“Peşəkarlıq və məsuliyyət hissinin artırılmasına ehtiyac var”
Kütləvi informasiya vasitələrində, o
cümlədən elektron mediada dövlət dilinin norma və prinsiplərinə uyğun olmayan
söz və ifadələrin işlədilməsi ilə bağlı narahatlıq keçən həftə KİV
rəhbərlərini, dilçi alimləri bir araya gətirdi. Ölkə başçısı İlham Əliyevin
tapşırığı ilə Milli Televiziya və Radio Şurasının (MTRŞ) təşkil etdiyi
"Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda
keçirilən konfransda KİV-də ədəbi dilin
işlənməsi ilə bağlı ümumi, hm də xoş olmayan vəziyyət hərtərəfli müzakirə
olundu. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlət
dilinin bütün imkanlarından hər zaman lazımınca istifadə edilmədiyi,
yerli-yersiz yad ünsürlərin dilimizə gətirildiyi, aidiyyəti qurumların bu
təsirlərə qarşı ciddi mübarizə aparmadığını diqqətə çatdırdı.
Bəs görəsən KİV-də
ədəbi dilin normalarına riayət olunması, dilimizin saflığı və zənginliyinin
qoruması istiqamətində hansı işlər görülməlidir?
İ.Nəsimi adına AMEA Dilçilik İnstitutunun
direktoru, akademik Möhsün Nağısoylu ilə söhbətimiz də bu mövzu ətrafında oldu.
Dili hamı qorumalıdır
- Möhsün müəllim, bir dilçi alim kimi ölkənin kütləvi informasiya vasitələrində
ədəbi dil normalarının qorunması ilə bağlı ümumi mənzərəni necə xarakterizə
edərdiniz?
- Hazırkı
mənzərəni qənaətbəxş hesab etmirəm. Bu fikirlər Azərbaycan Televiziyasına aid
deyil. İctimai Televiziya və Radio Yayımları Şirkətində də vəziyyət bu baxımdan
nisbətən yaxşıdır. Amma özəl telekanallarda vəziyyət ürəkaçan deyil. Hiss
olunur ki, aparıcıların bəziləri qeyri-peşəkardır və Azərbaycan dilini yaxşı
bilmirlər. Ola bilsin ki, bu, təhsillə də bağlıdır. Məsələn, dünən
telekanalların birində aparıcı «Filan komanda, hansı ki, birinci yeri tutub»
cümləsini işlətdi. Bu, bizim sintaktik qadaların kobudcasına pozulması
deməkdir. Azərbaycan dilində bu cür cümlə qəlibləri yoxdur. Həmin cümləni
«Birinci yeri tutan komanda» kimi işlətmək daha düzgün olardı. Bəzən mətnləri
hərfi tərcümə edirlər. Əgər aparıcı rusdillidirsə, rus dilində düşünüb
Azərbaycan dilində səsləndirəndə bərbad cümlələr alınır. Daha bir misal: təmir
və ya tikinti gedən yerlərdə "Narahatçılığa görə üzr istəyirik»- deyə yazırlar.
Dilimizdə «narahatçılıq» sözü yoxdur, «narahatlıq» var. Bir televiziya
reklamında «Çürüksüz dişlər» sözləri səslənirdi. Bu, «Sağlam dişlər» kimi
səslənməli idi. Təəssüf ki, bu tip dil normalarının kobud pozulmaları ilə
rastlaşırıq. Həm morfoloji, həm sintaktik, həm də leksik istiqamətdə dil
pozuntuları olur. Dilimizdə əcnəbi sözlərdən çox istifadə olunur. Mən əcnəbi
sözlərin dilimizdə işlənməsinin əleyhinə deyiləm, varvarizmlərin əleyhinəyəm.
İş ondadır ki, həmin əcnəbi sözlərin bizim dildə qarşılığı var, ancaq həmin
qarşılığı deyil, o sözlərin özünü işlədirlər. Belə hallarla qarşılaşanda yadıma
Cəlil Məmmədquluzadənin «Anamın kitabı» əsəri düşür. Yəni əsərin qəhrəmanı olan
üç qardaş ayrı-ayrı əcnəbi ölkələrdə oxuyublar və o ölkələrin təsiri altına
düşüblər. Türkiyədə oxuyan yerli-yersiz osmanlı sözlərini, İranda oxuyan
uzun-uzadı izafet tərkibləri, Rusiyada təhsil alan da rus sözlərini işlədir.
Çox acınacaqlı haldır ki, biz bu vəziyyətlə bu gün də qarşılaşırıq. Məsələn,
Türkiyədə təhsil alanlar danışıqlarında yerli-yersiz türk sözləri işlədirlər.
Bizim öz dilimiz var. Məsələn, bizim aylarımızın adı türk dilindən fərqlidir.
Əgər dilimizdə «məqsəd» sözü varsa, niyə «amac» deyək? «Əks-təsir» sözü varsa,
niyə «təpki» deyək? Bizim dilimiz dünyanın zəngin dillərindən biridir. Bu gün
ölkə prezidenti dilə olan hörmətsizlikdən narahatdır. Ana dilində düzgün və
təmiz danışmaq və onu qorumaq hər kəsin vətəndaşlıq borcudur. Çünki dilin
qoruyucusu və sahibi xalqdır. Dilin qayğısına qalmaq təkcə dilçilərin vəzifəsi
deyil. Dilçilik İnstitutu elmi tədqiqatları həyata keçirən qurumdur. Dili
ümumilikdə hamı qorumalıdır.
- Dilçilik İnstitutunda Monitorinq şöbəsi
fəaliyyət göstərir. Qurum konkret
olaraq KİV- də ədəbi dil qaydalarının pozulmasının qarşısının alınması üçün
hansı işləri görür?
- 2013-cü ildən Dilçilik İnstitutunda Monitorinq şöbəsi
yaradılıb. Şöbənin əsas elmi-tədqiqat fəaliyyəti Azərbaycan dilinin dövlət dili
kimi inkişafı və dilin təmizliyinin qorunması, eləcə də ədəbi dil normalarının
pozulmasının qarşısının alınması üçün təkliflər hazırlanmasıdır. O cümlədən,
reklamlarda, ictimai iaşə obyektlərində və yazılı və elektron kütləvi
informasiya vasitələrində Azərbaycan dilinin fonetik və qrammatik normalarına
riayət olunmasının təmin edilməsi, Azərbaycan dilinin normalarına əməl edilməsi
səviyyəsini müəyyənləşdirmək məqsədilə monitorinqlər keçirilməsi,
monitorinqlərin nəticələrinin analitik təhlili və buna uyğun olaraq treninqlər
keçirilməsi məsələlərinin həlli ilə bağlıdır. Bizim işimiz ilk növbədə
maarifləndirmədir. AMEA-nın Rəyasət Heyətinin may ayında keçirilən iclasında
Monitorinq şöbəsinə inzibati cəza tədbirləri haqqında təkliflər planı hazırlamaq
tapşırıldı. Demək olar ki, həmin plan hazırlanıb. Məcbur olub inzibati cəza
tədbirlərini tətbiq etmək olar. Bizim Milli Teleradio Şurası ilə əməkdaşlıq
müqaviləmiz var. Biz təklif etdik ki, işlənən sözlərin tərcüməsində,
tələffüzünün tədqiq olunmasında əməkdaşlarımız da iştirak etsinlər. Bu
istiqamətdə işlər həyata keçirir və monitorinqlərin nəticələrini təqdim edirik.
Cərimələr nəyi dəyişəcək?
- Tez-tez dilin qorunması istiqamətində xarici
ölkələrin təcrübəsi əsas gətirilir. Cərimələrin tətbiqi və ya dil polisinin
təşkili kimi təkliflər irəli sürülür. Yeri gəlmişkən, sizin rəhbərlik etdiyiniz
qurum tərəfindən də cərimələrin tətbiqi ilə bağlı təkliflər səsləndi və
birmənalı qarşılanmadı. İnzibati metodlarla kütləvi şəkildə dil normalarının
pozuntularının qarşısını almaq mümkündürmü?
- Mən instituta
təzə direktor təyin olunanda inzibati cəza tədbirlərinin tətbiqi ilə bağlı
təşəbbüslə çıxış etdim. Bu cür inzibati qaydalar xüsusən Baltikyanı ölkələrdə
həyata keçirilir. Mən təşəbbüslə çıxış edəndə heç də ayrı-ayrı şəxsləri nəzərdə
tutmurdum. Ümumiyyətlə, qurumları nəzərdə tuturdum, çünki onların məsuliyyət
hissini bir qədər artırmağa ehtiyac var. Məsələn, reklam şirkətləri var ki,
onlar hər hansı reklam və elanların yazılmasına nəzarət edirlər, ancaq ciddi səhvlər
görünür. Biz də məcbur qalıb bu cür metodlara əl atmaq istəyirik. Cərimələri də
çox böyük məbləğdə düşünmürdüm. Bu təşəbbüslə çıxış edəndə cavan bir qız mənə
zəng edərək «Siz cərimələrlə bağlı fikir səsləndirmisiniz. Tutaq ki, avtobusda
gedirəm və «uje» sözünü işlədirəmsə, məni cərimə edəcəksiniz». Mən də «Sənin
yanında dil polisi dayanmayacaq ki... Bunu sənin öz vicdanının ixtiyarına
buraxıram» - dedim. Əgər ana dilini sevirsənsə, niyə «uje» deyirsən, «artıq»
de. Bizim dilimizin saflığı, söz yaradıcılığı sahəsində zəngin təcrübəsi var.
Ona görə dilimizin imkanlarından lazımınca və yerində istifadə olunmalıdır.
- Dilçilik İnstitutunda orfoepiya lüğəti
hazırlanır. Dediyinizə görə, orfoqrafiya lüğəti isə artıq hazırdır. Bu lüğətlər
KİV-də dilin qorunmasında hansı rol oynaya bilər?
- Sonuncu
orfoqrafiya lüğətinin nəşrindən 5 il keçir. Bu müddətdə dilimizə çoxlu yeni
sözlər daxil olub. Skaut, bloqer və s. kimi sözlər eşidirik. Bu sözlərin düzgün
yazılışı və tələffüzü çox mühümdür. Məsələn, «filan ölkənin adı bizim dilimizdə
necə olmalıdır?» kimi suallarla bizə zəng edirlər. Bəzən bir ölkənin adı müxtəlif
saytlarda fərqli yazılır. Bizim işimiz həm də tələffüz lüğəti hazırlamaqdır.
Bu, ölkə KİV-lərinə böyük kömək ola bilər. Məsələn, türklər necə eşidirlərsə,
elə də yazırlar. Biz «Kiyev» yazırıqsa, onlar Kiev və ya Moskova yazırlar. Bu
lüğətdə əsas prinsip fonetik prinsip olmalıdır. Yəni bu adlar bizim dilimizdə
necə səslənir və dilimizin ahəng qanununa uyğun necə yazılır. Bu lüğətlər hər
bir jurnalistin masaüstü kitabı olmalıdır. Müəyyən sözlərin yazılış qaydalarına
əməl olunmalıdır. Translitrasiya lüğəti də hazırlansa fikrimcə, böyük əhəmiyyət
daşıyacaq. Dilimizdə müəyyən sözlər var ki, yazıldığı kimi tələffüz olunmur.
Daha çox televiziya və radio işçilərinə lazımdır ki, sözləri tələffüz edəndə orfoepiya
qaydalarına əməl etsinlər.
Məsuliyyət hissini artırmaq
- Sizcə, KİV-də dil normalarının pozulması halları
yalnız bu sahədə çalışan jurnalistlərin səhvi kimi dəyərləndirilməlidir? Bəlkə
onların istifadə etdiyi vəsaitlərdə yanlışlıq var və ya bu sahədə
maarifləndirmə işi zəifdir. Həmçinin KİV-də işə qəbul seçimində səhv ola bilər.
- Sözlərinizdə
həqiqət var. Əsas məsələ maarifləndirmə işini gücləndirmək və məsuliyyət
hissini artırmaqdır. Əvvəllər bir-iki qəzet fəaliyyət göstərirdi. Bu gün isə
qəzetlərin sayı həddən artıq çoxdur. Həmçinin əvvəllər bir televiziya vardı, bu
gün çoxlu telekanal var. İlk növbədə dili yaxşı bilmək və ona hörmətlə yanaşmaq
lazımdır. Peşəkarlıq və məsuliyyət hissinin artırılmasına ehtiyac var. Qaldı
ki, seçimə, xüsusən telekanal rəhbərləri özləri bu işdə məsuliyyət hiss etməlidirlər.
Hazırda aparıcılar ən çox artistlər və ya müğənnilər arasından seçilir. Xarici
görünüşə də fikir verilir. Bu da təbiidir. Ancaq onların Azərbaycan dilində səlis
danışa bilmələri nəzərə alınmalıdır. Təbii ki, hər kəs natiq ola bilməz. Bu
baxımdan, məsələyə hərtərəfli yanaşmaq lazımdır.
- «Hər bir vətəndaş dilin qorunmasına
məsuliyyət daşımalıdır». Bu gün məruzələrdə səslənən əsas fikir budur. Bunun
üçün nədən başlamaq lazımdır?
- İlk növbədə
ailədən... Mənim 3-cü sinifdə oxuyan nəvəm heç vaxt «xolodelnik», «ostonovka»,
«probka» sözlərini işlətmir. «Soyuducu», «dayanacaq» və «tıxac» deyir. Dilin
inkişafı üçün ikinci mühit uşaq bağçası, daha sonra məktəbdir. Hər bir kəsin
işlədiyi mühit də onun dilə münasibətində böyük rol oynayır. Ancaq bütün
bunlarla bərabər öndə dilə olan sevgi durur. Əgər hər kəs bilsə ki, onun dili
zəngindir, dünya dilləri içərisində öz yeri var, onda o, öz məsuliyyətini başa
düşər və dilə sevgisi də yaranar.
Söhbətləşdi
Təranə
Məhərrəmova