Postpandemiya dövrü daxili turizm üçün yeni imkanlar açacaq
27.04.20 16:21
2015
Ekspertlər deyir ki, bölgələrə yeni turizm
marşrutları təşkil edilməlidir
Pandemiyanın zərər vurduğu, hətta iflic etdiyi əsas
sahələrdən biri də turizmdir. Hazırda sərhədlər bağlı olduğundan bütün dünya
ölkələrində turizm sektorunun fəaliyyəti tamamilə dayanıb. Ölkələr turizmi
yenidən dirçəltmək üçün müxtəlif addımlar atır. Həmin addımlar eynilə də ölkəmizdə
atılır. Belə ki, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən
ölkənin turizm sənayesində sanitariya və gigiyena qaydalarına əməl olunmasının effektivliyini
təmin edərək bizneslərin rəqabət qabiliyyətinin artırılması məqsədilə xüsusi
proqram – Sanitariya və Gigiyena Metodları və Normaları Proqramı (SAHMAN –
Sanitation and hygiene methods and norms) hazırlanıb. "SAHMAN” proqramının əsas
məqsədi də ölkə daxilində və beynəlxalq aləmdə Azərbaycanı təhlükəsiz turizm məkanı
kimi tanıtmaq və rəqabətliliyini artırmaqdır.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev qeyd edib ki, bu
proqram Azərbaycanın post-pandemiya turizminin rəqabət qabiliyyətini artırmaq
üçün hazırlanıb. O, layihənin digər dövlət qurumları ilə koordinasiyada
hazırlandığını, Ümumdünya Turizm Təşkilatı tərəfindən dəstəkləndiyini bildirib.
Proqram dövlət-özəl tərəfdaşlığına
əsaslanaraq təhlükəsizlik, şəffaflıq, sosial məsuliyyət, ədalətlilik,
inklüzivlik, əməkdaşlıq və təbliğat kimi vacib prinsiplər rəhbər tutulmaqla həyata
keçiriləcəkdir. İlkin mərhələdə proqramın yerləşdirmə (mehmanxana və mehmanxana
tipli müəssisələr), ictimai iaşə obyektlərində (restoran və kafelər) və eyni
zamanda turistlərə xidmət edən nəqliyyat vasitələrində tətbiqi nəzərdə tutulub.
Dövlət Turizm Agentliyi tərəfindən SAHMAN proqramına qoşulan sənaye nümayəndələrinə
təlimlərin keçirilməsi, zəruri ləvazimatlarla təminat, marketinq və brendinq
kimi istiqamətlərdə dəstək veriləcək, proqram çərçivəsində tələb olunan əlavə
sanitariya və gigiyena tədbirlərinə yönəldilən xərclərinin bir hissəsi ehtiyaca
uyğun olaraq qarşılanacaq.
Bundan başqa, ölkəmizdə fəaliyyət göstərən turizmyönlü
Assosiasiya və İctimai Birliklər bu çətin pandemiya dövründə
Prezidentİlham Əliyevin "Biz birlikdə güclüyük ” çağırışına dəstək olaraq
və bu devizi rəhbər tutaraq, Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşkilatçılığı
ilə videokonfrans keçirilib. İclasda Assosiasiya nümayəndələri pandemiya dövründə
Azərbaycan turizminin mövcud vəziyyəti, həmçinin, karantindən sonrakı və
postpandemiya dövründə daxili turizmin inkişafını sürətləndirən amillərdən bəhs
ediblər. Özəl sektorun nümayəndələri təmsil etdikləri turizm müəssisələrinin
mövcud problemləri və cari vəziyyəti haqqında məlumat veriblər, vəziyyətdən
çıxış yolları üçün təkliflər səsləndiriblər. Qərara alınıb ki, bütün turizm
qurumlarının səyi ilə yaxın günlərdə daxili turizmin fəaliyyəti və inkişaf
perspektivlərinin dəqiq mexanizmi işlənib hazırlanacaq və müvafiq qurumlara və
ictimaiyyətə təqdim olunacaq. Bütün bunların nəzərə alaraq görüşdə iştirak edən
qurumlar arasında Assosiativ Tərəfdaşlıq haqqında Memorandum qəbul edilib.
Memorandumun əsas məqsədi vahid platformadan çıxış edərək bütün səyləri bir
araya gətirib, turizm qurumları arasında qarşılıqlı, səmərəli və faydalı əməkdaşlığı
inkişaf etdirmək, turizmin inkişafında vətəndaş cəmiyyəti nümayəndələrinin fəallığını
yüksəltmək, hər bir qurumu təmsil edən mütəxəssislərdən ibarət "beyin mərkəzi”nin
yaradılması, zəruri layihələrin birgə işlənməsi, ölkənin turizm potensialının
üzə çıxarılması və təbliği kimi məsələlərdir.
Mütəxəssislərlə postpandemiya dönəmində daxili
turizmin inkişafı üçün hansı addımların atılacağını və nə dərəcədə effektiv olacağını
müzakirə etdik.
Azərbaycan
Turizm Assosiasiyasının İdarə Heyətinin sədri Əhməd Qurbanovdaxili turizmin inkişafı ilə bağlı konsepsiya hazırladıqlarını deyir: "Hazırda
mövcud vəziyyətdən həm dünyada, həm də ölkəmizdə bütün sektorlar zərər görüb.
Xüsusilə də ən böyük ziyan məhz turizm sahəsinə dəydi. Ölkələrə giriş-çıxış
olmadığı üçün həm xarici, karantin dönəmi olduğundan insanları evdən çıxa bilmədiyi
üçün isə həm də daxili turizmdə ciddi geriləmə müşahidə edilir. Turizm şirkətləri,
turizm dayanıqlı obyektlər dayanma nöqtəsinə gəlib çatıb. Karantindən sonrakı
dövrdə hələ sərhədlərin açılmayacağı üçün planlaşdırırıq ki, ilk olaraq ölkəmizdə
daxili turizmi yenidən fəaliyyətə gətirək və inkişaf etdirək. Azərbaycan Turizm
Assosiasiyası olaraq daxili turizmin inkişafı ilə bağlı konsepsiya
hazırlayırıq. Konsepsiyanın məqsədi sırf daxili turizmin inkişafına yönəlikdir
və turizm şirkətləri üçün "yol xəritəsi” olacaq. Ölkəmizdə elə turizm agentlikləri
var ki, onlar təkcə getmə və gəlmə turizm ilə işləyirdilər. Hazırda bu turizm
növü aktiv olmadığından həmin şirkətlər də bu konsepsiyadan yararlana bilər”.
Sədr bölgələrə yeni turizm marşrutlarının
hazırlandığını qeyd etdi: "Bölgələrimizin potensialı yüksəkdir. Sərhədlər bağlı
olduğu üçün xaricə gedə bilməyən vətəndaşlarımız karantindən sonra daxili
turizmin bu potensialından kifayət qədər istifadə edə biləcəklər. Bunun üçün də
düşünürük ki, bölgələrdəki otel və digər turizm xidmətləri göstərən obyektlərin
sayını artırmaq lazımdır. Hazırda turizm şirkətləri ilə danışıqlar gedir və
növbəti mərhələ üçün yeni turizm marşrutlarının planlanması nəzərdə tutulur”.
Ə.Qurbanovdan mövcud vəziyyətlə əlaqəli olaraq
daxili turizmdə süni qiymət artımlarının da olub-olmayacağını soruşduq. O
bildirir ki, qiymətlərdə dəyişikliyin olması gözlənilmir: "Məncə, qiymətlərdə nə
artma, nə də azalma müşahidə edilməyəcək, stabil qalacaq. Çünki karantindən
çıxan turizm obyektləri bir müddətdir ki, işləmədikləri üçün birdən-birə işə
başlayanda qiyməti qaldırmayacaqlar. Amma qiymətlərdə azalma da olmayacaq.
İlkin mərhələdə qiymətlər stabilliyini qoruyacaq, lakin növbəti mərhələ üçün
bazardakı tələb-təklif məsələsinə uyğun şəkildə qiymətlərdə dəyişmə ola bilər.
Turizm sahəsindən olanlar fərdi sahibkarlıq fəaliyyətləri ilə məşğuldurlar deyə,
bu istiqamətdə qiymətlərə nəzarət etmək mümkün deyil. Sadəcə, biz həmişə həmin
sahibkarlarla görüşlərimiz zamanı ciddi qiymət artımına yol verməməyi, hər kəsə
uyğun təkliflər hazırlamaqlarını məsləhət görürük”.
"New Era”
turizm şirkətinin rəhbəri Elçin Rüstəmov qeyd edir
ki, bu sahədə beynəlxalq təcrübəyə istinadən işlər görülə bilər: "Tendensiya
bütün ölkələrdə eynidir. Uçuşların olmadığı bir zamanda bütün dövlətlər əsas
gücü daxili turizm potensialının inkişaf etdirilməsinə verib. Bizdə də beynəlxalq
təcrübəyə istinadən müəyyən işlər görülür. Xüsusilə də Ramazan bayramından
sonrakı dövr üçün insanların ən çox səfər etdikləri Quba, Xaçmaz, Şəki, Qəbələ
istiqamətində yeni turizm marşrutları hazırlanır. Üzü yaya doğru getdiyi üçün
axının böyük hissəsinin yay istirahət komplekslərinə olacağı gözlənilir. Çimərlik
mövsümi başladıqdan sonra əsas kütlə bu sahəyə yönələcək. Bu da təbii ki, həmin
ərazilərdə yerləşən turizm obyektlərinin gəlirinin genişlənməsi üçün olduqca əlverişli
şərait yaradacaq. İnsanlar qoyulan gigiyenik qaydalara əməl etməklə bütün
turizm xidmətlərindən istifadə edə bilərlər”.