AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Professor Nuru Bayramov: Hazırda yağlanma ilə əlaqədar hepatitlərə daha çox rast gəlinir

Professor Nuru Bayramov: Hazırda yağlanma ilə əlaqədar hepatitlərə daha çox rast gəlinir

Müsahibə
29 İyul 2021, 17:15 704
Hepatit qaraciyərin iltihabi xəstəliyidir. Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının müdiri, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nuru Bayramov Səhiyyə Nazirliyinin saytında hepatitin diaqnozu, müalicə üsulları, onun hansı növlərinin qalıcı qaraciyər xəstəliyinə səbəb olması və digər suallara cavab verib. Kazpi.az həmin müsahibəni təqdim edir.

- Hepatit nədir və necə baş verir?
- Hepatit qaraciyərin iltihabi xəstəliyidir. Hər hansı səbəbdən qaraciyər toxumasında zədələnmə meydana gəlir və buna cavab olaraq orqanizmdə iltihabi reaksiya başlayır. Bu iltihabi reaksiya zədələnməni aradan qaldırmağa çalışır, amma bununla yanaşı, qaraciyərin sağlam hissəsini də zədələyə bilir. Hepatitləri müxtəlif səbəblər törədir. Bunlardan birincisi viruslardır, yəni virusların yaratdığı hepatitlərdir. Viral hepatitlərə A, B, C, Delta və son dövrlər rast gəlinən hepatit E, G-ni misal göstərmək olar. İkinci yerdə alkoqol mənşəli hepatitlər dayanır. Alkoqol qaraciyəri ən çox zədələyən alimentar faktorlardan biridir. Üçüncü yerdə dərmanlar durur. Bir çox dərmanların istifadəsi ciddi dərman hepatitinə aparıb çıxara bilər. Qaraciyərə daxil olan və ya qaraciyərdən çıxan damarların tıxanması, autoimmun amillər, anadangəlmə və qazanılmış metabolik xəstəliklər, o cümlədən piylənmə və şəkərli diabet hepatitə səbəb ola bilir. Həmin səbəblər arasında ən çox rast gəlinən viral, alkoqol və son dövrlər daha çox qarşılaşdığımız piylənmədir.

- Hepatitlər necə müalicə olunur?
- Müalicədə əsas yeri iki qrup tədbir tutur. Birinci qrupa səbəbin aradan qaldırılmasına yönəlmiş tədbirlər, ikinci qrupa isə orqanizmdə baş verən dəyişikliklərin aradan qaldırmasına yönələn dəstək tədbirlər aid edilir. Hepatitin ağırlıq dərəcəsinə uyğun olaraq həmin tədbirlərin biri və ya hər ikisi seçilə bilər.

- Hepatitin hansı növləri qalıcı qaraciyər xəstəliyinə səbəb ola bilər?
- Qısa cavab ondan ibarətdir ki, hepatiti törədən səbəblər aradan qalxarsa, xəstə sağalır, aradan qalxmazsa, qalıcı qaraciyər xəstəliyinə səbəb olur. Hepatitin təbii gedişi onu yaradan səbəbin aradan qalxıb-qalxmamasından asılı olaraq dəyişir. Hepatitin ilk mərhələsi kəskin mərhələdir. Əgər həmin mərhələdə səbəb aradan qaldırılarsa, kəskin hepatit iz qoymadan sağalır. Əgər bu mərhələdə səbəb aradan qaldırılmazsa, xəstəlik davam edir və xroniki mərhələ baş verir. Xroniki mərhələnin özəlliyi ondan ibarətdir ki, həm səbəb davam edir, həm zədələnmə baş verir, həm də fibriotik (sərt) toxuma əmələ gəlir. Bu mərhələdə səbəb aradan qalxarsa, vəziyyət stabil qalır və ya qaraciyərin fəaliyyəti düzələ bilir. Əgər səbəb aradan qaldırılmazsa, xroniki xəstəlik davam edir, proqressivləşir və sirroz adlanan mərhələ baş verir. Sirrozda həm zədələnmə, həm fibroz, həm də düyünləşmə var. Sirroz mərhələsində də səbəb aradan qaldırılarsa, proses stabilləşir, hətta yaxşılaşma baş verir. Lakin, səbəb aradan qaldırılmazsa, proqressivləşmə davam edir, varikoz, qanaxma, assit, qaraciyər çatışmazlığı kimi ağırlaşmalar və qaraciyər xərçəngi meydana çıxa bilər.

- Hepatitə diaqnoz necə qoyulur?
- Hepatitin diaqnostikasinda adətən üç suala cavab axtarmaq lazım gəlir: hepatit varmı, səbəbi nədir və hansı ağırlıq dərəcəsindədir. Hepatitin olub-olmadığı qan analizi ilə müəyyən edilir. Qaraciyərin funksional testləri adlanan göstəricilərdə dəyişikliklər olması (ALT, AST, bilirubin, QF, QQT) hepatiti göstərir. Səbəbi müəyyənləşdirmək üçün anmnez, virus testləri, metabolik, autoimmun testlər və görüntüləmə müayinələri aparılır. Ağırlıq dərəcəsini müəyyənləşdirmək üçün isə klinik əlamətlər və spesifik qan testləri nəzərə alınır.

- Hepatit və sarılıq eyni xəstəlikdirmi?
- Xeyr, eyni deyil. Hepatit xəstəlikdir, sarılıq isə xəstəliyin əlamətidir. Sarılıq dərinin və ya gözün ağlı qişasının saralmasıdır və qanda bilirubinin artması ilə müşayiət olunur. Sarılıq hepatitlərdən başqa bir çox xəstəliklərdə, o cümlədən qan xəstəliklərində və öd yollarının tıxanmalarında da müşahidə edilə bilər.

- Hepatitlər yoluxdurucudurmu?
- Viral hepatitlər yoluxucudur, digər hepatitlər yoluxdurucu deyil. Hepatit virusları xarici təmas və qan vasitəsi ilə keçə bilər. Məsələn, A və E viruslar xarici təmas yolu ilə, B, C və D isə qan vasitəsi ilə keçə bilir.

- Daşıyıcılar üçün risk varmı?
- Daşıyıcı anlayışı köhnə ifadədir və əvvəllər hepatit B-nin inaktiv formasına deyilirdi. Hazırda buna HBeAg-neqativ xroniki infeksiya deyilir. Həmin formanın xüsusiyyəti ondan ibarətdir ki, orqanizmdə hepatit B virusu var, lakin virusun miqdarında artma, qaraciyərdə zədələnmə və iltihab yoxdur. Orqanizm virusu öldürə bilmir, lakin çoxalmasının qarşısını alır. Beləliklə, virus və orqanizm bir-birlərinə zərər vermədən birlikdə səssizcə yaşayırlar. Əksər xəstələrdə bu "birgə yaşayış” ömür boyu davam edir. Lakin bəzi hallarda, xüsusən də orqanizmin immun sistemi zəiflədikdə bu "səssizlik” pozula bilir, virus çoxalır və qaraciyər zədələməyə başlayır, aktiv hepatit meydana gəlir. Ona görə də qaraciyər funksiyaları mütəmadi olaraq yoxlanılmalı və virusun aktivliyi araşdırılmalıdır.

- Daşıyıcılar yoluxucudurmu?
- Bəli, yoluxucudur. Yaxın qohum və qanla təmasda olanlar həmin xəstəlikdən qorunmaqda hepatit xəstələri ilə eyni yanaşmaya riayət etməlidirlər. Onu da qeyd edim ki, Hepatit B-nin vaksini var və çox yüksək (90 faizdən çox) qoruyuculuğa malikdir. Son 20 ilə qədərki dövrədək hepatologiyada ön plana viral hepatitlər çıxmışdırsa, hazırda yağlanma ilə əlaqədar hepatitlərə daha çox rast gəlinir. Piylənmə və artıq çəki hazırda epidemiya halını alıb və inkişaf etmiş ölkələrin əhalisinin təxminən 30 faizində artıq çəki və piylənməyə rast gəlinir. Piylənməsi olanların 60-70 faizində qaraciyər yağlanması, 30 faizində isə yağlanmaya əlaqədar hepatitə rast gəlmək mümkündür. Yağlanmaya əlaqədar hepatitlər də öz növbəsində xronikləşir, əvvəlcə fibroza, daha sonra sirroza və nəhayət, qaraciyərin xərçənginə aparıb çıxara bilir. Son dövrdə yağlanmaya əlaqədar hepatitin çox yayılmasının səbəbləri arasında piylənmə ilə yanaşı həyat və qidalanma tərzinin, qidaların tərkibinin, dərmanların və ekoloji dəyişikliyinin rolu var. Ona görə də piylənmə xəstəliyini müalicə etmək və artıq çəkini aradan qaldırmaq çox vacibdir. Bunun üçün faydalı üç əsas vasitə var: birincisi, fiziki aktivlik, ikincisi, düzgün qidalanma ("az yeyib çox gəzmək” qaydası), sonuncu isə bariatrik cərrahiyyədir. Bəzən əhəmiyyət vermədiyimiz artıq çəki həyatımıza son qoya bilər.