Sənaye və
İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında yaradılan yeni
Peşə Təhsil Mərkəzi 2019-2020-ci tədris ili üzrə tələbə qəbulu elan edir. Əsas
hədəflərindən biri müasir tələblərə uyğun dayanıqlı peşə təhsili modeli
yaratmaq olan mərkəz, Koreya təhsil standartları əsasında fəaliyyət göstərəcək
məktəbin qapılarını açır.
Məktəbə qəbulla
və gələcək fəaliyyətlə bağlı keçirilən mətbuat konfransında qeyd edildi ki, yeni Peşə Təhsil
Mərkəzi Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq,
Koreya təhsil standartları əsasında yaradılmış ilk pilot təhsil müəssisəsidir.
Bu təhsil müəssisəsi mexanika, elektronika, elektrik mühəndisliyi, sənayedə
quraşdırma işləri, tikinti, informasiya texnologiyaları, avtomobil və
avtomatlaşdırma istiqamətləri üzrə ən müasir avadanlıq, təlim və tədris vəsaitləri
ilə təchiz olunub. Tədris prosesində istifadə ediləcək kurikulumlar koreyalı
ekspertlər, həmçinin özəl sektor nümayəndələrinin iştirakı ilə hazırlanıb.
Peşə Təhsili üzrə Dövlət
Agentliyinin hüquq, insan resursları və informasiya şöbəsinin müdir müavini
Ceyran Məmmədli ölkəmizdə peşə təhsilinin inkişafına xüsusi önəm verildiyini qeyd edərək,
bu istiqamətdə reallaşdırılan tədbirlərdən danışdı: "Hazırda peşə təhsili ölkənin təhsil siyasətinin əsas
prioritetlərindən biridir. Bu baxımdan bu sahəyə son 3 ildə xüsusi diqqət
yetirilir. Həmçinin "Azərbaycan Respublikasında peşə
təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də bu sahənin
inkişafı ilə bağlı məsələlər yer alıb: "Peşə təhsili ilə bağlı maddi-texniki
bazanın və kadr potensialının yaxşılaşdırılması qarşıda duran məsələlərdəndir”.
Yeni layihənin Koreya standartları əsasında ərsəyə gələcəyini deyən C.Məmmədli
qeyd etdi ki, Koreya təcrübəsi dünyada bu sahə üzrə "top üçlük”də yer
aldığından, bu təcrübənin ölkəmizdə tətbiqinə önəm verilib. Peşə Təhsil Mərkəzinin direktoru Rəşad
Xanlarov Mərkəzin, ölkəmizdə Koreya
təhsil standartları əsasında yaradılmış ilk pilot təhsil müəssisəsi olduğunu
qeyd etdi. Belə ki ən müasir maddi-texniki baza ilə təchiz edilmiş təhsil
kompleksi, əsas tədris binası, 3 emalatxana, yataqxana, idman meydançası və digər
zəruri infrastrukturu özündə cəmləyir. Qlobal sənaye ehtiyaclarına cavab verə
biləcək, rəqabətqabiliyyətli kadrların hazırlığına istiqamətlənən mərkəz, ölkənin
ən qabaqcıl sənaye müəssisələri ilə əməkdaşlığa başlayıb. Direktor Peşə Təhsil
Mərkəzinə qəbul qaydaları, mərkəzin fəaliyyət istiqamətləri barədə məlumat verərək
qəbul prosesində Koreya modelinin əsas götürüldüyünü qeyd etdi. Mərkəzdə «Torna
və frezer dəzgahların operatoru», «Avtomobil diaqnostikası və təmiri ustası»,
«Sənayedə quraşdırma işləri üzrə usta», «Elektronika ustası», «Elektrik
avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru», «İnşaat ustası», «Veb
dizayner və proqram təminatçısı» və «Avtomatika üzrə usta» ixtisasları – 8 fərqli
ixtisas üzrə 1 illik proqramlarda təhsil almaq mümkündür: "Müsabiqə elektron ərizələrin
qiymətləndirilməsi və müsahibə mərhələlərindən ibarətdir. Qeydiyyatdan keçmiş
namizədlərin elektron ərizələrindəki məlumatların uyğunluğu yoxlanıldıqdan
sonra tələbələrə (tam orta təhsil və texniki fənlər üzrə yüksək qiyməti olan
namizədlər) cavab verən şəxslər növbəti mərhələyə dəvət ediləcəklər. İkinci mərhələdə
iştirak edən namizədlərə seçdikləri ixtisaslar üzrə tapşırıqlar təqdim ediləcək”.
R.Xanlarovun sözlərinə görə, mərkəzə 400 tələbənin qəbulu nəzərdə tutulub ki,
onlardan 240 nəfəri büdcə hesabına, 160 nəfəri isə ödənişli əsaslarla təhsil
alacaq: "Yerli şirkətlərlə bağlanan müqavilələrə əsasən, məzunların işlə təmin
olunması həyata keçiriləcək. Məktəbə qəbulda yaş məhdudiyyəti yoxdur”.
«Peşə Tədris Mərkəzinin yaradılması» layihəsinin rəhbəri
Neo Yo Sydonio
layihənin Azərbaycanla Koreya arasında iqtisadi əməkdaşlığa uyğun olaraq,
2017-ci ildən başladığını qeyd etdi: "Layihənin həyata keçirilməsində koreyalı
mütəxəssislər iştirak ediblər. Məqsəd Azərbaycanda Koreya modelinə uyğun öncül
peşə məktəbini qurmaqdır. Layihənin Koreya üzərinə düşən işi, tikinti işlərini
başa çatdırmaq, maliyyələşdirməni həyata keçirmək, kurikulumların yaradılması,
mütəxəssislərin cəlb olunması, mərkəzin avadanlıqla təmin olunması məsələləridir”.
Koreyalı
professor layihəni həyata keçirməkdə digər məqsəd kimi əmək bazarına cavab verəcək
yüksək ixtisaslı ustaların yetişdirilməsi məsələsini vurğuladı. Belə ki, məktəbdə
dərs prosesi 20 faiz nəzəri, 80 faiz praktiki təlimlərə əsaslanacaq: "Bu layihəni
Azərbaycan peşə məktəblərinin mərkəzləşməsi kimi görmək olar. Digər tərəfdən,
texniki tələbata cavab verən ustaların yetişdirilməsi, yeni sahələrin
yaradılması, müəllimlərin təkmilləşdirilməsi, ölkə daxilində və beynəlxalq
olimpiadalara tələbə və müəllim heyətinin göndərilməsi layihənin əsas məqsədlərindəndir”.
Layihənin gələcək fəaliyyətindən danışan koreyalı mütəxəssis, peşə təhsilinə
olan yanaşmanın dəyişməsinə ehtiyac olduğunu bildirdi: «Hökumət tərəfindən
ciddi nəzarət olmalıdır. Məsələ həm də maliyyə ilə bağlıdır. Üçillik bazada
istifadə olunacaq avadanlıqların dəyişməsində maliyyə tələb olunur”. Koreyalı
mütəxəssisin sözlərinə görə, layihənin fəaliyyətində yerli peşə təhsilində
iştirak edəcək müəllimlərin ixtisaslaşması əsas götürülür: "Bazarın tələbatına
uyğun kurikulumların dəyişdirilməsi, müəssisələrlə intensiv əlaqələr, bazarda
olan ustaların cəlb olunması, onlardan yararlanmaq və ixtisaslarının artırılması
nəzərdə tutulur. Əsas məqsədlərdən biri məzunların iş tapması üçün hökumətin dəstəyinin
alınmasıdır”.
Qeyd edək
ki, hazırda mərkəzdə tikinti başa çatıb
və avadanlıqların quraşdırılması prosesi gedir. Avqustun əvvəlində mərkəz
avadanlıqla tam təchiz olunacaq.
Yeni Peşə Təhsil
Mərkəzinə qəbul olmaq istəyən şəxslər bu təhsil müəssisəsinin rəsmi saytı vasitəsilə
elektron qeydiyyatdan keçməlidirlər (http://bsiic.edu.az). Qeydiyyat prosesi
iyulun 25-dək davam edəcək. Müsabiqənin yekun nəticələri avqustun 14-də elan
ediləcək.
Mətbuat konfransında iştirak etdi
Təranə Məhərrəmova