“Polyak irsi” turizm marşrutu kimi-TURİZM
Azərbaycanda bir sıra əhəmiyyətli tikililərin
inşasında polyak memarların izləri var. Onlar neft bumu zamanı Bakıda xeyli
bina layihələndiriblər ki, indi onların əksəriyyəti tarixi əhəmiyyətlidir. Bir
neçə polyak Bakının baş memarı kimi çalışıb.
Ölkəmizin bir sıra sahələrinin inkişafında vaxtı ilə polyakların müstəsna rolu olub.2 minə yaxın polyak müxtəlif sahələrdə fəaliyyət göstərib. Azərbaycana polyakların gəlişi XVII əsrin əvvəllərində başlasa da, XIX əsrin ortalarında onların ikinci dalğasıBakıvəGəncəkimi şəhərlərdə məskunlaşıb. Sovet hakimiyyətinin qurulmasından sonra bəzi polyaklar vətənlərinə qayıtsa da, bir çoxları Azərbaycanda qalıb. Məlumatlara görə, hal-hazırda ölkəmizdə 200-ə yaxın polyak yaşayır.
Polyakların əl işləri
XIX
əsrdə Bakıda "neft bumu” yaşanan zaman Polşa ilə Azərbaycanın əlaqələri daha da
intensivləşib. Məhz bu zaman Azərbaycana polyak mühəndisləri, memarları, həkimləri
gəlib. Polyak memarları Bakı memarlığının formalaşmasında müstəsna xidmətlər
göstəriblər. Onlar şərq və qərb memarlığını sintez edərək layihələşdiriblər.
Polşa arxitektorlarının inşa etdikləri memarlıq inciləri indi də Bakının
simasını bəzəyir. Həmin dövrdə üç
polyak memar – İosif Qoslavski, Kazimir Skureviç, İosif Ploşko Bakının Baş
memarı kimi çalışıblar. Digər polyak memar Yevgeni Skibinskinin yaratdığı
memarlıq inciləri də şəhərə yeni nəfəs gətirmişdi. Belə ki, Bakı Şəhər İcra
Hakimiyyətinin binası, Hacı Zeynalabdin Tağıyevin sarayı (indiki Tarix Muzeyi),
Qızlar məktəbi (indiki Əlyazmalar İnstitutu), Səadət Sarayı və digər möhtəşəm
tikililər polyak memarların əl işləridir.Polyak irsinin nümunələri,
müxtəlif memarlıq inciləri ilə yanaşı, polyak mühəndis və mesenat Pototskinin
qəbri və polyak əsilli violonçelistlər Leopold və Mstislav Rostropoviçlərin
ev-muzeyi də bu siyahıda yer alıb. O zaman polyaklar, əsasən, Bakıda sıx halda yaşasalar da,
polyak memarlıq irsinə Azərbaycanın digər bölgələrində də rast gəlmək olar. Belə ki, Şamaxı,
Gəncə, Qusar və Zaqatalada da polyak memarlıq üslublarında məscid, kilsə
tikilib, eləcə də şəhər planları hazırlanıb.
Yol xəritəsiBütün bunları nəzərə alan Azərbaycan Turizm Bürosu
"Azərbaycanda Polyak irsi” yol xəritəsini və Polşa turistləri üçün Bakıda
gəzinti turu hazırlayıb. Həmin xəritə əsasında turistlər polyak memarların
ucaltdığı abidələrlə tanış ola biləcəklər.
Azərbaycan Turizm
Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Polşa memarlarının Azərbaycanda ucaltdığı
abidələrə həsr olunmuş layihənin təqdimatında bildirdi ki, bu irslə bağlı broşür
hazırlanıb: "Bu broşürdə Polşa memarlarının Azərbaycanda yaratdığı bütün memarlıq
abidələri göstərilib. Ümid edirəm sərhədlər açıldıqdan sonra yeni-yeni
istiqamətlər üzrə məlumatlar hazırlanacaq”. Yol xəritəsi turistlərə gəzinti turunu təşkil
etməyə kömək edəcək. Turistlər dünyada müsəlman qızlar üçün açılmış ilk məktəb,
Bakı milyonçularının sevgi hekayələri, polyak memarlarının taleləri, "un
kralının” başına gəlmiş qalmaqal haqda məlumatlar əldə edəcəklər. Bundan əlavə,
marşrut boyu turistlərin qarşısına "özünlə apar” (take away) kafelər çıxacaq,
onlar çay və ya qəhvə sifariş edə biləcəklər.
İkitərəfli
təbliğata ehtiyacTurizmçilər hesab edir ki, polyak
turistlərin Azərbaycana səfərlərini intensivləşdirmək üçün belə kitabçaların və
yol xəritəsinin əhəmiyyəti böyükdür.
"Vaxtilə polyak mütəxəssisləri Azərbaycanda nəinki
memarlıq, həmçinin neftçıxarma sahəsində
işləyiblər” - deyə Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin
müşaviriMüzəffər Ağakərimov bildirir:
"Polşalı mühəndis Pavel Pototskinin məzarı Bakıdadır. Azərbaycanda bır sıra əhəmiyyətli
tikililərin inşasında polyak memarların izləri var. Elə təkcə İstiqlaliyyət küçəsində
bir neçə binanın memarı polyaklar olub. Onlar neft bumu zamanı Bakıda çox
binalar inşa ediblər”. Ekspert hesab edir ki, belə bir marşrutun olması iki
dövlət arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına da təsir
göstərəcək: "Polşa da Avropanın aparıcı dövlətlərindən biridir. Bu, həmçinin
qonşu dövlətlərin də diqqətini çəkə bilər. Eləcə də Gəncədə, Şəmkirdə alman
məskənlərinin olması ilə bağlı xəritələrin hazırlanması müsbət addımdır.
Fikrimcə, təbliğat təkcə Bakıda aparılmamalı, ikitərəfli olmalıdır. Bəzən bu
təbliğatı özümüz üçün edirik, qarşı tərəfə çatdıra bilmirik. Təbliğatı,
həmçinin Polşada fəaliyyət göstərən Azərbaycan səfirliyi və diasporu da həyata
keçirməlidir. O cümlədən, mədəni əlaqələr, incəsənət günləri vasitəsilə Polşa
ictimaiyyətinə də çatdırılmalıdır. Ordakı yeni nəsil də bilsin ki, vaxtilə
ölkələrimiz arasında sıx əlaqələr olub və bu gün də var”. İşi elə qurmaq lazımdır ki...
Ekspertin fikrincə, bu tip layihələr ölkəmizə
marağı daha da artıracaq: "Azərbaycanın necə tolerant dövlət olduğunu,
mədəniyyətinin hansı səviyyədə inkişaf etdiyini onlara çatdırsaq, bir çoxu
Azərbaycana üz tutacaq. Həm də təbliğat işini elə qurmaq lazımdır ki, Azərbaycanın,
ümumiyyətlə, təkcə Cənubi Qafqazda deyil, bütün Qafqazda oynadığı rolu təqdim
edə bilək. Azərbaycanın mədəniyyəti, tarixi, adət-ənənəsi, mətbəxi, musiqisi
haqqında dolğun məlumatlar Polşa ictimaiyyətində maraq yarada bilər. Düzgün
istiqamətdə təbliğat aparılmalıdır ki, onlar ölkəmizə səfər etmək marağında
olsunlar. Bu da turizmin inkişafına təkan verə bilər”.
Gəlmə turizminə faydalıAzərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA)
Ekspertlər Şurasının sədriGöydəniz Qəhrəmanov hesab
edir ki, belə turizm marşrutlarının və broşürların gəlmə turizminə böyük
faydası var: "Avropalılar daha çox bu tip istirahəti xoşlayırlar. Muzeyləri
gəzmək, abidələrlə tanış olmaq, hansısa yeni marşrutların iştirakçısı olmaq
onlar üçün maraqlıdır. Ərəb turistləri isə daha çox təbiəti, yaşıllığı və s.
istiqamətləri xoşlayırlar. Bu baxımdan, Avropa turistləri bu seqmentdə bizim
üçün çox vacibdir. O cümlədən, Bakı-Gəncə-Şuşa-Batumi istiqamətində hazırlanan
"Əli və Nino” marşrutu da gəlmə turizmində böyük rol oynayacaq. Ümid edirik ki,
yaxın gələcəkdə sərhədlər açılacaq və avtobusla, qatarla bu marşrutlar üzrə
turistlərin hərəkəti mümkün olacaq!”
Maraqlı
turizm marşrutları və xəritələri hazırlanır. Qalır gözləmək, quru sərhədlərin
açılmasını və pandemiya şərtlərinin tamamilə aradan qalxmasını...
Təranə Məhərrəmova