• şənbə, 27 Aprel, 08:47
  • Baku Bakı 12°C

Prezidentdən məmurlara növbəti xəbərdarlıq

20.09.21 09:00 333
Prezidentdən məmurlara növbəti xəbərdarlıq
"Onsuz da bizim kifayət qədər informasiya mənbələrimiz var və əgər nə isə orada düzgün istiqamətdə getməsə, kimsə əyri yolla getsə, biz ondan gec-tez xəbər tutacağıq”
Dövlət idarəetmə sistemində aparılan islahatlar nəticəsində rüşvətxor, korrupsiyaya qurşanmış, öz şəxsi mənafeyini dövlətin maraqlarından üstün tutan məmurlar cəzalandırılıb. Prezident İlham Əliyev çıxışlarında mütəmadi olaraq bu məsələyə toxunur və rüşvətə, korrupsiyaya qurşanan, səlahiyyətlərindən sui-istifadə edən vəzifəli şəxslərin cəzalandırılacağını daim bəyan edir. Hüquq-mühafizə orqanlarının araşdırmaları nəticəsində artıq ayrı-ayrı rayonların icra başçılarının, struktur rəhbərlərinin məsuliyyətə cəlb edilməsinin şahidi oluruq.
"Sahibkarlara şərait yaradın”
Bir neçə gün öncə Prezidenti İlham Əliyev Rafiq Cəlilovu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı və Rəşad Tağıyevi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən də bu məsələlərə bir daha toxundu: "Siz gündəlik həyatda elə işləyin, elə çalışın ki, həm vətəndaşlar sizdən razı olsunlar, həm də rayonların inkişafı sürətlə getsin və təşəbbüs göstərin, investorları cəlb edin, sahibkarlara şərait yaradın. Ancaq əfsuslar olsun ki, real həyatda biz bunun tam əksini görürük. Bunun nəticəsində və eyni zamanda, buraxılmış ciddi nöqsanlar, pozuntular, rüşvətxorluq və korrupsiya hallarına görə həm Cəlilabad, həm də Şəmkir rayonlarının keçmiş icra başçıları cinayət məsuliyyətinə cəlb olunmuşlar”.
"Hər kəs qanun qarşısında bərabərdir”
Prezident vurğulayıb ki, heç kim qanundan yuxarı dayana bilməz və burada hər kəs qanun qarşısında bərabərdir: "Heç kimdə immunitet yoxdur və ola bilməz. Bütün dövlət məmurlarını vəzifəyə təyin edərkən mən bu tövsiyələri verirəm. Ancaq sizdən əvvəl bu vəzifələrdə çalışmış insanlar yalnız şəxsi mənafelərini güdürdülər, talançılığa, rüşvətxorluğa və korrupsiyaya qurşanmışdılar, insanlara laqeyd yanaşırdılar, rayonların qarşısında duran gündəlik problemlərlə yox, öz şəxsi problemləri ilə, şəxsi biznesləri ilə məşğul idilər və əlbəttə, insanların haqlı narazılığına səbəb olmuşdular. Bütün bu faktlar üzə çıxandan sonra, əlbəttə ki, hər iki icra başçısı öz vəzifələrindən azad edildi və indi onlar qanun qarşısında cavab verəcəklər. İstintaq gedir, istintaq hər şeyi göstərəcək. Ancaq ilkin məlumatlar, o cümlədən sübutlar və istintaq materialları deməyə əsas verir ki, bu insanların cinayət məsuliyyətinə cəlb edilməsi tam əsaslı idi”.
"Əgər siz bu məsuliyyətin altına girirsinizsə...”
Dövlət başçısı çıxışı zamanı vurğuladı ki, heç kim məsuliyyətdən canını, yaxasını qurtara bilməz: "Bunu mən dəfələrlə demişəm, bir daha demək istəyirəm, sizə də deyirəm və bu gün bütün digər məmurlara deyirəm - əgər məmurlar öz işində yenə də bu çirkin əməllərdən əl çəkməsələr, onların da aqibəti eyni olacaq. Hətta çıxışlarımın birində demişdim ki, əgər təmiz işləmək istəmirsinizsə, getməyin bu işlərə, razılıq verməyin, yoxsa bədbəxt olacaqsınız. Əgər siz bu məsuliyyətin altına girirsinizsə, onda, bax, dediyim kimi, qanun çərçivəsində işləməlisiniz və bu yüksək etimadı doğrultmalısınız. Elə işləməlisiniz ki, vətəndaşlar sizdən razı olsunlar”.
Prezident qeyd edib ki, dövlət orqanlarında təmsil olunan məmurların işi də elə şəffaf olmalıdır ki, ictimai nəzarət də bunu təsdiqləsin: "Onsuz da bizim kifayət qədər informasiya mənbələrimiz var və əgər nə isə orada düzgün istiqamətdə getməsə, kimsə əyri yolla getsə, biz ondan gec-tez xəbər tutacağıq. Ona görə, bu da nəzərə alınmalıdır”.
Dövləti talayanlar cəzasını alacaq
Dövlət başçısı məmurlarla bağlı məsələyə toxunaraq, onların öz səlahiyyətlərindən istifadə edərək vətəndaşlardan rüşvət tələb etməsinin yolverilməz olduğunu deyib. Bu, bir daha onu deməyə əsas verir ki, idarəetmə sistemində şəffaflıq, qanunlara əməl edilməsi ölkə rəhbərinin daim diqqət mərkəzindədir. Heç şübhəsiz ki, hansısa məmurun, səlahiyyətli şəxslərin törətdikləri qanunazidd əməllər gec-tez bəlli olur və onlar məsuliyyətdən yaxa qurtara bilmirlər. Təəssüflər olsun ki, bir sıra məmurlar cəzalandırılan icra başçılarını, müxtəlif səlahiyyətli şəxsləri görməzlikdən gəlir və elə düşünürlər ki, xüsusi statusa malikdir. Belə şəxslər xalqa xidmət etdiklərini unudurlar. Lakin cinayət cəzasız qalmır. Dövlət başçısının da dəfələrlə vurğuladığı kimi, kimliyindən, vəzifəsindən asılı olmayaraq rüşvət və korrupsiyaya qurşanaraq dövləti talamağa cəhd edən hər bir şəxs cinayət məsuliyyətinə cəlb ediləcək və cəzasını alacaq.
Azad Məmmədov
banner

Oxşar Xəbərlər