• cümə axşamı, 28 mart, 13:38
  • Baku Bakı 16°C

Piylənmə və artıq çəki tibbin ən aktual problemlərindən biridir

12.07.19 11:45 6941
Piylənmə və artıq çəki tibbin ən aktual problemlərindən biridir
Müasir dövrdə piylənmə və artıq çəki tibbin ən aktual problemlərindən birinə çevrilib. Ümumdünya Səhiyyə Təşkilatının apardığı tədqiqatlar göstərir ki, insanın bədən kütləsinin artması müxtəlif patalogiyaların inkişaf riskinin yüksəlməsinə səbəb olur. Ona görə də, bu xəstəliyi hər cür yolla, hətta cərrahi müdaxilə yolu ilə müalicə etmək önəmlidir. Mərkəzi Gömrük Hospitalın prioritet inkişaf istiqamətlərindən biri də bariatrik cərrahiyyədir. Bu gün bariatrik cərrahiyyə - piylənmə və artıq çəkidən əziyyət çəkən insanların ömrünün uzadılması və sağlamlıqlarının qorunması üçün real şansdır.Bugünkü qonağımızla məhz bu şans haqqında danışmaq istərdik. Qonağımız isə Mərkəzi Gömrük Hospitalının bariatrik cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru Dr.Mojtaba Haşemzadehdir. Dr. Haşemzadeh ABŞ-ın Beth Universitetinin bariatrik cərrahiyyə fakültəsini, İran İslam Respublikasının Məşhəd və Tehran Tibb Universitetlərini bitirib. Bu həkim dünyanın müxtəlif klinikalarında 8000-dən artıq uğurlu bariatrik əməliyyatlar icra edib. Hazırda onun pasiyentləri Mərkəzi Gömrük Hospitalına nəinki Azərbaycandan, həm də Böyük Britaniya, Kanada, İsveçrə, ABŞ, İrandan və başqa ölkələrdən müraciət edirlər.
- Artıq çəki və piylənmə xəstəliyi olan insanlar həyatda hansı problemlərlə üzləşirlər?
- Artıq çəki və piylənmə sağlamlıq üçün ciddi problemdir və insanların orqanizmində müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Bu, onkoloji xəstəliklərlə yanaşı, diabet, bağırsaq, ürək-damar sistemi problemləri və eləcə də, psixi pozğunluqlara aparan bir yoldur. Piylənmə qaraciyər çatışmamazlığına, arterial təzyiqin artmasına, şəkərli diabetə, miokard infarktına, sonsuzluğa səbəb ola bilər. Orqanizmin müxtəlif nahiyələrində yığılan piylər insana öz mənfi təsirini göstərir. Eyni zamanda, artıq çəkisi olan insanlar yeriməyə çətinlik çəkir, müxtəlif psixoloji problemlərlə üzləşir və depressiyaya düşə bilərlər. Ona görə bu xəstəlik mütləq müalicə olunmalıdır.
- Doktor, tibbi baxımdan hansı insanlar kök və piyli hesab olunur? İnsan haradan bilsin ki, piylənmə xəstəliyinə düçar olub?
- Piylənmə və onun dərəcəsi bədən kütləsi indeksi ilə hesablanır. Bədən kütləsi indeksi insanın bədən çəkisinin onun boyuna müvafiq olmasını qiymətləndirən göstəricidir. Bunu hesablamaq üçün çəkini boyun hündürlüyünün kvadratına bölürlər. Əgər boy 1,60 metr, çəki 75 kiloqramdırsa, düzgün çəkini hesablamaq üçün 75 rəqəmi 1,6-nın kvadratına bölünür, alınan rəqəm bədən kütləsi indeksini müəyyən edir. Piylənmə diaqnozu BKİ 30 və ya bundan yuxarı olduqda qoyulur. Alınan rəqəm 30-34,9 arası birinci, 35-39,9 arası ikinci, 40-dan yuxarı üçüncü dərəcəli piylənmə sayılır.
- Piylənməni hansı yollarla müalicə etmək olar?
- Piylənmənin növlərinin müxtəlifliyindən asılı olaraq mübarizə aparmağın yolları da fərqli olur. Artıq çəkinin və piylənmənin müalicəsinin əsas istiqamətləri pəhriz və idmanla məşğul olmaqdır, sağlam həyat tərzi keçirməkdir. Piylənmə dərəcəsi çox yüksək olan pasiyentlərin effektiv müalicəsi isə cərrahi müdaxilədir - bariatrik deyilən əməliyyatlardır.
- Doktor, Siz hazırda hansı bariatrik cərrahi əməliyyatları həyata keçirirsiniz?
- Biz Mərkəzi Gömrük Hospitalında hər xəstənin artıq çəkisinə uyğun olaraq müvafiq müalicə metodu tövsiyə edirik. O cümlədən, xəstəxanamızda bariatrik cərrahiyyənin növləri sayılan mədəkiçiltmə əməliyyatı, esliv sasi əməliyyatı, sleeve By Pass, mini By Pass, mədə balonu, mədə kəməri və digər əməliyyatları həyata keçirmək imkanımız vardır. Amma ən çox yayılan cərrahi metodlardan biri endoskopik vasitə ilə mədədə balon yerləşdirilməsidir ki, bu zaman bədəndə heç bir nahiyə kəsilmir.
- Xəstələrin çoxu bu cərrahiyyə əməliyyatlarından qorxurlar. Siz belə xəstələrə nələri tövsiyə edərdiniz?
- Piylənmə gələcəkdə 100% digər orqanlarda fəsadlar törədəcək. Əgər xəstə müalicə olunmazsa, bunun fəsadlarından dünyasını dəyişə bilər. Amma cərrahi üsullarda 1% fəsad ehtimalı var, bu da müxtəlif metodlarla 0-a enə bilər. Piylənmə dərəcəsi yüksək olan pasiyentlərə bariatrik həkimə müraciət etmələrini və bu problemin aradan qaldırılması üçün uyğun olan bariatrik cərrahiyyə növünün seçilməsini tövsiyə edirəm. Bariatrik əməliyyat həyata keçirən pasiyentlər bu problemlərdən azad ola bilirlər.
- Doktor, bariatrik cərrahiyyə ilə xəstə nə qədər çəki itirir? Və mədənin yenidən böyüməsi və bu çəkinin yenidən alınması ehtimalı varmı?
- Əməliyyatdan sonra xəstələr normal çəkiyə düşürlər, qanda şəkərin miqdarı tənzimlənir, qan təzyiqi normallaşır, əməliyyatda sonra xəstələrin ömürləri 10-12 ilədək uzanmış olur. Biz əməliyyat zamanı mədənin kəsilən hissəsində tikiş aparırıq deyə, mədənin böyüməsi ehtimalı demək olar ki, yoxdur.
banner

Oxşar Xəbərlər