Onlar pulsuz işləməkdən zövq alan insanlardır.
Çünki gördükləri işin qarşısında qazandıqları təcrübə puldan da önəmlidir. Heç
bir mənfəət güdmədən gördükləri işin qarşılığını gələcək həyatlarında layiqincə
alırlar. Eynilə həmsöhbətimiz Gülər kimi... Gülər uzun müddət könüllü kimi fəaliyyət
göstərib. Hətta istedadlı fiziki qüsurlu insanların cəmiyyətə tanıdılması,
onların işinin rahatlaşdırılması üçün əlindən gələni əsirgəməyib. Deyir ki,
könüllü gördüyümüz işin qarşılığını həyatı boyu dəfələrlə görəcək: "Adətən gənclər
könüllü işləməyin nə qədər çətin olduğundan danışırlar, amma unutmayaq ki,
uğura gedən yol məhz könüllükdən başlayır. Könüllü işləmək mənə həyatda bəzi
şeylərin qarşılıqsız ola biləcəyini, hər dəfə mənfəət güdmədən sadə bir gülüş,
məmnunluqla kifayətlənməyi öyrətdi. Könüllük ürəkdən gələn bir hissdir, hətta
gündəlik həyatımızda da könlümüzdən gələn yaxşılıq və hörməti göstəririk.
Bunlar gözəl hisslərdir. Hər zaman insanlar deyirlər ki, kim nə əməl edirsə,
onun qarşılığını görür. Biz də könüllü olaraq, sidq-ürəklə, heç bir mənfəət
güdmədən gördüyümüz işin qarşılığını nəinki bir dəfə, hətta dəfələrlə, həyatımız
boyu görəcəyik. Könüllülük insana gözəl dostlar, dəyərli insanlar tanıdır.
Qazanca gəldikdə, işlərimizin nəticəsini görmək ən böyük qazancdır”.
Gülər kimi düşünən və könüllü kimi fəaliyyət göstərən
minlərlə gənc var. Könüllülər cəmiyyətin önəmli hissəsidir. Dünyada, o cümlədən
ölkəmizdə də buna qiymət verilir və dekabr ayının bir günü – 5 dekabr beynəlxalq
könüllülər günü kimi qeyd olunur.
Məlumat üçün bildirək ki, MDB ölkələri arasında ilk
dəfə könüllülüklə bağlı qanun Azərbaycanda qəbul edilib. Bundan əlavə,
Prezident İlham Əliyevin Sərəncamı əsasında hazırlanan "Azərbaycan gəncliyi
2011-2015-ci illərdə Dövlət Proqramı”nın 6.5.9-cu bəndində "Gənclər arasında
könüllülük hərəkatının təbliğ olunması və bu istiqamətdə beynəlxalq gənclər
proqramının imkanlarından istifadə edilməsi” xüsusilə qeyd olunub.
Könüllülük nədir?
Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında əvəzi
ödənilməyən fəaliyyət növüdür. Könüllüyün məqsədi tapşırıqları yerinə yetirmək,
fərdlərə və ictimai təşkilatlara maliyyə dəstəyi olmadan xidmət göstərməkdir.
Könüllülük həm də bacarıqların inkişafı, sosiallaşma və əyləncə növüdür.
"Könüllülüyün yaşı yoxdur”
Sosial-psixoloq Əhəd Kazımov "Kaspi” yə açıqlamasında bildirdi ki, könüllülük gənclər
üçün gözəl təcrübə imkanıdır. Müsahibimizin sözlərinə görə, könüllü fəaliyyətin
yaşı yoxdur: "İnsanlar ən geci, məktəb yaşlarından bu fəaliyyətə başlamalı və
özlərini əməyə öyrətməlidir. Şərt deyil hansısa təşkilatda uzun müddət işləyəsən.
Amma hansısa xeyriyyə aksiyasını könüllü şəkildə təşkil edə bilərsən. Könüllü fəaliyyətin
insana qazandırdığı ən böyük uğur sosiallaşmadır. İnsan məktəb mühitindən
ayrılıb cəmiyyətə inteqrasiya olur və iş prosesini öyrənir. Məktəb, ali təhsil
bizə daha çox nəzəriyyə verir. Gənclər təşkilatda könüllü şəkildə işləməklə öz
CV-lərini müsbət yöndə istiqamətləndirirlər. Düzdür, bu təcrübə onlara pul
qazandırmır, amma pul qazanmağa gedən
yolun sirlərini öyrədir”. "Bizə dövlət
tərəfindən qiymət verilir”
Azərbaycanda könüllülük prinsipini ictimailəşdirən
və gənclər arasında sevdirən "ASAN Könüllüləri” ilə söhbətləşdik. "ASAN Könüllüləri” təşkilatının sədri Bəxtiyar
İslamov bizimlə söhbətində
bildirdi ki, könüllülük cəmiyyətin fərdlərinin
cəmiyyət maraqlarını öz maraqlarından öndə tutaraq çalışmalarıdır: "Hər bir cəmiyyətin
inkişafında və yüksəlişində başlıca rol oynayan amillər həmin cəmiyyətin fərdlərinin
sahib olduğu dəyərləridir. Dəyişiklik olmayan cəmiyyət inkişaf da edə bilməz.
Könüllülük mənə görə cəmiyyətin fərdlərinin ümumi maraqları, cəmiyyət
maraqlarını öz maraqlarından öndə tutaraq çalışmalarıdır. Ümumi maraqlara xidmət
edən bu fəaliyyət əslində fərdlərin öz şəxsi inkişaflarına və sahib olduqları dəyərlərə
də müsbət təsirini göstərir. Təşkilatımızda
olan 9000-dən çox gənclə birlikdə fəaliyyətimiz vahid dəyərlər üzərində
qurulub. 3 illik fəaliyyətimiz dövründə də gördüyümüz və reallaşdırdığımız hər
bir məsələ ilə bu dəyərləri aşılamağa və yaymağa xidmət etmişik. İstənilən bir
gənci ən çox həvəsləndirən, gördüyü işə daha da marağını artıran işinin nəticəsindən
çox, onun kənardan necə qiymətləndirilməsidir. "ASAN Könüllüləri”nə hər zaman
dövlətimiz tərəfindən, Prezident tərəfindən yüksək qiymət verilib”.
Müsahibimiz deyir ki, indiyədək 140-dan çox layihə,
500-dən çox təlim, 10-larla təşəbbüsə imza atıblar: "Azərbaycanın 7 regionunda
11 fərqli mərkəzində ASAN Könüllüləri fəaliyyət göstərir. Bizim fəaliyyətimiz təkcə
ölkə daxilində yox, eyni zamanda ölkə xaricində də gördüyümüz işlərlə aparılır.
Biz Azərbaycan gəncliyinin vətənpərvər, dövlətçil, öz inkişafına, təhsilinə
diqqət və qayğı ilə yanaşmasını təbliğ etmək istiqamətində işlər görürük və
bundan sonra da belə davam edəcəyik. Könüllülük fəaliyyəti hər bir gəncin aid
olduğu cəmiyyətə xeyir verməsi, o cümlədən özünü inkişaf etdirməsi, öz gələcək
karyerasını planlaması üçün keçməli olduğu vahid mərhələlərdəndir. Bu, eyni
zamanda vətəndaşlıq məsuliyyətinin formalaşmasında da vacib rol oynayan məfhumlardandır”. "Bu dövrdə
pulsuz işləmək hünər istəyir”
Allahşükür Məmmədov deyir ki, könüllü kimi işləməkdən zövq alır: "Biz
pulsuz işləməkdən və vətəndaşlara xidmət etməkdən zövq alırıq. "ASAN xidmət” Azərbaycan
brendidir. Hər bir könüllu də bu brenddə çalışmaqdan zövq alır. Ən əsası da vətəndaşlara
pulsuz xidmət etməklə fəxr edirik. Müasir dövrdə pulsuz işləmək hünər istəyir.
Hər kəs bunu bacarmaz. Lakin bu, bizim üçün problem deyil. Bizim əsas
kriteriyamız pul yox, gülərüz və səbirli olmaqdır. Fəxr edirik ki, biz xalqa
xidmət edirik”.
"Bir” Tələbə-Könüllü
Məşhur könüllü proqramlarından biri də Təhsil
Nazirliyi tərəfindən hazırlanan "Bir” Tələbə-Könüllü proqramıdır. "Bir”
Proqramı tələbə-könüllülərə yeni dostlar qazanmağa, unudulmaz anlar yaşamağa, tələbə
həyatını rəngarəng və faydalı keçirməyə, həm fərdi, həm də ictimai fəaliyyətlərinin
inkişafına imkan yaradır. Proqramın həyata keçirilməsində məqsəd tələbələrə
könüllülüyün məqsəd və məramının aşılanması, təbliğat - təşviqat işlərinin
aparılması, tələbə-könüllülərin vahid məlumat bazasının yaradılması, tələbə-könüllülər
üçün təlim-tədris proqramları və kurslarının təşkil olunması, tələbə-könüllülər
tərəfindən maraq dairələri üzrə klubların yaradılmasının stimullaşdırılması, tələbə-könüllülərin
dövlət və ictimai mədəni-kütləvi tədbirlərdə iştiraklarının təmin olunması, özəlliklə
ölkəmizin adının beynəlxalq aləmə çıxarılmasına yönələn tanıtım proqramlarına cəlb
edilməsidir. Proqram 6 müxtəlif istiqamətdən - Öyrən, Öyrət, Yaşa, Yaşat, Kəşfet,
Zövq al - dan ibarətdir. Uğurlu gələcək
istəyirsinizsə...
İrəli İctimai
Birliyi də gənclərin könüllü şəkildə yerli və beynəlxalq tədbirlərdə iştirakına
dəstək olur. Birliyin sədri Mirhəsən Seyidov qəzetimizə açıqlamasında bildirdi ki, gənclər gələcəyini yüksək səviyyədə
qurmaq istəyirsə o zaman ilk olaraq hansısa humanitar, beynəlxalq təşkilatda və
yaxud karyera üçün seçdiyi sahə üzrə fəaliyyət
göstərən təşkilatlarda könüllü olaraq fəaliyyət göstərməyə başlamalıdır: "Gənclərin
bu gün heç bir qarşılıq güdmədən çalışması onlar üçün gələcəkdə böyük avantaja
çevrilir. Hətta universitetin, təhsilin verə bilmədiyi avantajı, yüksəkliyi, hər
hansı bir humanitar, beynəlxalq və yaxud digər təşkilatlarda könüllü fəaliyyətiniz
verəcəkdir ki, bu avantajın xeyrini həyatınız boyu görəcəksiniz. İrəli İctimai
Birliyi European Voluntary
Service – EVS (Avropa Könüllülük xidmətinə) qoşulub və gəncləri layihələrdə i.tiraka
göndərir. Avropa Birliyi ölkələrinə və Avropa Birliyi tərəfdaş ölkələrinə göndərilən
gənclərə maarifləndirici təlimlər keçirilir. "SAY:
Support of Azerbaijan Youth” hərəkatı adı altında könüllüyə dəstək məqsədi ilə
birinci Könüllülük Akademiyası layihəsini "İrəli” İctimai Birliyi həyata
keçirib. Könüllülük
Akademiyasında keçirilən beynəlxalq və yerli səviyyəli tədbirlərdə əsas məqsədimiz
gənclərin aktiv iştirakına stimul vermək və Azərbaycanda könüllü fəaliyyətinin
təbliğ olunmasına dəstək olmaqdır”.
Qeyd edək ki, BMT-nin Baş Məclisi 1985-ci ildə
hökumətlərə hər il iqtisadi və sosial inkişaf naminə 5 dekabr tarixini Beynəlxalq
Könüllülər Günü kimi qeyd etməyi təklif edib. Həmin ildən etibarən dekabrın 5-i
Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur. Aygün ƏZİZ