Pulu əlində qalan banklar - ARAŞDIRMA
Mütəxəssislər
deyirlər ki, bankları kredit vermədiyinə görə günahlandırmaq olmaz. Onlar vəsaiti
yerləşdirməkdə çətinlik çəkirlər. Daha çox düşünür, sağlam müştərilər
axtarırlar. Vəziyyət düzəlmədikcə...
"Hazırda
Azərbaycanın bank sektorunda likvidlik normadan 2 dəfə çox – 7 milyard manat
civarındadır”. Bunu Mərkəzi Bankının sədri Elman Rüstəmov Milli Məclisin plenar
iclasında deyib. O qeyd edib ki, artım olsa da, həmin potensial
reallaşdırılmır: "Bu isə ekosistemdəki problemlərin siqnalıdır. Həmin problemlər
həll edilməlidir ki, banklar iqtisadiyyatı kreditləşdirə bilsinlər. Bankları
çox şeydə ittiham etmək olar, amma onları vəsaitləri əllərində saxlayıb kredit
verməməkdə ittiham etmək üçün əsaslı arqument tapmaq çətindir”.
Bəs
likvidliyin normadan çox olduğu bank sektorunda kreditlərin verilməməsinin səbəbi
nədir? Bank kredit verməməkdə haqlıdırmı?
Yaxşı
borcalan tapmaq...
Hüquqşünas
Əkrəm Həsənov deyir
ki, banklarda xeyli vəsait cəmlənsə də, onların kreditə çevrilməsi ciddi
problemdir: "Kreditin qaytarılmama ehtimalı, yaxud da kreditin problemli kreditə
çevrilməsi çox ciddi məsələdir. Banklar son illərdə bununla tez-tez üzləşir.
Yaxşı borcalan tapmaq banklar üçün problemə çevrilib. Çünki həm vətəndaşlar, həm
də sahibkarlar krediti qaytarmaqda problem yaşayırlar”.
"Vətəndaşlar
bilərəkdən krediti qaytarmırlar”
Vəkilin
sözlərinə görə, bəzən vətəndaşlar bilərəkdən krediti qaytarmırlar: "Problemin
obyektiv səbəbləri da olur. Vətəndaşın birdən-birə gəlirinin azalması, biznes fəaliyyətinin
uğursuzluğu obyektiv səbəblərdir. Amma təəssüf ki, bəzən bunu bilərəkdən də
edirlər. Məhkəmələrdə bankları süründürməyə başlayırlar. Banklar isə bu süründürməçilikdən
qorxur. Məhkəmə, hüquq sisteminin problemləri bankların işinə təhlükə yaradır”.
Bəs girov
qoyulduqda?
Vəkil
deyir ki, indi girov da bank üçün problemdir: "Hazırda daşınmaz əmlakı satmaq
da çətindir. Yəni banklar kredit verir, girov götürür, amma daşınmaz əmlakı
sata bilmirlər. Heç kəs öz əmlakını ucuz satmaq istəmir. Bank da girov götürür
sonra krediti qaytarmayanda, borcalanı məhkəməyə verir. Lakin məhkəmə yolu ilə
o girovu satmaqda çətinlik çəkir”.
Bəs
banklar nə etməlidir?
Ekspert
vurğulayır ki, banklarda əlavə vəsaitin toplanmasının səbəblərindən biri də
kredit faizlərinin yüksək olmasıdır. Yəni krediti götürmək və qaytarmaq imkanı
olan da, faiz dərəcələrinə görə, bu riskə getmir: "Banklar, əvvəlcə əmanət
faizlərinin dərəcəsini endirməlidirlər. Səbəblərdən biri həm də odur ki, kredit
faizləri yüksəkdir. Krediti götürə bilən də faiz yüksək olduğu üçün bu riskə
getmir. Faiz dərəcələri endirilsə, həqiqətən də yaxşı müştərilər banklardan
kredit götürəcəklər. Vəziyyətdən çıxmaq üçün bankların görə biləcəyi ancaq
budur. Bütövlükdə isə qanunçuluq gücləndirilməlidir. Bu gün kimsə bizdən borca
pul istəsə, qaytara bilməməyindən qorxur, vermirik. Məhkəməyə müraciət edəndə
isə illərlə çəkir. Bu səbəbdən də bankı kredit vermədiyi üçün qınaya bilmirik”.
"Bankı
günahlandırmaq olmaz”
İqtisadçı
ekspert Xəyal Məmmədlideyir
ki, artıq vəsait olsa da, kredit verməmək bankın problemi deyil: "Banklarda
ali likvidlik əmsalı 30 faiz və ondan yuxarı olmalıdır. Yəni 30 faizdən az
olması yolverilməzdir. Hazırda bankda 2 dəfə artıq pul kütləsi var. Amma
bankları pul kütləsini kredit şəklində vermədiyinə görə günahlandırmaq olmaz”.
Kredit
veriləcək şəxsin maddi durumu...
Ekspert
deyir ki, burada əsas faktor kredit veriləcək şəxsin maddi durumudur: "Bank pul
kütləsindən gəlir əldə edən maliyyə qurumudur. Bankın əlində pul kütləsi varsa,
həmin pul kütləsinə görə də xərcləri var. Normadan yuxarı likvidlik əmsalı
olduğu halda, banklar bunu kreditləşdirmirsə, deməli problem bankda deyil.
Çünki əgər hər şey qaydasındadırsa, bu vəsaitləri onlar bazarda yerləşdirməyə
hazır olmalıdırlar. Burada əsas faktor kredit veriləcək fiziki, sahibkar fiziki
və hüquqi şəxslərin durumudur”.
"Əvvəlki qədər
kreditləşmə niyyətində deyillər”
Ekspert
vurğulayır ki, pandemiya səbəbindən bazarda ödəmə qabiliyyətində çətinlik
yarandığı üçün banklar kredit verməkdən ehtiyat edirlər: "Burada əsas səbəb
kimi pandemiyanı, pandemiyadan zərər çəkən sahibkarları, iş yerləri
bağlandığına görə, işini itirən fiziki şəxsləri göstərmək olar. Banklar verdikləri
kreditlərin geri ödənməsində problem yarandığına görə, yenidən kreditləşmədə tərəddüd
edirlər və faktiki olaraq, risk dərəcəsi yüksəlib. Bu səbəbdən də banklar əllərində
olan vəsaiti yerləşdirməkdə çətinlik çəkirlər. Daha çox düşünür, bir çox müştərilərə
kredit verməkdən imtina edir və sağlam müştərilər axtarırlar. Vəziyyət düzəlmədikcə,
banklar əvvəlki qədər kreditləşmə etmək niyyətində deyillər”.
Bank
sektorunun aktivləri
Qeyd edək
ki, bu il sentyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda bank sektorunun
aktivləri 33 milyard 426,7 milyon manat təşkil edib. Bu, ötən ilin analoji
dövrü ilə müqayisədə 7,6% daha çoxdur.Aktivlərin
strukturunda 13 milyard 981,9 milyon manat vəsaitin müştərilərə verilmiş xalis
kreditlərin payına düşür. Bu il sektorun kredit portfeli 7,8% artıb, aktivlərdə
kreditin payı isə 41,7%-dən 41,8%-ə yüksəlib.Hesabat
dövründə bank sektorunun öhdəlikləri 8,6% artaraq, 28 milyard 613 milyon manata
çatıb. Depozit portfeli 16,25% böyüyərək 22 milyard 749,7 milyon manata çatıb.
Bunun 8 milyard 400,2 milyon manatı fiziki şəxslərin, 14 milyard 439,5 milyon
manatı hüquqi şəxslərin depozitidir. İl ərzində əhalinin banklardakı vəsaiti
8,1%, şirkətlərin banklardakı vəsaiti isə 21,55% artıb.
Aygün ƏZİZ