cümə, 03 Fevral, 01:52

Baku Bakı 6°C

Putinin ikibaşlı açıqlamaları - TƏHLİL

icon 1020 icon 29 oktyabr 2022 | 01:00 Putinin ikibaşlı açıqlamaları - TƏHLİL

Politoloqlar hesab edirlər ki, Kreml təzyiq elementlərini işə salmaqla Soçi görüşündən hansısa nəticələr almaq istəyir. Amma artıq zəifləmiş Rusiyanın həm Azərbaycan, həm də Ermənistan üzərində ciddi mənada dominantlıq etmək imkanları yoxdur.

2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan ərazilərinin heç vaxt danışıqlar predmeti olmaması bütün dünyaya nümayiş etdirildi. Dünyanın bütün qlobal gücləri Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar. Müharibədən sonra Rusiya prezidenti Vladimir Putin də Qarabağın Azərbaycan ərazisi olduğunu ifadə edib. Bu il fevralın 22-də Azərbaycan Prezidenti İlham Əliyev və rusiyalı həmkarı Vladimir Putin tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”də də tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyıb. Bəyannamənin elə 1-ci bəndində “iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət” öz əksini tapıb. Bütün bunlara baxmayaraq, Rusiya prezidenti Vladimir Putin oktyabrın 27-də “Valday” beynəlxalq diskussiya klubunun plenar iclasında ikibaşlı fikirlər səsləndirib və faktiki olaraq Ermənistanın Azərbaycanın Qarabağ üzərindəki suverenliyini tanımağa hazırlaşmasını narahatlıqla qarşıladığını büruzə verib. Məsələn, Putin deyib ki, “Rusiya İrəvanla Bakı arasında sülh müqaviləsini dəstəkləyir. Əgər Ermənistan rəhbərliyi Azərbaycanın Qarabağ üzərində suverenliyini ifadə edən Amerika variantını dəstəkləyirsə, buyursunlar”.  Əslində bu nə deməkdir? Rusiya prezidenti Ermənistanın Qarabağ üzərində Azərbaycanın suverenliyini tanımasını istəmirmi? Oktyabrın 31-də Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşü ərəfəsində belə bir açıqlamanın verilməsi nəyə xidmət edir? Yoxsa Rusiya da Fransa kimi vasitəçi kimi neytrallığını arxa plana keçirmək istəyir?     

“Sözlə əməlin üst-üstə düşmədiyi üzə çıxır”

Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev bildirdi ki, "Valday" forumunda Rusiya Prezidenti əslində Ermənistanın Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımağa hazırlaşmasına eyham vurub: “Onun buna maneə törətməyəcəklərini bildirib və “buyursunlar“ deməsi ilk baxışda xeyirxah bir yanaşma təsiri bağışlayır. Amma burada unudulur ki, Rusiyanın Krasnodar üzərində suverenliyi nə deməkdirsə, Azərbaycanın Qarabağ üzərində suverenliyi də o deməkdir”. Millət vəkili bildirdi ki, Azərbaycanın Qarabağ üzərində suverenliyini hayların istəkləri və Rusiyanın da bunun dəstəkləyib-dəstəkləmədiyi müəyyənləşdirə bilməz. S.Alıyev vurğuladı ki, hər dövlətin öz torpaqları üzərində suverenliyi beynəlxalq normalarla təsbit olunur: “Burada qonşunun istəyi, hansısa gücün onu dəstəkləyib-dəstəkləməməsi heç bir rol oynaya bilməz və oynamamalıdır! Bundan başqa, bir tərəfdən şərtlə də olsa, Azərbaycanın Qarabağ üzərində suverenliyinə qarşı cıxılmayacağı deyilir, digər tərəfdən Xankəndidə Rusiya hərbi kontingentinin müvəqqəti, amma tam kontrolu altında yaşayanlara reinteqrsiya əleyhinə aksiya keçirmək tapşırığı verilir. Orada Moskva üçün daha əlverişli “hakimiyyət” dəyişiklikləri edilirsə, burada sözlə əməlin üst-üstə düşmədiyi üzə çıxır. Görünür Rusiyanın Azərbaycanla Ermənistan arasında tezliklə sülhün yaranmasında maraqlı olması barədə deyilənlər, sözügedən forumda “Şimal axını 1” qaz kəmərini guya Qərbin özünün partlatması və Ukrayna haqqında deyilənlər qədər doğrudur”.

Rusiya Ukraynada zəiflədikcə...

Politoloq Natiq Miri bildirdi ki, artıq Rusiyanın mövqeyi həm Azərbaycan, həm də Ermənistan üzərində əvvəllər mövcud olduğu kimi güclü deyil. Yəni, Rusiya Ukraynada zəiflədikcə, bu, digər regionlara da sirayət edir. Buna görə də Rusiya oktyabrın 31-dəki görüşdə istədiklərini alması üçün hələlik təzyiq amilindən istifadə edir: “Diqqət etsək görərik ki, son həftədə Rusiya kütləvi və elektron informasiya vasitələrində Azərbaycan ciddi tənqid olundu və ölkəmizə qarşı mənfi münasibət ortaya qoyuldu. Bu materiallarda Azərbaycanın suveren hüquqları görməzdən gəlindi. Əlbəttə ki, bu, Azərbaycan dövlətini hiddətləndirdi. Ona görə də Azərbaycan televiziyalarında da anti-Rusiya yönümlü təhlillər, araşdırmalar müşahidə etdik”.

“Rusiya artıq yeganə moderator və dominant güc deyil”

N.Miri hesab edir ki, Rusiya təzyiq elementlərini işə salmaqla Soçi görüşündən hansısa bir nəticə almaq istəyir: “Amma bir məsələni nəzərə almaq lazımdır ki, artıq zəifləmiş Rusiyanın həm Azərbaycan, həm də Ermənistan üzərində ciddi mənada dominantlıq etmək imkanları rəsmi Moskvanın özünü aldatması olardı. Çünki Rusiya artıq Azərbaycanla Ermənistan arasındakı münasibətlərin tənzimlənməsi prosesində yeganə moderator və dominant güc deyil. Regionda alternativ bir platforma da var ki, onu Avropa İttifaqı ABŞ-ın dəstəyi ilə formalaşdırıb. Bilirik ki, bu platformada konkret şifahi razılaşmalar, hətta qarşılıqlı olaraq ərazi bütövlüyünü tanımağı nəzərdə tutan yazılı razılaşma var. Bunlar irəliyə doğru atılan addımlardır. Amma son iki il müddətində Rusiyanın bu yöndəki hansısa uğurlarından danışmaq mümkün deyil. Ona görə də Putinin bu açıqlamasını Rusiyanın növbəti dəfə münaqişə tərəflərinə təzyiq etmək cəhdi, bir az da reallığa uyğun olmayan addım kimi dəyərləndirirəm”.

Bəxtiyar Məmmədli