• cümə axşamı, 28 mart, 22:07
  • Baku Bakı 13°C

“Pianoçu”nu dünyaya tanıdan ssenarist

19.09.20 09:30 1570
“Pianoçu”nu dünyaya tanıdan ssenarist
O, teatr səhnəsinə həm aktyor, həm də rejissor kimi çıxıb
Britaniyalı dramaturq və ssenarist Ronald Harvud 85 yaşında vəfat edib. Yazıçı ötən həftə Sasseks şəhərindəki evində dünyasını dəyişib. Ölümünün səbəbləri haqqında isə mətbuata məlumat verilməyib. Harvud 2003-cü ildə məşhur "Pianoçu” filminə görə "Ən yaxşı uyğunlaşdırılmış ssenari” nominasiyası üzrə "Oskar” mükafatına layiq görülüb. O, 2008-ci ildə "Skafandr və kəpənək” filminin ssenarisinə görə isə BAFTA mükafatını qazanıb. 2010-cu ildə Ronald Harvuda ssenari müəllifi kimi "Cəngavər” titulu verilib. Ronald Harvud Britaniyanın müharibədən sonrakı ən böyük dramaturqlarından biri kimi qəbul edilirdi. Görkəmli yazıçı 20-dən çox pyesin, 10 kitabın, 40-dan çox kinossenarinin müəllifi kimi tanınıb. Amma onun ən böyük həvəsi həmişə teatrla bağlı olub. O, teatr səhnəsinə həm aktyor, həm də rejissor kimi çıxıb. Bir çox əsərləri teatrlar üçün səhnələşdirilib.

Harvurd karyerasına Donald Vulitin Şekspir teatrında kostyumçu kimi başlayıb. Bu sənət ocağı dünyanın bir çox teatrlarında yüzlərlə tamaşa səhnələşdirib. Məhz pərdə arxasındakı yaşadığı, üzləşdiyi məqamlar 1983-cü ildə Piter Yetsin rejissoru olduğu "Kostyumçu” filmində meydana çıxıb.

"Aktyorlar onun pyesini çox sevirdilər. Çünki Harvudun, teatrı güclü hiss etmək duyğusu vardı. Onun üçün ironiya ilə dərin zəriflik hissinin harmoniyası böyük məna kəsb edirdi. Bu mənanın kökündə insan, onun həyatı və sevgisi dayanırdı” - deyə teatr tarixçisi, professor Aleksey Bartoşeviç bildirir: "Ronald Harvud dünya, o cümlədən rus mədəniyyətinə böyük maraq göstərib. Hətta Çexovun yaradıcılığından tərcümələr edib. 90-cı illərdə Moskvada səhnələşdirilən əsərlərinin təqdimatında özü də iştirak edirdi. O, teatr bilicisi idi. Təkcə teatrın tarixini və ya səhnədə baş verənləri deyil, həmçinin hadisələrin qabaqcadan tamaşaçıda hansı təsir yaradacağını intuitiv olaraq anlayırdı. Zənni heç vaxt onu aldatmırdı. Böyük sənətin insanlara bəxş etdiyi estetikanı yüksək səviyyədə, uzaqgörənliklə təqdim və təlqin etməyi bacırırdı”. Tarixçi xatırlayır ki, Harvudun gəlişi Rusiya mediasında əsas mədəniyyət xəbəri kimi təqdim olunub: "Mənim onunla çox yaxın münasibətim vardı. Biz birlikdə nahar etdik. Onda qeyri-adi yumor hissi vardı. Bu, əsil yəhudisayağı yumor hissi idi”- deyə Bartoşoviç danışır: "Harvuda 2003-cü ildə "Pianoçu” filminə görə "Oskar” veriləndə, güldü. Bu, onun illərlə çəkdiyi gərgin zəhməti, həyəcanlarını və sənətə sonsuz sevgisini ifadə edirdi. O, ingilis və dünya ədəbiyyatını diqqət və həvəslə oxuyurdu. Düşüncələri və faktlar arasında həmişə lazımı balans tapmağı bacarırdı. Bu keyfiyyətlər hər yazıçıda olmur. Harvudu fərqləndirən də dərin intuisiyası və müşahidələri idi”.
Yəhudi soyadının çətinliyi
Ronald Xorvic Harvud Cənubi Afrikada, Keyptaunda, Polşa emiqrantlarının ailəsində doğulub. 1951-ci ildə aktyorluq sənətini öyrənmək və oxumaq üçün Londona gəlib. Soyadını isə ingilis müəlliminin məsləhəti ilə dəyişib. Müəllimi ona başa salır ki, Britaniya səhnəsində emiqrant yəhudilər çoxdur və bu, çoxlarına xoş gəlmir. "Horviç soyadı çox xarici və yəhudisayağı səslənir. Bu soyad sənə maneçilik yarada bilər”.

O, Kral Dramatik Sənət Akademiyasında təhsilini başa vurduqdan sonra Donald Vulfitin teatr truppasına qoşulur. 1952-ci ildən 1958-ci ilədək rejissorun şəxsi kostyumçusu olur. Sonralar təcrübəsi əsasında "Cənab Donald Vulfit, Britaniya İmperiyasının komandiri: onun həyatı və dəbdə olmayan teatrda işi” avtobioqrafiyasını yazır. Vulfitin teatrdan gedişindən sonra bir mövsüm aktyor kimi çalışır.

1960-cı ildə isə Ronaldın yazıçılıq karyerası başlayır. Bir il sonra onun ”Eyni kölgələr altında” adlı əsəri çapdan çıxır. Daha sonra "Sıravi Potter” filmi üçün ilk ssenarisini yazır. Çox keçmədən o, məhsuldar yazıçı kimi tanınır. Kinorejissorlar Harvudun əsərlərini bəyənirdilər. London tənqidçiləri onları ağırçəkili əsərlər kimi dəyərləndirirdi. O, teatr, aktyorlar, onların həyatları haqqında yazmağı xoşlayırdı. Yazıçının kitabları böyük uğur qazanır. "Ev” romanı 1994-cü ildə bədii ədəbiyyat sahəsində mükafata layiq görülür. Bundan əlavə, o, 16 ssenari yazır. Eyni zamanda, kino üçün süjetləri nadir hallarda ortaya çıxarır.
Müharibənin dəhşətləri filmlərdə
Harvudun yaradıcılığında İkinci Dünya müharibəsi mühüm yer tutur. Hətta kino tənqidçiləri bunu yazıçının yaradıcılığında əsas səhifə adlandırır. Müharibə mövzusu onun "Günəşin doğması əməliyyatı”, "Danışıq”, "Pianoçu”, "Tərəflərin rəyi” və s. filmlərində yer alıb. Bu filmlərin əsasında real hadisələr durur. Son iki əsərindəki əsas personajı isə musiqiçi kimi müharibənin ağır zərbələrinə məruz qalır. 2008-ci ildə yazdığı "İngilis faciəsi” pyesi isə Britaniya faşisti Con Amerinin həyatından bəhs edir. Harvud, həmçinin "Brauninqin versiyası” və "Teatr” filmləri üçün ssenarilər yazır. "Pianoçu” filminin ssenarisi ona "Oskar” qazandırır. Bu filmə qədər isə yazıçı artıq "Kostyumçu” filminə görə mükafatlanmışdı. 2007-ci ildə Harvud Jana-Dominik Bobinin memuarları əsasında "Skafandr və kəpənək” filminin ssenarisinə görə 3-cü dəfə "Oskar” nominantı olur. Bu işinə görə o BAFTA mükafatı və bir sıra nüfuzlu mükafatlara layiq görülür.

"Pianoçu” filmi ekranlara çıxanda tamaşaçılar yəhudi millətinin soyqırımına məruz qalması səhnələrini ürək ağrısı ilə izlədilər. Milliyyətcə yəhudi olan məşhur polyak pianoçusu Vladislav Şpilmanın (Edrien Broudi) həyatından bəhs edən film, musiqiçinin Polşadayaşadığı 7 il ərzində başına gələn hadisələr əsasında çəkilib.Filmin ilk nümayişi böyük maraq və səs-küyə səbəb oldu. 2003-cü ildə ekran əsəri "Ən yaxşı kişi rolu”, "Ən yaxşı rejissor” (Roman Polanski), "Ən yaxşı ssenari” (Ronald Harvud) üzrə "Oskar” mükafatını qazanır.

Bu film yaradıcı heyətə dünya şöhrəti qazandırdı, onlara saysız-hesabsız mükafatlar gətirdi. "Çox az film tapılar ki, həm "Qızıl Palma Budağı”, həm də ən əsas nominasiyalarda "Oskar”a sahib çıxsın. "Pianoçu” məhz belə filmlərdəndir” - deyə dünya mətbuatında film haqqındakı yazılarda qeyd olunurdu. Filmdə Şpilman rolunu oynayan aktyor "Oskar”a layiq görülən ən gənc namizəd idi. O, bu nüfuzlu mükafatı əlinə alanda 29 yaşı vardı. Filmin çəkilişləri üçünsə o, 13 kq arıqlamışdı. Həmçinin Fridrik Şopenin əsərini çalmağı öyrənmişdi. Alman zabiti ondan piano çalmağı istəyəndə Şpilman bəstəkarın "Ballada”sını ifa edir.
Əgər onlar yaşasalar...
Harvud ingilis PEN klubunun prezidenti idi. Və 1989-cu ildə Beynəlxalq PEN-kluba üzv seçilmişdi. O, həmçinin Kral Ədəbi Cəmiyyətinin sədri və 2005-ci ildə Kral Ədəbiyyat Fondunun prezidenti kimi çalışırdı.

Yazıçı 2006-cı ildə Serbiya Elm və İncəsənət Akademiyasının dil və ədəbiyyat şöbəsinin üzvü, 2007-ci ildə Çiçester Universitetinin fəxri üzvü seçilir. Britaniya kitabxanası onun əlyazmaları daxil olmaqla, sənədlərini və haqqında mətbuatda yazılan materialları əldə edib. 2014-cü ildə o, Yəhudi Milli Teatr Fondunun mükafatına layiq görülür. 2017-ci ilin mayında isə Harvud haqqında "Mənim haqqımda yaxşı” avtobioqrafik kitabı çap olunur. Əsər, yazıçının uşaqlığından, gəncliyindən, teatra, kinoya marağının yaranmasından, müharibə dövrünün taleyinə yazdığı çətinliklərdən və qocalığından bəhs edir. "Mən hadisələrə həmişə real baxmağa çalışmışam. Haqqımda yazılan kitabda da şişirdilən heç bir məlumat yoxdur. Bu, mənim həyatımdır. Nəyisə dəyişsəm yaddaşıma ziyan vermiş olacağam. Keçmiş xatirələr çox qiymətlidir. Onlar yaddaşda elə kök salır ki, onları dəyişmək olmaz. Mən bioqraf üçün həyatımı detalları ilə vərəqləmişəm. Elə bilirəm, bu əsər haqqımda gələcək nəsillərə, mənim yaradıcılığımı öyrənmək istəyən insanlara, ümumən, teatrı, kinonu və ədəbiyyatı sevənlərə çox şey deyəcək”.

Harvud 1959-cu ildə Nataşa Rixllə ailə qurub. Onların Entoni, Debora və Aleksandra adlı üç övladları var. Nataşa 2013-cü ildə dünyasını dəyişib. Onun ölümündən sonra Harvud özünü tənha və kədərli hiss edib: "Biz bir-birimizi təkcə sevməmişik, həmçinin dost və sirdaş olmuşuq. Nataşa mənim ilk oxucum və rəyçim idi. Yazdıqlarım və işlərim haqqında ilk məsləhətçim o idi. Əgər "yaxşıdır” deyirdisə, mən bunu uğurun təminatı sayırdım. Nataşanın ölümü ilə mən təkcə yaxın dostumu deyil, həm də ən gözəl oxucumu itirdim. Özümü yalnız hiss edirəm” - deyə Harvud arvadının ölümündən sonra dostlarına kədərini bölüşüb. Harvud həmişə özündən soruşurmuş: "Mənim pyeslərim özümdən sonra yaşayacaqmı?” Sonra özü də cavab verirmiş: "Əgər onlar yaşasalar, çox xoşbəxt olacağam”. Ronald Harvudun pyesləri nəinki yaşadı, hətta onun adını dünyanın ədəbiyyat və incəsənət tarixinə əbədi yazdı...
Rusiya mətbuatından tərcümə etdi
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər