Əliyev tərəfindən Ordumuzun şəxsi heyətinə daim xüsusi diqqət yetirilir, hərbi qulluqçularımızın Vətən və dövlət qarşısındakı xidmətləri layiqincə qiymətləndirilir. Azərbaycan ərazilərinin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçularının Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunması söylənilənlərə daha bir əyani misaldır. Dövlətimizin başçısının iyunun 24-də imzaladığı sərəncamlarla 11365 nəfər "Füzulinin azad olunmasına görə", 11831 nəfər "Xocavəndin azad olunmasına görə", 3435 nəfər "Zəngilanın azad olunmasına görə", 10211 nəfər "Cəbrayılın azad olunmasına görə", 5867 nəfər "Qubadlının azad olunmasına görə", 5784 nəfər "Şuşanın azad olunmasına görə", 3522 nəfər "Ağdamın azad olunmasına görə", 4225 nəfər "Kəlbəcərin azad olunmasına görə", 2643 nəfər "Laçının azad olunmasına görə", 10647 nəfər "Suqovuşanın azad olunmasına görə", 731 nəfər "Vətən uğrunda", 616 nəfər "İgidliyə görə", 2893 nəfər "Cəsur döyüşçü", 786 nəfər "Döyüşdə fərqlənməyə görə", 1743 isə "Hərbi xidmətlərə görə" medalları ilə təltif ediliblər. Prezidentin digər Sərəncamı ilə 2 nəfər "Qarabağ", 28 hərbiçi "Azərbaycan Bayrağı", 13 nəfər 3-cü dərəcəli "Rəşadət", 7 nəfər isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenləri ilə təltif olunublar. Ümumilikdə 76 min 349 nəfər hərbi qulluqçu təltif olunub.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər