Pomidor ixracını azaldan səbəblər
Pomidor ixracımızda keçən illə müqayisədə azalmalar müşahidə edilir. Ekspertlər sahibkarların ixraca meyilli olmadıqlarını bildirirlər. Sahibkarlar isə bunu məhsula görə ödənişin gecikməsi ilə əlaqələndirirlər.
Azərbaycanın qeyri-neft sektoru üzrə əsas ixrac məhsullarından biri pomidordur. Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 140,5 milyon ABŞ dolları dəyərində pomidor ixrac edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr sayında bildirilir. İcmala əsasən, bu rəqəm 2022-ci ilin 11 ayı ilə müqayisədə 10,3 milyon ABŞ dolları və ya 6,83 faiz azdır. Bu azalmanın səbəbi nədir? İxracı daha da artırmaq, sahibkarları stimullaşdırmaq üçün hansı addımlar atıla bilər?
Məhsulun maya dəyəri artıb
Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Azər Badamov pomidor ixracının azalmasının kökündə dayanan amilləri sadaladı: “Birinci səbəb odur ki, istixanalarda pomidorun becərilməsi xərclərinin artması istehsal olunan məhsulun maya dəyərini yüksəldir. Bu da bazara çıxarılan pomidorun rəqabət qabiliyyətini azaldır. Digər bir səbəb Rusiya rublunun dəyər itirməsidir. Pomidor ixracımızın əsas bazarı Rusiyadır. Rublun xarici valyutalar qarşısında dəyərinin azalması fermerlərin ixrac etdikləri kənd təsərrüfatı məhsullarının satışından gələn gəlirlərini kəskin azaldır. Bu da pomidor istehsalına marağın azalmasına səbəb olur”.
Kifayət qədər emal sənayesi müəssisələri yoxdur
Deputatın fikrincə, ixracı artırmağın əsas yollarından biri emal sənayesini inkişaf etdirməkdir: “İstixana şəraitində yetişdirilən kənd təsərrüfatı məhsullarının emal sənayesinə yönəldilməsi rentabelli olmur. Emal sənayesi əsasən mövsüm dövründə tədarük olunan məhsullarla fəaliyyət göstərməlidir. Amma regionlarda kifayət qədər emal sənayesi müəssisələri yoxdur. Emal sənayesinin inkişafı qeyri-neft məhsullarının il boyu ixracına yol açar. Bu, həm də ölkədə yeni iş yerlərinin açılması üçün imkanların yaranması deməkdir. Emal sənayesinin inkişaf etdirilməsi mövsüm zamanı istehsal olunan kənd təsərrüfatı məhsullarının itkisiz tədarük olunmasına da şərait yaradar”.
Dövlət yox, sahibkar yaratmalıdır
A.Badamovun sözlərinə görə, emal sənayesinin inkişafı sahibkarların üzərinə düşən məsələlərdəndir: “Məhz emal sənayesinin lazımı səviyyədə inkişaf etməməsi nəticəsində kənd təsərrüfatı məhsullarının mövsüm zamanı qiymətləri çox aşağı olur. Fermerlər vaxtında tədarük edə bilmədikləri üçün böyük itkilərlə qarşılaşırlar. Emal sənayesinin yaradılmasını dövlət həyata keçirməməlidir. Bu işi sahibkarlar etməlidirlər. Dövlət sahibkarlığın inkişafına kifayət qədər dəstək göstərir. Amma təəssüf ki, nədənsə sahibkarlar emal sənayesinin inkişaf etdirilməsində çox da maraqlı deyillər”.
İqtisadçı Cəfər İbrahimli bildirdi ki, pomidor ixracımız əslində statistikada göründüyü qədər azalmayıb: “Pul dəyəri ilə ixracda azalma görünür. Amma miqdar dəyəri ilə hesablayanda o qədər də azalma yoxdur. Bu azalma 2,5 faizə yaxındır. Bu hal xüsusilə son illərdə daha çox müşahidə edilir. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti "Rosselxoznadzor" bəzi malların geri göndərilməsinə qərar vermişdi. Sertifikasiya məsələlərindəki problemlər və qida ilə bağlı təhlükəli normalar ixracın azalmasına təsir göstərib”.
Fürsətləri dəyərləndirmək lazımdır
C.İbrahimli düşünür ki, Rusiyaya pomidor ixracını daha da artırmaq üçün fürsətləri dəyərləndirmək lazımdır: “Rusiya rəsmiləri açıqladı ki, daha çox ixrac olunan məhsulları, həmçinin pomidoru gömrük vergisindən azad etdilər. Böyük ehtimalla, Rusiyada bu məhsula olan tələbin artacağı gözlənilir. Yəqin ki, bir çox ölkələrlə ticarət əlaqələrinin məhdudlaşdırılması buna səbəbdir. Uzunmüddətli perspektiv üçün bu addım atılırsa, deməli, Rusiyada bu məhsula tələb var və idxalı davam edəcək. Sahibkarlar bu imkanlardan yararlanıb, istehsal həcmlərində artıma gedə bilərlər. Kənd təsərrüfatı, xüsusilə də pomidor istehsalı və emalı məsələlərinə dövlət tərəfindən kifayət qədər güzəşt və subsidiyalar ayrılıb”.
Xəstəliklər istixanaları məhv edib?
Sahibkar Eldar Hüseynov da ixracın azalmasına aydınlıq gətirdi: “Azalmanın birinci səbəbi Rusiya rublunun dəyərini itirməsidir. İkinci səbəb odur ki, Rusiyanın hələ ki, öz malı var idi və tələbat da həddən artıq azalmışdı. Daxildə olan məhsullarımızda isə xəstəlik aşkarlandı. Ölkəyə gətirilən toxumlarda virus mövcud idi. Bu xəstəliklər də istixanaları məhv etdi. Ona görə ölkədən ixrac edilən məhsullar keçən ilə nisbətən azaldı”.
3-4 ildən sonra Rusiyaya pomidor ixrac edə bilməyəcəyik
E.Hüseynovun sözlərinə görə, artıq daha fərqli sortların yetişdirilməsinə ehtiyac var: “Rusiya hökuməti böyük maliyyə ayırıb və artıq özləri pomidor istehsalına başlayırlar. İranda 1000 hektarlıq, Krımda, Qara dənizin, Xəzər dənizinin sahillərində böyük istixanalar qururlar. Yəni yaxın beş ildə Rusiyanın ixrac məhsullarına ehtiyacı qalmayacaq. Artıq özləri istehsal edə biləcəklər. Bu səbəbdən bizim əkinçilər elə sortlar yetişdirməlidirlər ki, onlardan Rusiyada olmasın. Önümüzdəki illərdə Azərbaycanda istixanalara dotasiya verilməsə, əkin seqmenti dəyişdirilməsə, 3-4 ildən sonra Rusiyaya pomidor ixrac edə bilməyəcəyik”.
Artıq bazardan məhsul alınmır
Müsahibimiz sahibkarların ixraca maraq göstərməməsi məsələsinə də toxundu. Bildirdi ki, ixrac zamanı ödəniş gec çatdığı üçün daxili bazar daha sərfəlidir: “Problem odur ki, Rusiya da artıq market alverinə keçib. Kimin marketlərlə müqaviləsi varsa, malını sata bilir. Kimin əlaqəsi yoxdursa, bazarda satır. O zaman da satılmayan məhsul məhv olur, atılır. Əsas məsələ ödənişdir. Sahibkara pul lazımdır ki, işçinin maaşını, gübrənin, qazın pulunu verə bilsin. Rusiyaya ixrac olunan malların ödənişi gecikdiyi üçün bəzi hallarda sahibkarlar məhsullarını daxili bazarda satmağa üstünlük verirlər”.
Zərif Salmanlı